Məhkəmə qərarları › İş №2(007)-1810/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1810/2021

19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1810/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qasımov Babək Natiq oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsinin Bakı Şəhəri Yol Polisi İdarəsinə və Bakı şəhəri Baş Polis İdarəsinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qanunsuz tərtib olunmuş protokolun ləğv, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi haqqında toplanmış materialların prokurorluğa göndərilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsinin Bakı Şəhəri Yol Polisi İdarəsinə və Bakı şəhəri Baş Polis İdarəsinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qanunsuz tərtib olunmuş protokolun ləğv, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi haqqında toplanmış materialların prokurorluğa göndərilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan bütün faktları nəzrər alaraq iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini, oğlunun və onun haqqında olan qanunsuz protokolların ləğv edilməsi, polis əməkdaşlarının davranış və hərəkətlərinə hüquqi qiymət verilməsi üçün toplanmış materialları müvafiq prokurorluğa göndərilməsi üçün qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən, bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisədir və həmin mübahisəyə məhkəmə icraatı qaydasında baxıla bilməz. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimləmədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icratı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməli, əriəzçiyə aidiyyatı üzrə müvafiq orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə ərizə İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun olaraq qəbul edib baxmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsinin Bakı Şəhəri Yol Polisi İdarəsinə və Bakı şəhəri Baş Polis İdarəsinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qanunsuz tərtib olunmuş protokolun ləğv, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi haqqında toplanmış materialların prokurorluğa göndərilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, həmin ərizə ilə aidiyyatı üzrə müvafiq orqana və ya məhkəməyə müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar