Məhkəmə qərarları › İş №2(007)-182/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-182/2025

11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-182/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (delikt, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi, maddi və mənəvi ziyan) X16 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkil-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən iddia ərizəsində göstərilən və ümumi dəyəri 26787 manat olan cehiz əmlakın özlərinin, özləri olmadıqda isə həmin məbləğin, habelə 50000 manat mənəvi ziyanın, ödənilmiş 441 manat dövlət rüsumunun, ümumilikdə 77128 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2006-cı ildə Cavabdeh3 ilə evlənmiş, iddia ərizəsində göstərilən siyahı üzrə əmlakı gəlin köçərkən cehiz kimi aparmışdır. Həmin cehiz əmlak Cavabdeh3 atası X6 adına olan Lökbatan Qəsəbəsi, İİİ Bünyadzadə küçəsi döngə ev 11, mənzil 6 ünvanındaki mənzilə yerləşdirilmişdir. O, həmin ünvanda qeydiyyata alınmış və yaşamışdır. 2017-ci ildə onun nikahı pozulmuşdur, lakin məhkəmə tərəfindən həmin mənzildə yaşamaq hüququ tanınmışdır və cehiz əmlak da orada qalmışdır. Daha sonra qeyd edilən mənzilin yerləşdiyi bina sökülmüş, ailə yeni tikilmiş evə köçmüşdür. Həmin bina Cavabdeh1 tərəfindən sökülmüş və tikilmişdir. Köçmə zamanı onun qayınanası Cavabdeh2 cehizin ona aid mənzilə aparılmasına imkan verməmiş, cavabdeh isə özbaşınalıq edərək həmin əmlakı zirzəmiyə yığmışdır. Nəticədə ona məxsus cehiz əmlaklar korlanmış və zay olmuşdur, ona maddi və mənəvi ziyan vurulmuşdur. Yaranmış acınacaqlı vəziyyət onun atasına da mənəvi baxımdan mənfi təsir etdiyindən sağlamlığında problemlər yaranmasına səbəb olmuşdur. O, hesab edir ki, bu baxımdan cavadeh tərəfindən onlara vurulan mənəvi ziyan da ödənilməlidir. Bu səbəblərdən o, məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 77128 manat pulun məhkəmə qaydasında tutulmasını tələb edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, X2 və Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İş materialları: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-1101/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 iddiası qismən təmin edilmiş, X7, uşaqları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh2 pilot layihə çərçivəsində sökülmüş Lökbatan qəsəbəsi, 3-cü Bünyatzadə döngəsi, ev 11, mənzil 6 ünvanında yerləşən evindən siyahı üzrə götürülən 23 sayda nömrələnmiş əşya Babək-94 MKM-in saxlanc yerinə yerləşdirilmiş, bu barədə akt tərtib edilərək, Babək-94 MKM-in direktoru Nümayəndə2, mühəndis Qafarov Ə.A., keyfiyyətə nəzarətçi İbrahimov Ş.K., fəhlə Məmmədov M.O., 150 saylı MKİS-nin rəisi (balans sahibi) Mahmudov M.M tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/175 nömrəli rəyinin surətindən görünür ki, ekspert baxışına təqdim olunmuş əşyaların istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 1120 manat olması müəyyən edilmişdir. Qərardadda qeyd edilən digər əşyalar ekspert baxışına təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqat obyektinə baxışın nəticələrinə dair aktdan görünür ki, aktda mebelə aid olan əşyaların yararsız vəziyyətdə olması, digər sadalanan əşyaların qeyd edilən ünvanda olmaması, yataq dəstinə dair yalnız matrasın, yararsız vəziyyətə mövcud olması, 06 ədəd döşək, 09 ədəd yastıq da yararsız vəziyyətdədir, çünki 3 ildən artıq baxımsız, tozlu yerdə qalmışdır, onları da givə basmışdır. Akt Nümayəndə1 tərəfindən imzalanmışdır. Cavabdeh1 MKM tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan əşyalar söküləcək evdən daşınarkən video lentə alınmışdır. Həmin əşyalar fəhlələr tərəfindən daşınaraq evdən çıxarılmışdır. xx.xx.2024-cü il tarixli yerli müayinə aktından görünür ki, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsi, 252 ünvanında, zirzəmidə yerləşən əmlaklara baxış keçirilmiş, əşyalar normal vəziyyətdə olmuş, iddiaçı tərəf normal vəziyyətdə olan əşyalarla bağlı öz aralarında baxış keçirərək, zərurət olarsa, həmin hissələrdə tələblərini dəqiqləşdirəcəklərini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş siyahıdan görünür ki, İddiaçı taxt döşəyi- 01 ədəd, xalça- 03 ədəd, döşək- 06 ədəd, yastıq- 16 ədəd, yorğan- 02 ədəd, qab-qacaq yeşikləri- 07 ədəd adlı əşyaları seçərək ayırmışdır. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 442 manat dövlət rüsumu iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş, əşyaların fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və izahatında əlavə olaraq göstərdi ki, cehiz əmlakla bağlı ona məlumat verilən zaman rayonda olmuşdur. O, əmlakın ilkin vəziyyətini və sonradan düşdüyü halı çəkmişdir. Əgər cavabdeh əşyaları səliqə ilə yığsa idi, əşyalar yararsız hala düşməzdi. Cehiz əmlakın 90% hissəsi sıradan çıxmışdır. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya cavabdeh tərəfindən dəfələrlə əmlakın götürülməsi tapşırılmışdır. Məhkəmə ekspertiza və yerində baxış keçirərək müəyyən etmişdir ki, əşyalar yerindədir. İddiaçı tərəfindən cavabdehlərin yol verdikləri pozuntular, maddi və mənəvi ziyanın nədən ibarət olması göstərilməmişdir. Bu səbəblərdən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, onlar işə başlayan zaman onlara əşyalarını götürmələri bildirmişlər. Sökülən ev 49 kv.m. olmuş, lakin müəssisənin verdiyi ev 60 kv.m. olmuşdur. Bundan sonra onlar məcbur olmuş və akt tərtib etməklə, video çəkiliş aparmaqla əşyaları daşımışlar. Akt tərtib edildikdən 3 gün sonra 10-cü PB-də iddiaçının atası gəlmişdir ki, onun əşyaları itmişdir. O zaman o, bilmişdir ki, əşyalar zirzəmidədir. Onlar hələ də əşyaları salafanlı vəziyyətdə saxlayırlar. Əşyaların arasında televizor yoxdur. Bütün əşyalar aktda sadalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iclasda iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən lazımi qaydada məlumatlandırılmış, lakin üzrlü səbəb göstərmədən gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər və toxunulmazdır. Azərbaycan Respublikasında mülkiyyət dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir; 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəmənin hazırlıq iclası zamanı ərizə ilə məhkəməyə müraciət edərək, həmin şəxslərin də cavabdeh qismində cəlb edilməsini xahiş etsə də, onlara qarşı konkret tələbinin nədə ifadə olunmasını məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin iddiaçı cavabdehlərə qarşı tələbini, ümumilikdə tələb etdiyi məbləğin onlardan tutulması əsaslarını nə iddia ərizəsində, nə də dəqiqləşmə barədə ərizəsində göstərməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə iddia tələbinin maddi ziyanın əvəzi olaraq 26787 manat pulun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbinin bu hissəsində ona istinad etmişdir ki, Cavabdeh1 MKM ona məxsus əşyaları zirzəmiyə daşıyaraq, orada saxlamış və beləliklə ona məxsus əşyalar yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi əvvəlki bina sökülən zaman əşyaların daşınması üçün tərəfə müraciət etdiklərini, lakin onun əşyaları götürmədiyini, bundan sonra həmin əmlakları lazımi qaydada aktlaşdıraraq və video çəkiliş aparmaqla binanın zirzəmisinə daşıdıqlarını, daşınmadan 3 gün sonra iddiaçının atası ilə Polis Bölməsində qarşılaşdıqlarını və ona da əşyaların zirzəmiyə yerləşdirildiyini söylədiklərini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi (atası) bildirmişdir ki, müəssisədən ona zəng gəlmiş və bildirilmişdir ki, əşyalar daşınır, o isə hesab etmişdir ki, əşyalar normal yerdədir. Məhkəmə mövcud məhkəmə təcrübəsini də nəzərə alaraq qeyd edir ki, yararsız vəziyyətdə olan tikililər bərpa edilməsi və ya yeni tikili ilə əvəz edilməsi məqsədilə sökülərkən həmin mənzillərdəki sakinlər və tikinti şirkətlər öz aralarında razılaşdırılmaqla, öz əşyaları ilə birlikdə mənzilləri yeni mənzil təhvil verilənədək müvəqqəti tərk edirlər. Yəni mənzil sakinləri öz əşyalarını daşıyırlar. İşin faktiki hallarından məlum olur ki, iddiaçının əşyaları sökülən mənzildə olmuş, həmin mənzilin mülkiyyətçisi Cavabdeh2 mənzili boşaldarkən iddiaçıya məxsus əşyaları özü ilə aparmamışdır. Belə olan halda Cavabdeh1 MKM-nin nümayəndəsi iddiaçıya bununla bağlı məlumat vermiş, bundan sonra əşyaları zirzəmiyə yerləşdirmişdir. Bu hal məhkəmə iclasında iddiaçı tərəfindən də təsdiq edilmişdir. Məhkəmə zirzəmidə olan əşyalara vizual baxış keçirmiş və müəyyən etmişdir ki, əşyalar normal vəziyyətdədir, həmçinin iddiaçı tərəfindən müəyyən əşyalar da bundan sonra oradan götürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən əşyalara dəymiş ziyanı cavabdehlərdən tələb etməsi ilə bağlı iddiası əsassızdır. Belə ki, iddiaçı özünə məxsus əşyaların daşındığını əşyalar daşınan zamanda bilmiş, həmin əşyaların daşınmasında iştirak etməmiş, habelə xəbərdarlıq edilməsinə baxmayaraq öz əşyalarını binanın zirzəmisindən götürməmiş, öz əşyalarına münasibətdə hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmə tərtib edilmiş akt əsasında müəyyən etmişdir ki, əşyaların daşınması xx.xx.2023-cü ildı baş tutmuş, iddiaçı isə həmin vaxt bundan xəbərdar olmasına baxmayaraq məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə nəzərə alaraq qeyd edir ki, əşyalara ziyan dəyməsi ilə cavabdehlərin hərəkətləri arasında səbəb-nəticə əlaqəsi ümumiyyətlə mövcud deyildir. Habelə əşyalara dəymiş ziyana münasibətdə isə cavabdehlərin təqsirinin olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının maddi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin mənəvi ziyanın cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, bu tələb özlüyündə ilkin tələbdən (maddi ziyan) törəmə tələbdir. İlkin tələb yuxarıda göstərilənlər əsasında təmin edilmədiyindən, hazırki mənəzi ziyanın ödənilməsi tələbi də təmin edilməməlidir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ona dəymiş mənəvi ziyanın məhz nədə ifadə olunmasını əsaslandırmamış, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iqtisad-ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dаir iddiası təmin edilməməli, məhkəmə iqtisadekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə iqtisad-ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar