Məhkəmə qərarları › İş №2(007)-1848/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1848/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1848/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən “xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri əsas tutularaq Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 42 ünvanında yerləşən “xxxx” ASC-nin xeyrinə onunla “xxxx” ASC arasında bağlanmış FR/83485/69 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4117,88 (dörd min bir yüz on yeddi manat səksən səkkiz qəpik) manat borcun tutulması və bundan əlavə ödənilmiş 20,0 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 4137,88 (dörd min bir yüz otuz yeddi manat səksən səkkiz qəpik) məbləğində pulun tutulması barədə 21 oktyabr 2020-ci il tarixli 7373 saylı İcra qeydi verilmişdir. Bakı şəhəri 30 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli İcra qeydindən 11 mart 2021-ci il tarixində işlədiyi “xxxx” BOKT QSC-də xəbər tutmuşdur. Belə ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən “xxxx” QSC-yə daxil olan 03.02.2021-ci il tarixli 17/71- 8F 443 saylı məktuba və həmin məktuba əlavə edilmiş icra ödənişinin tutulması barədə qərara əsasən onun əmək haqqından borc bitənədək 50 % pul tutulub tələbkar “xxxx” ASC-nin hesabına, habelə tutulmalı məbləğin 7%-i həcmində yəni 289 manatın isə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin depozit hesabına köçürülməsi göstərilmişdir. Hesab edir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən çıxarılmış 21 oktyabr 2020-ci il tarixli İcra qeydi əsassız və qanunsuzdur. Həmin icra qeydi ilə onun qanunla qorunan hüquqları pozulur. Belə ki,Azərbaycan Respublikasında əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın icrası ilə bağlı onunla “xxxx” ASC arasında FR/83485/69 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə görə ona 4210,32 manat kreditin 5 il müddətinə banka qrafik əsasında ödənilməsinə razılıq verilmiş və müqavilədə birinci il faizlərin ödənilməsi şərti ilə, sonrakı illərdə həm əsas, həm də illik 1 faizin ödənə bilməsi razılaşdırılmışdır. 2020-ci ilin 19 iyul tarixindən əsas borcun ödənilməsi başlanmışdır. Qeyd etməlidir ki, 2020-ci ilin mart ayından başlayaraq ölkədə “COVİD 19” koronavirus pandemiyası başlanmış və əksər iş yerləri koronavirus səbəbindən bağlanmışdır. Ailəsi 3 nəfərdən ibarətdir. Hal-hazırda yalnız o, işləyir. Oğlu 8-ci sinifdə oxuyur. Həyat yoldaşının iş yeri isə koronavirus səbəbindən xeyli vaxtdır bağlanıb. Aldığı 400,0 manatdan bir qədər çox əmək haqqı ailəsinin xərclərini ödəyə bilmədiyindən, kredit borcunun həmin dövrdə qrafik əsasında ödənilməsində bəzi gecikmələr olub. Bunun da əsas səbəbi ailə üzvlərinin koronovirusa yoluxması olmuşdur. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən İcra qeydi 21 oktyabr 2020-ci il tarixdə çıxarılmışdır. Borcun ödənilməsi barədə bank tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. Halbuki həmin dövr üçün, yəni 2020-ci ilin həm sentyabr, həm də oktyabr aylarında borcdan 200 manat ödəniş aparılmışdır. Qrafik üzrə ödənilməli borc cəmi 149 manat təşkil etmişdir. Bank tərəfindən o, sentyabr və oktyabr aylarında ödəniş apara-apara niyə ona məlumat vermədən icra qeydinin çıxarılması barədə notariusa ərizənin verilməsi ona aydın deyil. Bütün bu hallar notariat kontoru tərəfindən icra qeydi qəbul edilərkən nəzərə alınmamışdır. Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən onun barəsində çıxarılmış 21 oktyabr 2020-ci il tarixli, 7373 saylı icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, hazırda bankla danışıqlar aparılaraq yeni ödəniş qrafikinin açılması barədə razılıq əldə etməyə çalışır. Bununla belə, ərizəsində qeyd olunan icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında, borclu İddiaçı kredit müqaviləsi üzrə faiz borcları silinərək, kredit müqaviləsi restruktruzasiya edilmiş, müqavilə tərəfi hər ay təxminən 89 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin, tərəf qeyd olunan öhdəliyi icra etmədiyindən bank tərəfindən tutma borclunun əmək haqqına yönəldilmişmişdir. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontorunun xüsusi notariusu Ə.Əliyev məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddianın həlli üzrə məsələnin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Əsas kredit borcunun restrukturizasiyası üzrə 19 iyun 2019-cu il tarixli, FR/83485/69 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC tərəfindən borclu İddiaçı restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1 (bir) % dərəcəsi ilə, 4210,32 (dörd min iki yüz on manat otuz qəpik) manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən borc alan krediti 19 iyun 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmişdir; - “İcra qeydinin aparılacağı barədə tələbkar “xxxx” ASC tərəfindən borclu İddiaçı göndərilmiş 14 sentyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya 19 iyun 2019-cu il tarixli, FR/83485/69 saylı müqavilə ilə müəyyən edilmiş öhdəliyin 20 iyul 2020-ci il tarixdən etibarən lazımınca icra edilməməsi nəticəsində 14 sentyabr 2020-ci il tarixə 4.199,59 manat əsas, 14 manat faiz borcunun ödənilməli olması bildirilmiş, borc 20 gün müddətinə ödənilmədiyi halda isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin qeyd olunan bildiriş SMS vasitəsilə də borcluya göndərilmişdir; -Bakı şəhəri 30 saylı notariat kontoru tərəfindən 21 oktyabr 2020-ci il tarixdə verilmiş icra qeydindən görünür ki, Bakı şəhəri 30 saylı notariat kontoru “xxxx” ASC-nin xeyrinə İddiaçı FR/83485/69 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4117,88 manat tutulması təklif edilmişdir. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4137,88 manat pulun tutulması təklif edilmişdir; -Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun 22 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 30 saylı notariat kontorunun 21 oktyabr 2020-ci il tarixli icra qeydinə əsasən iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, əsas kredit borcunun restrukturizasiyası üzrə 19 iyun 2019-cu il tarixli, FR/83485/69 saylı güzəştli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən borclu İddiaçı restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1 (bir) % dərəcəsi ilə, 4210,32 (dörd min iki yüz on manat otuz qəpik) manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən borc alan krediti 19 iyun 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən borclu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməkdən müxtəlif yollarla yayındığı üçün İddiaçı barəsində icra qeydinin aparılması xahiş edilmişdir. İddiaçı 14 sentyabr 2020-ci il tarixli məktub göndərilmiş və kredit müqaviləsi üzrə borcun 20 gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsində icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. Həmin bildirişi İddiaçı qəbul etmiş, lakin 20 gün ərzində ödəniş olunmamışdır. Bundan sonra 30 saylı notariat kontoru tərəfindən 21 oktyabr 2020-ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən 30 saylı notariat kontoru “xxxx” ASC-nin xeyrinə İddiaçı FR/83485/69 saylı müqaviləyə əsaəsn müddət üçün vaxtında ödənilməmiş 4117,88 manat tutulması təklif edilmişdir. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4137,88 manat pulun tutulması təklif edilmişdir. Hazırda İddiaçı həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas “xxxx” ASC ilə borclu İddiaçı arasında bağlanılmış əsas kredit borcunun restrukturizasiyası üzrə 19 iyun 2019-cu il tarixli, FR/83485/69 saylı güzəştli kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat kontoru qanunvericiliyin tələblərinə uyğun olaraq “xxxx” ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni 21 oktyabr 2020-ci il tarixdə notariat kontoru tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “30 saylı notariat kontorunun 21 oktyabr 2020-ci il tarixli, 7373 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “30 saylı notariat kontorunun 21 oktyabr 2020-ci il tarixli, 7373 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “30 saylı notariat kontorunun 21 oktyabr 2020-ci il tarixli, 7373 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar