Məhkəmə qərarları › İş №2(007)-205/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-205/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-205/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 (min beş yüz) manat məbləğində maddi ziyanın, 1000 (min) manat məbləğində mənəvi zərərin, ümumilikdə isə 2500 (iki min beş yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 108, 44 saylı mənzil təmirli və çox səliqəlidir. Belə ki, cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 108, 44 saylı mənzildə 5 nəfərdən ibarət oğlan olmaqla kirayəçi saxlayır. Həmin kirayəçilərin məsuliyyətsizliyi və təqsiri ucbatından su borusu açıq qalmış, davamlı su axını nəticəsində mənzilin tavan hissəsi və divar kağızı yararsız vəziyyətə düşmüşdür. Qeyd edir ki, belə hallar dəfələrlə təkrarlanmışdır. Onlara xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Hətta onların təqsiri ucbatından sərgidə asılmış bəzi geyim əşyaları yararsız vəziyyətə düşdüyü üçün atmış, bəzilərini isə təmizləmə yerlərinə verərək öz pulu ilə yuduzdurmuşdur. Cavabdehin belə hərəkətlərindən 57 saylı MKİS-ə müraciət etmişdir. MKİS-in məsul şəxsləri tərəfindən mənzilə yerində baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Qeyd edir ki, cavabdehin təqsiri ucbatından ona 1500 manat maddi ziyan dəymişdir. Mənəvi zərər isə heç bir meyar ilə ölçülə bilməz. Lakin mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirir. Belə ki, cavabdeh tərəfindən hüquqları kobud surətdə pozulduğu üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, ekspert rəyi ilə razıdır. Cavabdehdən öncəki evin sahibləri yaşadığı zaman evdə su axıntısı olmamışdır. Bundan başqa, ekspert gəldiyi zaman su axıntısının olduğunu aşkar etmişdir. Cavabdeh evi kirayəyə vermişdir. Hazırda cavabdehin evində yaşayan şəxslər evin hamamını sökmüş və söküntünün altında su yığıntısının olduğunu ona bildirmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, ekspert rəyi ilə razı deyil. Əvvəl su axıntısı olmuş, o, kanalizasiya borusunun dayağını dəyişdikdən sonra su axıntısı dayanmışdır. O, özü iddiaçıya evini təmir etməyi təklif etmişdir. Belə ki, o iddiaçıya bildirmişdir ki, özü usta çağırsın və dəyən zərəri öz şəxsi vəsaiti hesabına təmir etsin, lakin iddiaçı onun təklifi ilə razılaşmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 108 saylı evin 41 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 325 saylı reyestr kitabında 47057 səhifəsində 30/20991 № ilə 06 avqust 1998-ci il tarixdə qeydiyyat aparılmışdır. - Bakı şəhəri Nizami RPİ 24-cü Polis Şöbəsinin 07 sentyabr 2019-cu il tarixli 089- 23304C-3221 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 108 nömrəli evin 44-cü mənzilinin sahibi 18.03.1967-cü ildə Ağstafa rayonunda anadan olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdehdır. - ünvan 2 MKİS-nin əməkdaşları tərəfindən 16 avqust 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, E.Süleymanov küçəsi, ev 108, məznil 41-in sahibi İddiaçı onlara şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizədə şikayətçinin mənzilinin üst qonşusu tərəfindən suya basılması bildirilir. Şikayətçinin mənzilinə baxış keçirilmiş və mənzilin giriş dəhlizinin tavanında, həmçinin yataq otağı kimi istifadə olunan otağın tavanında sudan saralmalar, eyni zamanda divar kağızlarının bir neçə dəfə yerdə qopması müşahidə olunmuşdur. Bunun haqqında üst qonşu, mənzil 44-ün sahibinə irad və təkliflərini bildirmişlər. Qeyd edilər ki, belə hal mənzil 44-də yaşayanlar tərəfindən bir neçə dəfə təkrarlanmışdır. Aktın doğruluğunu imzalarla təsdiq etmişlər. - ünvan 2 MKİS-nin əməkdaşları tərəfindən 01 may 2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, E.Süleymanov küçəsi, ev 108, məznil 41-də yaşayan İddiaçı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Şikayətə əsasən bildirlir ki, mənzilə üst qonşu tərəfindən su axıntısı var. Tərəflərindən mənzilə baxış keçirilmiş və E.Süleymanov küçəsi, ev 108, məznil 44-dən şikayətçinin mənzilinə su axıntısı, yəni dəhlizin tavanında sızma müşahidə olunmuşdur. Aktın doğruluğunu imzalarla təsdiq etmişlər. - X2 ilə Cavabdeh arasında 05 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-107 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 108 saylı evin 44 saylı mənzilini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir; - ünvan 2 MKİS-nin 21 avqust 2021-ci il tarixli 358 saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır; - Məhkəməyə ünvan 3 ünvanında yerləşən mənzilin fotoşəkilləri təqdim edilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2021-ci il tarixli 10/6027 nömrəli rəyindən görünür ki, baxış zamanı əldə olunmuş, eləcə də, mülki iş materialında olan aktın göstəricilərini, cavabdehin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, cavabdehin mənzilinin 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, cavabdehin hamam otağının təmirİiİik dərəcəsini, iddaçının 41 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid duğunu nəzərə alaraq iddiaçının 41 saylı mənzilinə cavabdehin 44 saylı mənzilindən suyun sızması müəyyən olunur. Su sızmanın səbəbi cavabdehin mənzilinin hamam otağının təmirlilik dərəcəsi nəzərə alınmaqla hamamdan otağından istifadə zamanı suyun müəyyən hissəsinin iddiaçının mənzilinə sızması istisna olunmur. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 108 saylı evin 41 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1429 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 108 saylı evin, 41 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 44 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən 108 saylı evin, 41 saylı mənzilinə suyun yuxarı hissədə yerləşən 44 saylı mənzildən sızması, suyun sızmasının isə 44 saylı mənzilin hamam otağında olan nasazlıq səbəbindən baş verə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı X3 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 1500 manat kimi göstərmiş, 30 dekabr 2021-ci il tarixli 10/6027 saylı ekspertiza rəyi ilə isə həmin məbləğ 1429 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərə görə 1429 manat pulun tutulmaqla qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “2500 manat məbləğində mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1429 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. İddiaçı ödənilmiş dövlət rüsumun ona ödənilməsini tələb etmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan əlavə, işdə olan 30 dekabr 2021-ci il tarixli 10/6027 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 28,58 manatı Cavabdeh, 21,42 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1429 manat maddi ziyan tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 28,58 Cavabdeh, 21,42 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar