Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-179/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən 3 (üç) otaqlı yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş xərcin 34450 (otuz dörd min dörd yüz əlli) ABŞ dolları məbləğində pulun tərəflər arasında bölünərək, o- İddiaçı çatası 34450 x 1.7 = 58565 : 2 = 29282 manat məbləğin, həmçinin ödənilmiş 178 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 03 may 2005-ci il tarixdə Cavabdeh ilə rəsmi olaraq nikahı qeyd etdirməklə ailə qurmuşlar və həmin nikah qeydi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(007)-504/2021 saylı qətnaməsi ilə ləğv edilmişdir. Birgə nikahdan iki uşaqları olmuş, həmin uşaqlar anasının himayəsində qalmış və onun tərəfindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün mütəmadi olaraq cavabdehə aliment ödənilir. Cavabdehlə nikaha daxil olmamışdan əvvəl, yəni nişanlı olan dövrdə onun tərəfindən vəsaiti hesabına hazırda cavabdehin mülkiyyətində olan ünvan 1-də olan 3 otaqlı yaşayış sahəsini əldə etmişlər. Həmin dövrdə onun artıq 25 yaşı tamam olduğundan və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti başa çatdığından qeyd edilən mənzili öz adına ala bilmədiyindən məcbur olub mənzili nişanlısının, yəni gələcək həyat yoldaşı olan dayısı qızının adına almağa məcbur olmuşdur. Cavabdehlə qeyd edilən mənzildə ailə qurduqdan sonra 2016-cı ilin aprel ayınadək birlikdə yaşamışlar və 2016-cı ilin aprel ayında cavabdeh mənzilin giriş qapısının açarını dəyişdirməklə onu mənzilə buraxmamış və məhz bu tarixdən sonra onlar ayrılmaq qərarına gəlmişlər. Ayrılmağının səbəbkarı o, olmuşdur. Çünki onun tərəfindən cavabdehin hərəkətlərinə lazımi nəzarət olunmamış, onun başı ailənin saxlanılması üçün vəsait qazanılmasına qarışmış və bundan cavabdeh tərəfindən “məharətlə istifadə” olunmuş, cavabdeh ona xəyanət etmiş, bu səbəbdən ailəsi uçuruma yuvarlanmış və son olaraq dağılmışdır. Cavabdehlə birgə yaşadığı dövrdə qeyd edilən mənzildə vəsaiti hesabına əsaslı təmir işləri aparılmış və mənzilin real dəyəri dəfələrlə artırılmışdır. Bu faktı, daha doğrusu onun həmin mənzildə 2005-ci ildən 2016-cı ilədək yaşamağı və mənzildə əsaslı təmir işləri aparmağının cavabdehin özü də bilavasitə təsdiq edir. Mənzildə aparılan təmir və yenidən qurma işləri aşağıdakı kimi olmuşdur: 1.mənzildə elektrik işlərinin yerinə yetirilməsinə-3000 ABŞ dolları, 2. sanuzelə (hamam və tualetin təmiri)- 4000 ABŞ dolları; 3.mənzildə iki arakəsmənin qoyulması-2000 ABŞ dolları; 4.mənzilin girişinə dəmir qapının qoyulması- 500 ABŞ dolları, 5.mənzilin dəhlizində güzgülü şkafın yığılması 600 ABŞ dolları; 6.pəncərələrə (4 ədəd) dəmir reşotkanın qoyulması- 800 ABŞ dolları; 7. anteresol (şkaf) уığılması- 400 ABŞ dolları, 8. yuyulan divar kağızı (3 otaq üçün)- 3000 ABŞ dolları,
9. dəhlizə divar kağızının vurulması- 300 ABŞ dolları, 10.döşəmənin laklanması- 600 ABŞ dolları, 11.istilik sisteminin çəkilməsi- 800 ABŞ dolları, 12.astar və üzlük şpaklyovka- 1400 ABŞ dolları, 13.balkonun laminat və taxta işlərinə- 300 ABŞ dolları, 14.çöl pəncərələrə qoruyucu dəmir listlər- 250 ABŞ dolları, 15.mətbəx və dəhlizin tavanına lambirin vurulması- 400 ABŞ dolları, 16.parketin kantlarına- 250 ABŞ dolları, 17.evin içinə arka yığılıb- 450 ABŞ dolları, 18.mənzilin iş otaqlarına qapılar qoyuldu (4 ədəd)-2000 ABŞ dolları, 19.hamama, balkona plastik qapılar (2 ədəd)- 300 ABŞ dolları, 20. otaqların paduqası (3 ədəd)- 700 ABŞ dolları, 21. pəncərələrin (4 ədəd) altlığı (podokonnik)- 200 ABŞ dolları, 22.oboyların kantı- 200 ABŞ dolları, 23.ustaların yeməyinə və əmək haqqına- 11000 ABŞ dolları, 24. zibilin daşınmasına 1000 ABŞ dolları. Cəmi 34450 ABŞ dolları (həmin dövrdə 1 ABŞ dolları 1,5 AZN məzənnə ilə) vəsait xərclənmişdir. Bundan başqa həmin ərəfədə, yəni mənzildə təmir və yenidənqurma işləri yerinə yetirilərkən mənzilə yeni mebel və əşyalar alınmışdır ki, həmin əşyaların da dəyəri hesablanmalı və cavabdehlə onun arasında bölünməlidir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianın məzmunundan göründüyü kimi İddiaçı ümumi birgə nikah dövründə, bilavasitə 2015-ci ildə Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılan təmirə görə özünün xəyalları əsasında ortaya çıxardığı 34450 ABŞ dollarına mütənasib kimi 58565 manatın yarısı olan 29282 AZN məbləği və 178 manat dövlət rüsumunu ondan tələb edir. Məhkəmənin diqqətinə çatdırır ki, uzun illərdir onun sabiq əri əsassız iddialarla onu məhkəmələrdə süründürür. Qeyd edir ki sözügedən təmir xərci ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında (Hakim-Fuad Babayev) 2(103)-2553/2022 saylı mülki iş olmuş, iş üzrə ekspertiza keçirilmiş, ekspert qarşısında cavablandırmaq üçün aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə 2015-ci ildə nə kimi təmir-tikinti və yenidən qurma işlərinin aparılmasını müəyyən etmək mümkündürmü? Əgər mümkündürsə qeyd olunan vaxtda mənzildə nə kimi təmir-tikinti və yenidən qurma işləri aparılmış sərf edilmiş vəsaitin (əşyaların (təmir-tikinti materiallarının) alınması) məbləği və usta xərcləri nə qədər təşkil edir? 2) 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işləri kimi (Cavabdeh bildirdiyi və etiraf etdiyi hissə) - qonaq otağında (zal) arakəsmənin bərpasına; mənzildə divar kağızlarının (oboyların) dəyişilməsinə; mənzildə olan qapıların dəyişdirilməsinə (giriş qapısı, otaqların qapıları; - mənzildə tavana alçmın (şpatlyovkanm) vurulmasına; -divarlara və tavana boyaların (emulsiya) vurulmasına; -mətbəxdə, dəhlizdə və tavanlara lambir vurulmasına; -mənzildə arkanın yığılmasına sərf edilmiş vəsaitin (əşyaların (təmir-tikinti materiallarının) alınması) məbləği və usta (fəhlə) xərcləri nə qədər təşkil edir? 3) 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işləri kimi (İddiaçı bildirdiyi hissə) mənzildə elektrik xəttlərinin dəyişilməsinə; - hamam otağının təmirinə; - qonaq otağında (zal) arakəsmənin bərpasına; -dəhlizdə güzgülü dolabın (şkafın) yığılmasına; -mənzildə 4 ədəd dəmir barmaqlığın (reşotka) qoyulmasına (eyvan daxil olmaqla);- Dəhlizdə ev əşyalarının yerləşdirilməsi üçün dolabın yığılmasına; -dəhliz və otaqlara silinən (yuyulan) divar kağızlarının (kantlarla birlikdə) vurulmasına; -dəhliz və otaqların döşəməsinə lakın vurulmasına (laklanmasma); -mənzildə 4 yerə istilik sisteminin quraşdırılmasına; -mənzildə alçının (şpatlyovkanın) vurulmasına (astar və üzlük); -eyvana laminat və taxtanın vurulmasına; -mətbəx və dəhlizdə lambrin vurulmasına; - mənzildə arkanın yığılmasına; parket döşəməyə kantın vurulmasına; -hamam və eyvana plastik qapının qoyulmasına; mənzildə tavana paduqanm vurulmasına; -4 ədəd pəncərə altının (podokonnik) qoyulmasına sərf edilmiş vəsaitin (əşyaların (təmir-tikinti materiallarının) alınması) məbləği və usta (fəhlə) xərcləri nə qədər təşkil edir? Ekspert 10/2650 saylı, 23 avqust 2022-ci il tarixli rəyində məhkəmənin Qərardadının 2-ci sualında göstərilən və Cavabdeh olaraq onun etiraf etdiyi hissədə təmir xərcinin maksimum şişirdildikdən sonra 6370 AZN tutduğunu qeyd etmişdir. Ekspert öz rəyində İddiaçı təqdim etdiyi suallara əsasında şişirdilmiş və sözügedən balaca 56.4 kv.m (rəydə 63.62 kv.m) mənzilə 2 tona yaxın - 38 kisə şpaklyovkanın işlədilməsi kimi fantastik rəqəmləri qeyd etdikdən sonra belə məbləği 10328.50 AZN-ə çatdıra bilmişdir ki həmin təmirin olmadığı şəkillər və digər faktlarla sübut edilmişdir. İddiaçının özü əvvəllər də uşaqlarına hirslənəndə dəfələrlə mənzilin təmirinə 2300 AZN xərcinin çıxdığını qeyd etmiş və həmin xərcin burunlarından gəlməsini Allahdan arzu etmişdir. İstənilən halda həmin təmir xərci nişanlı olduqları dövrdə atasının ona hədiyyə qismində almış olduğu mənzildə 10 ildən artıq yaşadıqdan sonra və ümumi birgə təsərrüfat aparılan dövrdə qoyulmuşdur. Təmir xərcinin ondan istənilməsi ən azından gülüncdür. Adam mənzildə kirayə qalmamışdır, yaşamışdır. Vurğulamaq lazımdır ki, iddiaçı əvvəlki iddialardan məbləği fərqləndirir. Artıq xəyalının yeni məhsulunu ortaya qoymuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında (Hakim-Fuad Babayev) olan 2(103)- 2553/2022 saylı mülki işdə təmir xərcini 30000 -35000 ABŞ dolları arasında olduğunu qeyd etmişdi. İndi isə artıq 34450 ABŞ Dolları məbləğini hazırki məzənnə ilə hesablayaraq beynin yeni məhsulunu - 58565 AZN-lik məbləği ortaya qoyur. Sonra isə onu lütfkarlıq edib yarı bölür. Digər bir tərəfdən iddiaçı guya iş üzrə mediasiyaya müraciət etmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/11/2023-01127 saylı, xx.xx.2023cü il tarixli X1 imzası ilə arayış almışdır. Məhkəməyə bildirir ki sözügedən arayışda göstərilən yazılı imtina və sair tərəfindən heç kimə ünvanlanmamışdır. Bu onun sabiq ərinin növbəti maxinasiyasıdır. Belə ki nə iş üzrə mediasiya keçirilməsinin yeri, nə də vaxtı ona bildirilməmiş, hətta telefonla belə məlumat verilməmişdir. Halbuki iddiaçının xx.xx.2023-cü il tarixli “Mediasiya prosesinin tətbiqi barədə” Təklifi xx.xx.2023-cü il tarixdə ona poçtla çatdırılmışdır. Təkilif çatdırıla bildiyi halda mediasiyanın keçirildiyi tarixin, vaxtın və yerin heç cürə ona bildirilə bilməməsi məntiqə sığmır. İddiaçının da illərnən həyasızcasına özününkiləşdirməyə çalışdığı mərhum dayısının yetim qızına hədiyyə qismində aldığı mənzilin ünvanını unutması real deyildir. Mediasiya təklifinin ünvana çatması buna sübutdur. Digər bir tərəfdən uşaqlarının mobil nömrəsini və mənzilin şəhər telefonunu gözəl bilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, o, 2015-ci ilin aprel ayında təmirə başlamışdır, avqust ayının axırında təmiri bitirmişdir. İki ev almışdır, cavabdeh ikisinə də sahib çıxmışdır. O mənzildə arakəsmələr qoydurmuşdur, 34000 ABŞ dolları xərc çəkmişdir. Evə bahalı qapılar qoymuşdur, 5000 ABŞ dolları ustalara əmək haqqı vermişdir, 6000 ABŞ dolları civarında ustalara yemək vermişdir. Dəmir qapını “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığından almışdır. Güzgülü şkafları da Günəşliyə gedən yoldan almışdır. Mebelləri Türkiyədən gətirmişdir, oboyları Yaşıl bazarın yanından və 8-ci kilometr bazarından almışdır. Oboyların rulonunun birini 90-100 manata almışdır. Mənzildə əsaslı təmir işləri aparılmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edib eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatlarında göstərmişdir ki, tərəflər 3 may 2005-ci ildə nikaha daxil olmuşlar və tərəflərin birgə nikahdan 2 övladı var. Nişanlı olduqları vaxt iddiaçı öz vəsaiti hesabına cavabdehin mülkiyyətində olan mənzili təmir etdirmişdir. Həmin vaxt iddiaçının 25 yaşı tamam olduğundan mənzili Samirə xanımın adına rəsmiləşdirmişdir. 2016-cı ilin aprel ayında cavabdeh qapının qıfılını dəyişərək onu içəri buraxmamışdır. Tələbləri qanuni və əsaslıdır. İddiaçının vəsaiti hesabına əsaslı təmir işləri aparılmışdır. Mənzildə elektrik işləri, hamam-tualetin təmin edilməsi kimi təmir işləri aparılmışdır. Mənzil Samirə xanımın adınadır. Tərəflər birgə nikah dövründə 1 mənzil, birgə nikahdan əvvəl isə 1 mənzil əldə ediblər. Evdə təmir işləri aparılmışdır, yuyulan divar kağızları Türkiyədən gətirilib. Əvvəlki məhkəmə işi üzrə Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsindən də görünür ki, İxtiyar həqiqətən evi təmir etdirib. Onlar sonuncu ekspert rəyi ilə razıdırlar və iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, etirazın dəlillərini müdafiə edib izahatlarında göstərmişdir ki, əmlakı 2005-ci ildə ona atası verib, onun şəxsi mülküdür. Mənzildə elektrik xətlərinin dəyişməsinə münasibətdə bildirir ki, bu yalandır, çünki onun mənzili dövlət binasıdır, o, mətbəxi də təmir etdirmişdir, laminat vurdurmuşdur. 2020-ci ildə elektrik xətlərini təmir etdirmişdir. O, evdə yalnız kosmetik təmir etdirmişdir. Habelə, evdə arakəsmə də qoydurmuşdur. 2005-ci ildə atası evi alanda, köçməmişdən qabaq orada təmir var idi, onlar hazır evə köçüblər. Kosmetik işlər də birgə nikah dövründə edilib. O evə ən uzağı 2000-2300 manat təmir üçün xərc çəkilib. 4 ədəd qapının dəyişməsini də qeyd etmişdir ki, qapılar dəyişilib. Mənzilin dəhlizində güzgülü şkafın yığılması dedikdə isə şkaf orada hazır olub, sadəcə üstlük qoyulub. Ayaqqabı qoyulan yerə 2 ədəd hazır şkaf qoyulub. 2005-ci ildə onlar evi alanda dəmir reşotkalar var idi, sonradan qoyulmayıb. Pəncərəni isə dəyişməmişdir, atası 2005-ci ildə evi təmir etdirən zaman pəncərələr qoyulmuşdur. O, 2005-ci ildə evinə hansı cehizləri gətiribsə, hələ də o mebellər evdədir. Atası 2005-ci ildə mənzili onlara almışdır, onlar müqavilə bağlayanda ev boş olmuşdur, mənzil onların toyu olmamışdan qabaq təmir olunmuşdur. Oboyları 90-100 manat deyil, 15 manata “Neftçilər” metrostansiyasının yaxınlığından almışdır. Mənzil 2015ci ildə təmir edilib, 2020-ci ildə evi yenidən özü təmir etdirmişdir. Mənzil 70 kv.m deyil, 56 kv.m-dir. Onun evində əsaslı təmir deyil, kosmetik təmir aparılıb. Bundan başqa, iddiada göstərilən bəzi yerlər ümumiyyətlə təmir edilməyib. Bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Babayevin qətnaməsi var. Həmin məhkəmənin təyin etdiyi ekspertiza rəyini məhkəməyə təqdim etmişdir. Həmin rəydə aparılmış tikinti işlərinin müddətinin müəyyən olunması barədə metodika olmadığından, tədqiq olunan mənzildə 2015-ci ildə nə kimi təmir-tikinti və yenidənqurma işlərinin aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamışdır. 2016-cı ildən ayrı yaşayırlar. 2017-ci ildə aliment üçün müraciət etmiş, 2021-ci ildə rəsmi qaydada boşanmışlar. 2015-ci ildə ayrılmamışdan əvvəl oboyları dəyişmişlər. Tavan su çəkmişdi deyə oranı təmir edən zaman avtomatik oboylar da dəyişilmişdir. Qapıları çıxarıb satmışlar, həmin pula da yeni qapılar qoymuşlar. Bundan başqa, iddiaçı evə cəmi 2000-3000 manat arası xərc qoyub. Amma 2022-ci ildə hesablanan zaman bu məbləğ artımla hesablanıb və təxminən 6000 manat qeyd edilib. Bu sadəcə əvvəlki dövr ilə xərclərin hesablandığı dövr arasındakı qiymət artımıdır. Ona görə də ekspert rəyi ilə razı deyil. Onlarda hamam, mətbəx təmir edilməmişdir, amma rəydə həmin yerlər də qeyd edilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dinlənilmiş X4 ifadəsində göstərmişdir ki, 2019-cu ildə o, tərəflərin yaşadığı evin yanında iş görən zaman, Samirə xanım onu çağıraraq xırda işlərin olduğunu demişdir. 2019-2020-ci illərdə mətbəxin laminatı, razetka-kulçater, yerin lakı dəyişdirilmişdir. Onunla Samirə xanım danışmışdır, yoldaşını isə heç görməmişdir. İlk dəfə məhkəmədə görmüşdür. Təmir on beş minlik təmir deyil. Mənzil panel ev olmuş, qanuni 3 otaq olmuş və 4-cü mərtəbədə yerləşmişdir. Təmir qiymətini Samirə xanımla danışmış, pulu sonda ona Samirə xanım vermişdir. 8 ildir qonşuluqda 300 metr aralıda yaşayır, lakin Samirə xanımın yoldaşını görməmişdir. 2019-cu ildə pəncərədən içəri su damırdı, o da kafel parçaları gətirib oranı düzəltmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dinlənilmiş X5 ifadəsində göstərmişdir ki, ev təmir olanda anası ilə atası birlikdə idilər. Elə mübahisələr də təxmini o vaxtdan, yəni 2015-ci ildən başlanmışdır. Əslində onların ailəsində həmişə mübahisə olub, o, özünü biləndən belə görmüşdür. Təmir zamanı qapıları dəyişdilər, oboy vurdular, arakəsmə ilə 2 otaqlı mənzili 3 otaqlı etdilər. 3 qapı dəyişilmişdir. Əslində ev təmirli idi, daha da təkmilləşdirilmişdir. Atası deyir ki, “təmirə 2000-3000 pul tökmüşəm”. Atası 9 ildir onlarla qalmır. Ustaların üstündə atası dururdu. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* nömrəli xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 56.4 kv.m sahəli mənzil X3 tərəfindən Cavabdeh satılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-691/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 16 saylı evin 58 saylı, 3 otaqlı mənzili tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmaqla həmin mənzildən tərəflərin payları aşağıdakı qaydada müəyyən edilmişdir: İddiaçı 5/2 hissədə, Cavabdeh 5/3 hissədə. Qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2553/2022 saylı qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-691/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-846/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2553/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmə tikinti-texniki ekspertizasının 10/2650 nömrəli xx.xx.2022-ci il tarixli rəyinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)- 2553/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərardad əsasında, ekspert qarşısında qoyulmuş suallar əsasında ekspertiza keçirilmişdir. Həmin ekspert rəyinə əsasən, 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işlərinin (cavabdehin (eyni zamanda hazırkı iş üzrə cavabdehin) bildirdiyi və etiraf etdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6370 manat məbləğində müəyyən olunur. 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işlərinin (iddiaçının bildirdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10326,5 manat məbləğində müəyyən olunur. - Məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/9887 nömrəli xx.xx.2024-cü il tarixli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 58 saylı mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin usta haqqı da daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 15667 manat məbləğində olduğu müəyyən edilmişdir. - Mübahisə predmeti olan mənzilin təmir vəziyyətini əks etdirən fotoşəkillər məhkəməyə təqdim edilmişdir. - MŞB/11/2023-01127 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 128 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2005-ci ildə rəsmi nikah bağlanmış, onlar arasında ər-arvad münasibətləri həmin tarixdən yaranmışdır. Cavabdeh sözügedən ünvan 1 ünvanında yerləşən 56.4 kv.m sahəli mənzili rəsmi nikah bağlanmazdan əvvəl notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almış və cavabdehin həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırkı iddiaçı, əvvəlcə sözügedən mənzildə əsaslı təmir aparmasına istinad etməklə həmin mənzilin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2553/2022 saylı yekun məhkəmə aktı ilə iddia tələbi rədd edilmişdir. Hazırda isə iddiaçı, sözügedən mənzildə əsaslı təmir işləri apardığını bildirməklə, mənzilin təmirinə çəkilmiş xərcin tərəflər arasında bərabər surətdə bölünməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir; 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və.s) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə işdə olan sübutları qarşılıqlı surətdə təhlil edib, işin faktiki hallarını araşdırıb hesab edir ki, mübahisə predmeti olan mənzildə təmir işlərinin aparılması işin mübahisəsiz halıdır, tərəflər arasında mübahisə doğuran məqam isə sözügedən mənzildə aparılan təmir işlərinə çəkilmiş xərclərin məbləği ilə bağlıdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf sözügedən mənzilin təmirinə 34450 ABŞ dolları məbləğində pul vəsaitinin xərcləndiyini və həmin məbləğin yarısının cavabdehdən tutulmalı olmasını bildirmiş, cavabdeh isə ümumiyyətlə iddiaçının bəhs etdiyi məbləğin həqiqətə uyğun olmadığını və iddiaçının təxminən 2000-3000 manat civarında mənzilin təmirinə xərc çəkdiyini, qalan təmir xərclərinin isə özü tərəfindən qarşılandığını qeyd etmişdir. İşdə olan sübutlarla isə təsdiq olunur ki, tərəflər arasında daha əvvəl “əmlak bölgüsü” ilə bağlı məhkəmə mübahisəsi olmuş və hazırkı iddiaçı həmin mənzilin təmirinə çəkdiyi xərcin nəzərə alınmasını və payların həmin xərc nəzərə alınmaqla mütənasib olaraq müəyyən edilməsini xahiş etmişdir. Sözügedən məsələ yuxarı instansiya tərəfindən də araşdırılmışdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2553/2022 saylı qətnaməsinin “təsviri-əsaslandırıcı” hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, “39. İddiaçının tələbi ondan ibarətdir ki, mübahisəli mənzilin təmirinə 30-35 min ABŞ dolları pul xərcləmiş, ona görə də həmin əmlak ümumi birgə mülkiyyət hesab olunmalıdır... 40. Təkrar apellyasiya baxışında təyin edilmiş ekspertizaya əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2650 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmirtikinti və yenidən qurma işlərinin (cavabdehin bildirdiyi və etiraf etdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6370 manat məbləğində müəyyən olunur. 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən, 3 otaqlı, 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işlərinin (iddiaçının bildirdiyi hissə) bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 10326,5 manat məbləğində müəyyən olunur... 41.Ekspert rəyindən də göründüyü kimi, iddiaçının və cavabdehin mənzilin təmir edilmiş hissələri ilə bağlı bildirdikləri arasında ziddiyyət vardır. Bundan başqa, iddiaçı mənzilə 30-35 min ABŞ dolları xərc çəkdiyini bildirsə də, ekspert rəyi ilə iddiaçının bildirdiyi hissələrə çəkilməsi ehtimal olunan xərcin məbləği 10326,5 manat müəyyən olunmuşdur...43. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının mübahisəli mənzilə xərc çəkməsini təsdiq edən mötəbər sübutu nə birinci apellyasiya baxışında, nə də ki hazırkı apellyasiya baxışında təqdim etməmişdir.” Göründüyü kimi, sözügedən məhkəmə araşdırması zamanı İddiaçı mənzilin təmirinə 30-35.000 manat civarında xərc çəkdiyini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutlarını apellyasiya baxışı zamanı təqdim edə bilməmiş, o cümlədən hazırkı iş üzrə məhkəmə araşdırması zamanı da 34450 (otuz dörd min dörd yüz əlli) ABŞ dolları mənzilin təmirinə xərc çəkdiyini bildirsə də, məhz həmin məbləğdə təmirə xərc çəkdiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, cavabdeh də məhkəmə iclasında iddiaçının mənzilin təmirə xərc çəkdiyini və həmin xərcin 34450 ABŞ dolları deyil, maksimum 2000-3000 manat həddində olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-2553/2022 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/2650 nömrəli xx.xx.2022-ci il tarixli rəyi əsas götürülməli və həmin iş üzrə Cavabdeh (eyni zamanda hazırkı iş üzrə cavabdeh) Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, ev 16-da yerləşən 58 saylı mənzildə aparılmış təmir-tikinti və yenidən qurma işlərinin məbləğinin onun özünün bildirdiyi və etiraf etdiyi hissədə ekspert rəyinə əsasən 6370 manat müəyyən olunması nəzərə alınmaqla, məhz həmin məbləği yarısını təşkil edən 3185 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə cavabdehin vəsatəti əsasında dinlənilmiş şahid ifadələrinə münasibətdə isə hesab edir ki, işin faktiki halları və işdə olan digər sübutlar da nəzərə alınmaqla, həmin ifadələr məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsinə əsas ola biləcək mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3185 manat məbləğində pul vəsaiti, iddia qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 manat hissəsi alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 5 manat hissəsi Cavabdeh, 45 manat hissəsi İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 3185 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 28 manat hissəsi alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin 5 manat hissəsi Cavabdeh, 45 manat hissəsi İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov