Məhkəmə qərarları › İş №2(007)-1908/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1908/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1908/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhər Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdehlər Bakı şəhər Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan şadlıq evinin qarşısında olan hasarın sökülməsi və əkdiyi ağacların çıxarılması nəticəsində ona dəymiş maddi zərərə görə 30.000 (otuz min) manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. 153.4-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının: 7.1-ci bəndinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 10.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid ərizə ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhər Nizami Rayon Polis İdarəsi və Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən ağacların çıxarılıb tullanması və hasarın qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etdiyindən, onun tələbində qeyd etdiyi zərərin həmin inzibati orqanların hərəkətlərindən yarandığını bildirdiyindən, inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə iddia qaldırıldığından və belə iddialara ümumi məhkəmə tərəfindən baxıla bilmədiyindən iddianın qəbul edilməsindən imtina edilməlidir. Hansı ki, qanunun mənasına görə qeyd olunan xarakterli müraciətin təmin olunmasından inzibati orqan tərəfindən imtina edilərsə, o cümlədən inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə iddia qaldırılarsa, belə iddialara ümumi məhkəmədə baxıla bilməz, iddiaçı qanunvericiliyin müvafiq tələblərinə əməl etdikdən sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə, hesab edirəm ki, iddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə iddianın qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdehlər Bakı şəhər Nizami Rayon Polis İdarəsinə və Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardad İddiaçı MMC tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar