Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1911/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərsu ASC tərəfindən abonent kodu **********420 olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzilə əsassız hesablanmış 665 manat məbləğidə pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadıqları Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 68, 43 saylı mənzil həyat yoldaşı X2 xüsusi mülkiyyətindədir. 1996-ci il tarixdən hal-hazıra kimi ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayırlar. Övladlarından biri tələbə digəri isə 1998-ci il təvəllüdlü oğlu X6 İİ qrup əlildir. Xüsusi ilə qeyd edirə ki, cavabdehin nümayəndəlri 2016-cı ildə bina sakinlərinin su sayğacını dəyişdirdilər. Belə ki, mənzillərinin su sayğacı dəyişdirilərkən köhnə sayğacın üzərində olan borc məbləği ilə cavabdehin nümayəndəsi ilə aralarında mübahisə yarandı. Nəticədə mənzillərinə quraşdırılan smart tipli su sayğacının kartı onlara verilmədi. Belə ki, məcburiyyət qarşısında qalaraq qonşulardan su alaraq istifadə etdilər. Hazırda abonent kodu üzrə (**********430) mənzillərinə qanunsuz olaraq 665 manat borc yazılmışdır. Ailədə heç kim işləmir. Sosial iqdisadi vəziyyətləri həddindən artıq ağırdır, övladının dərman ləvazimatları həddindən artıq bahadır. Onun dərman ləvazimatlarını ala bilmir. Həmin dövrdə suyun hər kub m. baha deyildi. Ödəmək imkanları var idi. Lakin cavabdeh tərəfindən həddindən şişirdilmiş məbləğ yazılmışdır. Cərimə əsassız yazıldığı üçün məcbiriyyət qarşısında qalaraq bu cərimənin silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qırarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh ASC tərəfindən sayğac dəyişdirildikdən sonra sayğacın kartı onlara verilməmişdir. Rəsmi müraciət etsələr də müraciətlərinə müsbət cavab ala bilməmişlər. Kartı onlara təzəlikcə, 4-5 ay bundan qabaq veriblər. Ona görə də məcbur olub qonşunun su xəttindən istifadə etmişlər. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd edtdi ki, mənzil üzrə quraşdırılmış sayğac iddiaçının həyat yoldaşı abonent X3 adınadır. X8 borcunu ödəməmişdir. Bundna sonra, o, qonşunun su xəttinə qanunsuz qoşularaq ondan istifadə etmişdir. Cavabdeh ASC əməkdaşları tərəfindən həmin qanunsuz qoşulma aşkarlanaraq müvafiq aktlar tərtib edillmiş və X8 cərimə olunmuşdur. Hər dəfə əməkdaşlar tərəfindən həmin qanunsuz qoşulma aradan qaldırılsa da X8 yenidən qanunsuz olaraq başqa abonentlərin xəttinə qoşulmuşdur. Qeyd olunan borc məbləği su borcu, çirkab borcu və qanunsuz istifadəyə görə olan borcun ümumi məbləğidir. Anunəçiyə hesablanmış borc məbləği və cərimələr tam əsaslıdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH 011819 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına 26 aprel 1996-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Nizami rayon SKİ-nin SSTŞ-nin mühəndisləri Xansultanov Yasin və İsmayılbəyli Elvin tərəfindən tərib edilən 04 mart 2021-ci il tarixli 061498 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzilə su təchizatı sisteminə baxış keçirilmiş və araşdırma zamanı müəyən olunmuşdur ki, abonent Saday Kazımov ev 68, mənzil 40 ünvanının su syağacından əvvəl olan süzgəcin yerindən ötürücü vasitə ilə öz mənzilinə qoşub qeyri-qanuni sudan istifadə edir. İş materiallarında olan Cavabdeh ASC-nin qanunsuz istifadəyə nəzarət barədə 04 mart 2021-ci il tarixli, 06 avqust 2020-ci il tarixli, 29 iyul 2020-ci il tarixli, 08 yanvar 2020-ci il tarixli, 03 may 2018-ci il tarixli, 25 yanvar 2017-ci il tarilxi, 05 aprel 2018-ci il tarilxi aktlarından görünür ki, qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan Nizami rayon SKİ-nin əməkdaşları tərəfindən tərtib və təsdiq edilən, 06 avqust 2020-ci il tarixli, 18 noyabr 2019-cu il tarixli, 10 yanvar 2020-ci il tarixli, 04 may 2018-ci il tarixli, 05 aprel 2018-ci il tarixli aktların surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzilə baxış keçirilərkən qanunsuz qoşulma aşkar edilmişdir. İş materiallarında olan X3 ətraflı abonent kartından görünür ki, onun Cavabdeh ASCyə 194.48 manat su borcu, 32.05 manat çirkab borcu, 306.22 manat qanunsuz istifadə borcu, 126.14 manat qanunsuz istifadə borcu olmaqla ümumilikdə 658.89 manat borcu vardır. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iş materiallarında olan abonent kartı məlumatlarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzilə quraşdırılmış sayğac üzrə abonentin adı X4r və onun borcu 658.89 manat təşkil edir. Göründüyü kimi İddiaçı silinməsini xahiş etdiyi borc məbləği abonent X5 aiddir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X5 hesablanmış borc məbləğinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüququ yoxdur. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh ASC tərəfindən abonent X5 hesablanmış borc məbləği əsaslıdır. Belə ki, “Sudan istifadə qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; Həmin qaydaların 8.6-cı bəndinə əsasən, Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Nizami rayon SKİ-nin əməkdaşları tərəfindən tərtib və təsdiq edilən, 04 mart 2021-ci il tarixli, 06 avqust 2020-ci il tarixli, 18 noyabr 2019-cu il tarixli, 10 yanvar 2020-ci il tarixli, 04 may 2018-ci il tarixli, 05 aprel 2018ci il tarixli aktların surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzilə baxış keçirilərkən qanunsuz qoşulma aşkar edilmişdir. “Sudan istifadə qaydaları”nın yuxarıda qeyd olunan normalarının məzmunundan görünür ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, abonent X5 hesablanmış borc məbləği əsaslı olduğundan, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdeh Azərsu ASC tərəfindən abonent kodu **********420 olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzilə əsassız hesablanmış 665 manat məbləğidə pulun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdeh Azərsu ASC tərəfindən abonent kodu **********420 olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov, ev 68, 43 saylı mənzilə əsassız hesablanmış 665 manat məbləğidə pulun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1911/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1911/2021
18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver