Məhkəmə qərarları › İş №2(007)-191/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-191/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-191/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 16.05.2014-cü il tarixində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hunday Tukson” markalı, 90 VB084 dövlət nömrə nişanlı avtomaşınla sfetoforun qadağanedici qırmızı işığından keçərək X2 idarə etdiyi “Toyota Prado” markalı, ** FG *** dövlət nömrə nişanlı avtomaşının sağ arxa təkərindən dəyərək toqquşmuş və nəticədə “Toyota Prado” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin X5 xəsarət alaraq KTM-ə müraciət etmişdir. Hadisə nəticəsində “Toyota Prado” markalı avtomaşın aşaraq “Hyundai Elantra” markalı, ** NE *** dövlət nömrə nişanlı avtomaşına dəymiş və nəticədə “Hyundai Elantra” markalı, ** NE *** dövlət nömrə nişanlı avtomaşına maddi zərər dəymişdir. Baş verən yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmündə öz əksini tapıb. "xxxx" MMC-nin təqdim etdiyi Akta uyğun olaraq avtomobilə 2442.60 (iki min dörd yüz qırx iki manat altımış qəpik) AZN ziyan dəyib. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəyən maddi ziyana görə 300 AZN franşizə çıxılmaqla 2142.60 AZN sığorta ödənişi həyata keçirilib. Cavabdeh tərəfindən 2142.60 AZN borc məbləğnin 500 AZN ödənildiyi üçün cavabdehin qalıq borc məbləği 1642.60 AZN təşkil edir. Qeyd olunanlara əsasən 16.05.2014-cü il tarixində baş vermiş yoı-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elentra “ markalı ** NE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 1642.60 AZN sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN dövlət rüsumunun Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edilərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçınnı nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 009366 nömrəli sığorta aktından görünür ki, 16.05.2014-cü il tarixində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hunday Tukson” markalı, 90 VB084 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə Hadisə nəticəsində “Toyota Prado” markalı avtomaşın aşaraq “Hyundai Elantra” markalı, ** NE *** dövlət nömrə nişanlı avtomaşına dəymiş və nəticədə “Hyundai Elantra” markalı, ** NE *** dövlət nömrə nişanlı avtomaşına maddi zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəyən maddi ziyana görə 300 AZN franşizə çıxılmaqla 2142.60 AZN sığorta ödəniş həyata keçirilib. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli hökmündən görünür ki,həmin hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 11 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Hyundai Elantra” markalı, ** NE *** dövlət nömrə nişanlı avtomaşının təmir-bərpa xərci avtoehtiyyat hissələrinin köhnəlmə faizi tətbiq olunmaqla təxminən 2342.0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı İddiaçı Sığorta Şirkəti ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia tələblərinin təmin olunmasına görə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin hallarından görünür ki, 16.05.2014-cü il tarixində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hunday Tukson” markalı, 90 VB084 dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində “Toyota Prado” markalı avtomaşın aşaraq “Hyundai Elantra” markalı, ** NE *** dövlət nömrə nişanlı avtomaşına dəymiş və nəticədə “Hyundai Elantra” markalı, ** NE *** dövlət nömrə nişanlı avtomaşına maddi zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəyən maddi ziyana görə 300 AZN franşizə çıxılmaqla 2142.60 AZN sığorta ödəniş həyata keçirilib. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2014-cü il tarixli hökmündən görünür ki,həmin hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1642.60 manat sığorta ödənişi və 30.40 manat ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1642.60 manat sığorta ödənişi və 30.40 manat ödənilmiş dövlət rüsumu "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar