Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1808/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh, ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirlmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Şaumyan rayon (indiki Xətai RİH, sonralar Nizami RİH) Zəhmətkeş Deputatlar İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14340 saylı orderinə əsasən X12, adları qeyd olunan ailə üzvləri - arvadı - X4, oğlu - Cavabdeh, oğlu - X10 ilə birlikdə indiki ünvan 2 ünvanında yaşayış sahəsi almaq və həmin mənzilə köçmək hüququ verilmişdir. Orderin verilməsi üçün əsas - Şaumyan (hazırkı Nizami) rayon İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 19/264б nömrəli qərar qəbul olunmuşdur, (orderin surəti, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialının məktubu və məktuba əlavə edilmiş protokol əlavə olunur.) İddiaçının qaynatası Misautov Xadi xx.xx.2003-cü il tarixdə, qaynansı Misautova Zülhəyat xx.xx.1999-cu il tarixdə, oğlu Misautov Mənsur xx.xx.2015-ci il tarixdə, vəfat etmişdirlər (ölüm haqqında şəhadətnamələrin sürəti iddia ərizəsinə əlavə olunur). Şaumyan (indiki Nizami rayonu) Zəhmətkeş Deputatlar İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14340 saylı orderində adları qeyd olunan icarəçinin oğlu xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh 1972-ci ildə o, vaxtkı SSSR-nin tərkibində Qazaxıstan Respublikasında hərbi xidmətə getmişdir və həmin tarixdən yaşadığı mənzili tərk edərək, naməlum istiqamətə getmişdir. Həmin vaxtdan bu günə qədər onun hara getməsi, harada olması barədə iddiaçıda hər hansı məlumat yoxdur. 1972-ci ildə Qazaxıstan Respublikasında hərbi xidmətə getməsi ilə Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Hal-hazırda cavabdehin olduğu yer məlum deyil. 1982-ci ildən sonra cavabdeh ailə üzvləri ilə hər hansı ünsiyyətdə olmamış, onlarla əlaqə saxlamamış, atasının, anasının və qardaşının vəfat etmələrinə baxmayaraq, əlaqəni tamamilə qırmışdır. Orderdə adı qeyd olunan icarəçinin qaynatası, xx.xx.1930-cu il təvəllüdlü X14, xx.xx.2003-cü il tarixdə vəfat etmişdir (nigah və ölüm haqqında şəhadətnamələrin sürəti iddia ərizəsinə əlavə olunur). Orderdə adı qeyd olunan icarəçinin qaynanası, xx.xx.1928-ci il təvəllüdlü X4 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamənin sürəti iddia ərizəsinə əlavə olunur). Orderdə adı qeyd olunan icarəçinin oğlu, xx.xx.1958-ci il təvəllüdlü X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir (doğum, nigah və ölüm haqqında şəhadətnamələrin sürəti iddia ərizəsinə əlavə olunur). Orderdə qeyd olunan icarəçinin oğlunun (Misautov Mənsur) həyat yoldaşı hazırkı iş üzrə iddiaçı - xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır və faktiki olaraq orada yaşayır. xx.xx.1982-ci ildən hal-hazırədək bu mənzildə yaşayır. Mənzil onun sahiblik və istifadəsindədir. Mənzilin bütün kommunal xidmət haqları iddiaçı tərəfindən ödənilir (şəxsiyyət vəsiqəsinin, komunal ödəniş çekinin surəti iddia ərizəsinə əlavə olunur). Cavabdeh isə mənzildə 1972-ci il tarixdən sonra yaşamaməşdır. O, həmin mənzili könüllü olaraq tərk edib getmişdir və hazırda mənzildə cavabdehə aid heç bir əşya yoxdur. xx.xx.1982-ci ildən bu günədək Cavabdeh İddiaçı ilə heç bir münasibət saxlamamışdır. Bu səbəbdən hesab edirlər ki, 52 ildən artıq müddətdir ki, mənzili könüllü tərk edən və həmin müddətdə mənzildə yaşamayan xx.xx.1954-cü il təvəllüdlü (70 yaşında) Cavabdeh mənzilə olan istifadə hüququnu itirmişdir. Hesab edirlər ki, tərəflər arasındakı mülki mübahisə Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından həll edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlər həmin Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaranmışdır.
İş materialları :
3. Şaumyan Rayon İcraiyyə Komitəsinin Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1962ci il tarixli, 14340 saylı orderin surətindən görünür ki, Şaumyan rayon ZDS İK-nin 19/264б nömrəli, xx.xx.1962-ci il tarixli qərarına əsasən vətəndaş X14 və onun 5 nəfər ailə üzvünə Neft emal edənlər küçəsi, ev 58, mənzil 31-də yerləşən 2 otaqlı, 27,3 kv.m sahəsi olan mənzilə köçmək hüququ verilmişdir.
4. İş materiallarına Şaumyan rayon ZDS İK-nin 19/264б nömrəli, xx.xx.1962-ci il tarixli qərarının surəti əlavə edilmişdir.
5. İş materiallarına əlavə edilmiş arxiv çıxarışının surətindən görünür ki, Şaumyan rayon ZDS İK-nin 19/264б nömrəli, xx.xx.1962-ci il tarixli qərarı Rayon İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir.
6. ИЕ seriyalı, 188370 nömrəli “evlənmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 ilə X6 arasında xx.xx.1953-cü il tarixdə nikah bağlanmış və ərə Misautov, arvada Misautova soyadı verilmişdir.
7. İ-ИЕ seriyalı, 636379 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.1958-ci ildə doğulmuş və atası X14, anası X2muşdur.
8. İİ-ЖГ seriyalı, 484828 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 ilə İddiaçı arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmış və ərə Misautov, arvada Misautova soyadı verilmişdir.
9. V-ЖГ seriyalı, 348932 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.1999-cu il tarixində vəfat etmiş və bu barədə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən ölüm baqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 284 nömrə ilə qeyd edilmişdir.
10. AZ-İ seriyalı, 039466 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2003-cü il tarixində vəfat etmiş və bu barədə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən ölüm baqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 363 nömrə ilə qeyd edilmişdir.
11. AZ-İ seriyalı, 765429 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixində vəfat etmiş və bu barədə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ölüm baqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 871 nömrə ilə qeyd edilmişdir.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Qara Qarayev prospekti, ev 56, mənzil 31-də yerləşən mənzildə qeydiyyatdadır.
13. 1 saylı Xüsusi Təyinatlı Mənzil-X8 tərəfindən verilmiş İNH seriayalı 139213 nömrəli 2024-cü il tarixli Mənzil – Kommunal Xidməti üçün Mədaxil Qəbzin surətindən görünür ki, Qara Qarayev prospekti, ev 56, mənzil 31-də yaşayan İddiaçı mənzil – kommunal xidmətinə görə 20 manat, 99 qəpik ödəniş etmişdir.
14. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanlandırdığı xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-B- 08327/2023 nömrəli məktubundan görünür ki, vətəndaş Misautov X.Ə. barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Şaumyan rayon ZDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1962-ci il tarixli, 19/264-6 saylı qərarının təsdiq edilmiş ksero surəti və ona əlavə edilmiş adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışı İddiaçı göndərilmişdir.
15. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 120 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 556 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
16. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 120 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi S.Allahverdiyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Qara Qarayev prospekti, 56 saylı evin, 31 nömrəli mənzilində yaşayır və qeydiyyatdadır. Həmin arayışda 120 saylı MKİS-də olan sənədlərə əsasən Cavabdeh göstərilən ünvanda qeydiyyatda olmadığı və yaşamadığı qeyd edilmişdir.
17. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli, 3-38-2/33-1091/24 nömrəli məktubdan görünür ki, məktubda xx.xx.1954-cü il təvəllüdlü Cavabdehyevicin dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmadığı qeyd edilmişdir.
18. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh Xadıyeviç xx.xx.1972ci il tarixdə D-86 komandası ilə Xətai RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş lakin hərbi xidmətdən tərxis olunması barədə heç bir məlumat olmadığı qeyd edilmişdir.
19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nizami rayon Polis İdarəsinin məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh Xadıyeviç barədə AR.DİN-nin məlumat bazasında hər hansı bir məlumat aşkar edilməmişdir və qeyd edilən şəxs Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsi almadığından qeydiyyatda olan ünvanı və barəsində digər məlumatları əldə etmək mümkün olmadığı qeyd edilmişdir.
20. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
21. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir.
23. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri :
24. Məhkəmə iclasında iştirak edən Şahid izahat verərək bildirmişdir ki, iddiaçı ilə qonşudur. Eyni blokda yaşayırlar. O, ikinci mərtəbədə qalır, iddiaçı isə birinci mərtəbədə qalır. Qeyd etmişdir ki. o həmin binada 1990-cı il tarixindən yaşayır. İddiaçının təxminən 10 il olar ki, həyat yoldaşı vəfat etmişdir. İddiaçı hazırda qızı və kürəkəni ilə birlikdə yaşayır. Onun Cavabdeh tanımadığını bildirmişdir.
25. Məhkəmə iclasında iştirak edən Şahid izahat verərək bildirmişdir ki, iddiaçı ilə qonşudur. O, ünvan 8 ünvanında 1989-cu ilin mart ayından qeydiyyatda olmaqla yaşayır. İddiaçının həyat yoldaşı vəfat etmişdir. O iddiaçı ilə eyni binada qalır. O üçüncü mərtəbədə iddiaçı isə birinci mərtəbədə yaşayır. İddiaçı qızı, kürəkəni və nəvəsi ilə birlikdə yaşayır. O iddiaçının həyat yoldaşını tanıyırdı. O 5 ildən çox olar ki vəfat etmişdir. O qeyd etmişdir ki, həmin binada yaşadığı vaxtdan iddiaçının qaynanası, qaynatası, yoldaşı həmin evdə yaşamışlar, lakin cavabdehi görməmişdir.
İşin faktiki halı :
26. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Şaumyan rayon ZDS İK-nin 19/264б nömrəli, xx.xx.1962-ci il tarixli qərarına əsasən İddiaçı qayınatası X12 və onun 5 nəfər ailə üzvünə Şaumyan Rayon İcraiyyə Komitəsinin Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli, 14340 saylı order əsasında Neft emal edənlər küçəsi, ev 58, mənzil 31-də yerləşən 2 otaqlı, 27,3 kv.m sahəsi olan mənzilə (hazırki ünvan 9 ünvanında yerləşən mənzilə) köçmək hüququ verilmişdir. Həmin orderə əsasən X11 ailə tərkibi anası Q.Misautova, həyat yoldaşı X4 və iki oğlu Cavabdeh və X3 ibarət olmuşdur.
27. Hazırda İddiaçı mübahisəli mənzili öz adına özəlləşdirmək istəyir. Qanunvericiliyin tələbinə əsasən isə mübahisəli mənzili özəlləşdirmək üçün Cavabdeh həmin mənzilin iddiaçının adına özəlləşdirməsinə dair razılıq ərizəsi tələb edilir. Cavabdeh isə yaşayış yeri barədə iddiaçıda məlumat olmadığı üçün razılıq ərizəsinin alınması mümkün olmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Qüvvədən düşmüş 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin :
299. Mənzilin verilmə qaydası: Mənzilin kirayəyə verilməsinə dair qərara əsasən yerli zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa həmin mənzil üçün order verir.
299. Yaşayış sahəsini kirayə müqaviləsi: Dövlət və ictimai mənzil fondunun evlərində yaşayış sahəsindən kirayədarla – mənzilistismar təşkilatı ilə (belə təşkilat olmadıqda isə müvafiq müəssisə idarə, təşkilatla) kirayəçi – adına order verilmiş vətəndaş arasında bağalanan yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir.
301. Müqavilənin bağlanması Evlər icarəsi, adına order verilmiş şəxslə, orderdə göstərilən mənzilin kirayəsi üçün yazılı müqavilə bağlamalıdır. Yerli xalq deputatları Sovetlərinin evlərində, habelə dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində mənzil kirayə müqaviləsi tərəflərin razılığı ilə, sair hal müəyyən edilməyibsə, bir qayda olaraq, müddət göstərilmədən bağlanılır. Müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən edilir.
302. Müqavilənin predmeti: Yerli xalq deputatları Sovetlərinin, dövlət, kooperativ təşkilatlarının və ictimai təşkilatların evlərində kirayə müqaviləsinə görə ancaq bir və ya bir neçə otaqdan ibarət olan ayrıca mənzil kirayəyə verilə bilər.
305. Kirayəçinin ailə üzvlərini mənzilə köçürmək hüquq Kirayəçi, onunla bir evdə yaşayan öz ailəsinin bütün həddi-büluğa çatmış üzvlərinin yazılı razılığını almaqla, ərini (arvadını), uşaqlarını, valideynlərini, digər qohumlarını və himayəsində olanları məyyən edilmiş qayda ilə kirayəyə götürdüyü mənzilə köçürməyə haqlıdır. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin mənzilinə köçürülməsinə ailənin qalan üzvlərinin razılığı tələb olunmur.
306. Kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələri Mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin həddi-büluğa çatmış ailə üzvləri həmin müqavilədən törəyən öhdəçiliklər üzrə onunla birlikdə birgə məsuliyyət daşıyırlar. Kirayəçinin ailə üzvləri-kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
307. Müvəqqəti olaraq başqa yerə gedənlərin mənzil sahəsinə olan hüquqlarının saxlanması Kirayəçinin və ya onun ailə üzvünün müvəqqəti olaraq başqa yerə getdiyi hallarda və həmçinin bu vətəndaşların hamsının müvəqqəti başqa yerə getdikləri halda, mənzildə olmayanlar üçün yaşayış mənzilindən istifadə hüququ altı ay müddətində, həmin maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan hallarda isə müvafiq bəndlərdə göstərilən vaxtın qurtardığı gündən altı ay müddətində saxlanılır. Kirayəçi və ya onun ailə üzvlərinin üzürlü səbəblərə görə altı aydan artıq mənzildə olmadıqları halda, bu müddət kirayəçi və ya onun ailə üzvlərinin ərizəsinə əsasən kirayədar tərəfindən, mübahisə olan halda isə məhkəmə tərəfindən uzadıla bilər. Kirayəçinin və ya müvafiq surətdə ailə üzvlərinin mənzildən istifadə hüququ həmçinin aşağıdakı hallarda saxlanılır: 1) müddətli hərbi qulluğa çağırıldıqda – müddətli hərbi qulluq qurtarana qədər; 2) işin şəraitinə və xarakterinə görə (gəmilərin ekipajı, axtarış qrupları, ekspedisiya işçiləri və s.), yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və s,) olaraq daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə həmin işin yerinə yetirilmə müddəti və ya təhsil ərzində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisələrinə yerləşdirildikdə, qohumlarına və ya qəyyumlarına verilən zaman ailənin qalan üzvləri həmin mənzildə yaşadıqda uşaqlarının həmin müəssisələdə, qohumlarının və ya qəyyumlarının yanında olduqları bütün müddət ərzində; Uşaqlar gedəndən sonra ailənin qalan üzvləri həmin mənzildə yaşamırlarsa, uşaqların dövlət uşaq müəssisələrində olma müddəti qurtaran zaman onlar yerli xalq deputataları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilirlər; 4) müalicə üçün müalicə müəssisələrinə getdikdə, müalicədə olan bütün müddət ərzində; 5) həbs olunduqda – iş istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə. Altı aydan artıq müddətdə azadlıqdan məhrum edilməyə, sürgünə və ya köçürtməyə məhkum edilən halda isə mühakimə edilənin ailə üzvlərindən mənzildə yaşayan olmadıqda, mənzil kirayə müqaviləsi hökm icra edildiyi vaxtdan pozulmuş saylır.
308. Kirayəçi başqa yerə getdikdə ailə üzvlərinin mənzildən istifadə hüququ Həmin Məcəllənin 307-ci maddəsində göstərilən səbələrə görə, mənzildən müvəqqəti olaraq başqa yerə gedən kirayəçi ilə bir yerdə yaşayan ailə üzvləri, əvvəlki əsaslar üzrə kirayə götürülmüş mənzil sahəsindən tam istifadə etməyə haqlı olmaqla, həmin mənzilin kirayə müqaviləsinə görə bütün hüquqları və vəzifələri yerinə yetirirlər. Müvəqqəti başqa yerə gedən vətəndaşın istifadə hüququ mühafizə olunan mənzil sahəsi, artıq sahə hesab edilmir.
313. Müvəqqəti olaraq başqa yerə gedən kirayəçinin vəzifələri Ailə üzvlərinin həmin mənzildə yaşaması, habelə həmin Məcəllənin 309-cu maddəsində göstərilən hal istisna olmaqla, müvəqətti olaraq başqa yerə getmə kirayəçini mənzilin kirayə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir.
Məhkəmənin mövqeyi :
31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
32. Hazırda İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbini Cavabdeh 1972-ci il tarixində SSSR-nin tərkibinə daxil olan Qazaxstan Respublikasınaa hərbi xidmətə gedərək Azərbaycan Respublikasına qayıtmaması, cavabdehin həmin vaxtdan bu günə qədər ailə üzvləri ilə əlaqə saxlamaması və uzun müddətdir ki mübahisəli mənzildə yaşamaması ilə əsaslandırmışdır.
33. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
34. İşin faktiki hallarından görünür ki, dövlət mənzil fonduna aid olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının qayınatası olan X12 xx.xx.1962-ci il tarixli, 14340 saylı order əsasında verilmişdir və həmin orderdə müvafiq sahəyə hüququ olan şəxslər siyahısında X11 anası Q.Misautova, həyat yoldaşı X4, oğulları Cavabdeh və X5 adları qeyd edilmişdir.
35. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından 28 dekabr 1999-cu il tarixənədək qüvvədə olan 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
36. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsinə əsasən mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər və kirayəçinin ailə üzvləri-kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
37. Belə olan halda məhkəmə qeyd edir ki, 1962-ci il tarixli orderə əsasən həmin yaşayış sahəsində yaşamaq hüququ olmuş, mübahisəli mənzildə 1972-ci ilədək ailə üzvləri ilə birlikdə yaşamış bununla da cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır.
38. Həmin Mülki Məcəllənin 307-ci maddəsinə əsasən isə kirayəçinin və ya onun ailə üzvünün müvəqqəti olaraq başqa yerə getdiyi hallarda və həmçinin bu vətəndaşların hamsının müvəqqəti başqa yerə getdikləri halda, mənzildə olmayanlar üçün yaşayış mənzilindən istifadə hüququ altı ay müddətində, həmin maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan hallarda isə müvafiq bəndlərdə göstərilən vaxtın qurtardığı gündən altı ay müddətində saxlanılır. Kirayəçi və ya onun ailə üzvlərinin üzürlü səbəblərə görə altı aydan artıq mənzildə olmadıqları halda, bu müddət kirayəçi və ya onun ailə üzvlərinin ərizəsinə əsasən kirayədar tərəfindən, mübahisə olan halda isə məhkəmə tərəfindən uzadıla bilər.
39. Məhkəmə tərəfindən tədqiq edilən iş materialları, şahid ifadələri ilə müəyyən edilmişdir ki, Cavabdeh 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 307-ci maddəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş müddətli hərbi qulluğa çağırılma ilə bağlı üzürlü səbəb olsada, müddətli hərbi qulluq qurtardıqdan sonra bir daha həmin mənzilə qayıtmamışdır. 40 Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh müddətli hərbi qulluğu qurtardıqdan sonra ünvan 1 ünvanında yerləşən mənzilə bir daha qayıtmaması işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyi üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Cavabdeh mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir.
Məhkəmə xərcləri :
41. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququ itirilmiş hesab olunmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva