Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2072/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən cavabdehlə bağladığı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edir. İstehlak etdiyi təbii qazın haqqını həmişə ödəmişdir. Bildirir ki, “Cavabdeh” İstehsalat Birliyinin laqeyd yanaşmasına görə qaz sayğacında olmayan 339 manat borcu yazıblar. Tərəfindən qaz idarəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Məlumat üçün bildirirəm ki, 27 yanvar 2021-ci il tarixində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən özünə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evində “İstismar müddəti bitdiyi” səbəbindən Mex tipli 66 markalı 28023327 nömrəli sayğacı yenisi ilə əvəz edilmişdir (27.01.2021 -ci il tarixli ******* nömrəli Akt). Qeyd edir ki, sözügedən sayğacın əvəzlənməsi onun iştirakı ilə həyata keçirilmişdir və sayğacda heç bir qüsur olmamışdır. Lakin sonradan həmin sayğac “Cavabdeh” X1 Departamentinə aparılmış və onun iştirakı olmadan MSK - 29/1710-00747-1 nömrəli akt tərtib edilərək ona 339 manat borc yazılmışdır. Qeyd edir ki, sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur. Heç bir ekran və gövdə hissələrində əzik, cızıq və deşik izləri aşkar olunmamışdır. Onun evinə quraşdırılmaş qaz sayğacı evimdən aralıda, küçədə örtüksüz quraşdırılmışdır. Onun sayğacının hər tərəfdən çəkdiyi şəkillərdən də görünür ki, sayğacının üzərində heç bir əzilmiş, zədələnmiş yer və yaxud digər nöqsan yoxdur. Sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur. Heç bir ekran və gövdə hissələrində əzik, cızıq və deşik izləri aşkar olunmamışdır. Digər tərəfdən, küçədə yol qırağında quraşdırılmış həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini, sayğacın qapağının kim tərəfindən əzildiyini o, bilə bilməz. Çünki, sayğac küçədə quraşdırılmış, sayğacın üstü örtülməmişdir, qutuda yerləşdirilməmişdir, mühafizəsiz vəziyyətdədir, yoldan keçən hər hansı pis niyyətli şəxs də sayğacına zərər vura və yaxud müdaxilə edə bilər. İşə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, onun tərəfindən sayğaca hər hansı bir müdaxilənin edilməsi, yaxud onun təqsirli hərəkəti və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi, habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi və yaxud tərəfindən sayğacdan, onun işləmə prinsipindən və s. anlayışı olan şəxsin tapılaraq, onun vasitəsi ilə sayğaca hər hansı bir müdaxilənin edilməsi barədə mötəbər sübutlar və təkzib olunmaz faktlar yoxdur. Buna görə də ondan əlavə pul vəsaitinin tələb edilməsinin hüquqi əsası yoxdur. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 18 mart 2021-ci il tarixli MSK - 29/1710-00747-1 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 339 manat məbləğində borcun əsassız sayılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ərizəsində göstərdiyi “akt əsasında hesablanmış borc məbləğinin “339 manat” əvəzinə “320 manat 50 qəpik” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında olan sayğacın istismar müddəti bitdiyi üçün 27 yanvar 2021-ci il tarixdə tərəflərindən yeni sayğacla əvəz edilmişdir. Köhnə sayğac laboratoriyada yoxlanılarkən plasmas borunun deşilməsi müəyyən olunmuş, bundan sonra akt tərtib olunaraq itirilmiş sərfiyyata görə borc yazılmışdır. Sayğac sökülərkən həmin sayğacın daxili hissəsinə müdaxilənin olubolmamasını yerində müəyyən etmək olmur, bunu yalnız laboratoriya şəraitində müəyyən etmək mümkündür. Həmin gün ətrafda bir neçə sayğac dəyişdirilib və hamısı üçün bir akt tərtib edilmişdir. Sayğac evdən kənarda quraşdırılmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmənin əvvəlki iclasında iştirak etmiş nümayəndənin izahatını təsdiq edib, əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus sayğac əməkdaşlar tərəfindən sökülərkən plombu üzərində olmuşdur. Təqdim edilmiş abonentin saldosuna əsasən iddiaçının borcu 2021-ci ilin may ayına 320,5 manat təşkil edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, 8-ci kilometr, ev 5 xüsusi mülkiyyət hüququ üzrə 13 may 2020-ci il tarixli ¼ hissədə payı müəyyən edilməklə İddiaçı adına qeydiyyata alınmışdır; - “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş 27 yanvar 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Şərifli döngəsi, 5 ünvanına quraşdırılmış qaz sayğacı istismar müddətini bitdiyinə görə dəyişdirilmişdir; - “Cavabdeh” İstehsalat Birliyinin MSK-29/1710-00747-1 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında 01 mart 2021-ci il tarixdə aparılmış yoxlama zamanı Nizami rayonunda yerləşən 1005AQ**********5 zavod nömrəli qaz sayğacının sayğacının çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, akt tərtib edilmişdir; - Abonentin saldosundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 5 saylı evin 1 saylı mənzilində İddiaçı adlı abonentə 27 yanvar 2021-ci il tarixdə Elster G-4T DİAFRAQMA markalı, 28023327 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00010-dur. Abonentə 320,5 manat borc hesablanmışdır; Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş 27 yanvar 2021-ci il tarixli akta əsasən İddiaçı məxsus ünvan 3 ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bundan başqa, İBnin MSK-29/1710-00747-1 saylı aktına əsasən məişət qaz sayğaclarının yoxlanması laboratoriyasında 01 mart 2021-ci il tarixdə aparılmış yoxlaması zamanı Nizami rayonunda yerləşən 1005AQ**********5 zavod nömrəli qaz sayğacının sayğacının çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, akt tərtib edilmişdir. İddiaçıya qaz sərfiyyatına görə borc kimi 320,5 manat hesablanmışdır. Hazırda iddiaçı həmin aktın ləğv edilməsi və borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir; 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün, cavabdeh isə hesablamanın hansı qaydada aparıldığını, borcun hansı meyarlarla aparıldığını göstərmədiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 18 mart 2021-ci il tarixli, MSK-29/1710-00747-1 nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 320,5 (üç yüz iyirmi manat 50 qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 18 mart 2021-ci il tarixli, MSK-29/1710-00747-1 nömrəli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 320,5 (üç yüz iyirmi manat 50 qəpik) manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2072/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2072/2021
09.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver