Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-183/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı notariat ofisinin 02.03.2021-ci il tarixli, 8İ-1239 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 03.11.2020-ci il tarixli, 8İ-7710 saylı icra qeydinə əsasən, "xxxx" ASC-dən müqaviləyə əsasən 10000 manat məbləğində kredit götürmüş və müqaviləyə əsasən qrafiq üzrə həmin məbləğin 4000 manatını ödəmişdir. Sonradan “Covid 19” xəstəliyi ilə əlaqədar işləmədiyinə görə qalan borcu banka ödəyə bilməmişdir. "xxxx" ASC müraciəti əsasında Bakı şəhəri 30 saylı notariat kontorunda 02.03.2021-ci il tarixli icra qeydi tərtib edilmiş və icra edilməsi üçün Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. İcra qeydi tərtib edilərkən ödənişlər nəzərə alınmamış, banka 6000 manat borcu olduğu halda 10220 manat 20 qəpik məbləğində borcunun olması sənəddə öz əksini tapmışdır. Və yalnız icra məmuru tərəfindən şöbəyə dəvət edildikdən və orada sənədlə tanış olduqdan sonra banka bu məbləğdə borcunun yaranması barədə məlumat əldə etmişdir. Bu səbəbdən icra qeydinin ləğv edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, notarius vasitəsilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərilməli olduğu halda qanunvericiliyin qeyd olunan tələbi yerinə yetirilməmiş, qanunsuz və əsassız olaraq bankın xeyrinə 10220 manat 20 qəpik qəpik məbləğində pulun ondan tutularaq bankın xeyrinə ödənilməsi barədə icra qeydi tərtib edilmişdir. Ona görə də Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən icra qeydinin qəbul edilməsini əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əvvəllər polis əməkdaşı olduğunu, ödənişlərin əmək haqqısından çıxıldığını, bir il ərzində 4000 manat ödəniş etdiyini, müqaviləyə əsasən ayrı-ayrı vaxtlarda bankdan 5000 manat, ümumilikdə 10000 manat məbləğində kredit götürdüyünü və əvvəllər götürdüyü kreditə görə hər ay ödəniş etdiyini, məbləğin 50%-ni ödədiyini bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iddianın təmin edilməməsini və icra qeydinin əsaslı olduğunu bildirdi. O, əlavə olaraq qeyd etdi ki, İddiaçı 24 faizlə 10.000 manat kredit verilmiş, həmin məbləğdən 4005 manat ödəniş olmuş, əsas borcdan 1277 manat faiz borcundan 8722 manat borcu qalmışdır. İddiaçı 19.02.2020-ci il tarixdə sonralar may, aprel aylarında ödənişlər etmiş, ondan sonra ödənişlər etməmişdir. Hesablama əsaslıdır. İcra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 30 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini iş həcminin çoxluğu ilə əlaqələndirilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən verilmiş 02.03.2021-ci il tarixli, 8İ- 1239 saylı icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu nəzərə alınmaqla, cəmi 10220 manat 20 qəpik pul alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Tahir Ağayevin 04.03.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri 30 saylı notariat kontorunun 02.03.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanması qərara alınmışdır. - İcra qeydinin aparılacağı barədə tələbkar "xxxx" ASC tərəfindən borclu İddiaçı göndərilmiş 05.02.2021-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya 19.03.2019-cu il tarixli müqaviləsinə əsasən İddiaçı 60 ay müddətinə illik 24% olmaqla 10000 manat məbləğində kredit verilməsi, 02.05.2021-ci il tarixə 8722,32 manat əsas, 1396,08 manat faiz borcunun mövcud olması bildirilmiş, borc 20 gün müddətinə ödənilmədiyi halda isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin qeyd olunan bildiriş SMS vasitəsilə də borcluya göndərilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21.02.2022-ci il tarixli, 9/8223 saylı ekspert rəyindən görünür ki, İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 19.03.2019-cu il tarixli, BPM**********70 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı 02.03.2021-ci il tarixə banka olan əsas və faiz borcu 10306,27 manat (8871,55 manat əsas və 1434,72 manat faiz borcu üzrə) məbləğində və 28.10.2021-ci il tarixə banka olan əsas və faiz borcu 11702,06 manat (8871,55 manat əsas və 2830,51) manat faiz borcu üzrə məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC tərəfindən borclu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməkdən müxtəlif yollarla yayındığı üçün İddiaçı barəsində icra qeydinin aparılması xahiş edilmiş, İddiaçı 05.02.2020-ci il tarixli məktub göndərilmiş və kredit müqaviləsi üzrə borcun 20 gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsində icra qeydi aparılacağı barədə xəbərdar edilmiş, lakin 20 gün ərzində ödəniş olunmamışdır. Bundan sonra Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən 02.03.2021-ci il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən, Bakı şəhəri 30 saylı notariat kontoru "xxxx" ASC-nin xeyrinə İddiaçı BPM**********70 saylı müqaviləyə əsasən müqvilə üzrə müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 4950.14 manat tutulması təklif edilmişdir. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10220 manat 20 qəpik pulun tutulması müəyyən edilmişdir. Hazırda İddiaçı həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanılmış 19.03.2019-cu il tarixli, BPM**********70 saylı kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat kontoru qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya qeydiyyat yeri üzrə ünvanına göndərmiş, sonuncunun orada yaşamaması qeydi ilə geri qaytarılmış, borclu tərəfindən telefonlara cavab verilməmiş və bundan sonra, yəni 02.03.2021-ci il tarixdə notariat kontoru tərəfindən icra qeydi aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə borclu İddiaçı 02.03.2021ci il tarixə banka olan əsas və faiz borcunun 10306,27 manat (8871,55 manat əsas və 1434,72 manat faiz borcu üzrə) məbləğində olması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı icra qeydinin ləğv edilməsi tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “Bakı şəhəri 30 saylı notariat ofisinin 02.03.2021-ci il tarixli, 8İ-1239 saylı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri qismində ödənilmiş 10 manat dövlət rüsumu və iş üzrə keçirilmiş məhkəmə mübahibatlıq ekspertizası üzrə 200 manat xərc iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna qarşı “Bakı şəhəri 30 saylı notariat ofisinin 02.03.2021-ci il tarixli, 8İ-1239 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 10 manat vəsait ona aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200,00 manat pul İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-183/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-183/2022
30.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver