Məhkəmə qərarları › İş №2(007)-1792/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1792/2021

16.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1792/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X6, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cəlb edilməklə “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan X2rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən sağlamlığına dəymiş zərərə görə 50000 ( əlli min) manat, mənəvi zərərə görə 50000 ( əlli min) manat və əldə çıxmış fayda olaraq 50000 ( əlli min) manat olmaqla ümumilikdə 150 000 (yüz əlli min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13.11.2020-ci il tarixdə saat 16 radələrində Nərimanov rayonunda yerləşən “Abu market”dən “Sarı kız” içkisi alaraq orada içmiş, zəhərlənərək 1 saylı X5 şöbəsinə müraciət etmiş və orada stasionar müalicədə olmuşdur. Sözügedən içkini qəbul etdikdən dərhal sonra qarın boşluğunda kəskin ağrılar hiss etmişdir. Xəstəxanaya müraciət etdikdən sonra onun qida borusunun və mədəsinin “Sarı kız” içkisinin tərkibində olan məhlullardan zəhərləndiyi müəyyən edilmişdir. “Sarı kız” markasının Azərbaycan Respublikasında yeganə partnyoru "xxxx" MMC-dir. Belə ki, "xxxx" MMC qeyd edilən içkinin Azərbaycan Respublikası ərazisinə gətirilməsini, istehsalını və satışını həyata keçirən yeganə hüquqi şəxsdir. Hal-hazırda “Sarı kız” içkisinin onun tərəfindən qəbul edilməsi nəticəsində ona fiziki, maddi və mənəvi zərər dəymişdir. Cavabdeh isə bu günədək ona dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Bu səbəbdən "xxxx" MMC-dən sağlamlığına dəymiş zərərə görə 50000 ( əlli min) manat, mənəvi zərərə görə 50000 ( əlli min) manat və əldə çıxmış fayda olaraq 50000 ( əlli min) manat olmaqla ümumilikdə 150 000 (yüz əlli min) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o bildirdi ki, tələbəlik dövründə mədə xəstəliyi (qastrit) olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 iddia tələbinin əsassız olduğundan təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə-tibb ekspertizasının 03.02.2020-ci il tarixli 58 saylı ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı məhkəmə-tibb ekspertizasına, adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasının kserosurətinə, ilk məlumata əsaslanaraq İddiaçı X10 Toksikologiya Şöbəsinə “Sirkə turşusu ilə zəhərlənmə” diaqnozu ilə stasionar müraciət etmiş, xəstəxanada tibbi yardım göstərilmiş, medikamentoz müalicə tədbirləri həyata keçirilmişdir. Xəstədən xroniki və toksiki epidomoloji analizlər götürülmüşdür. Xəstə 13.11.2020-ci il tarixdən 15.11.2020-ci il tarixədək stasionar və ambulator müalicədə olmuşdur. İddiaçı bədənində aşkar edilmiş xəsarətlər-mədə qanaxması hiperrosid qastrit ilə müşayiət olunan ağız boşluğunun, qida borusunun mədə hiperemiyası və kimyəvi yanıq yaraları aşındırıcı maddədən, ola bilsin sirkə turşusunun təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni 13.11.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, X1 ********* saylı cinayət işi üzrə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 13.03.2021-ci il tarixli qərarının surətindən görünür ki, onun tərəfindən fakta görə Cinayət Məcəlləsinin 200.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin başlanılmasına səbəb və əsas pis keyfiyyətli məhsulun istehsal edilməsi nəticəsində 13.11.2020-ci il tarixdə İddiaçı zəhərlənərək Respublika Toksikologiya Mərkəzində tibbi yardım alması olmuşdur. Həmin iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24.12.2020-ci il tarixli 6\2635 saylı ekspert rəyində “Sarı kız” içkisinin tərkibində zəhərli maddələr müəyyən edilməmiş, zəhərlənmə ilə bağlı bu faktın son beş ildə birinci hadisə olmuş, həmin içki qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olmuşdur. İstintaqın gedişində hər hansı fiziki və hüquqi şəxsin əməlində cinayət yaxud inzibati xətanın tərkib əlamətləri olmadığı üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, 11.2020-ci il tarixdə saat 16 radələrində Nərimanov rayonunda yerləşən “Abu market” in yaxınlığında dostları Nərimanın avtomobilində əyləşən zaman Nazim “Sarı kız” içkisi alaraq orada içmişdir. Ona da içməyi təklif etsə də, soyuq olduğundan içməkdən imtina etmişdir. X15 içkisindən bir-iki qurtum içən kimi qaytarmağa başladı və mədəsindən qan açıldığından dərhal təcili tibbi yardıma məlumat vermişlər. Xəstəxanada olanda isə həmin içkidən artıq çox adamın zəhərləndiyini bildirdilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bundan başqa Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 13.11.2020-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Abu market”dən “Sarı kız” içkisi alaraq orada həmin içkidən içmiş, o zəhərlənmə ilə bağlı 1 saylı X5 şöbəsinə müraciət etmiş və orada stasionar müalicədə olmuşdur. Məhkəmə-tibb ekspertizasının 03.02.2020-ci il tarixli 58 saylı ekspert rəyi ilə İddiaçı bədənində aşkar edilmiş xəsarətlər-mədə qanaxması hiperrosid qastrit ilə müşayiət olunan ağız boşluğunun, qida borusunun mədə hiperemiyası və kimyəvi yanıq yaraları aşındırıcı maddədən, ola bilsin sirkə turşusunun təsirindən törənməsi müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, X1 ********* saylı cinayət işi üzrə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 13.03.2021-ci il tarixli qərarı ilə istintaqın gedişində hər hansı fiziki və hüquqi şəxsin əməlində cinayət yaxud inzibati xətanın tərkib əlamətləri olmadığı üçün ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı sağlamlığına məhz “Sarı kız” içkisindən istifadə etməsi ilə əlaqədar zərər vurulması təsdiq olunmadığından və iddiaçı tərəfindən iddia tələbi təmin olunması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim olunmadığından iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı onun sağlamlığına dəymiş zərərə görə 50000 manat vəsaitin alınaraq ona ödənmilməsi tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə qarşı mənəvi zərərə görə 50000 ( əlli min) manat və əldə çıxmış fayda olaraq 50000 ( əlli min) manat ödənilməsi tələbi onun sağlamlığına dəymiş zərərə görə 50000 ( əlli min) manat ödənilməsi tələbindən törəmə tələb olduğundan iddia tələbinin həmin hissələri də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cəlb edilməklə "xxxx" MMC-dən sağlamlığına dəymiş zərərə görə 50000 ( əlli min) manat, mənəvi zərərə görə 50000 ( əlli min) manat və əldə çıxmış fayda olaraq 50000 ( əlli min) manat olmaqla ümumilikdə 150 000 (yüz əlli min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar