Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1972/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əhməd oğluna və Şahməmmədova (Abbasova) Zaurə Əhəd qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əhməd oğluna və Şahməmmədova (Abbasova) Zaurə Əhəd qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ilə alqısatqı müqaviləsi bağlayaraq notariat qaydasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.97 kv.m. olan 3 otaqlı mənzili 54.000 manat pul ödəyərək almışdır. Alqı-satqı prosesi Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən tərəflərin iştirakı ilə həyata keçirilmişdir. Mənzilin tam dəyəri tərəfindən satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödənilmişdir. Mənzil aqlı-satqısı zamanı Cavabdeh1 18 yaşdan yuxarı olan bütün ailə üzvləri mənzilin satışına yazılı razılıq vermişlər. Mənzil üzərində mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın reyestr nömrəsi 009011000-442-05101-093043. Mənzil alqı-satqısı müqaviləsinin 13-cu bəndinə əsasən, "Satıcı" Cavabdeh1 bütün ailə üzvüləri ilə birgə xx.xx.2021-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürür. "Satıcı" öz üzərinə götürdüyü öhdəliyi uzun müddətdir ki, yerinə yetirmir. Alqı-satqı müqaviləsinin bağlandığı gündən xx.xx.2021-ci il bu günə kimi, yəni 1 il 4 aydır ki, "Satıcı" öz ailə üzvləri ilə birgə ona məxsus olan mənzildə qeydiyyatda qalmaqda davam edirlər, qeydiyyatdan çıxmırlar. Göründüyü kimi "Satıcı" öz ailə üzvüləri ilə birgə onun xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatda qalmaqla onun mülkiyyət hiquqlarını pozurlar. Qeyd olunanlara əsasən Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2 Əhməd oğlunun, Cavabdeh3 Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 42 nömrəli evin 24-cü mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini və qətnamənin icra edilməsini Nizami RPİ-nin pasport qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh1, Cavabdeh2 Əhməd oğlunun, Şahməmmədova (Abbasova) Zaurə Əhəd qızının onlarla birlikdə yetkinlik yaşına çatmayan Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 42 saylı evin 24 nömrəli mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mənzili 26 yanvar 2021-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh1 almışdır. Həmin vaxtdan cavabdehlər qeyd olunan mənzildə yaşamırlar. Lakin, mənzil alınan zaman qeydiyyatdan çıxacaqlarına söz versələr də onlar hələ də ona məxsus mülkiyyətdə formal olaraq qeydiyyatda qalmışlar. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ seriyalı, ******* nömrəli, 26 ynvar 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 42 ünvanında yerləşən 24 saylı mənzil satıcı Cavabdeh1 tərəfinən alıcı İddiaçı satılmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - 50 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 275 nömrəli arayışdan görünür ki, keçmiş sakinlər Cavabdeh1, Cavabdeh2 Əhməd oğlu, Cavabdeh3, Cavabdeh4 ünvan 2 ünvanında yerləşən 24 saylı mənzildə qeydiyyatdadırlar. - xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh2 Əhməd oğlu, xx.xx.2021-ci il tarixli ərizə ilə X2 Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilin satılmasına etiraz etməmişlər. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 101 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 42 saylı evin 24 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin keçmiş mülkiyyətçisi və ailə üzvləri mənzildən köçsələr də, formal olaraq mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Bununla yanaşı nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, belə olan halda cavabdehlərlə birlikdə mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmayanın da iddiaçıya məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Həmin qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər yetkinlik yaşına çatmayan uşaqla birlikdə mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı xx.xx.2022-ci il tarixdə əizə ilə müraciət edərək dövlət rüsumu ödəyən zaman müharibə veteranlarının məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olduqlarını bilmədiyini və Qarabağ müharibəsi veteranı olduğunu bildirmişdir. Bu səbəbdən ödədiyi 101 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olaraq xx.xx.1998-ci il tarixdə verilmiş 018242 nömrəli müharibə veteranı vəsiqəsinin surətini əlavə etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad olunurlar . Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əhməd oğlunun, Şahməmmədova (Abbasova) Zaurə Əhəd qızının onlarla birlikdə yetkinlik yaşına çatmayan Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 42 saylı evin 24 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu. ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 51734009, qəbz nömrəsi: 5772, Terminal nömrəsi: K0113003, Tarix: xx.xx.2022, saat:11:44) dövlət büdcəsindən qaytarılmalıdır, qətnamənin icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əhməd oğlunun və Şahməmmədova (Abbasova) Zaurə Əhəd qızının onlarla birlikdə yetkinlik yaşına çatmayan Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 42 saylı evin, 24 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu. ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 51734009, qəbz nömrəsi: 5772, Terminal nömrəsi: K0113003, Tarix: xx.xx.2022, saat:11:44) dövlət büdcəsindən qaytarılsın. Qətnamənin icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1972/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1972/2022
23.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver