Məhkəmə qərarları › İş №2(007)-2037/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2037/2022

31.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2037/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon X5 Şöbəsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 vurduğu maddi zərərə görə 100 (bir yüz) manat, mənəvi zərərə görə isə 1000 (bir min) manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci ol tarixində Bakı şəhəri, H.Əliyev prospekti, Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan vaxt Bakı şəhəri Nizami rayon DYPŞ nin inspektorunun idərə etdiyi DYP avtomobili tərəfindən saxlanılmışdır. Bildirir ki, qanunun tələbləri inspektor tərəfindən kobud surətdə pozulmuş və sübuta yetirmədiyi halda ona protokol tərtib etmişdir. O, inspektorun bu kimi hərəkətlərinə kəskin şəkildə qanun çərçivəsində etirazını bildirmişdir. Burada xüsusilə qeyd edir ki, sübuta yetirilməyən iddia sürücünün xeyrinə yekunlaşmalıdır. O, bir daha qeyd edir ki, heç bir pozuntuya yol verməmiş, hərəkətdə olan vaxt hərəkət zolağımı dönmə işiqları yandırmaqla heç bir avtomobilin hərəkətinə mane olmadan dəyişmişdir. Əlavə olaraq bildirir ki, Bakı şəhəri, H.Əliyev prospekti, Koroğlu metrostansiyası istiqamətində olan yolda xətlənmə qırıq-qırıqdır, orada zolaq dəyişməyə heç bir məhdudiyyət yoxdur. Bundan başqa, orada sürət həddi isə saatda 90-110 km/saatdır. Həmin protokolda DYP-ya şikayət etmiş, onun əsasında DYP qərar qəbul etmişdir ki, protokol qanuni yazılmışdır. Protokoldan Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-632/2022 saylı qərardadı ilə şikayəti geri qaytarılmışdır. Bundan sonra DYP tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi, işə xitam verilməsi üçün təkrar məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-764/2022 saylı qərarı ilə şikayəti təmin edilmiş və inzibati işə xitam verilmişdir. Qərar xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almışdır. O, hazır ki iddia ilə məhkəməyə ona görə müraciət edir ki, əsassız protokol tərtib edən inspektor, hazırki cavabdeh bundan sonra bu kimi qanunsuzluqlara yol verməsin. O, cavabdehin əməllərindən ciddi şəkildə izdirablar keçirmiş, onun tərtib etdiyi protokola görə uzun-uzadı məhkəmə proseslərinə cəlb edilmişdir. Burada sual yaranır ki, niyə görə o, cavabdeh tərəfin qanunsuzluqlarına görə əzab əziyyətlər çəkməlidir? Ona görə də, bu kimi qanunsuz hərəkətlər edərək vətəndaşı incidən, ona qarşı əsassız və qanunsuz mövqe nümayiş etdirərək heç bir sübut, fakt, əsas olmadan cərimə tətbiq edilməsi barədə protokol tərtib edən cavabdeh ona maddi və mənəvi təzminat ödəməlidir. O, bununla əlaqədar olaraq məhkəməyə müraciət edir və bunun sonuna qədər hüquqi mübarizəsini davam etdirəcəyini bəyan edir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edir, əlavə olaraq cavabdeh kimi Bakı şəhəri Nizami rayon X5 şöbəsinin cəlb edilməklə mülki işə baxılmalıdır. Ətraflı iddia ərizəsində qeydlər etmişdir, dəqiqləşdirmə barədə ərizənin verilməsi sadəcə olaraq əlavə cavabdehin cəlb edilməsidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 vurduğu maddi zərərə görə 100 (bir yüz) manat, mənəvi zərərə görə isə 1000 (bir min) manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon X5 Şöbəsinin vurduğu maddi zərərə görə 100 (bir yüz) manat, mənəvi zərərə görə isə 1000 (bir min) manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı 27 fevral 2022-ci il tarixdə idarə etdiyi Hyundai Sonata minik markalı 99-PG-25Ü dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkət edərkən manevr qaydasının pozduğuna görə barəsində Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru polis serjantı Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra Nizami RPİ-nin DYPŞ-nin səlahiyyətli vəzifəli şəxsi polis mayoru X1 tərəfindən inzibati xəta haqqında işə baxaraq İP ******* nömrəli, xx.xx.2022-ci il tarixli tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qəbul edilmiş qərardan məhkəməyə şikayət edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə qərar ləğv edilərək işə xitam verilmiş, lakin qərar rəsmi olaraq idarəyə səlahiyyətli şəxsə təqdim olunmamışdır. İddia tələbi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas hesab edilir. Həmin şəxsin barəsində tənbeh vermə haqqında qərar isə səlahiyyətli vəzifəli şəxs tərəfindən çıxarılmışdır, lakin bunun nəticəsində iddiaçı hər hansı maddi (cərimə, duracaq haqqı) ödəməmiş, həmçinin ona qarşı hər-hansı kobudluq qanunsuzluq edilməmişdir. Hesab edir ki, maddi ziyan konkret olmalı, mənəvi ziyana gəldikdə isə şəxsin hansı fiziki iztirablar keçirilməsi əsaslandırılmalıdır. Göründüyü kimi iddia tələbinin əsası yoxdur. Hesab edir ki, İddiaçı ondan maddi zərərə görə 100 (bir yüz) manat, mənəvi zərərə görə isə 1000 (bir min) manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iş üzrə İddiaçı ona qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17 avqust 2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı 27 fevral 2022-ci il tarixində manevr etmə qaydalarını pozduğu üçün onun barəsində İXM-nin 327-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İddiaçı həmin protokoldan şikayət vermişdir. İddiaçıya inzibati protokola qərar vurulmaması üçün Polis İdarəsinə çağırmışlar, lakin iddiaçı Polis İdarəsinə gəlməmişdir. 15 gündən sonra inzibati protokola qərar vurulmuşdur. Həmçinin video görüntülər də var. İddiaçıya heç bir maddi və mənəvi ziyan vurmamışdır. Qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim etdiyi sonuncu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsini cavabdeh kimi cələb etmiş və iddia tələbi üzrə tutmanın Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən tutulmasını xahiş etmişdir. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi etiraz ərizəsi ilə razı deyil. Cavabdeh etiraz ərizəsində Ali Məhkəmənin 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Cavabdeh mənəvi ziyanı sübuta yetirməyini tələb etmişdir. Mənəvi zərər dedikdə, zərərçəkmişin qanunsuz hərəkət və hərəkətsizlik nəticəsində keçirdiyi mənəvi iztirablar nəzərdə tutulur. Cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş qanunsuz inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilməsinə dair Nizami Rayon Məhkəməsinin qərarı var. Əgər cavabdeh həmin qərarı qanunsuz hesab etsə idi, həmin qərardan şikayət verə bilərdi. Ona vurulmuş maddi ziyanı sübut edə bilmir və o, bunu etiraf edir. İddia tələbinin mənəvi ziyan hissəsini isə müdafiə edir. O, 40 manat cəriməni ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-632/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı, onun barəsindəki inzibati xəta haqqında protokoldan şikayətinin geri qaytarılması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-764/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, polis serjantı Cavabdeh2 İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Daha sonra İddiaçı həmin qərardan şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilərək, xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda isə iddiaçı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən əsasız qərar qəbul etməklə qanunsuzluğa yol verdiyi və bununlada ona maddi və mənəvi ziyan vurduğunu qeyd edərək, məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddiaçı ilk olaraq iddiasını inzibati xəta haqqında protoklu tərtib etmiş Cavabdeh2 qarşı qaldırsa da, iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri Nizami rayon X5 Şöbəsinin vurduğu maddi zərərə görə 100 (bir yüz) manat, mənəvi zərərə görə isə 1000 (bir min) manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin alınaraq ona ödənilməsi xahiş etmişdir. Məhkəmə iddia tələbinin “maddi zərərə görə 100 (bir yüz) manat vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçı iddia tələbində onun barəsində qanunsuz protokol tərtib etdiyini və bununla da ona 100 manat maddi ziyan vurulduğunu qeyd etsə də, ona 100 manat maddi ziyan vurulmasına dair məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin məhkəmənin maddi ziyan kimi göstərilmiş məbləğin yaranma əsası ilə bağlı vermiş olduğu sualları cavabsız qoymuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərar ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçı isə hər hansı bir ödəniş etməməklə, məhkəmə araşdırması zamanı iddia tələbini mübahisələndirilən hissədə əsaslandırmamış, pozulmuş hüquqlarının bərpası üçün çəkdiyi xərclərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Baxılan işdə iddia tələbi sübutetmə yükü ilə bağlıdır. MPM-in: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi “maddi zərərə görə 100 (bir yüz) manat vəsaitinin ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə tələbin “mənəvi zərərə görə isə 1000 (bir min) manat vəsaitin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə ki, iddiaçı mənəvi izdiraba məruz qalması, stress keçirməsini ümumi sözlərlə qeyd etsə də, onun bu barədə izahatından qeyd etdiyi fikirlərdən başqa məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bununla da, müəyyən edildi ki, iddiaçının iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində də təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon X5 Şöbəsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayon X5 Şöbəsinə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar