Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1897/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və ailəsi ermənilərin Kəlbəcər rayonunu işğal etməsi ilə əlaqədar olaraq 1993-cü ildən müvəqqəti olaraq Gəncə, Şamaxı, sonra isə Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzildə məskunlaşmışlar. Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən (İddiaçı adına) 11 oktyabr 2006-cı il tarixli, AA seriyalı, 148562 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010cu il tarixli, 180 saylı qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11-ci mənzili (himayəsində İ dərəcəli əlil bacısı X5 olmaqla) İddiaçı verilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, 810 saylı yaşayış massivi, 4 saylı evin 11 saylı mənzili onlara təqdim olunarkən qarşı tərəfdən mənzillə bağlı narazılığınız var mı, yox mu sualı verilmədən onlara müqaviləni imzalatdırmışlar. May ayının əvvəlində mənzillərin təmirinin yararsızlığı ilə bağlı Ehtiqad adlı nümayəndəyə narazılığını şifahi şəkildə bir neçə dəfə bildirmiş, Ehtiqad müəllim telefonla zəng edərək ona demişdir ki, “həmin binanın təmiri ilə məşğul olan şirkət rəhbərliyindən sizinlə əlaqə saxlanılacaqdır”. Nəhayət ki, İlqar adlı bir şəxs (prorab) mobil nömrəyə zəng edərək görüş vaxtı müəyyənləşdirmişdir. Mənzildə divarların əyriliyi, döşəmə ayaq qoyan kimi altındakı taxtalarının hədsiz şəkildə boşluqdan möhkəm səs çıxarması və aralı vurulmasını, döşəmə üzərindəki düyünlərin yaratdığı problemi, elektrik yuvalarının çox təhlükəli və yararsız vəziyyətdə olduğunu, çanağın (unitazın) sınıq olduğunu, qaz turbasının yerindən çəkilmədiyini, tavandan başlarına dəfələrlə su axdığını, eyvanın səkisinin kənarının uçuqsökük yararsız vəziyyətdə olduğunu, divar kağızlarının və divara vurulan emusiyanın qabarıb tökülməsini, divarların əyriliyi, hamam-tualetin kafellərinin uçub tökülmə vəziyyətində, metlaxın arasında hədsiz şəkildə olan geniş məsafələrin olduğunu, vannaya duşdan axan suyun vannanın trapından deyil, vannanın dəliyindən axdığını, bu səbəbdən də aşağıda yaşayan qonşunun başına su və kanalizasiya suyunun dayanmadan töküldüyünü, istilik sistemi üçün çəkilmiş borulara balaca toxunan kimi alt qonşunun mənzilinə qum-torpaq tökülməsi, həmçinin metlaxın altından beton vurmaq əvəzinə kağız sement kisələri ilə doldurulmasını, oradan alt mərtəbədəki qonşunun hamam tualetinin görsəndiyini, kanalizasiya turbalarının lazımi qaydada yapışdırılmadığını, bu səbəbdən dəfələrlə həmin qonşunun və anasının onlara saysız xəbərdarlıqlar etdiyini bildirmişdir. Bir neçə gün sonra həmin İlqar adlı şəxs bildirmişdir ki, “döşəməyə nəinki maşın saldırmaq, ümumiyyətlə əl vurdurmaq lazım deyil, sadəcə bir qab lak verəcəm kifayət edəcək ki, döşəmə yaxşı vəziyyətə düşsün”. Məcbur qalıb onunla razılaşmış, lakin bunun heç bir xeyri olmamışdır. İlqar adlı həmin şəxs, deyilən sözləri qətiyyən diqqətə almayaraq mənzilə o qədər gözəl bədii təsvir verib onları psixoloji zorakılığa məcbur qoymuşdur ki, o, az qalmışdır deyə ki, “başına dolanım, gəl cibimdəki 10 manat pulu sənə yardım edim, bircə sözünü qısa edib, məni əlavə stresə salma”. Şəhərciyin MİS-in rəhbəri Ziyad müəllimə də əvvəlcədən bu barədə bildirmiş, o özü də gəlib baş verənləri öz gözü ilə görsə də nədənsə akt verməkdən imtina etmişdir. Sonra şirkətin prorabı İlqarın (070) ***- **-** saylı mobil nömrəsinin whatsappına mənzilin vəziyyəti ilə bağlı videogörüntünü və səsi Ziyad müəllimin whatsapp nömrəsinə göndərmişdir. O, cavab olaraq “Şirkətə deyərəm gəlib kömək edərlər” demişdir. Lakin bu günə kimi də heç bir reaksiya verilməyibdir. Cavabdehlərin bu cür laqeydlikləri onları əsəb xəstəliyinə salıbdır. 16 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasından verilmiş arayışda da bu öz təsdiqini tapır. Bacısı etibarnamə üzrə onu bir çox yerdə təmsil etdiyindən ən çox əsəbi, stressi də məhz elə bacısı yaşayıb. Əsəb psixoloji sarsıntılardan artıq onda beyin işemiyasının əlamətlərinə gətirib çıxarmışdır və bu üzdən davamlı şəkildə ambulator müalicələr alaraq bu şirkət tərəfindən mənəvi-psixoloji-emosional zorakılığa məruz qalmışlar. Göründüyü kimi, Cavabdeh1 MMC mənzillərini təmir etdirməmiş, mənzildə yaşamaq mümkün olmamışdır. Məcburiyyət qarşısında qalaraq mənzili qohumlardan borc alaraq özləri təmir etdirmişlər. Həmin mənzilin təmirinə ümumilikdə 26.000 manat məbləğində pul xərcləmişlər. Mənzilin yararsız vəziyyətdə olması barədə Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə və “xxxx” MMC-ə dəfələrlə (012) ***-**-** saylı və digər şəhər nömrələrinə zəng edib vəziyyəti demiş, müraciətlərini sadə məktublar şəklində, sonra isə əlində olan qəbzlərə əsasən 01.02.2020ci ildə, 04.03.2020-ci ildə, 16.02.2020-ci ildə, 03.04.2020-ci ildə dəfələrlə rəsmi müraciətlər etmiş, lakin şirkət ilkin müraciət məktublarını alıb, heç bir cavab verilməmiş, 21 fevral 2020-ci il tarixdə təkrar müraciət məktubuna, bu dəfə də ünvanın dəqiq göstərilmədiyini qeyd edib geri qaytarmışlar. Nəhayət ki, iddia ərizəsini məhkəməyə təqdim etdikdən 2 ay sonra cavab gəlmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun ünvanına göndərdiyi 11 iyun 2020-ci il tarixli, 801 saylı məktubunda qeyd edilmişdir ki, “yaşadığınız mənzilin təmir edilməsi barədə Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə Komitənin Mənzil İstismar Departamentində baxılmışdır. Bildiririk ki, mənzilinizin təmiri cari təmir hesab edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı müvafiq müqavilənin 2-ci bölməsinin 2.4.6-cı bəndinə əsasən mənzilin cari təmiri mənzil sahibinin üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən müraciətinizin müsbət həlli imkan xaricindədir”. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 810 saylı yaşayış massivi, 4 saylı evin 11 saylı mənzilinin təmirinə çəkilmiş 26.000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsindən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Qanuni nümayəndə məhkəmənin hazırlıq iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etsə də, məhkəmə baxışının təyin edilməsinə dair bildirişləri şəxsən almasına, o cümlədən istifadələrində olan mobil nömrələrə elektron qaydada sms bildirişin çatdırılmasına baxmayaraq, iddiaçı və ya onun nümayəndəsi məhkəmə baxış iclaslarında iştirak etməmişlər. Cavabdehlərin nümayəndələri isə, iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılıb, yekunlaşdırılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, iddiaçının ərizəsində qeyd etdiyi yaşayış kompleksi Cavabdeh1 MMC tərəfindən inşa edilmiş, mənzillərə müvafiq qanunvericiliyin tələbinə uyğun formada baxış keçirildikdən sonra təhvil-təslim aktı əsasında vətəndaşların istifadəsinə verilmişdir, mənzil verildikdən sonra iddiaçı öz arzusu ilə mənzilini təmir etdirmişdir. Buna görə də, əsassız olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etməyib, MMC-nin nümayəndəsi Nümayəndə izahatını və xahişini müdafiə etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasının 16 mart 2020-ci il tarixli, 385 saylı arayışından görünür ki, xəstə Qanuni nümayəndə halsızlıq, baş gicəllənmə, ürək bulanma, qulaqlarda küy şikayətləri ilə dəfələrlə poliklinikaya müraciət etmişdir və MRT müayinəsinə göndərilmişdir. Müayinə nəticəsində xroniki beyin qan dövranı çatmamazlığı diaqnozu təsdiqlənmişdir. Xəstədə əlavə olaraq yanaşı gedən xəstəliklər: hər iki aşağı ətrafların augiopatiyası, hipertoniya tip 2. Bu diaqnozlara əsasən xəstə ambulator müalicə almışdır, lakin heç bir dəyişiklik olmamışdır. Yaxşılaşma qeyd edilmir. Səbəbi isə xəstənin həddən artıq çox əsəbi olması ilə əlaqələndirilir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı, 974541 saylı arayışının surətindən görünür ki, 1974-cü il təvəllüdlü X3 ümumi xəstəlik səbəbindən birinci qrup əlillik dərəcəsi verilmişdir, onun kənar şəxslərin daimi qulluğuna və köməyinə ehtiyacı vardır; - ВТЭ seriyalı, 092285 saylı arayışın surətindən görünür ki, 1976-cı il təvəllüdlü X2 birinci qrup əlillik dərəcəsi verilmişdir, onun kənar şəxslərin daimi qulluğuna ehtiyacı vardır; - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 30 aprel 2009-cu il tarixli, 126 saylı sərəncamının surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsi 14 noyabr 2008-ci il tarixdə (İş № 2(006)-1794/2008) X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlər nəzərə alınaraq, Qanuni nümayəndə X2 qəyyum təyin edilməklə, Səməndər İsbəndiyarovun mənzil və əmlak hüquqları saxlanılmışdır; - AA seriyalı, 148562 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1979cu il tarixdə Kəlbəcər rayonunda doğulmuş İddiaçı 11 oktyabr 2006-cı il tarixdə Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin qərarına əsasən məcburi köçkün vəsiqəsi verilmişdir, 17 oktyabr 2006-cı il tarixdə məcburi köçkün kimi qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı “Xüsusi təyinatlı yaşayış binasının kirayə müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “kirayə verən” Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə, “kirayəçi” İddiaçı arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzilinin (himayəsində İ dərəcəli əlil bacısı X5 olmaqla) İddiaçı verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.4, 2.4.1, 2.4.2, 2.4.4 və 2.4.6-cı bəndlərinə əsasən, yaşayış sahəsini təhvil aktına əsasən kirayəyə verəndən təhvil almaq, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək və yaşayış sahəsinin cari təmirini aparmaq kirayəçinin vəzifələridir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, bu barədə iddiaçıya Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən 11 oktyabr 2006-cı il tarixli, AA seriyalı, 148562 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş 20 avqust 2019-cu il tarixli, 4/11 saylı “Xüsusi təyinatlı yaşayış binasının kirayə müqaviləsi”nə əsasən, “kirayə verən” Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə, “kirayəçi” İddiaçı arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzilinin iddiaçıya verilməsi haqqında müqavilə bağlanmışdır. Hazırda İddiaçı, iddia qaldıraraq onun xeyrinə maddi və mənəvi zərər tutulmasını xahiş etmişdir. Qeyd edildiyi kimi, iddiaçı iddiasını iki tələb üzrə, yəni maddi ziyan tələbi və mənəvi ziyan tələbi üzrə irəli sürmüşdür. İddiaçı maddi ziyan tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 saylı yaşayış massivi, 4 nömrəli evin 2 otaqdan ibarət 11 saylı mənzili ona təqdim olunarkən qarşı tərəf onun və ailə üzvlərinin mənzillə bağlı hər hansısa narazılığının olub-olmamasını aydınlaşdırmadan və bu barədə ona suallar vermədən müqaviləni ona imzalatmışlar. Sonradan isə mənzilin təmirinin yararsız olduğunu müəyyən etmiş, bununla bağlı dəfələrlə şikayətini bildirsə də, heç bir əhəmiyyəti olmamışdır. Nəticədə o, mənzilini özü təmir etdirmiş, mənzilin təmirinə 26.000 manat məbləğində xərc çəkmişdir. Hesab edir ki, qeyd olunan mənzilin təmirinə çəkilmiş xərcin əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin “maddi ziyanın ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edən 20 avqust 2019-cu il tarixli, 4/11 saylı xüsusi təyinatlı yaşayış binasının kirayə müqaviləsinin 2.4.6-cı bəndindən də göründüyü kimi, qeyd olunan yaşayış sahəsinin cari təmirini aparmaq kirayəçinin, yəni iddiaçının vəzifəsidir və iddiaçı müqavilənin qeyd olunan şərtini qəbul edərək, özünün də etiraf etdiyi kimi mənzili təhvil almış, həmin mənzildən istifadə etməyə başlamışdır. Qeyd olunan müqavilədən də göründüyü kimi, mənzili təhvil aldıqdan sonra onun cari təmirini kirayə verən ödəməli olmamışdır, sonuncu üzərinə bu barədə hər hansısa öhdəlik götürməmişdir. Buna görə, məhkəmə hesab edir ki, iddiaçının mənzilin təmirinə çəkilmiş xərcə görə ona dəymiş maddi ziyanın cavabdehlər tərəfindən müştərək qaydada ödənilməsi hissəsində iddia tələbinin hüquqi əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı mənəvi ziyan tələbini onunla əsaslandırmışdır ki, “...cavabdehlərin bu cür laqeydlikləri onları əsəb xəstəliyinə salmışdır. 16 mart 2020-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasından verilmiş arayışda da bu öz təsdiqini tapır. Bacısı etibarnamə üzrə onu bir çox yerdə təmsil etdiyindən ən çox əsəbi, stressi də məhz elə bacısı yaşayıb. Əsəb psixoloji sarsıntılardan artıq sonuncuda beyin işemiyasının əlamətlərinə gətirib çıxarmışdır və bu üzdən davamlı şəkildə ambulator müalicələr alaraq bu şirkət tərəfindən mənəvi-psixoloji-emosional zorakılığa məruz qalmışlar...”. Göründüyü kimi, iddiaçı maddi ziyan tələbində olduğu kimi, mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi zərərə görə 20.000 manat pulun ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb maddi ziyan tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələb öz təsdiqini tapmadığı və sübut olunmadığı halda törəmə tələbin təmin edilməsi üçün əsaslar yoxdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, məhkəmə bununla bağlı qeyd edir ki, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirə dair hər hansı sübut növü ilə sübuta yetirməmişdir. Bununla da, İddiaçı iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, ümumilikdə əsassız olan iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə, iddiaçının iddia ərizəsində ona dəymiş mənəvi ziyanın əsası kimi onu bir çox orqanlarda nümayəndə qismində təmsil edən bacısı Qanuni nümayəndə əsəb, stress keçirməsini göstərməsi və bunu təsdiq edəcək sübut qismində iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Birliyinin Poliklinikasının 16 mart 2020-ci il tarixli, 385 saylı arayışı ilə bağlı hesab edir ki, qeyd olunan arayış iddianın əsasını təşkil edən mötəbər sübut qismində qəbul edilib qiymətləndirilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, burada, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla iddia tələbi təmin edilmədiyindən, iddiaçı isə məcburi köçkün olmasına görə dövlət rüsumu ödəməkdən azad olunduğundan, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 810 saylı yaşayış massivi, 4 saylı evin 11 saylı mənzilinin təmirinə çəkilmiş 26.000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC-dən və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsindən müştərək qaydada alınıb ona verilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1897/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1897/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver