Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1710/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx"na qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"ndan dəymiş ziyanın əvəzi olaraq 3000 manat, eləcə də mənəvi əziyyət çəkdiyinə görə 50 000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1989-cu ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, subaydır, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, "xxxx" MMC-də işləyir. 2017-ci ildə qarın boşluğunda yaranmış ağrılar ilə bağlı olaraq “X6” rentgen müayinəsindən keçmiş, həmin rentgen müayinəsinin cavablarına baxan tibb mərkəzinin həkimi Anar ona ilkin olaraq əməliyyata ehtiyac olmadığı və müalicə əsasında keçə biləcəyini bildirmişdir. Buna görə də ona bir neçə aylıq müalicə yazmışdır. İddiaçı isə həmin müalicəni yalnız 1 həftə etmiş və ağrıları keçmədiyinə görə dayandırmışdır. Daha sonra həmin rentgen cavablarını “Sabunçu Xəstəxanasına” təqdim etmiş, orada həkimlər həmin rentgen cavablarına baxdıqdan sonra ona bağırsağında heç bir problem olmadığı və nevroloji səbəblərlə əlaqədar olaraq mədə-bağırsaq sistemində pozulmalar olduğunu bildirmişlər. Həmin günü İddiaçı "xxxx"na qarın boşluğunda olan ağrılar ilə bağlı olaraq müraciət etmiş, klinikanının baş həkimi Lika Şıxıyeva onu qəbul etmiş və rentgen cavablarına baxdıqdan sonra ona bağırsağının anadan gəlmə uzun olduğunu, təcili əməliyyat olunmağını bildirmişdir. Həkim əməliyyatın qiymətinin 2000-3000 manat olduğunu, ondan isə 1500 manat alacağını söyləmişdir. Həmin klinikada əməliyyat ilə bağlı olaraq heç bir müayinə olunmamış və ondan analiz götürülməmişdir. O, 3 gün bağırsağının təmizlənməsi ilə bağlı klinikada qalmış və təmizlənməsi üçün müxtəlif dərmanlar qəbul etmiş, 16.03.2017-ci il tarixdə əməliyyat olunmuş və onun bağırsağından 50-60 sm kəsilmişdir. Əməliyyat olduqdan bir neçə gün sonra iddiaçıya qida olaraq banan və alma vermişdirlər. O, bu qidaları qəbul etdikdən sonra onda “bağırsaq keçirməməzliyi” yaranmış və yenidən əməliyyata götürülmüşdür. Kustar üsulla onun bağırsağına şlank yerləşdirilmişdir. İkinci əməliyyatdan sonra da bağırsağı işləməmiş və bağırsağının işləməsi üçün göbək nahiyəsindən müxtəlif yüksək dozalı iynələr vurulmuşdur. İddiaçı vəziyyəti ağırlaşdığından valideynləri ilə əlaqə saxlamış və onu buradan çıxarmaqlarını bildirmişdir. Valideynləri gəldikdən sonra xəstəliyi ilə əlaqədar olaraq başqa xəstəxana axtarmağa başlamışlar. Bu zaman klinikanın baş həkimi Lika xanım ona özünün həkim tapdığını və oraya göndərəcəyini bildirmişdir. 29.03.2017-ci il tarixdə “M.Topçubaşov adına X2” müayinə üçün nümayəndələr gəlmiş və onu qəbul edəcəklərini bildirmişlər. Onlar iddiaçının şəxsi avtomobili ilə həmin mərkəzə getmişdirlər. Orada onun həkimi Yusif Əliyev olmuşdur. Əməliyyata qədər ona bağırsağının işləməsi üçün müxtəlif müalicələr edilmişdir. Həmin müalicələrin xeyri olmamış və əməliyyatın zəruri olduğunu bildirmişlər. İki cərrahi əməliyyatdan sonra bağırsağı əvvəlki kimi işləməyə başlamışdır. İddiaçı "xxxx"ndan verilmiş epikrizdə onun guya sözü gedən klinikada müalicə olunduğu və müxtəlif analizlər götürüldüyü qeyd olunmuşdur. Bunlar tamamilə səhv məlumatlardır. Sadəcə olaraq öz səhvlərini örtmək üçün yazılmış sözlərdir. O bildirmişdir ki, bağırsağının yenidən işləməsinə baxmayaraq əvvəlki ağrıları yenə də qalmışdır. “M.Topçubaşov adına X4” olunan əməliyyatlar yalnız “Loğman Klinikasında” aparılmış səhv əməliyyat nəticəsində bağırsağının işləməməsi problemini aradan qaldırmışdır. Yusif Əliyev ona bağırsaqla bağlı əməliyyatdan sonra ən azı 20 gün müddətində qida qəbul etməyin düzgün olmadığını bildirdi və çoxsaylı müayinələrdən sonra bağırsağında heç bir problem olmadığını və ağrılarının nevroloji səbəblərlə bağlı olduğunu bildirdi. İddiaçı həmin səhv əməliyyata 1 500 (min beş yüz) manat ödəniş etmiş, bundan əlavə 2 ay işə çıxa bilməmişdir. Bu baş verən hadisə onun həyatına mənfi təsir göstərmiş, çox ciddi mənəvi sarsıntılar keçirmiş, əməliyyatdan sonra uzun bir müddət psixoloji pozuntuları olmuş və bununla bağlı müxtəlif sakitləşdirici dərmanlardan istifadə etmişdir. Bu hadisə təkcə iddiaçının özünə yox, ailəsinə də mənfi təsir göstərmişdir. Belə ki, valideynləri öz övladlarını itirmə qorxusu ilə üz-üzə qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, 2012-ci ildən 2017-ci ilədək ağrıları olmuş, əməliyyatdan əvvəl də, hazırda da ishal problemindən əziyyət çəkir. Onda heç vaxt “bağırsaq keçməzliyi” xəstəliyi olmamış, cavabdeh klinikanın həkimi Lika xanım ona əməliyyatdan sonra problemlərinin düzələcəyini vəd etmişdir. Əməliyyata razılıq verilməsinə dair müqavilədə imza ona məxsus olmamışdır. Lika Şıxıyeva onu müayinə etmədən mədə-bağırsaq snimkası ilə əməliyyat edib və bağırsağın bir hissəsini səhvən kəsib götürmüşdür. Dərman və əlavə xərclərə görə 1000 manat xərc çəkmişdir. Həmin xərclərə dair çeklərinin cib kisəsində olmasını, həmin kisəsini isə itirməsini bildirmişdir. Həmçinin o, ümumilikdə 5-6 min xərcinin çıxdığını, ancaq çekləri itirdiyini, vəziyyətinin eyni olduğunu, bu baş verən hadisənin onun həyatına mənfi təsir göstərdiyini, çox ciddi mənəvi sarsıntılar keçirdiyini, əməliyyatdan sonra uzun müddət psixoloji pozuntuları olduğunu və bununla bağlı müxtəlif sakitləşdirici dərmanlardan istifadə etdiyini bildirmişdir. Bundan əlavə iddiaçı "xxxx"nda ödədiyi əməliyyat xərclərinə dair heç bir tələbinin olmadığını, “Topçubaşov” adına xəstəxanaya göndəriləndə ödədiyi 1450 manat pulun ona geri qaytarıldığını, “Topçubaşov” adına xəstəxanada iki dəfə əməliyyat olunmağı ilə əlaqədar o və ailə üzvləri tərəfindən heç bir əməliyyat xərci ödənilmədiyini, cavabdeh klinikada əməliyyata razılıq verilməsi üzrə müqavilədə qeyd edilən imzanın ona məxsus olmadığını qeyd etmişdir. Daha sonra onun tərəfindən ekspert rəyi ilə razılaşmamasına görə sonuncu məhkəmə iclasından öncə yenidən tibbi ekspertiza keçirilməsinə dair yazılı vəsatət ünvanlamışdır. Vəsatətdə göstərilmişdir ki, ekspert onu çağırmamış, müayinə etməmiş, diaqnoza baxıb əməliyyat edilmiş və qoyulan diaqnoz da bağırsağın uzanması deyil, enlənməsidir. Loğman Klinikasının ekspertizaya təqdim etdiyi sənədlərin əsllərini gətirərək, saxtalıqla bağlı ekspertiza təyin edilməsinə, onun müayinəsi "xxxx"nda deyil, xərcləri "xxxx"na aid olmaqla X5 ilə razılaşdırımış klinikada aparılması ilə, həqiqi müayinəni əks etdirən sənədlər (“X11”ndən verilmiş 04.03.2017-ci il tarixli İrriqoskopiya, X1 müayinələri) ilə, “X11”ndən verilmiş (xüsusilə bağırsaqlara aid) rentgen-snimkalar, bağırsaqların çəkilişi olan diskin "xxxx" tərəfindən gətirilməsi ilə təkrar ekspertiza keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil “Topçubaşov” adına xəstəxanadan iddiaçının xəstəlik kitabçasının surətinin əldə edilməsini, iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsinə etirazlarının olmamasını, iş üzrə tam məlumatın əldə edilməsi üçün tibbi ekspertizanının keçirilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, İddiaçı “X9” mərkəzində rentgen olunmuş və ona “Meqokolon” diaqnozu verilmişdir. "xxxx"na müraciət edərkən, onu müayinə etdikdən sonra 3 gün müalicə olduqdan sonra əməliyyat icra edilmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-xətşünaslıq Ekspertizasının 04.08.2021-ci il tarixli 4/876 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş İddiaçı adına olan 13.03.2017-ci il tarixli iltizamnamədə “cərrahi əməliyyata razılıq verirəm.” və “Xəstənin (yaxın qohumun) imzası:” qrafalarındakı imzalar- İddiaçı tərəfindən icra olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patolojİ Anatomiya Birliyinin 15.10.2021-ci il tarixli 798/KEŞ saylı ekspert rəyinə əsasən, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 13.03.2017-ci il tarixdə "xxxx"na müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Dolixokolon. Xroniki Koprostaz” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoz düzgün olmuş və daha əvvəl 04.03.2017-ci il tarixdə “Diaqnoz” Tibb Mərkəzində aparılmış “İrriqoskopiya” müayinəsi ilə öz təsdiqni tapmışdır. İddiaçı düçar olduğu xroniki bağırsaq xəstəliyi ilə əlaqədar 13.03.2017-ci il tarixdə "xxxx"na daxil olmuş və patologiyanın kliniki gedişini nəzərə alaraq ona operativ müalicə taktikası seçilmişdir. 16.03.2017-ci il tarixdə “Sol tərəfli hemikolektomiya, uc-uca transvero-siqmoanastamoz (rekeksiya olunmuş bağırsağın birləşdirilməsi)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı kliniki müşahidələr zamanı xəstədə qarın nahiyyəsində sancı və defekasiya aktının çətinləşməsi müşahidə olunmuşdur. Erkən bağırsaq keçirməməzliyini nəzərə alaraq 23.03.2017-ci il tarixdə “Relaporotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı anastamozun çatışmamazlığı qeyd edilməmişdir. Dinamik nəzarət davam etmiş, lakin sonrakı müalicə üçün xəstə yaxınların istəyi ilə 29.03.2017-ci il tarixdə “Akademik M.A.Topçubaşov adına X8”nə köçürülmüşdür. İddiaçı üzərində “Akademik M.A.Topçubaşov adına X8”ndə 01.04.2017-ci il tarixdə “Laparotomiya; Bitişmələrin ayrılması Transverzostomanm qoyulması” və 07.07.2017-ci il tarixdə “Bitirmələrin ayrılması Transverzostomanm ləğvi Sağ tərəfli hemikolektomiya, stepler vasitəsilə uc-yana ilerektoanastomozun qoyulması” cərrahiyyə əməliyyatları icra edilmişdir. Beləliklə ilkin cərrahiyyə əməliyyatından sonra, İddiaçı üzərində daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəb mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətlərindən və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilər. Bu səbəbdən etaplı qaydada cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış operativ müdaxilələr taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1112.-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 13.03.2017-ci il tarixdə "xxxx" MMC-də “Dolixokolon, Xroniki Koprostaz” diaqnozu təyin edilmişdir. Daha əvvəl 04.03.2017-ci il tarixdə “Diaqnoz” Tibb Mərkəzində aparılmış “İrriqoskopiya” müayinəsi ilə öz təsdiqni tapmışdır. İddiaçı düçar olduğu xroniki bağırsaq xəstəliyi ilə əlaqədar 13.03.2017-ci il tarixdə "xxxx"na daxil olmuş və patologiyanın kliniki gedişini nəzərə alaraq ona operativ müalicə taktikası seçilmişdir. 16.03.2017-ci il tarixdə “Sol tərəfli hemikolektomiya, uc-uca transvero-siqmoanastamoz (rekeksiya olunmuş bağırsağın birləşdirilməsi)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı kliniki müşahidələr zamanı xəstədə qarın nahiyyəsində sancı və defekasiya aktının çətinləşməsi müşahidə olunmuşdur. Erkən bağırsaq keçirməməzliyini nəzərə alaraq 23.03.2017-ci il tarixdə “Relaporotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı anastamozun çatışmamazlığı qeyd edilməmişdir. Dinamik nəzarət davam etmiş, lakin sonrakı müalicə üçün xəstə yaxınların istəyi ilə 29.03.2017-ci il tarixdə “Akademik M.A.Topçubaşov adına X8”nə köçürülmüşdür. İddiaçı üzərində “Akademik M.A.Topçubaşov adına X8”ndə 01.04.2017-ci il tarixdə “Laparotomiya, Bitişmələrin ayrılması Transverzostomanm qoyulması” və 07.07.2017-ci il tarixdə “Bitirmələrin ayrılması Transverzostomanm ləğvi Sağ tərəfli hemikolektomiya, stepler vasitəsilə uc-yana ilerektoanastomozun qoyulması” cərrahiyyə əməliyyatları icra edilmişdir. İş üzrə keçirilmiş tibbi ekspert rəyi ilə "xxxx" MMC-də ona “Dolixokolon. Xroniki Koprostaz” diaqnozu ilə bağlı iddiaçıda aparılmış operativ müdaxilələr taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi, ilkin cərrahiyyə əməliyyatından sonra, İddiaçı üzərində daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəb isə mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətlərindən və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilməsi, bu səbəbdən də etaplı qaydada cərrahiyyə əməliyyatları icra edilməsi müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı adına olan 13.03.2017-ci il tarixli iltizamnamədə “cərrahi əməliyyata razılıq verirəm.” və “Xəstənin (yaxın qohumun) imzası:” qrafalarındakı imzalar- İddiaçı tərəfindən icra olunmuşdur. "xxxx" MMC tərəfindən keçirilmiş əməliyyat xərci olaraq ödənilmiş 1450 manat vəsait ona geri qaytarılmış, “Akademik M.A.Topçubaşov adına X8”ndə keçirilmiş iki dəfə əməliyyata görə ondan əməliyyat xərci tələb edilməmişdir. Onun tərəfindən əlavə dərman və yoxlanışlara 1000 manat daha sonra isə ümumilikdə 5-6 min xərcinin çıxmasını bildirmişdir. Məhkəmə iddia tələbinin dəymiş ziyanın əvəzi olaraq 3000 manat vəsaitin tutulması hissəsi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən onun da təsdiq etdiyi kimi cavabdeh tibb müəssisəsinə ödənilmiş 1450 manat vəsait ona qaytarılmış, digər tibb müəssisəsində iki dəfə keçirilmiş əməliyyatlara görə isə ondan əməliyyat xərci tutulmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, baxmayaraq ki, iş üzrə keçirilən ekspert rəyi ilə İddiaçı üzərində digər tibb müəssisəsi tərəfindən daha iki cərrahiyyə əməliyyatlarının aparılmasına səbəbin xəstədə mövcud olan xroniki bağırsaq xəstəliyinin morfoloji xüsusiyyətləri və orqanizmlə bağlı erkən bitişmə xəstəliyi ilə əlaqədar yarana bilməsi, bu səbəbdən də etaplı qaydada cərrahiyyə əməliyyatları icra edilməsi ilə əlaqələndirilmişdir. Cavabdeh təşkilat tərəfindən keçirilən əməliyyat xərcinin iddiaçıya mübahisəsiz qaydada qaytarılmasını onu maddi ziyanın qismən həmin hissədə qəbul etməsinə dair iradəsinin olması kimi qiymətləndirərək belə qənaətə gəlir ki, maddi ziyan əməliyyat xərci məbləğində ödənildiyi üçün iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə iddiaçının əlavə dərman, yoxlama xərclərinə, 2 ay işə çıxa bilməməsinə dair ziyana düşməsi hissəsi ilə bağlı bildirir ki, qeyd olunan zərərlə bağlı iddiaçı tərəfindən məhkəməyə konkret sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı xərclərə dair təsdiqedici sənədlərin bir qismini həmin sənədləri itirməsi ilə əlaqələndirmiş, 2 ay işə çıxa bilməməsini bildirsə də konkret hansı məbləğdə gəlirlərdən məhrum olmasına dair məhkəməyə konkret sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin 50.000,00 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən 1000 manat məbləğində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmış, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsini bildirmişdir. İddiaçının üzərində dəfələrlə əməliyyata məruz qalması nəticəsində ciddi mənəvi sarsıntılar keçirməsi şübhəsizdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəsiz qaydada ödənilmiş 1450 manat zərər məbləğinin mənəvi zərərə tənasüblüyü nəzərə alınmalı, iddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərə görə cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 1000,00 (bir min) manat və 30 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbiqismən təmin edilsin. "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi zərərə görə 1000,00 (bir min) manat və 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1710/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1710/2021
08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver