Məhkəmə qərarları › İş №2(007)-1636/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1636/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1636/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı “təzminat ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh “xxxx” MMC-yə qarşı “təzminat ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 özünün məhkəməyə təqdim etdiyi ərizəyə və Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinin tələbinə uyğun olaraq o, əsl olmayan iddiaçı kimi əsl İddiaçı2 ilə əvəz edilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 141 saylı Mənzil-Kommunal İstismar Sahəsi iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi veteranı, üçüncü qrup əlildir. “AZNQT” tresti tərəfindən 48 saylı order əsasında K.Balakişiyev 21/32, otaq 7 həyat yoldaşı İddiaçı2 verilmişdir. Onlar evdə olmayan vaxt həmin otaq orada məskunlaşmış qaçqınlar tərəfindən zəbt edilmişdir. Onların bütün orqanlara müraciətlərinə baxmayaraq otaq boşaldılmamışdır. Onlara cavab verilmişdir ki, qaçqınlar öz yerlərinə qayıtdıqdan sonra otaq onlara qaytarılacaqdır. Həmin yataqxana sökülüb yerində “xxxx” MMC tərəfindən yüksəkmərtəbəli bina tikilmişdir. Onlara nə başqa yaşayış sahəsi, nə də ki, təzminat verilməmişdir. Cavabları da budur ki, onlar orada yaşamamışlar. Axı, onlar məlum səbəblərdən orada yaşaya bilməmişlər. “xxxx” MMC tərəfindən onlara ya minimal yaşayış sahəsi, ya da 50.000 manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı ilə müəyyən edilən sosial vəzifələrin həlli ilə əlaqədar “xxxx” MMC Bakı şəhərinin Nizami rayonu ərazisində istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan yataqxana tipli iki mərtəbəli binaların sökülərək yerində müasir tələblərə cavab verən, çoxmərtəbəli binaların tikintisini həyata keçirir və İddiaçı2 iddia ərizəsində sözügedən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 21/32 nömrəli iki mərtəbəli yataqxana həqiqətən sökülmüşdür və həmin binada yaşayan sakinlərə tərəflərindən kompensasiya və yaxud mövcud qanunvericiliyin tələbinə uyğun olaraq sökülən yaşayış sahəsinin həcmindən 15-20 faiz artıq mənzil sahəsi verilmişdir. İddia ərizəsi aşağıdakılara görə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsində göstərilən ünvanda qeydiyyatda olan və ailəsi ilə birlikdə həmin evdə faktiki yaşayan X15 ilə “xxxx” MMC arasında 02 dekabr 2016-cı il tarixli müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən ümumi sahəsi 41 kv.m olan otaqların təhvil verilməsi qarşılığında MMC tərəfindən X8 56.000 manat kompensasiya ödənilmişdir. Hazırda göstərilən iki mərtəbəli yataqxananın yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir və 2020-ci ildə həmin bina istismara qəbul edilərək sakinlərin mülkiyyətinə verilmişdir. Qeyd olunan ünvana aid iddiaçıya order verilməsi barədə bu məhkəmə iddiası qaldırılanadək cavabdeh tərəfdə heç bir məlumat olmamışdır və məhkəmə prosesinin gedişində məlum olmuşdur ki, məhkəməyə sübut kimi təqdim olunan orderlə bağlı həmin orderi verən Dövlət Neft Şirkətində də hər hansı məlumat yoxdur. İddia tərəfinin həmin yataqxanada yaşaması ilə bağlı qanuni hüquqları olduğu halda belə, qanunvericiliyin tələbinə əsasən köçürülən mənzildə qeydiyyatda olan bütün sakinlərə onların tələbatına və yaxud istəyinə uyğun şəkildə mənzil sahəsinin təqdim edilməsi tikinti şirkətinin vəzifəsi deyil. Bu mənada mövcud iş üzrə cavabdeh tərəf “xxxx” MMC ola bilməz. Çünki, tikinti şirkəti sökülən otaqların haqqını artıq qanunvericiliyin tələbinə uyğun surətdə bir dəfə ödəmişdir. Həmin otaqlarla bağlı əlavə kiməsə kompensasiya ödənilməsi üçün X22 oglu ilə “xxxx” MMC arasında bağlanan müqavilə ləğv olunmalıdır. Bunun üçün isə hazırda heç bir hüquqi əsas yoxdur. Göstərilən ünvanda faktiki yaşayan X15 həmin yataqxanada tam qanuni əsaslarla yaşamışdır və onun bu hüququ məhkəmə aktı ilə təsdiq olunmuşdur. Belə ki, X6 yataqxanadan çıxarılması ilə əlaqədar Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi məhkəmə iddiası qaldırmış və binanın söküldüyü vaxt qüvvədə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-874/2007 saylı 11 dekabr 2007-ci il tarixli qətnaməsinə əsasən X6 və onun həyat yoldaşı Həmidova Hicran Hüseyn qızının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur bölmələrində işləməsi faktı nəzərə alınaraq həmin iddia rədd edilmişdir. Başqa sözlə, X6 və ailə üzvlərinin həmin ünvana qeydiyyatı və həmin otaqdan istifadə hüququ qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Bu halda, iddia tərəfinin iddiasına görə, 2003-cü ildə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən həmin ünvana aid İddiaçı2 order verilməsi qanunsuzdur. İddiaçı2 iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyib yazılı etirazın dəlillərinə uyğun izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “SOCAR”-ın nümayəndəsinin iddia ərizəsinə dair 05 aprel 2021-ci il tarixli yazılı mülahizəsində göstərilmişdir ki, “SOCAR”ın Baş ofisinin müvafiq şöbəsində və Mərkəzi Arxivində ünvan 1 ünvanı ilə bağlı hər hansı sənəd aşkar olunmamışdır. Məhkəmə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 1 saylı Xüsusi Təyinatlı MKTBnin 141 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ tərəfindən 18 avqust 2003-cü il tarixdə verilmiş AZE seriyalı, 01233574 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatdadır; - V-ЖГ seriyalı, 465285 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 08 yanvar 1992-ci il tarixdə nikahlarını bağlamışlar; -“Azneft” İstehsalat Birliyi Sosial Xidmətlər İdarəsinin Yataqxana müdiri tərəfindən verilmiş 09 yanvar 2006-cı il tarixli 021 nömrəli arayışın surətindən görünür ki, İddiaçı2 K.Balakişiyeva küçəsi ev 21/32 ünvanında subaylar yataqxanasında yaşayır; -“Azərdənizneftinşaat” tresti tərəfindən 15 aprel 2003-cü il tarixdə verilmiş 48 nömrəli orderin surətindən görünür ki, “Dənizneftqazlayihə”də işləyən İddiaçı2 həmin müəssisədə işlədiyi müddətdə yataqxanada yaşayış sahəsi ilə, Balakişiyev 21/32, otaq 7 ilə təmin olunmuşdur; -“SOCAR” “Neftqazelmitədqiqatlayihə” İnstitutunun 12 aprel 2021-ci il tarixli SOCAR**********30020123X00001 nömrəli arayışından görünür ki, İddiaçı1 Dövlət Neft Şirkətinin “Dənizneftqazlayihə” X23 Layihə İnstitutuna (indiki SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu) 01 mart 1990-cı il tarixdə işə qəbul olunmuşdur. İddiaçı1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 avqust 2018-ci il tarixində xitam verilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2007-ci il tarixli 2-874/2007 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin cavabdehlər X15 və X9 qarşı “yataqxanadan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, cavabdeh X16 K.Balakişiyev küçəsi, 21/32 saylı ünvanda yerləşən yataqxananın 7 saylı mənzilində 3 nəfər ailə tərkibi ilə, cavabdeh X16 isə həmin yataqxananın 16 saylı mənzilində 2 nəfər ailə tərkibi ilə yaşayırlar, cavabdehlər həmin mənzilləri özbaşına zəbt edərək orada qeydiyyatsız yaşayırlar. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, cavabdeh X15 və həyat yoldaşı Dövlət Neft Şirkətinin struktur bölmələrində işləyirlər, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamenti 3 saylı MİS-nin işdə olan arayışına əsasən mübahisəli sahədə cavabdeh A.Ə.Qəhrəmanov qeydiyyatsız, həyat yoldaşı H.H.Hümbətova və uşaqları isə qeydiyyatdadırlar; -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən X6 adına verilmiş 26 fevral 2008-ci il tarixli 60 nömrəli orderin surətindən görünür ki, ona ünvan 3 ünvanında 16 - 7 nömrəli otaqlar verilmişdir; -Bakı şəhəri Nizami RPİ tərəfindən 01 aprel 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 08948348 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 ünvan 2 ünvanında qeydiyyatdadır; -Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 16 fevral 2017-ci il tarixli 1- 1/24 nömrəli Sərəncamının surətindən görünür ki, müvafiq sənədlərə və qanunvericiliyin tələblərinə uyğun olaraq, Nizami rayonu, Ş.Mirzəyev və K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə Baş plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün “xxxx” MMC-yə icazə verilmişdir; -“xxxx” MMC ilə X15 arasında bağlanmış 02 dekabr 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən X8 yaşadığı, 26.02.2008-ci il tarixli 60 nömrəli orderlə verilmiş və bunun əsasında hazırda ünvan 6 ünvanında yaşayan X6 istifadəsində olan 41 kv.m ümumi sahəsi 16 və 7 saylı otağın akt əsasında MMC-yə təhvil verir. MMC isə həmin mənzilin əvəzində qarşılıqlı razılaşma yolu ilə 56.000 AZN dəyərində məbləği X1 olaraq ödəyir. X15 müqavilənin 1.2-ci bəndində göstərilən məbləği MMC-nin ünvan 7 ünvanında tikilmiş 2 saylı yaşayış binasında ümumi sahəsi 65,5 kv.m olan 2 otaqlı təmirli mənzilin əvəzinə qəbul edir; -“xxxx” MMC-nin direktoru X18, X15, Hümbətova Hicran Hüseyn qızı, X10, X4 və X5 tərəfindən imzalarla təsdiq edilmiş 02 dekabr 2016-cı il tarixli aktdan görünür ki, “xxxx” MMC ilə X15 arasında bağlanmış 02 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 6 saylı yataqxananın 16 və 7-ci otağını “xxxx” MMC-yə təhvil verməyin qarşılığında həmin şirkətdən 56.000 AZN pul aldıqlarını imzaları ilə təsdiq etmişlər; -Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 19 may 2021-ci il tarixli 02/520 nömrəli məktubundan görünür ki, ərazilərin işğalı ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 21/32 saylı yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri sözügedən yataqxana sahibkarlıq subyektinin ərazisinə düşdüyü üçün 2016-cı ildə Nizami RİH-in siyahısı əsasında “xxxx” MMC tərəfindən mənzil və ya kompensasiya verilərək köçürülmüşdür. Hazırda həmin yataqxanadan köçürülən məcburi köçkün ailələri fərqli ünvanlarda məskunlaşmışlar. Yataqxanada məskunlaşmış məcburi köçkün olmayan sakinlər barədə Komitədə heç bir məlumat yoxdur. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, “Azərdənizneftinşaat” tresti tərəfindən 15 aprel 2003-cü il tarixdə verilmiş 48 nömrəli orderə əsasən İddiaçı2 həmin müəssisədə işlədiyi müddətdə yataqxanada yaşayış sahəsi ilə, Balakişiyev 21/32, otaq 7 ilə təmin olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən X6 adına verilmiş 26 fevral 2008-ci il tarixli 60 nömrəli orderə əsasən ona ünvan 3 ünvanında 16 - 7 nömrəli otaqlar verilmişdir. “xxxx” MMC ilə X15 arasında bağlanmış 02 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən X8 26 fevral 2008-ci il tarixli 60 nömrəli orderlə verilmiş və bunun əsasında hazırda ünvan 6 ünvanında yaşayan X6 istifadəsində olan 41 kv.m ümumi sahəsi 16 və 7 saylı otağın akt əsasında MMC-yə təhvil vermiş, MMC isə həmin mənzilin əvəzində qarşılıqlı razılaşma yolu ilə 56.000 AZN dəyərində məbləği X1 olaraq ödəmişdir. X15 həmin məbləği MMC-nin ünvan 7 ünvanında tikilmiş 2 saylı yaşayış binasında ümumi sahəsi 65,5 kv.m olan 2 otaqlı təmirli mənzilin əvəzinə qəbul etmişdir. Hazırda İddiaçı2 cavabdeh “xxxx” MMC tərəfindən həmin mənzilə görə minimal yaşayış sahəsi və ya təzminat ödənilməsi ilə bağlı iddia qaldırılmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı2 məhkəmədə iddia qaldıraraq, orderlə adına verilmiş 7 nömrəli otağın yerləşdiyi ünvan 8 ünvanında yerləşən yataqxana binasını söküb yerində yüksəkmərtəbəli bina tikən “xxxx” MMC tərəfindən onlara ya minimal yaşayış sahəsi, ya da 50.000 manat təzminat ödənilməsini xahiş etmişdir. Lakin məhkəmədə işə baxılarkən iddia tərəfi işin faktiki müəyyən olunmuş hallarına uyğun iddia tələbini dəqiqləşdirməmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 83 nömrəli qərarına uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısı və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş sərəncamlarla “xxxx” MMC-yə Nizami rayonu ərazisində yaşayış və qeyri-yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün müvafiq torpaq sahələri icarə əsasında istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “xxxx” MMC tərəfindən həll edilməli olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0.14-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məlum olduğu kimi, iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, müvafiq qərar və sərəncamlar əsasında tikintisinə icazə verilmiş ərazidə Baş plan üzrə 2 saylı yaşayış binası tikilərkən, mübahisəli mənzilin əvəzində mənzilin order əsasında sahibi X11 qarşılıqlı razılaşma yolu ilə 56.000 manat məbləğində pul kompensasiya olaraq ödənilmişdir. Yəni, cavabdeh “xxxx” MMC qanunvericiliyin tələblərinə uyğun olaraq tikinti aparacağı ərazidə yerləşən mənzil sahəsi üçün, həmin dövr üçün mənzilin mülkiyyətçisi olan şəxslə, konkret olaraq X17 ilə müqavilə bağlamış, müqavilə tərəfləri bu müqavilənin məzmununu mənafelərinə uyğun müəyyən etmişlər, müqavilə şərtləri ilə razılaşaraq onu rəsmiləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Göründüyü kimi, istər qanunvericilik aktları, istərsə də cavabdeh MMC-nin mübahisəli mənzilin yerləşdiyi yataqxana binasının yerində yeni, standartlara uyğun bina tikərək istifadəyə verməsini tənzimləyən dövlətin adından qəbul olunmuş sənədlər, hüquqi aktlar bu tipli hüquq münasibətlərinin məhz mülkiyyətçiyə münasibətdə hüquqi qüvvəsini tanıyaraq, onlar arasında həll edilməli olduğunu tənzimləyir. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən 21/32 nömrəli binanın mübahisəli 7 nömrəli otağı (mənzil) 15 aprel 2003-cü il tarixli 48 nömrəli orderlə İddiaçı2 verilmişdir. Lakin sonradan, yəni 26 fevral 2008-ci il tarixdə verilmiş 60 nömrəli orderə əsasən sözügedən otaq X8 verilmişdir. Nə qədər ki, ünvan 3 ünvanında yerləşən 7 nömrəli otağın İddiaçı2 verilməsinə dair 15 aprel 2003-cü il tarixli 48 nömrəli orderdən sonra həmin mənzilə dair X6 adına verilmiş 26 fevral 2008-ci il tarixli 60 nömrəli order qüvvədə olmuşdur, order əsasında mənzilin sahibi hesab olunan X6 istifadəsində olan 41 kv.m ümumi sahəsi 16 və 7 saylı otağı akt əsasında MMC-yə təhvil verməsi müqabilində qarşılıqlı razılaşma yolu ilə ona 56.000 manat məbləğində pul ödənilmiş, X2 olaraq ödənilmiş həmin məbləği qəbul edərək yaşayış sahəsini tərk etmişdir. Tərəflər arasında bağlanmış müqavilə hazırda da qüvvədədir, müqavilə şərtlərini hər iki tərəf qəbul edərək öz öhdəliklərinə əməl etmişlər. Nə qədər ki, həmin müqavilə İddiaçı2 tərəfindən mübahisələndirilməmişdir, ondan irəli gələn hərəkətlər hüquqi nəticə vermişdir, o zaman hazırkı iddia tələbinin qanuni əsasları yoxdur, cavabdeh “xxxx” MMC-nin mənzilin mülkiyyətçisi olmayan şəxsə, konkret olaraq İddiaçı2 yaşayış sahəsi və ya hansısa məbləğdə pul vəsaiti ödəməklə bağlı vəzifəsi olmamışdır, yuxarıda istinad edilən MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq da hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan, mübahisəli otağın (mənzilin) kirayəçisinin dəyişdirilməsinin hüquqi əsasları hazırkı icraatda yoxlanıla bilməz. Bundan başqa mübahisəli mənzilin yerləşdiyi binada məcburi köçkünlərin məskunlaşdıqları və sonradan köçürüldükləri müəyyən edilsə də, məhz mübahisəli mənzilin məcburi köçkünlərin zəbt edilməsi ilə bağlı iddia ərizəsində qeyd edilənlər öz təsdiqini tapmamışdır, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mənzilə dair müqavilə bağlanarkən faktiki olaraq ondan istifadə və sahiblik X15 tərəfindən həyata keçirilmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı2 cavabdeh “xxxx” MMC tərəfindən onlara ya minimal yaşayış sahəsi, ya da 50.000 manat təzminat ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 “xxxx” MMC tərəfindən onlara ya minimal yaşayış sahəsi, ya da 50.000 manat təzminat ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar