Məhkəmə qərarları › İş №2(007)-1909/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1909/2021

05.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1909/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında 10 aprel 2018-ci il tarixdə ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə 149 nömrəli mənzilin alqı-satqısına dair 149002 nömrəli müqavilə imzalanmışdır. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında təmir-tikinti işlərinin bütün norma standart və qaydalara uyğun başa çatdırılması barədə aşağıda qeyd edəcəkləri öhdəlikləri götürmüşdür: Müqavilənin 2.1-ci bəndinə əsasən tikintinin xarici tərtibatını və daxili arakəsmələrin tikintisi; 2.2-ci bəndinə əsasən mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsi, 2.3-cü bəndinə əsasən pəncərələrin qoyulması və şüşələnməsi. Lakin, cavabdeh 10 aprel 2018-ci il tarixdə bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada yerinə yetirmədiyi səbəbindən həmin müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, sözügedən mənzilin sahəsi üzrə ölçmə işləri aparıldıqdan sonra həmin müqaviləyə əsasən onun mülkiyyətinə ümumi 102,54 kv.m olan mənzil verilməli olduğu zaman ümumi sahəsi 88,24 kv.m olan mənzil verildiyi müəyyən edilmişdir. Halbuki, o, ümumi 102,54 kv.m sahə üçün cavabdehə hər bir kv.m 800 manatdan hesablanmaqla cəmi 82 032 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi, mənzilin faktiki olaraq ümumi sahəsi 88,24 kv.m olduğundan cavabdehə tərəfindən 14,30 kv.m sahə üçün artıq olaraq 11 440 manat məbləğində (14,30 x 800 = 11 440) pul ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rəsul Əhmədova 04 mart 2020-ci il tarixində məktubla müraciət edərək mübahisə predmeti olan mənzilə artıq ödədiyi 11 440 manat pul nəzərə alınmaqla həmin vəsait üzrə mərkəzi bankın faizləri ilə birlikdə ümumi 15 000 manat pulun ona ödənilməsini xahiş etsə də, artıq bir il keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona ünvanlanmış məktuba cavab verməmişdir və tələb etdiyi pul məbləğinin ona ödənilməsi ilə bağlı hər hansı bir tədbir görməmişdir. Bildirir ki, cavabdeh tərəfindən ona satılan mənzilin faktiki sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun ölçülməmişdir, yəni otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə müəyyən edilməmişdir. Cavabdeh ‘İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında 10 aprel 2018-ci il tarixində bağlanmış ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə olan 149 nömrəli mənzilin alqı-satqısına dair 149002 nömrəli müqaviləyə əsasən 14,30 kv.m sahə üçün artıq olaraq 11 440 manat məbləğində ödədiyi pul məbləğini və həmin məbləği 2 il 11 ay 5 gün (iddia verilən günədək, yəni 15 mart 2021-ci il tarixədək) özündə qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsait üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcəsini nəzərə almaqla 10 aprel 2018-ci il tarixindən 15 mart 2021-ci il tarixinədək hesablanmış 2800,29 manat məbləğində faizləri, ümumilikdə 14240,29 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırda iddia ərizəsi üzrə tələbinin həcminin müvafiq qaydada artırılması zərurəti yaranmışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən 149 saylı mənzilin ümumi sahəsini müəyyən etmək üçün Nizami Rayon Məhkəməsinin 2(007)-1909/2021 saylı, 06 may 2021-ci il tarixli qərardadı ilə tikintitexniki ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22 iyul 2021 -ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 149 saylı mənzilin ümumi sahəsi 87,27 kv.metr təşkil edir. Göründüyü kimi, mənzilin faktiki olaraq ümumi sahəsi 87,27 kv.m olduğundan cavabdehə tərəfindən 15,27 kv.m sahə üçün artıq olaraq 12 216 manat məbləğində (15,27 x 800 = 12 216) pul ödənilmişdir. Məhkəmənin nəzərinə çatırır ki, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi ərazidə hal-hazırda mənzilin hər kv.metri mövcud bazar qiymətinə əsasən 1400-1500 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında 10 aprel 2018-ci il tarixində bağlanmış ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə olan 149 nömrəli mənzilin alqı-satqısına dair 149002 nömrəli müqaviləyə əsasən 15,27 kv.m sahə üçün artıq olaraq 12 216 manat məbləğində ödədiyi pul məbləğini və həmin məbləği 2 il 11 ay 5 gün (iddia verilən günədək, yəni 15 mart 2021-ci il tarixədək) özündə qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsait üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcəsini nəzərə almaqla 10 aprel 2018-ci il tarixindən 15 mart 2021-ci il tarixinədək hesablanmış 2981,91 manat məbləğində faizləri, ümumilikdə 15197,91 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC (İcraçı) ilə İddiaçı (Payçı) arasında bağlanmış 149002 saylı, 10 aprel 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 102,54 kv.m olan, 149 nömrəli izolə olunmuş 2 otaqdan ibarət mənzili pay kimi verir. Müqavilə üzrə “İcraçı” tikintinin xarici tərtibatı və daxili arakəsmələr, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsi, pəncərələrin qoyulması və şüşələnməsi kimi öhdəlikləri öz üzərinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 800 manat təyin edilir. Cəmi 102,54 kv.m sahə üçün 82032 manat təşkil edir; - "xxxx" MMC tərəfindən verilmiş 10 aprel 2018-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 102,54 kv.m olan, 149 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir; - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış bildirişdən və ona əlavə edilmiş poçt qaiməsindən görünür ki, İddiaçı artıq ödədiyi vəsait üzrə Mərkəzi Bankın faizlərini nəzərə alaraq, 15000 manat vəsaitin ona ödənilməsini MMC-dən xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir; - Məhkəmənin 06 may 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının 22 iyul 2021-ci il tarixli, 10/2290 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən, ünvan 1 ünvanında yerləşən 149 saylı mənzilin ümumi sahəsi 87,27 m2 təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 10 aprel 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə 149 nömrəli mənzili hər kvadrat metr üçün 800 manat ödənilməklə, ümumilikdə 82032 manat pulun ödənilməsi müqabilində iddiaçının mülkiyyətinə vermişdir. Qeyd olunan mənzilin dəyəri cavabdehə tam şəkildə ödənilmiş, sonradan iddiaçı mənzilin faktiki sahəsinin 102,54 kv.m deyil, 87,27 kv.m olduğunu müəyyən etmiş və artıq ödədiyi pulun ona geri qaytarılması barədə cavabdehə rəsmi şəkildə xəbərdarlıq etmişdir. Lakin, cavabdeh qeyd olunan məbləği geri qaytarmadığından, hazırda iddiaçı bu barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 425.1-ci maddəsinə əsasəm, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə 149 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə həmin mənzilin müqabilində mənzilin hər kvadrat metri 800 manat məbləğdən hesablanmaqla, ümumilikdə 82032 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 7.1 və 7.2-ci bəndlərinə əsasən, hər iki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə digər tərəfin müqaviləni dəyişdirmək, çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir, bu mümkün olmadıqda məhkəmə orqanlarına müraciət olunur. İddiaçıya qeyd olunan mənzildə ölçmə işləri apararkən mənzilin ümumi sahəsinin 102,54 kv.m əvəzinə 87,27 kv.m olması məlum olduqdan sonra o, bu barədə cavabdehi rəsmi qaydada məlumatlandırmış, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlarla bağlı, təyin edilmiş məhkəmə-tikinti ekspertizasının 22 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən, ünvan 1 ünvanında yerləşən 149 saylı mənzilin ümumi sahəsi 87,27 m2 təşkil edir. Bununla bağlı, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçının mülkiyyətinə 102,54 m2 sahəli mənzili verməyi öhdəsinə götürsə də, bunu etməməklə öhdəliklərini yerinə yetirmədiyindən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tikintialtı sahələr, divarların altı mənzilin yaşayış sahəsinə daxil ola bilməz və cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməsi kimi sayıla bilməz, çünki o, yaşayış sahəsi sayılmır, tikintialtı sahədir, iddiaçı da həmin sahədən faydalana və istifadə edə bilmir, ona görə də həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə ekspert rəyinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə istinadla bağlı mövqeyinə münasibətdə qeyd edir ki, həmin məcəllənin məqsədi tərəflər arasında ümumiyyətlə şəhərsalma qaydalarını tənzimləyir, təyinatı və məqsədləri başqadır. Məcəllədə müəyyən edilən həmin qaydalar tərəflər arasında müqavilə öhdəliklərini tənzimləyən münasibətlərə şamil oluna bilməz, ona görə iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının 22 iyul 2021-ci il tarixli rəyindən görünür ki, qeyd olunan mənzildə ölçülər aşağıdakı kimi müəyyən edilmişdir: 1 saylı dəhlizin sahəsi- 13,6 m2 (2,8m x 4,86m); 2 saylı sanitar qovşağın sahəsi- 3,14 m2 ((2,3m x 1,65m) - (1,3m x 0,5m)); 3 saylı sanitar qovşağın sahəsi- 2,97 m2 (1,8m x 1,65m); 4 saylı mətbəxin sahəsi- 19,73 m2 ((6,5m x 3,1m) - (1,05m x 0,4m)); 5 saylı yaşayış otağının sahəsi- 24,14 m2 (7,1m x 3,4m); 6 saylı yaşayış otağının sahəsi- 22,54 m2 (5,9m x 3,82m); 9 saylı balkonun sahəsi- 3,84 m2 x 0,3=1,15 m2 ((1,2m x 3,2m) x 0,3m)); Cəmi: 87,27 m2 Məhkəmə belə qənaətə gəlir ki, 2 saylı sanitar qovşağın, 4 saylı mətbəxin və 9 saylı balkonun sahələri yuxarıda göstərilənlərə əsasən, rəydə qeyd olunan əmsallar nəzərə alınmadan hesablanmalı, yəni 2 saylı sanitar qovşağın sahəsi 3,68 m2 (2,3m x 1,65m), 4 saylı mətbəxin sahəsi- 20,15 m2 (6,5m x 3,1m) və 9 saylı balkonun sahəsi 3,84 m2 kimi qəbul edilməlidir. Belə olan halda, qeyd olunan mənzilin sahəsinin 90,92 m2 (13,6 m2+3,68 m2+2,97 m2+20,15 m2+24,14 m2+22,54 m2+3,84 m2) təşkil etməsi, habelə ekspertiza rəyində istinad edilən Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən qaydaların tərəflər arasında müqavilə öhdəliklərini tənzimləyən münasibətlərə şamil oluna bilməməsi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, əlavə olaraq 11,62 kv.m (102,54 kv.m əmsallara vurulmadan hesablanmış 90,92 kv.m) üçün ödənilmiş (11.62 x 800) 9296 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “artıq ödənilmiş məbləği 2 il 11 ay 5 gün (iddia verilən günədək, yəni 15 mart 2021-ci il tarixədək) özündə qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsait üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcəsini nəzərə almaqla 10 aprel 2018-ci il tarixindən 15 mart 2021-ci il tarixinədək hesablanmış faizlərin ödənilməsi” hissəsini əsassız sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan mənzilin hər kvadrat metri üçün 800 manat məbləğdən hesablanmaqla artıq ödədiyi pul vəsaitindən istər cavabdehin hansı formada faydalanmasını təsdiq edən sübutlarını, istərsə də həmin pul vəsaitini cavabdehə ödəmədiyi təqdirdə özünün həmin vəsaitdən hansısa formada faydalana biləcəyinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən artıq ödədəyi pulu bank uçot dərəcəsini əsas götürməklə ödənilməsi barədə xahişinin əsası yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 aprel 2018-ci il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə olan 149 nömrəli mənzilin alqısatqısına dair 149002 nömrəli müqaviləyə əsasən, 11,62 kv.m sahə üçün artıq olaraq ödənilmiş 9296 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməli, bundan başqa, ekspertiza tədqiqatının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 aprel 2018-ci il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə olan 149 nömrəli mənzilin alqı-satqısına dair 149002 nömrəli müqaviləyə əsasən, 11,62 kv.m sahə üçün artıq olaraq ödənilmiş 9296 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar