Məhkəmə qərarları › İş №2(007)-1877/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1877/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1877/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 880,00 (səkkiz yüz səksən) manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsümunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ** CN *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi 04.06.2018-ci il tarixində İddiaçı ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 26.09.2018-ci il tarixində Cavabdeh idarə etdiyi ** CN *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** LN *** dövlət qeydiyyat nişanlı Volkswagen Passat CC markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TYP130843 saylı inzibati Xəta haqqında protokol tərtib olunmuşdur. İddiaçı ASC tərəfindən tərtib olunmuş 04.10.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** LN *** dövlət qeydiyyat nişanlı Volkswagen Passat CC markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 880,00 (səkkiz yüz səksən) manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC-nin 25.10.2018-ci il tarixli sığorta aktına əsasən, ** LN *** dövlət qeydiyyat nişanlı Volkswagen Passat CC markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 880,00 (səkkiz yüz səksən) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Beləliklə, İddiaçı ASC tərəfindən ödənilmiş 880,00 (səkkiz yüz səksən) manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələblərini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, taxi fəaliyyəti ilə məşğul olur. Hadisə baş verən gün onun maşınından müştəri qismində xanım düşərkən digər maşın onun maşınının qapısına xəsarət yetirmişdir. Sığrota şirkətini hadisə yerinə o çağırmış və gəlib baxın sənədləşdirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AB 242065 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 1994-cü il buraxılışlı, **-CN-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi **********2338, ban nömrəsi WDB2020181A186224 olan "Mercedes Benz C180" minik markalı avtomobil X3 mülkiyyətindədir. - AC 940215 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2015-ci il buraxılışlı, **-LN-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi CDA 471844, ban nömrəsi WVWZZZ3CZFE821336 olan "Volkswagen Passat CC" minik markalı avtomobil X1 mülkiyyətindədir. - İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Sığortaçı İddiaçı ASC ilə Sığortalanan Cavabdeh arasında 04.06.2018-ci il tarixdə PPA118244910 №-li müqavilə bağlanmışdır. - 25.10.2018-ci il tarixli sığorta aktının İddiaçı ASC tərəfindən təsdiqlənmiş surətindən görünür ki, zərər dəymiş əmlaka (Volkswagen Passat CC (**-LN-***)) görə sığorta ödənişi avtomobilin təmiri üçün 1100 0000 0067 5865 saylı kart hesabına 880,00 manat pul köçürülmüşdür. - Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin 19.10.2018-ci il tarixli 046-43687 nömrəli məktubundan görünür ki, vətəndaş X2 26.09.2018-ci il tarixdə saat 19:00 radələrində Axundov parkının arxasındakı küçə ilə hərəkətdə olarkən idarə etdiyi “Passat” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol güzgüsünün, yolun sol çiynində dayanmış “Mercedes” markalı, **-CN-*** dövldət qeydiyyat nişaniı avtomobilin arxa tərəfində əyləşmiş sərnişinin arxa qapını açması nəticəsində vurulması və bununla bağlı müvafiq tədbir görülməsi barədə Bakı şəhəri BPİ DYPİ-ninn rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Müraciətlə bağlı hadisə yerindən yayınmış sürücü Cavabdeh Bakı şəhəri BPİ DYPİ-nə dəvət edilərək onunla ətraflı söhbət aparılmış və yazılı izahatı alınmışdır. Sürücü Cavabdeh verdiyi yazılı izahatında müraciətdə göstərilən vaxtda həqiqətən də qeyd olunan ərazidə idarə etdiyi avtomobildən sərnişin düşürmək istəyərkən qapını açanda arxadan düzünə hərəkətdə olan “Passat” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol güzgüsünü vurduğunu və tələsdiyi uçün DYP-ni gözləmədən hadisə yerindən getdiyi etiraf etmişdir. Bidirirlər ki, qeyd olunan yol-nəqliyyat hadisəsi Bakı şəhəri DYPİ tərəfindən müvafiq qaydada sənədləşdirilərək, 26.09.2018-ci il tarixdə S.Rüstəmov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsində təqsirkar olan hadisə yerindən yayınmış sürücü Cavabdeh “X6” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin Vİİİ bəndinin tələbini pozaraq, “Mercedes” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısını açdığına və bu zaman düzünə hərəkətdə olan “Volskvagen Passat” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunaraq hadisə yerindən getdiyinə görə 02.10.2018-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi üzrə TYP 130843 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. - TYP 130843 saylı, 02.10.2018-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Cavabdeh 26.09.2018-ci il tarixində **-CN-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - TYP 130843 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Cavabdeh 26.09.2018-ci il tarixində **-CN-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. - İddiaçı ASC tərəfindən tərtib edilmiş 04.10.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “**-LN-*** dövlət qeydiyyat nişanlı, "Volkswagen Passat CC" minik markalı avtomobilin təmiri üçün 880 manat ödəniş müəyyən edilmişdir. - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 31.10.2018-ci il tarixli, 3653/1 saylı xəbərdarlıqdan görünür ki, cavabdeh borcunu 15 (on beş) təqvim günü ödəmədiyi təqdirdə 880 manat məbləğində sığorta ödənişin və məhkəməyə müraciət üçün ödəniləcək məhkəmə xərclərinin subroqasiya hüququ əsasında ondan tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 09.07.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu və 0,40 manat xiddmət haqqı ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında 04.06.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Mercedes Benz C180" minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 26.09.2018-ci il tarixdə "Mercedes Benz C180" minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, S.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və "Volskvagen Passat CC” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "İddiaçı" ASC 880 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Baş X9 İdarəsinin "İddiaçı" ASC-yə təqdim etdiyi 19.10.2018-ci il tarixli, 046-43687 saylı məktubuna əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı tərtib olunan inzibati xəta haqqında protokolda Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 880 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xiddmət haqqı ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xiddmət haqqı cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 880 (səkkiz yüz səksən) manat sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat pul və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar