Məhkəmə qərarları › İş №2(007)-166/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-166/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-166/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “liftlərin sərbəst işləmə rejiminə qaytarılması, su, qaz, işıq enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi, mənəvi ziyan və sair” tələblər) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “liftlərin sərbəst işləmə rejiminə qaytarılması, su, qaz, işıq enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi, mənəvi ziyan və sair” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “liftlərin sərbəst işləmə rejiminə qaytarılması, su, qaz, işıq enerjisinin kəsilməsinin cavabdehlərə qadağan edilməsi, mənəvi ziyan və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16, Mirəli Qaşqay küçəsi 33, Vladislav Plotnikov küçəsi 14/1 ünvanında (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin kəsişməsi) Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 291 nömrəli Tikintiyə icazə sənədi əsasında "Maşınqayıran” MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının liftlərində mərtəbələr arası hərəkətin məhdudlaşdırılması üçün quraşdırılmış sistemin sökülərək liftlərin sərbəst işləməsinin (qalxıb-enməsi), sözügedən binanın idarəçiliyi ilə bağlı qəbul ediləcək qərarların sakinlərin hamısı ilə razılaşdırıldıqdan sonra həyata keçirilməsinin, göstəriləcək xidmətlərə dair müqavilənin sakinlərlə razılaşdırılaraq bağlanmasının (müqavilə bağlananadək yığılan vəsaitin müqavilə bağlandığı tarixdən hesablanmasının), yığılmış vəsaitin xərclənməsi barədə hesabatların rübdə bir dəfə sakinlərə təqdim edilməsinin və bu günə qədər ona dəymiş mənəvi ziyanın məhkəmə tərəfindən 100000 manat həcmində müəyyən edilərək X4 köçürülməsinin cavabdehlər tərəfindən təmin olunmasına dair, habelə mühəndis-kommunikasiya xətlərindən istifadənin məhdudlaşdırılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16, Mirəli Qaşqay küçəsi 33, Vladislav Plotnikov küçəsi 14/1 ünvanında (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin kəsişməsi) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 291 nömrəli Tikintiyə icazə sənədi əsasında "xxxx" MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının “D” blokunun hər iki liftində cavabdehlər tərəfindən quraşdırılmış maqnit oxuyucular cavabdehlər tərəfindən sökülərək liftlərin əvvəlki sərbəst işləmə rejiminə qaytarılması və bu məhdudiyyətin gələcəkdə tətbiqinin cavabdehlərə qadağan edilməsi barədə; Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16 nömrəli binanın 24 nömrəli mənzilinə verilən su, qaz, elektrik enerjisinin cavabdehlər tərəfindən kəsilməsinin cavabdehlərə qadağan edilməsi barədə; göstərilən xidmətlərə görə xidmət müqaviləsinin onunla razılaşdırılaraq bağlanması və bu günə qədər cavabdehlər tərəfindən kommunal xidmətlər adı altında ondan alınan 650 manat vəsaitin müqavilə bağlandığı tarixdən hesablanması barədə; yığılmış vəsaitlərin xərclənməsi barədə hesabatların rübdə bir dəfə təqdim edilməsi barədə; sözügedən ərazi üzrə təsdiq olunmuş baş plana əsasən baş verəcək hər hansı fövqəladə hal zamanı sakinlərin təxliyəsi və xüsusi texnikaların əraziyə daxil olması üçün nəzərdə tutulmuş həyətə giriş-çıxışlarda və həyətin uşaqlar üçün nəzərdə tutulan oyun meydançasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən bütün tikinti obyektlərinin cavabdehlər tərəfindən sökülməsi və həyətin abadlaşdırılması barədə; ona dəymiş mənəvi ziyanın məhkəmə tərəfindən 100000 (yüz min) manat həcmində müəyyən edilərək X4 köçürülməsinin cavabdehlər tərəfindən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin may ayında ünvan 2 ünvanında ‘'Maşınqayıran" MTK tərəfindən inşa edilməkdə olan yaşayış binasından mənzil almışdır, 2022-ci ildən mənzildə təmir işləri yekunlaşdıqdan sonra ailəsilə birlikdə həmin ünvanda yaşayır. Sözügedən çoxmənzilli yaşayış binası “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, R.Axundov. M.Qaşqay və V.Plotnikov küçələrinin əhatə etdiyi 0,94 ha torpaq sahəsində Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 291 nömrəli Tikintiyə icazə sənədi əsasında “Maşınqayıran" MTK tərəfindən inşa edilmiş və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli İstismara icazə sənədi əsasında istismara qəbul edilmiş 5 girişli, 12 mərtəbəli çoxmənzilli yaşayış binasının istismardan sonrakı idarəçiliyi “Maşınqayıran" MTK tərəfindən “Dom Service" MMC adlı cəmiyyətə həvalə edilmişdir. Belə ki, dəfələrlə MTK-nın rəhbərliyinə və faktiki idarəçilik adı altında yalnız vəsait yığımı ilə məşğul olan “Dom Service" MMC adlı cəmiyyətin vəzifəli şəxslərinin ünvanına məlumat almaq məqsədi ilə məktublar ünvanlansa da çoxmənzilli yaşayış binasının idarəçiliyinin hansı hüquqi əsaslarla həyata keçirilməsi barədə məlumat verilməsindən imtina edilmişdir. Bununla yanaşı faktiki idarəçiliyi həyata keçirən yaradılma məqsədləri və fəaliyyəti qeyri-müəyyən və müəmmalı olan “Dom Service" MMC adlı təşkilat tərəfindən heç bir hüquqi əsas olmadan müəyyən olunmuş kommunal məbləğ hətta yaşayış dövründən əvvəlki müddət üçün borclar yazılmaqla tələb olunur, bundan imtina edənlərin işıq, su, qaz təchizatı heç bir hüquqi əsas olmadan dayandırılmaqla yanaşı mühəndis kommunikasiya qurğularından istifadə müxtəlif yollarla məhdudlaşdırlmaqla (liftlərin söndürülməsi, sakinlərin razılığı olmadan liftlərə kartların quraşdırılması və açarların verilməsi üçün real qiymətindən qat-qat çox vəsaitin tələb edilməsi) hədə qorxu tədbirlərinin həyata keçirilməsindən belə çəkinilmir. Təbii ki, yığılmış vəsaitin sərf olunma mexanizmi və istiqamətləri üzrə heç bir məlumat verilməməklə yanaşı müvafiq xidmətləri özündə əks etdirməli olan müqavilə bağlanmasından belə imtina edilməklə sözügedən vəsaitlə bağlı ödənişlərin dövlət büdcəsindən yayındırılması üçün şərait yaradılır. “Maşınqayıran" MTK və "Dom Service” MMC tərəfindən öz yarıtmaz fəaliyyətinin təmin edilməsi məqsədi ilə direktor, təsərrüfat işlər üzrə direktor müavini, direktorun köməkçisi, komendant, komendantın köməkçisi, mühasib, xadimələr, gözətçilər, ustalar adı altında müxtəlif şəxslər işə cəlb olunmaqla bu şəxslərin əmək haqlarının ödənilməsi məqsədi ilə sakinlərdən vəsait yığılmaqdadır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq sözügedən işlərə cəlb edilən şəxslərin əmək müqaviləsi əsasında fəaliyyət göstərib-göstərməməsi, sözügedən işəgötürən və işçilər tərəfindən sosial sığorta ödənişlərinin edilib-edilməməsi isə sual olaraq qalmaqdadır. "xxxx" MTK və Cavabdeh2 MMC tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməməsi, gecə saatlarında, istirahət günlərində və saatlarında işlərin aparılması nəinki tikintidə işə cəlb edilən insanların, eyni zamanda gediş-gəliş üçün tikinti meydançasından istifadə edən sakinlərin (yaşlıların, uşaqların) həyatını təhlükəyə atmaqla dözülməz edir. Bununla yanaşı tikintisi tamamlanmamış bloklarda sakinlərin yaşayış üçün yerləşdirilməsi də heç bir məntiqə sığmır. Onu da diqqətə çatdırmaq istərdi ki, çoxmənzilli yaşayış binası ilə bağlı heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində binanın bloklarında yerləşən pilləkən qəfəsləri tüfeyli həyat tərzi keçirən insanların və zərərli aludəçiliyi olan narkomanların məskəninə çevrilmişdir. Çoxmənzilli yaşayış binalarının üç idarəetmə forması var. Bu binalar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2.1 (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə), 141.2.2 (mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə) və 141.2.3 (idarəedici təşkilat tərəfindən idarə edilmə) maddələrinə əsasən idarə edilir. Hər üç idarəetmə formasından asılı olmayaraq binanın ümumi əmlakının saxlanmasında kommunal gəlirlər və xərclər arasında şəffaflıq təmin olunmalıdır. Bir sözlə maliyyə gəlirlərinə ciddi nəzarət edilməlidir. Bunun üçün ilk öncə binanın düzgün büdcəsi və tarifi müəyyən edilməlidir. Daha sonra isə binada sakinlərdən ibarət idarə heyəti və təftiş komissiyası yaradılmalıdır. Hər iki mərhələ tamamlandıqdan sonra kommunal ödənişlərin yığımına başlanılmalı, həmçinin də xərclərə nəzarət mexanizmi olmalıdır. Yuxarıda sadalananlara riayət olunmaması çoxmənzilli yaşayış binalarının idarə olunmasında heç də yaxşı nəticə vermir. Eləcə də ölkədə də bu vəziyyət demək olar ki, acınacaqlı vəziyyətdədir. Çünki müxtəlif təfəkkürə və idarəetmə qabiliyyətinə malik olan şəxslər binanı istədikləri kimi idarəetməyə çalışırlar. Hətta əksər hallarda büdcədən yayınma halları da müşahidə edilir. Burada bir məqama diqqət yetirmək mütləqdir. Binanın kim tərəfindən və ya hansı təşkilat tərəfindən idarə olunmasından asılı olmayaraq, gəlirlərə və xərclərə nəzarət mütləq sakinlərdən ibarət idarə heyəti (üzvlər arasında qanunun minimum tələbi üç nəfərdən ibarətdir) tərəfindən nəzarətdə saxlanılmalıdır. Daha sonra şəffaflığın təmin edilməsi məqsədilə qanunun tələbinə uyğun olaraq, gəlirlər və xərclər haqqında rüblük hesabatlar idarə heyəti üzvlərinə və ya sakinlərin görə biləcəyi əlçatan yerlərdə yerləşdirilməlidir. Binanın idarə olunmasının əsas hissəsini maliyyə gəlirləri təşkil edir. Bu məsələyə biganə qaldıqlarında idarəedicilər tərəfindən çox ciddi formada süni olaraq əlavə xərc yaradılır. Bu da öz növbəsində gələcəkdə binanın maliyyə çətinliyi ilə üzləşməsinə gətirib çıxarmaqla yanaşı, binanın ümumi əmlakının (liftlər, su nasos stansiyası, mərkəzi qazanxana, soyutma, qızdırma, havalandırma sistemləri və s.) vaxtından əvvəl sıradan çıxması ilə nəticələnir ki, bu da öz növbəsində sakinlər arasında narazılıqlar yaratmaqla yanaşı dövlət büdcəsi üzərinə əlavə yüklənmələrlə nəticələnir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, binada tam yaşayış var və su, qaz, işıq verilib. Bina rəhbərliyi dəfələrlə işığı kəsib, liftləri dayandırıb. Baki Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Binada 380 mənzil var. 7 blok istismara qəbul olunub. Digər 5 blokda yaşayanlar isə mənzillərə dair çıxarış da alıblar. Sayğaclar bina rəhbərinin qoyduğu qıfılla bağlı yerdədi, ona ixtiyarları çatmasa da istədikləri vaxt suyu, qazı və işığı kəsirlər. Liftlərdə elanlar vururlar kommunal xidmətlərə görə ödəniş olunmasa liftlərin istifadəsi dayandırılır. Kommunal xidməti ödəməyən sakinin kartını diaktiv edirlər. Həyətdə qanunsuz tikililər tikirlər. Uşaqlar üçün nəzərdə tutulmuş oyun meydançasında da tikinti tikirlər. "xxxx" MTK binanı tikib Cavabdeh2 MMC isə guya idarə edir, lakin formal MMC yaradıblar elə bina tikənlər idarə edirlər. Təqdim etməsələr də bildirdiklərinə görə guya aralarında müqavilə var. Ona görə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Onlarla razılaşdırılmamış bir tərəfli qaydada yazılmış boş müqavilə təqdim edib imzalanmasını tələb edirlər. Yığılmış pullarla bağlı hara xərclənməsi və.s barədə dəfələrlə hesabat tələb etsək də vermirlər. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmirlər. Keçən iclas müəyyən sənədlərin təqdim olunması tələb olunub. Onlar da sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh2 MMC-yə müraciət etdilər, lakin onlar qeyd olunan sənədləri təqdim etməkdən imtina etdilər. Evlərin çıxarışları alınıb, sakinlər köçüb və yaşayış var. Binanı idarə edən Cavabdeh2 MMC-dir. "xxxx" MTK yalnız tikintiyə cavabdehdir. "xxxx" MTK ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanıb. İddiaçı həmin binada yaşayır, lakin mülkiyyətçi deyil, mülkiyyətçinin ailə üzvüdür, həmin binada qeydiyyatda deyil, amma orada yaşayır. Mənzilin mülkiyyətçisi olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Dadaşov Bayram Cavabdeh2 MMC-nin rəhbəridir. Binada su və qaz kəsilmir. Kommunal xidmətlərin ödənilməməsi zamanı onların kəsilməsi “Azəriqaz”a və "xxxx"ya aiddir. "xxxx" MTK binanın idarəçiliyində iştirak etmir.

6. Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********95-05301-093168 reyestr nömrəli çıxarışdan görünür ki, Yeni qaydalarla: AZ 1007, ünvan 2, M8, m4 mənzili X1 xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

10. AZ-İ seriyalı 291065 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında 27 mart 2007-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 187 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Heydərova” soyadında qalmışdır.

11. 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həyat yoldaşı X2 məxsus ünvan 2 ünvanında yerləşən binanın 24 saylı mənzilində yaşayır.

12. AB seriyalı 005094 nömrəli qaçqın vəsiqəsinin surətindən görünür ki, İddiaçı qaçqındır.

13. Fotoşəkillərdən görünür ki, sakinlər kommunal borcların ödənilməsi, əks təqdirdə liftdən istifadə edə bilməyəcəkləri barədə xəbərdar olunmuşlar.

14. "xxxx" Mənzil Tikinti Kooperativinə MTK-nın payçıları tərəfindən ünvanlanan müraciətdən görünür ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr-ti, R.Axundov. M.Qaşqay və V.Plotnikov küçələrinin əhatə etdiyi 0 94 ha torpaq sahəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 291 nömrəli Tikintiyə icazə sənədi əsasında “Maşınqayıran" MTK tərəfindən inşa edilmiş və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli İstismara icazə sənədi əsasında istismara qəbul edilmiş 5 girişli, 12 mərtəbəli çoxmənzilli yaşayış binasının idarəçiliyinin hal-hazırda hansı təşkilat tərəfindən və hansı əsaslarla həyata keçirilməsi barədə məlumat verilməsini, eyni zamanda yaşayış binasına dair qəbul edilmiş qərarların hüquqi əsaslarına dair müvafiq sənədlərin surətlərinin təqdim edilməsini xahiş etmişlər.

15. Bildirişdən görünür ki, X3 xx.xx.2024-cü il tarixədək yaranmış 450 manat servis xidmətləri üçün borcu yarandığı barədə xəbərdar edilmişdir. Ödənişlərin Cavabdeh2 ofisinə və ya komendanta ödənilməsi qeyd olunmuşdur.

16. Komendant tərəfindən vurulan elandan görünür ki, xx.xx.2025-ci il tarixə kimi kommunal borclarını ödəməyənlərin liftdən istifadəsinin dayandırılacağı qeyd olunmuşdur.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2, M8, m4 mənzili X1 xüsusi mülkiyyətindədir. İddiaçı ailəsi ilə birgə arvadı X2 məxsus mənzildə yaşayır. Hazırda iddiaçı Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16, Mirəli Qaşqay küçəsi 33, Vladislav Plotnikov küçəsi 14/1 ünvanında (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin kəsişməsi) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 291 nömrəli Tikintiyə icazə sənədi əsasında "xxxx" MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının “D” blokunun hər iki liftində cavabdehlər tərəfindən quraşdırılmış maqnit oxuyucular cavabdehlər tərəfindən sökülərək liftlərin əvvəlki sərbəst işləmə rejiminə qaytarılması və bu məhdudiyyətin gələcəkdə tətbiqinin cavabdehlərə qadağan edilməsi barədə; Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16 nömrəli binanın 24 nömrəli mənzilinə verilən su, qaz, elektrik enerjisinin cavabdehlər tərəfindən kəsilməsinin cavabdehlərə qadağan edilməsi barədə; göstərilən xidmətlərə görə xidmət müqaviləsinin onunla razılaşdırılaraq bağlanması və bu günə qədər cavabdehlər tərəfindən kommunal xidmətlər adı altında ondan alınan 650 manat vəsaitin müqavilə bağlandığı tarixdən hesablanması barədə; yığılmış vəsaitlərin xərclənməsi barədə hesabatların rübdə bir dəfə təqdim edilməsi barədə; sözügedən ərazi üzrə təsdiq olunmuş baş plana əsasən baş verəcək hər hansı fövqəladə hal zamanı sakinlərin təxliyəsi və xüsusi texnikaların əraziyə daxil olması üçün nəzərdə tutulmuş həyətə giriş-çıxışlarda və həyətin uşaqlar üçün nəzərdə tutulan oyun meydançasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən bütün tikinti obyektlərinin cavabdehlər tərəfindən sökülməsi və həyətin abadlaşdırılması barədə; ona dəymiş mənəvi ziyanın məhkəmə tərəfindən 100.000 (yüz min) manat həcmində müəyyən edilərək X4 köçürülməsinin cavabdehlər tərəfindən təmin olunmasını xahiş edir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq, kommunal xidmətlərə görə haqq. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı:

Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

21.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

23. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:

8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

26. Məhkəmə ilk növbədə cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil bildirdiyi iddiaçının iddia tələbi qaldırmağa subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisi olmasa da həmin mənzildə yaşayır və mülkiyyətçinin ailə üzvüdür. Liftdən və kommunal xidmətlərdən istifadə edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsində iddiaçının iddia tələbini irəli sürməyə subyektiv hüququ vardır.

27. Məhkəmə iddia tələbinin “Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16 nömrəli binanın 24 nömrəli mənzilinə verilən su, qaz, elektrik enerjisinin cavabdehlər tərəfindən kəsilməsinin cavabdehlərə qadağan edilməsi barədə” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, mənzilə su, qaz və işıq verilməsinin dayandırılması cavabdehlərin səlahiyyətinə aid deyildir. Kommunal borclar ödənilmədiyi təqdirdə belə cavabdehlərin mənzilə verilən su, qaz, elektrik enerjisini kəsməyə ixtiyarları yoxdur. Suyun, qazın, işığın kəsilməsi “Azəriqaz” İstehsalat Birliyinin, "xxxx" ASC-nin və "xxxx" ASC-nin səlahiyyətinə daxildir. Belə ki, sakinlərlə qeyd olunan təşkilatlar arasında istehlak müqaviləsi bağlanılır və istehlak olunmuş suyun, qazın və işığın dəyəri ödənilmədiyi təqdirdə onların mənzilə verilməsi dayandıra bilər. Bu səbəbdən su, qaz, elektrik enerjisinin cavabdehlər tərəfindən kəsilməsi cavabdehlərə qadağan edilməlidir.

28. Məhkəmə iddia tələbinin “Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 16, Mirəli Qaşqay küçəsi 33, Vladislav Plotnikov küçəsi 14/1 ünvanında (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin kəsişməsi) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 291 nömrəli Tikintiyə icazə sənədi əsasında "xxxx" MTK tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının “D” blokunun hər iki liftində cavabdehlər tərəfindən quraşdırılmış maqnit oxuyucular cavabdehlər tərəfindən sökülərək liftlərin əvvəlki sərbəst işləmə rejiminə qaytarılması və bu məhdudiyyətin gələcəkdə tətbiqinin cavabdehlərə qadağan edilməsi”; “sözügedən ərazi üzrə təsdiq olunmuş baş plana əsasən baş verəcək hər hansı fövqəladə hal zamanı sakinlərin təxliyəsi və xüsusi texnikaların əraziyə daxil olması üçün nəzərdə tutulmuş həyətə giriş-çıxışlarda və həyətin uşaqlar üçün nəzərdə tutulan oyun meydançasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən bütün tikinti obyektlərinin cavabdehlər tərəfindən sökülməsi və həyətin abadlaşdırılması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

29. Məhkəmə iddia tələbinin “göstərilən xidmətlərə görə xidmət müqaviləsinin onunla razılaşdırılaraq bağlanması və bu günə qədər cavabdehlər tərəfindən kommunal xidmətlər adı altında ondan alınan 650 manat vəsaitin müqavilə bağlandığı tarixdən hesablanması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə (mülkiyyətçi ilə) MMC arasında xidmət müqaviləsi bağlanmamışdır. Mülkiyyətçi ilə belə müqavilə bağlandığı təqdirdə bu tələblə müraciət edə bilər.

30. Məhkəmə iddia tələbinin “yığılmış vəsaitlərin xərclənməsi barədə hesabatların rübdə bir dəfə təqdim edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, payçı mülkiyyətçi olduğu üçün bu tələbi mülkiyyətçi MMC-dən tələb edə bilər.

31. Məhkəmə, iddia tələbinin “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hisəsədə də təmin edilə bilməz.

32. Qanunvericiliyun təkəbindən göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə baxışının hədləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

34. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun:

9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

35. İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə adi edilməlidir.

Nəticə:

36. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav küçəsi 16 nömrəli binanın 24 nömrəli mənzilinə verilən su, qaz, elektrik enerjisinin kəsilməsi cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 MMC-yə qadağan edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

37. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav küçəsi 16 nömrəli binanın 24 nömrəli mənzilinə verilən su, qaz, elektrik enerjisinin kəsilməsi cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 MMC-yə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar