Məhkəmə qərarları › İş №2(007)-170/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-170/2025

20.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-170/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, maddi və mənəvi ziyan və s.) X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh X2 və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx"xxxx"xxxx" ASC cəlb edilməklə, "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9300 manat maddi zərər, 5000 manat mənəvi zərərin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsinin dolanışığı ilə əlaqədar xx.xx.2024-cü ildə "xxxx" MMC-də Chevrolet Cobalt LTZ minik markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq ödənişi 437 manat olmaqla 48 aylıq cədvələ əsasən rəsmi nizamlanmış və sığorta tərəfindən sığortalanmışdır. O, 15 gün avtomobildən istifadə etdiyi halda xx.xx.2024-cü ildə cavabdehin idarə etdiyi **-NA-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Outlander” markalı avtomobili tərəfindən dayandığı yerdə avtomobilə zərbə endirərək ona qarşı mağazanın üzərinə ataraq, sahibkarada ziyan vuraraq hadisə törətmişdir. Həmin hadisə Bakı şəhər X5 əməkdaşları tərəfindən qeydiyyata alınmış iyul ayının əvvəllərində təmir olunaraq onun istifadəsinə qaytarılmışdır. O, Cavabdeh ona məxsus olan avtomobilə xeyli ziyan vurmuşdur. Sığorta tərəfindən avtomobili təmir olunsa da kasko deyilən sığorta şirkətinə "xxxx" MMC-lə bağlanmış Atəşgah sığorta 800 manat franşet ödənişini ondan tələb etmiş və təmirdən sonra avtomobilin qiymətləndirilmə aparılarkən məlum olmuşdur ki, bugünki **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 16.500 manatdır. Avtomobili alarkən 25.000 manat qiyməti olub, 15 gündən sonra deyilən ziyan səbəbdən birdən-birə 8.500 aşağı qiymətə qiymətləndirilib. Belə çıxır ki, ona 800 azn və üsdəlik 8.500 birdə iki ay onun əmək haqqısız qalmağı, əlavə bu işlərin tezliklə tamamlanması üçün əlavə vaxt itkiləri ilə üzləşmişdir, mənəvi ziyan çəkmişdir. İş materialları: "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, “Chevrolet Cobalt” ağ rəngli minik markalı 77YN310 dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazıqların aradan qaldırılması üçün 4619 manat ehtiyat hissələri, 3905,80 manat xidmət haqqı olmaqla 8524,80 manat məbləğin tələb edildiyi müəyyən edilmişdir. AZL-3327 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alana İddiaçı Əjdrə oğlu 60 ay müddətində ümumilikdə 16435 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli, 510 saylı müraciətinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən icbari sığortalanmış avtonəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi nəticəsində 8524.80 manat məbləğində maddi zərər dəymişdir. Mütənasib qaydada ödəniləcək 3876 manat sığorta məbləğinin köçürülməsi bildirilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mitsubishi Outlander minik mrakalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh, Chevrolet Cobalt LTZ minik markalı, ** YN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı istifadəsində olmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunmuş mütəxəssis rəyinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş qiymətləndirməyə əsasən “Chevrolet Cobalt LTZ minik” markalı, ** YN *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi bazar dəyəri 16200 manat müəyyən edilmişdir. TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh İnzibati Xətalar məcəlləsində 324.1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli Nizami Rayon Məhkəməsinin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Chevrolet Cobalt LTZ minik” markalı, ** YN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 8524.8 manat zərər dəymiş, qanunvericiliyin tələblərinə əsasən dəyən zərər mütənasib bölünərək 3876 manat sığorta ödənişi xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/8884 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2024-cü il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 36411 km yürüşlü, mühərrik tutumu 1485 kub.sm, “Chevrolet Cobalt LTZ minik” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 27150 manat, baş vermiş yol-nəqliyyat hadisəsi nəzərə alınmaqla 25792 manat müəyyən olunmuşdur. X1 xx.xx.2025-ci il tarixli, 111 saylı rəyindən görünür ki, “Chevrolet Cobalt LTZ minik” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətləri ilə təqribi dəyəri 27240 manat, likvid dəyəri isə 25878 manat məbləğində müəyyən edilir. “Chevrolet Cobalt LTZ minik” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin, baş vermiş yolnəqliyyat hadisəsi nəzərə alınmaqla hazırki bazar qiymətləri ilə təqribi dəyəri 24516 manat məbləğində müəyyən edilir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış lizinq müqaviləsindən görünür ki, müqavilənin 5.3-cü bəndinə əsasən avtomobil lizinq alanın təqsiri nəticəsində zədələndikdə dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən verənə ödənilir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 137 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə hazırlıq iclasında "xxxx"xxxx"xxxx" ASC mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki,ilkin ödəniş 3500 manatdır, o, 10000 manat vermişdir. Mənəvi ziyan odur ki, 2 ay evdə işsiz oturmuşdur. İşi olmadığı üçün Kapital və Beynəlxalq Bankdan kredit kartları götürmüşdür. Avtomobil lizinq şirkətinin adındadır. 5 il sonra onun adına olmalıdır. 800 manat franşet ödənişi etmişdir. 2 ay evdə oturmuşdur, uşaqlarının biri əsgərlikdədir, biri universitet oxuyur. Hamısı pul tələb edən şeylərdir. Göstərdiklərinə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, pensiyasından hər ay 150 manat olmaqla 4500 manat pul tutulur. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının subyektiv hüququ olmadığından və mülkiyyətçi şirkət olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Həsən Hüseynov izahatında göstərmişdir ki, İddiaçı franşiza dəyərini ödəmişdir, lakin sığortanın ödədiyi pul MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx"xxxx"xxxx" ASC nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişlər, və bunun üzürlü səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddiaçının müvafiq iddia ilə çıxış etmək hüququnun olubolmamasına və cavabdeh tərəfin məhz bu nüans ilə bağlı etirazına münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avtomobil "xxxx" MMC-nin mülkiyyətində olsa da, sonuncu ilə iddiaçı arasında bağlanmış lizinq müqaviləsinə əsasən avtomobil iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin şəhadətnaməsinin surəti və lizinq müqaviləsi ilə də bu hal təsdiq edilir və bu hal işin mübahisəsiz halıdır. Məhkəmə xüsusilə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən müəyyən hissədə qarşılanmış və sözügedən sığorta məbləği mülkiyyətçi olan "xxxx" MMC-nin hesabına ödənilmişdir. Avtomobilə dəymiş zərərin yerdə qalan hissəsinin Cavabdeh tutulması ilə bağlı mülki iş məhkəmənin icraatında olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2564/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilmiş və Cavabdeh 4648,80 manat məbləğin pul və ödənilmiş 66,49 manat dövlət rüsumunun tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsasını avtomobilə vurulmuş zərərin ödənilməsi təşkil etmir. Belə ki, iddiaçı ərizəsini əsaslandırarkən qeyd etmişdir ki, o, avtomobili aldığı qiymət ilə yol-nəqliyyat hadisəsindən sonra avtomobilin qiyməti arasında fərq mövcuddur və bu ona vurulmuş maddi ziyandır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən iddia tələbi ilə çıxış etmək üçün İddiaçı subyektiv hüququ mövcuddur. Məhkəmə iddia tələbinin franşiza üçün ödənilmiş məlbəğin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən həmin 800 manat franşiza məbləği İddiaçı tərəfindən sığorta şirkətinin hesabına ödənilmişdir. Məhkəmə iddia tələbinin 8500 manat pulun cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddiaçı avtomobili qiymətləndirmə şirkəti vasitəsilə qiymətləndirmiş və aldığı zaman 25000 manat olan avtomobilin hazırda 16500 manat olmasını əsas götürərək həmin məbləği tələb etmişdir. Lakin məhkəmə tərəfindən ekspert rəyi alınmışdır və müəyyən edilmişdir ki, avtomobilin bazar dəyəri 27150 manat olmuş, lakin yol nəqliyyat hadisəsi nəzərə alınmaqla avtomobilin dəyəri 25792 manata enmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, məhkəməyə təqdim edilən hər iki ekspert rəyi tədqiq edilmiş və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi əsas götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, avtomobilin saz vəziyyətdə satış qiyməti ilə qəzadan sonrakı qiyməti arasındakı fərq 8500 manat deyil, 1358 manat təşkil edir. Beləliklə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi ziyanın ümumilikdə məbləği 800 manat franşiza məbləği, 1358 manat qiymət fərqi olmaqla, 2158 manat təşkil edir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində, cavabdehdən tələb olunan məbləğin ağlabatan həddə olmaması səbəbindən qismən təmin edilməlidir. Belə ki, iddiaçının istifadəsində olan, hələ təzə əldə etdiyi avtomobilə cavabdeh tərəfindən ziyan vururlması, avtomobil təmir edilənə qədər nəqliyyat vasitəsi olmadan hərəkət etməsi və.s nəzərə alınmaqla iddiaçı mənəvi sarsıntıya məruz qalmışdır. Belə olan halda cavabdehdən mənəvi ziyanın əvəzi olaraq ağlabatan həddə 500 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən tutulmalı, yerdə qalan 97 manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 250 manat pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq “X4” MMC-nin (VÖEN:**********, İBAN: AZ94BRES********************, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) hesabına ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2158 manat maddi və 500 manat mənəvi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməli, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 250 manat pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq “X4” MMC-nin hesabına ödənilməli, dövlət rüsumunun 97 manat hissəsi iddiaçının özünə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi ziyanın əvəzi qismində 2158 manat, mənəvi ziyanın əvəzi qismində 500 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 97 manat hissəsi iddiaçının özünə aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat vəsait İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilsin. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 250 manat pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “X4” MMC-nin (VÖEN:**********, İBAN: AZ94BRES********************, Alanın bankı-Bank Respublika ASC-nin Nərimanov filialı, kodu:513489, SWİFT:BRESAZ22, M/h: AZ80NABZ********************) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar