Məhkəmə qərarları › İş №2(007)-2064/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2064/2021

05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2064/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 42299 AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, İddiaçı2 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 18729 AZN AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, eyni zamanda ödənilmiş olan 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2007-2019-cu illərdə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-də mühafizəçi kimi fəalliyyət göstərmişdir. Mühafizəçi kimi fəalliyyət göstərdiyi 12 il müddətində əlavə saatlara görə ödənilməli olan 27360 AZN, həmin illərdə gecə növbəsinə görə 7948 AZN, 12 ilin bayram günlərinə görə 2355 AZN, əlavə iş saatlarına görə isə 4636 AZN olmaqla, cəmi 42299 AZN məbləğ ödənilməmişdir. Digər iddiaçı, İddiaçı2 3 il 3 ay müddətinə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-də mühafizəçi kimi fəalliyyət göstərmiş, eynilə onun da mühafizəçi kimi fəalliyyət göstərdiyi həmin müddətdə əlavə saatlara görə ödənilməli olan 11232 AZN, həmin illərdə gecə növbəsinə görə 5625 AZN, 12 ilin bayram günlərinə görə 720 AZN, əlavə iş saatlarına görə isə 1512 AZN olmaqla, cəmi 18729 AZN məbləğ ödənilməmişdir. Hazırda iddiaçılar həmin məbləğlərin ödənilməsini tələb edir. Hesab edirlər ki, cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən iddiaçıların xeyrinə həmin məbləğlər tutulmalıdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olduğu üçün iddia tələblərinin tam rədd olunması barədə qətnamə qəbul edilməlidir. İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında 01.09.2008-ci il tarixində əmək müqaviləsi imzalanmış və iddiaçı Cəmiyyətdə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı üçün 144 azn əmək haqqı müəyyən edilmiş, 01.04.2014-cü il tarixində əmək müqaviləsinə qarşılıqlı əlavə razılaşma imzalanmış və əmək haqqı artırılaraq 368 azn olaraq müəyyən edilmişdir. Buna baxmayaraq işçiyə işlədiyi bayram günlərinə görə iki qat əlavə və gecə saatlarına görə əlavə haqqlar da daxil olmaqla, vergi və sığorta haqları ödənildikdən sonra net olaraq aylıq ən azı 360 (üç yüz - altmış) manatdan çox ödəniş ödənmişdir. İddiaçının iş rejimi növbəli olmuş, bir növbə gündüz, bir növbə gecə növbəsində işləmişdir, iddiaçı 22.01.2019-cu il tarixində ərizə ilə Cəmiyyətə müraciət etmiş və 1 ay sonra 22.02.2019-cu il tarixində işəgötürənin 19/K saylı, 22.02.2019-cu il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilmişdir, iddiaçı üçün 539,14 azn son haqq-hesab məbləği hesablanmış və 22.02.2019-cu il tarixində əmək haqqı hesabına köçürülmüşdür. İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında 21.09.2016-ci il tarixində əmək müqaviləsi imzalanmış və iddiaçı Cəmiyyətdə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı üçün 220 azn əmək haqqı müəyyən edilmiş, 01.01.2019-cu il tarixində əmək müqaviləsinə qarşılıqlı əlavə razılaşma imzalanmış və əmək haqqı artırılaraq 284 azn olaraq müəyyən edilmişdir. Buna baxmayaraq işçiyə birdəfəlik mükafatlar, işlədiyi bayram günlərinə görə iki qat əlavə və gecə saatlarına görə əlavə haqqlar da daxil olmaqla, 450 (dörd yüz əlli) manatdan çox ödəniş ödənmişdir. İddiaçının iş rejimi bir növbəli olmuş, iş vaxtı saat 10.00-da başlamış, axşam 22.00-da bitmişdir. İddiaçı ilə əmək müqaviləsi müddətli olmuş və 20.12.2019-cu il tarixində iddiaçıya "müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" yazılı xəbərdarlıq verilmiş, işəgötürənin 115/K saylı, 25.12.2019-cu il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı üçün 464,21 azn son haqq-hesab məbləği hesablanmış və 25.12.2019cu il tarixində əmək haqqı hesabına köçürülmüşdür. İlkin olaraq məhkəmənin diqqətinə çatdırılmalıdır ki, mübahisə fərdi əmək mübahisəsi xarakteri daşıdığı halda birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən tərtib olunmuş iddia ərizəsində iddia mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirilmişdir. Hesab edirlər ki, bu cür hüquqi yanaşma düzgün deyil, çünki tərəflər arasında əmək müqaviləsi mövcud olmuş və birgə iddiaçılar cavabdehin işçiləri olmuşdur. Mübahisənin xarakteri fərdi əmək mübahisəsi olduğu üçün isə mübahisənin həllinə AR Mülki Məcəlləsinin deliktlə bağlı ümumi müddəaları yox, AR Əmək Məcəlləsinin sırf mübahisənin mahiyyətilə bağlı olan xüsusi normaları - əmək haqqı və hesablanma qaydası, iş saatı, iş vaxtının cəmlənmiş uçotu, gecə saatı və bayram günlərində işləməyə görə əlavə haqq və s. ilə bağlı müvafiq müddəaları tətbiq edilməlidir. Lakin iddiaçıların vəkili tərəfindən mübahisənin həllində tətbiq edilməli olan AR Əmək Məcəlləsinin hər hansı bir müddəasına istinad olunmamışdır. İddia ərizəsinə iddiaçıların vəkili tərəfindən tərtib olunmuş hesablama cədvəli əlavə edilmişdir. Hesablama cədvəlində iddiaçıların iddia etdiyi məbləğlərin açıqlaması və hesablama qaydaları öz əksini tapmışdır. Hesab edirlər ki, iddiaçı tərəfin yol verdiyi önəmli səhvlərə və ağlabatan olmayan mühakimələrə görə sözügedən hesablama cədvəli məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Çünki ddiaçıların vəkili tərəfindən mübahisə fərdi əmək mübahisəsi kimi yox, mülki hüquq pozuntusu (delikt) kimi dəyərləndirildiyindən fərdi əmək mübahisələrini tənzimləyən xüsusi normaları - əmək qanunvericiliyinin tələblərinin normaları hesablama cədvəli tərtib olunarkən nəzərə alınmamışdır. Qeyd olunan önəmli səhvlərin və ağlabatan olmayan mühakimələrin siyahısı aşağıdakı cədvəldə hər bir iddiaçıya münasibətdə ayrı-ayrılıqda göstərilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar iddia müddətini ötürərək məhkəməyə müraciət etdikləri üçün iddia tələblərinin tam rədd olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarını araşdırarkən məlum olur ki, İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı əmək müqaviləsinə 22.02.2019-cu il tarixində qanuncericiliyə əsasən (iddiaçının öz təşəbbüsü ilə) xitam verilmiş, işçinin əmək kitabçası və xitam üçün əsas olan işəgötürənin 19/K saylı, 22.02.2019-cu il tarixli əmri 22.02.2019-cu il tarixində İddiaçı1 şəxsən təhvil verilmişdir (qeyd kitabçasından çıxarış əlavədə təqdim olunur). İddiaçı1 son haqq-hesabını təşkil edən 539,14 azn məbləğində pul vəsaiti 22.02.2019-cu il tarixində iddiaçının "xxxx" ASCdə yerləşən əməkhaqqı hesabına köçürülmüşdür. İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı əmək müqaviləsinə 25.12.2019-cu il tarixində qanuncericiliyə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq) xitam verilmiş, işçinin əmək kitabçası və xitam üçün əsas olan işəgötürənin 115/K saylı, 25.12.2019-cu il tarixli əmri 25.12.2019-cu il tarixində İddiaçı2 şəxsən təhvil verilmişdir (qeyd kitabçasından çıxarış əlavədə təqdim olunur). İddiaçı1 son haqq-hesabını təşkil edən 464,21 azn məbləğində pul vəsaiti 25.12.2019-cu il tarixində iddiaçının "xxxx" ASCdə yerləşən əmək haqqı hesabına köçürülmüşdür. İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi Nizami Rayon Məhkəməsinə 08.04.2021-ci il tarixində daxil olmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərini ötürərək məhkəməyə müraciət etmişdirlər. Belə ki, İddiaçı1 22.02.2020-ci il tarixinə qədər, İddiaçı2 isə 25.12.2020-ci il tarixinə qədər mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, iddia müddətini ötürərək 08.04.2021-ci il tarixində məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə iddia tələblərinin iddia müddəti ötürüldüyü üçün tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddiaçıların işə giriş-çıxışda imzaladığı kitabçaları təqdim etməmişlər. Lakin onlar tərəfindən disk, həmçinin giriş-çıxışa dair kresosurətlər məhkəməyə təqdim edilmişdir. İddiaçılar elə gün olub ki, 12, 18 və 24 saat işləmişlər. Onlara gecə növbəsinə görə, əlavə iş saatlarına görə, bayram günlərinə görə haqq ödənilməmişdir. Həmçinin qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli qərarı rəsmi qaydada onlara təqdim edilməmişdir və onlar maraqlı şəxs kimi həmin qərardan da şikayət verə bilərlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 etiraz ərizəsinin və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli qərarı ilə 22 may 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh haqqında qərar ləğv edilmişdir. Belə ki, həmin məhkəmənin 16.06.2020-ci il tarixli qərarı ilə cəmiyyəti direkroru Mənsurov Mənsur İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Həmin qərar qəbul edilərkən Mənsurov Mənsurun iştirakı təmin edilməmiş və araşdırma aparılmamışdır. Hazırkı iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı tərəfin onlardan istədiyi sənədlərin isə saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinin və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı2 21.09.2016-cı il tarixindən 21.10.2016-ci il tarixinə kimi xidməti şöbənin, mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İşçiyə hər ay 220 manat məbləğində əmək haqqı ödənilir. - Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış 25.01.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, 21.09.2016-cı il tarixli əmək müqaviləsinə əlavə edilərək cəmiyyətin xidmət şöbəsinin mühafizəçisinə əmək haqqı 01.01.2019-cu il tarixdən ştat cədvəlinə əsasən 284 manat olmaqla ödənilməsi əmr edilmişdir. - Cavabdeh 25.12.2019-cu il tarixli 115K saylı əmrdən görünür ki, İddiaçı2 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 25.12.2019-cu il tarixdə xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış 21.09.2016-cı il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən 25.12.2019-cu il tarixdə xitam verilmişdir. - Cavabdeh ilə İddiaçı1 Sadeddin oğlu arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı1 Sadeddin oğlu 01.09.2008-ci il tarixindən xidməti şöbənin, mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İşçiyə hər ay 144 manat məbləğində əmək haqqı ödənilir. - Cavabdeh ilə İddiaçı1 Sadeddin oğlu arasında bağlanmış 01.04.2014-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, 01.08.2008-ci il tarixli əmək müqaviləsinə əlavə edilərək cəmiyyətin xidmət şöbəsinin mühafizəçisinə əmək haqqı cəmiyyətin 01.04.2014-cü il tarixli 48/K əmrinə əsasən 368 manat olmaqla artırılmışdır. - Cavabdeh 19/K saylı 22.02.2019-cu il tarixli əmrindən 28.04.2021-ci il tarixli çıxarından görünür ki, cəmiyyətin Xidmət Şöbəsinin Mühafizəçisi İddiaçı1 Sadeddin oğlu ilə bağlanan əmək müqaviləsinə 22.02.2019-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Son haqq-hesab: istifadə edilməyən 19 təqvim günü məzuniyyət günləri. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 01.09.2008-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən 22.02.2019-cu il tarixdə xitam verilmişdir. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 2016-cı ilin yanvar ayından dekabr ayına kimi işlədiyi günə görə əmək haqqı cədvəlindən görünür ki, ona 3542 manat əmək haqqı, 447,68 manat axşam saatlarına görə əlavə, yemək pulu üzrə 318,36 manat, 170,42 manat bayram günü haqqı, 153,61 manat xəstəlik vərəqəsi pulu, cəmi 4632,07 manat, vergilər çıxıldıqdan sonra 3775,387 manat hesbalanmışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 2017-ci ilin yanvar ayından dekabr ayına kimi işlədiyi günə görə əmək haqqı cədvəlindən görünür ki, ona 2985,4 manat əmək haqqı, 274,05 manat axşam saatlarına görə əlavə, yemək pulu üzrə 211,09 manat, 142,6 manat bayram günü haqqı, 579,62 manat məzuniyyət pulu, 4192,76 manat, vergilər çıxıldıqdan sonra 3539,8499 manat hesbalanmışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 2018-ci ilin yanvar ayından dekabr ayına kimi işlədiyi günə görə əmək haqqı cədvəlindən görünür ki, ona 2347,58 manat əmək haqqı, yemək pulu üzrə 275,41 manat, 100,84 manat bayram günü haqqı, 59,46 manat xəstəlik vərəqəsi pulu, 409,64 manat məzuniyyət pulu, işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulu 170,89 manat, cəmi 2954,18 manat, vergilər çıxıldıqdan sonra 2502,71 manat hesbalanmışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayına kimi işlədiyi günə görə əmək haqqı cədvəlindən görünür ki, ona 3584,06 manat əmək haqqı, axşam saatlarına görə 217,9 manat əmək haqqına əlavə, yemək pulu üzrə 222,71 manat, 214,66 manat bayram günü haqqı, 179,2 manat xəstəlik vərəqəsi pulu, 409,64 maant məzuniyyət pulu, işdən azad oalrkən istifadə etmədiyi məzuniyyət pulu 252,32 manat, 183,43 manat mükafat, cəmi 5263,21 manat, vergilər çıxıldıqdan sonra 4513,8452 manat hesbalanmışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı2 Tofiq oğlunun 2017-ci ilin yanvar-dekabr ayları üzrə işlədiyi günə görə əmək haqqı cədvəlindən görünür ki, ona 2366,84 manat əmək haqqı, yemək pulu üzrə 279,66 manat, 129,26 manat bayram günlərinə görə əlavə, 59,28 manat xəstəlik vərəqəsi pulu, 146,37 manat məzuniyyət pulu, cəmi 2981,41 manat, vergilər çıxıldıqdan sonra 2504,6259 manat hesbalanmışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı2 Tofiq oğlunun 2018-ci ilin yanvar-dekabr ayları üzrə işlədiyi günə görə əmək haqqı cədvəlindən görünür ki, ona 2347,58 manat əmək haqqı, ona 2347,58 manat əmək haqqı, yemək pulu üzrə 275,41 manat, 100,84 manat bayram günlərinə görə əlavə, 59,46 manat xəstəlik vərəqəsi pulu, 170,89 manat məzuniyyət pulu, cəmi 2954,18 manat, vergilər çıxıldıqdan sonra 2502,71 manat hesbalanmışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı2 Tofiq oğlunun 2019-cu ilin yanvar-dekabr ayları üzrə işlədiyi günə görə əmək haqqı cədvəlindən görünür ki, ona 3031,7 manat əmək haqqı, 161,42 manat əmək haqqına əlavə, 310,96 manat məzuniyyət pulu, 185,78 manat bayram günlərinə görə əlavə, 24,57 manat xəstəlik vərəqəsi pulu, 2254,12 manat mükafat, cəmi 6057,25 manat, vergilər çıxıldıqdan sonra 5591,69 manat hesbalanmışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmək kitabçalarının təhvil-təslim kitabından görünür ki, İddiaçı1 əmək kitabasını 22 fevral 2019-cu il tarixdə, İddiaçı2 Tofiq oğlu isə 25 dekabr 2019-cu il tarixdə təhvil almışdır. - Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı2 ünvanlanmış 20.12.2019-cu il tarixli 62 saylı müddətli əmək müqaviləsinə xiram verilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, 21.09.2016-cı il tarixində onunla Cavabdeh MMC arasında 1 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanmışdır. 21,22,23.12.2019-cu il tarixi qeyri- iş gününə təsadüf etdiyindən, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) 25.12.2019-cu il tarixdə xitam veriləcək, hesablanmış son haqq-hesab məbləği əmək haqqı hesabına köçürüləcəkdir. Ona verilmiş xidməti vəsiqə və xidməti uniformanı müəssisəyə təhvil verilməsi, Əmək kitabçanı təhvil almaq üçün həmin tarixdə cəmiyyətinin X2 yaxınlaşması xahiş edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin 09.06.2021-ci il tarixli **********3 saylı məktubundan görünür ki, X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən **********7 və **********0 saylı 28.02.2020-ci il tarixli məktublarla cavablandırıldığı Kənan Orucəliyev isə yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bundan əvvəl etdiyi müraciətinin araşdılmasının dayandırılmasını xahiş etdiyi məlum olmuşdur. Eyni zamanda “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş İddiaçı2 aid olan sənədlərdən, iş vaxtının uçotu tabelindən və ödəniş cədvəlindən İddiaçı2 iş günü hesab edilməyən bayram günləri işlədiyi lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq ona ikiqat əmək haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq İddiaçı2 əmək haqqısı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ödənilmədiyindən Cavabdeh MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-6/2021 saylı 14.04.2021-ci il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı1 01 sentyabr 2008-ci il tarixdə cəmiyyətdə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 22 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin təşəbbüsu) xitam verilmişdir. İddiaçı1 tərəfindən əmək kitabçası 22 fevral 2019cu il tarixdə təhvil alınmışdır. Digər İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı2 21.09.2016-cı il tarixdən cəmiyyətdə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 25 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (tərəflərin təşəbbüsu) xitam verilmişdir. İddiaçı2 tərəfindən əmək kitabçası 25 dekabr 2019cu il tarixdə təhvil alınmışdır. Hazırda iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 42299 AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, İddiaçı2 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 18729 AZN AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, eyni zamanda ödənilmiş olan 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehndə mühafizəçi vəzifəsində işə qəbul edilmiş və onlarla bağlanmış əmək müqaviləsi müvafiq olaraq 22.02.2019-cu il tarixdə işçinin ərizəsi əsasında və 25.12.2019-cu il tarixdə müqavilənin müddətinin qurtarması əsasında xitam verilmişdir.İddiaçılar əmək kitabçalarını əmək müqaviləsinə xitam verilən tarixdə almışlar. Hazırda isə onlar işlədikləri lakin onlara ödənilməmiş əmək haqlarını tələb etmişlər. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü və 4-cü hissələrinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İş materiallarına əlavə edilmiş Əmək kitabçalarının təhvil-təslim kitabından görünür ki, İddiaçı1 əmək kitabasını Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətindən 22 fevral 2019-cu il tarixdə, İddiaçı2 Tofiq oğlu isə 25 dekabr 2019-cu il tarixdə təhvil almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar maddi ziyab tələbi ilə 01 illik iddia müddətini ötürdükdən sonra, yəni 08.04.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqqlı olaraq “İddiaçı1 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMCdən maddi zərərin əvəzi olaraq 42299 AZN, İddiaçı2 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 18729 AZN pulun tutulması” hissəsində rədd edilmişdir. Məhkəmə iddia tələbinin “İddiaçı1 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, İddiaçı2 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçılar 5000 (beş min) manat mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsalar da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin cavabdeh “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən mənəvi ziyana görə 5000 manat, ümumilikdə 10000 manatın tutulması ilə bağlı hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı1 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 42299 AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, İddiaçı2 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 18729 AZN AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, eyni zamanda ödənilmiş olan 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı1 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 42299 AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, İddiaçı2 xeyrinə cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-dən maddi zərərin əvəzi olaraq 18729 AZN AZN və mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, eyni zamanda ödənilmiş olan 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar