Məhkəmə qərarları › İş №2(007)-1687/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1687/2022

26.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1687/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Nizami Rayon Şöbəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur. Cari ilin xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Nizami Rayon Şöbəsinin əməkdaşları heç bir xəbərdarlıq etmədən və onun iştirakı olmadan ona məxsus olan mənzilə elektrik sayğacı quraşdırıblar. Və həmin tarixdə sayğacın quraşdırılması barədə protokol tərtib edib, surətini Mənzil Tikinti Kooperativinə veriblər. O, həmin protokolun surətini MTK-dan götürdükdə başlanğıc göstərici 0 (sıfır) yazılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə yəni sayğac quraşdırıldıqdan 37 gün sonra ona elektrik enerjisinin sərfiyyatı barədə bildiriş göndərilib və həmin bildirişdə onun elektrik enerjisi üçün olan borcunun 498.20 manat olduğu qeyd olunmuşdur. O, bu rəqəmi gördükdə doğrusu çox təəcüblənmişdir və "xxxx" ASC-nin Nizami Rayon Şöbəsinə müraciət etmişdir. Çünki 37 günə o qədər enerji sərf etmək üçün o, gərək evdə böyük aqreqatların işlədiyi sex və ya istehsalat müəssisəsi açmış olmalı olsun. Halbuki həmin mənzildə bacısı, həyat yoldaşı və iki azyaşlı övladı yaşayır, hər iki valideyin işlədiyi üçün onlar səhər saat 8-də evdən çıxır, uşaqlardan birini baxçaya, digərini məktəbə qoyub işə gedirlər. Evdə ancaq axşam saat 7dən sonra yaşayış olur. "xxxx" ASC-nin Nizami Rayon Şöbəsinə müraciət etdikdə göstəricinin çoxluğu onları da təəcübləndirmiş və işə baxılması üçün onun ərizə ilə idarə rəisinə müraciət etməyini istəmişlər. Ərizə ilə müraciət etdikdən sonra İlqar adlı əməkdaşı sayğaca baxış keçirməsi üçün göndərdilər. Lakin yenə də müraciətinə lazımi cavabı ala bilməmişdir. Şifahi olaraq sayğacın düzgün işlədiyini söyləyib getmişlər. Və bəhanə gətirmişlər ki, guya sayğac 2021-ci ilin dekabr ayında quraşdırılıb. Sual verdikdə ki, bəs nəyə görə sayğacın verilmə protokolunu xx.xx.2022-ci il tarixə yazılıb, cavab verə bilmədilər. Bildirmək istəyir ki, sayğac quraşdırıldıqdan sonra növbəti ayın həmin günü ona ödəyəcəyi məbləğ haqqında bildiriş gəlməli idi. Əgər həqiqətən də deyildiyi kimi sayğac 2021-ci ilin dekabr ayında quraşdırılıbsa nə maraq var idi ki, ödəniş bildirişi ona 4 ay sonra göndərilib. O, belə nəticəyə gəlmişdir ki, "xxxx" ASC-nin Nizami Rayon Şöbəsi onunla müqavilə bağlamamaqda və sayğacın quraşdırılmasında abonentlərin iştirak etməsini təmin etməməkdə, hətta sayğacın quraşdırılması tarixini təhrif etməkdə maraqları başqadır. Bildirir ki, o, "xxxx" ASC-nin Nizami Rayon Şöbəsindən şikayətçidir. Onlar onun hüquqlarını pozaraq protokolda ona məxsus olan bölmələrdə onun ad, soyad və imzası olmalı olan qrafaları boş qoyaraq və protokolun surətini ona verməli olduqları halda MTKya veriblər. O, ödəmə bildirişini alana qədər mənzilə sayğacın quraşdırılmasından və onun ilkin göstəricisindən xəbərsiz olmuşdur. O, iddia edir ki, sayğacın başlanğıc göstəricisi həqiqəti əks etdirmir. Enerji sərfiyyatı barədə "xxxx" ASC-nin Nizami Rayon Şöbəsi tərəfindən ona göndərilmiş əsassız bildirişin etibarsız sayılması və mənzilə onun iştirakı ilə yeni sayğac qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, enerji sərfiyyatı barədə "xxxx" ASC tərəfindən ona göndərilmiş əsassız enerji borcunun silinməsi və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onun mənzilinin sayğacı binanın zirzəmisində quraşdırılıb və həmin sayğac 37 günə 498.20 manat pul yazıb. Belə ki, sayğac xx.xx.2022-ci ildə quraşdırılıb, hesablanma xx.xx.2022-ci ildən başlanıb və xx.xx.2022-ci il tarixədək ona ümumilikdə 498.20 manat borc yazılıb. Həmin borcun guya 315.20 manatı əsas, 183 manat hissəsi isə limitdən artıq istifadəyə görə olub. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin maliyyə arayışından və daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi və R.Rüstəmov küçələrinin kəsişməsi ünvanında tikilmiş 17 nömrəli ünvanda yerləşən mənzil İddiaçı məxsusdur və həmin mənzilin dəyəri tam şəkildə MMC-yə ödənilmişdir. - Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokolun surətindən görünür ki, abonent kodu **********80017 olan istehlakçı üçün xx.xx.2022-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlığından görünür ki, abonent kodu **********80017 olan Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, ev 2538, 17 saylı mənzilin sahibi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektrik enerjisi sərfiyyatına görə borcu 498.2 manat təşkil edir. - Abunə haqqında saldodan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə 498.20 manat borcu vardır. Həmin borcun 315.20 manatı əsas, 183 manat hissəsi isə limitdən artıq istifadəyə görə hesablanmışdır. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən həmin tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanında zirzəmidə quraşdırılmış sayğaca əsasən, xx.xx.2022-ci il tarixdə 498.2 manat borcun olması barədə iddiaçının ünvanına xəbərdarlıq bildirişi göndərilmişdir. Hazırda iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, sayğac mənzildən kənarda binanın zirzəmisində quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Sayğaca nəzarət etmək "xxxx" ASC-nin vəzifəsi olduğundan müdaxilənin kim tərəfindən olması barədə sübutetmə yükü də ASC-nin üzərinə düşür. Buna baxmayaraq, cavabdeh orqan bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın artıq borc hesablaması müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, cavabdeh orqan borcun əsaslı hesablanmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********80017 nömrəli abonent kodu üzrə hesablanmış 498.2 manat məbləğində borc silinməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" ASCdən alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********80017 nömrəli abonent kodu üzrə hesablanmış 498.2 manat məbləğində borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar