Məhkəmə qərarları › İş №2(007)-1823/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1823/2024

21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1823/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nizami raronu, Keşlə qəsəbəsi, X2 küçəsində 9 saylı evdə yaşayır. Mənzili 3 mərtəbədən ibarətdir. Onunla qonşu olan Cavabdeh sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, 5 saylı mənzilin həyətindən onun mənzilinin həyətinə dəfələrlə çirkab sular axıdılmışdır. O, iki dəfə mənzilinin 1-ci mərtəbəsinin döşəməsini təmir etdirmişdir. Bütün bunlar barədə mənzilin sahibi, qonşusu Cavabdeh hər dəfə bildirilsə də bu bir nəticə verməmişdir. Cavabdeh həyətindən onun həyətinə axıdılan çirkab suyun nəticəsində mənzilinin birinci mərtəbəsinə çox böyük ziyan dəymişdir. Cavabdeh ona vurduğu ziyan onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, ev 5 saylı mənzildən onun mənzilinin həyətinə axıdılan çirkab suyun nəticəsində ona çox böyük miqdarda, təqribən 10000 (on min) ziyan vurulmuşdur. Cavabdeh ona qarşı bir qonşu kimi laqeyd münasibəti ona çox pis təsir etmiş, onun səhhətinə və psixoloji durumuna zərbə vurmuşdur. Bütün bunların nəticəsində ona 2000 /iki min/ manat mənəvi ziyan dəymişdir. Buna görə də o, 10000 (on min) manat vurulmuş maddi və 2000 (iki min) manat mənəvi ziyanın ödənilməsi və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, 5 saylı mənzilin həyətindən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X2 küçəsi, 9 saylı evin həyətinə axıdılan çirkab suların qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı xeyrinə 10000 manat maddi, 2000 manat mənəvi ziyan, 126 manat ödənilmiş dövlət rusumun tutulması və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi, 5 saylı mənzilin həyətindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X2 küçəsi, 9 saylı evin həyətinə axıdılan çirkab suların qarşısını alınmasının Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair verdiyi iddia ərizəsini əsassız və qanunsuz hesab edir. İddiaçı ona qarşı qərəzlidir və buna görə dəfələrlə onun barəsində əsassız şikayətlər verməklə məşğul olmuş, lakin sübuta yetirilməmişdir. Qeyd etmək istəyir ki, onun yaşadığı fərdi yaşayış evi iddiaçının evinin arxasında yerləşir. Onun evi ilə İddiaçı evinin arasında olan daş hasarın üstündə İddiaçı tikinti normalarına və qaydalarına pozmaqla 3 mərtəbədən ibarət fərdi ev tikmişdir. Həmin vaxtdan hal-hazıra kimi onun evindən gələn bütün qrunt sular onun həyətinə tökülür. Buna dəfələrlə səlahiyyətli orqanlar və eyni zamanda tikinti-texniki ekspertiziya baxış keçirmiş və iddiaçının əlehinə qərar qəbul edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun həyətində qanuna uyğun olaraq kanalizasiyası vardır və həyətə yığılan su trap vasitəsi ilə axıb gedir. Lakin iddiaçının evindən tökülən bütün qrunt sular isə onun həyətinə axır. Bütün bunları nəzərə alaraq, 2014-cü il tarixdə İddiaçı fərdi yaşayış evinin sökülməsi barədə Bakı şəhəri Nizami rayon məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qərardadı ilə tikinti ekspertiziyası təyin edilmişdir. Ekspertisa zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi ev 9 texniki sənədlərə əsasən X1 xx.xx.1999-cu il verilmiş qeydiyyat vəsiqəsinə əsasən “Q” tikilisinin mülkiyyətçisidir. Texniki sənədə əsasən N.T.Ağayevaya məxsus tikili birmərtəbəli olmuşdur, lakin sonradan o, həmin tikintini tamamilə sökmüş və texniki sənədlərdə bununla bağlı dəyişiklik aparılmadan həmin tikintinin yerində ayrı-ayrılıqda bir birmərtəbəli və digəri üçmərtəbəli olan iki tikili tikmişdir. Həmin tikililərin mövcudluğu barədə texniki sənədlərdə dəyişiklik edilmədiyindən tikililər birmənalı şəkildə özbaşına hesab edilir. Lakin məhkəmə iclasları zamanı son anda qonşu olmağı və humanizm prinsiplərini nəzərə alaraq, iddia ərizəsinin həcmini azaltmış, tikilinin müəyyən hissəsindən sökülməsi ilə bağlı məhkəmə aktı qəbul edildi. İddiaçı qarşı göstərdiyi humanistliyi yenə də o başa düşmədi və məhkəmənin 08 may 2014-cü il tarixli, 2(007)-176/2014 saylı qətnaməsindən apellyasiya şikayəti, Apellyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-4103/2014 saylı qətnaməsindən isə Ali məhkəməyə kassasiya şikayyəti vermişdir. İstər apellyasiya məhkəməsi, istərsə də Ali Məhkəmə Bakı şəhəri Nizami rayon məhkəməsinin 08 may 2014-cü il tarixli, 2(007)-176/2014 saylı qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlamışdır. Zəruri olaraq qeyd etmək istəyir ki, İddiaçı düz 10 il bundan qabaq da 10000 manat mənəvi ziyanın və 2000 manat isə maddi ziyanın ödənilməsi tələbi ilə ona qarşı Bakı şəhəri Nizami rayon məhkəməsində iddia qaldırmışdır. İddiaçı hazırkı iddiasında maddi ziyanla mənəvi ziyan hissəsində rəqəmlərin yerini dəyişməklə yenidən iddia vermişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsi İddiaçı ziyanın ödənilməsi təkləbi ilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiziyası təyin etmişdir. Tikinti-texniki ekspertiziyasının 14 fevral 2014-cü il tarixli ekspertiza rəyi ilə iddiaçının göstərdiyi halların heç birinin mövcud olmaması səbəbi ilə hər-hansı bir qüsur müəyyən edilmədiyindən İddiaçı hər hansı məbləğdə ziyan dəyməsinin müəyyən edilməsinə dair təhqiqat aparılmamışdır. Eyni zamanda məhkəmə və nümayəndələr tərəfindən baxış keçirilmişdir. İddiaçı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası Bakı şəhəri Nizami rayon məhkəməsinin 31 mart 2014-cü il tarixli,2(007)-147/2014 saylı qətnaməsi ilə tam şəkildə rədd edilmiş, iddiaçının apellyasiya və kassasiya şikayyətləri isə təmin edilməmişdir. İddiaçı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair verdiyi iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, əlavə olaraq izahatında bildirmişdir ki, onun evi 154 illik evdir, çıxarışı var. Ev əvvəl arvadının adına olmuş, sonuncu rəhmətə getdikdən sonra ev onun adına keçirilib. Evin içində təzədən divar tikmişdir. Cavabdeh divarın yarısını söküb, axıntı divarın dibinə verib. Evlər qəzalı vəziyyətdədir, zəlzələ olsa onun evi dağılacaq. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, etirazında göstərilənləri müdafiə edib eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, vaxtilə komissiya, ekspert gəlib nəm olduğu deyilən divara baxıb. Oradakı ev onun dədə-baba evidir, iddiaçı isə sonradan gəlib. Bu mübahisə əvvəllər də olub, onun xeyrinə qətnamə çıxıb. FHN-də gəlib ora baxıb, iddiaçı isə öz evini onun divarına bitişik qaldırıb. İddia əsassızdır. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 67 saylı MKİS-in xx.xx.2024-cü il tarixli aktından görünür ki, İddiaçı şikayəti əsasında ünvan 1 ünvanında baxış keçirilmişdir. Baxış zamanı evin 1-ci mərtəbəsinin arxa hissəsində yerləşən divarların su çəkməsi nəticəsində tamamilə nəm olması və ziyan dəyməsi müşayiət olunur. İddiaçı həmin ziyanın evin arxa hissəsində yaşayan qonşusu Cavabdeh tərəfindən buraxılmış su nəticəsində əmələ gəlməsini bildirmişdir, akt iştirakçılar tərəfindən imzalanmışdır. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ünvan 2 ünvanında yerləşən “Q” tikilisi (4 otaq, ümumi sahə 171.8 kv.m) İddiaçı mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-147/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, 2.000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ünvan 2 ünvanında yerləşən “Q” tikilisinin (4 otaq, ümumi sahə 171.8 kv.m) mülkiyyətçisidir, hazırkı Cavabdeh isə onun divar qonşusudur. İddiaçı, qonşusu olan cavabdeh tərəfindən onun evinə su axıldığını, belə ki, aralarındakı divarın nəm olduğunu və uçmaq təhlükəsində olduğunu, bunun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsini göstərməklə ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia tələbinin əsasını təşkil edən maddi ziyanın iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin, tələbin əsaslılığının yoxlanılması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi, onun iddiaçıya ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir, ona görə də iddia maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddia tələbinin dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı göstərilənlərə münasibətdə nəzərə alınmalıdır ki, tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-147/2014 saylı qətnaməsinə nəzər yetirdikdə müəyyən olunur ki, həmin iş üzrə İddiaçı izahatlarında eyni qaydada- qonşusu olan hazırkı cavabdehlə aralarında olan divarın sonuncunun hərəkətləri ucbatından nəm olması, uçmaq təhlükəsində olması və ona ziyan yetirilməsini bildirmiş, həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2014-cü il tarixli 21447 nömrəli ekspert rəyində Cavabdeh istifadəsində olan evin İddiaçılə aralarında olan sərhədin hasarından 0.20-0.80 metr kənarda yerləşdiyi, 9 saylı evin mübahisəli divarının yerləşdiyi hissədə olan tikilisinin konstruktiv elementlərinin üzərində hər hansı bir qüsur olmadığı, mübahisəli divarın faktiki yerində mövcud olması nəzərə alınmaqla, həmin 9 saylı evin arxa divarının bünövrəsinin qazılmadığı və.s müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə İddiaçı ona verilmiş suala cavab olaraq, “2014-cü ildə yaranmış mübahisədən hal-hazırkı dövrədək su axıtmanın davam etdiyini, o vaxtdan bu vaxta heç nəyin dəyişmədiyini bildirmiş, buna cavabdehin səbəb olduğunu” göstərmiş, məhz cavabdeh tərəfindən ona ziyan yetirilməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi 01 ədəd fləşkardda olan görüntülərdə isə ziyanın məhz cavabdeh tərəfindən yetirilməsi sübuta yetirilmir, həmin görüntülər iddia tələbini əsaslı edə biləcək mötəbər sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hansı ki, özünə mənəvi ziyan vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının iddia tələbində istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmədiyindən, İddiaçı iddiası mənəvi zərər və axıdılan çirkab suların qarşısının alınması tələbi hissələrində (maddi ziyan tələbindən törəmə tələb olması və həmin hissədə iddianın təmin edilməməsi nəzərə alınmaqla) təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dаir iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar