Məhkəmə qərarları › İş №2(007)-208/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-208/2023

20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-208/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilə Cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 1250 manat, mənəvi ziyana görə 500 manat, qiymətləndirmə rəyi üçün ödənilmiş 100 manat və 39 manat məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1889 manat vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil ona məxsusdur. Cavabdeh onunla eyni binada yaşayır və onun üst qonşusudur. Cavabdeh tərəfindən onun mənzilinə xx.xx.2022-ci il tarixdə su sızması baş vermişdir. Su sızması zamanı mənzilin tavanı, divar kağızları və döşəməsi zədələnmiş və yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində onun mənzilinə maddi ziyan dəymiş və təmirə ehtiyac yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq onun tərəfindən ziyanın aradan qaldırılması üçün heç bir addım atılmamışdır. Məzilinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC Qiymətləndirmə Mərkəzinə müraciət etmiş və müraciəti əsasında mənzilinə mütəxəssis tərəfindən baxış keçirilmişdir. Həmin qiymətləndirmə Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş UNİ/A 15-645/22 saylı qiymətləndirmə rəyinə əsasən, mənzilinə dəymiş ziyanın məbləği 1250 manat təşkil edir. Eyni zamanda mənzilinə dəymiş ziyanın müəyyən edilməsi üçün qiymətləndirmə işinin təşkilinə görə 100 manat və 39 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəyərək xərc çəkmişdir. Bundan başqa qeyd edir ki, məlum hadisə ilə bağlı çox əsəbləşdiyi üçün mənəvi iztirab keçirtmiş, buna görə də ona mənəvi ziyan vurulmuşdur. Vurulmuş mənəvi ziyanın məbləğini 500 manat miqdarda olmasını düşünür. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam olaraq ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, o, ekspert rəyi ilə razıdır. İddia tələbini qismən qəbul edir. İddia tələbinin mənəvi ziyanın və ekspertiza xərcinin ödənilməsi hissəsi ilə razı deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. - 142 saylı MKİS-in rəisi Quliyev F., mühəndisi Məmmədzadə.A., sahə nəzarətçisi Qurbanov.R tərəfindən tərtib edilmiş ondan ötrü ki, 142 saylı MKİS-in istismarında olan B.Nuriyev küçəsi, 40 saylı binanın 65 saylı mənzilinin sahibi İddiaçı tərəfindən daxil olan şikayət əsasında adı çəkilən ünvana tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı aşkar olunmuşdur ki, üst qonşusu, sahibi Cavabdeh olan 68-ci mənzildən, şikayətçi olan 65-ci mənzilə xeyli miqdarda su sızıntıları oİmuşdur. Nəticədə 65-ci mənzilin tavanına, divar kağızlarına, döşəməsinə ziyan dəymişdir. Həm 65-ci mənzilin sahibi həm də onlar tərəfindən şifahi və yazılı xəbərdalıqlar edilməsinə baxmayaraq nasazlıqların aradan qaldırılması üçün heç bir tədbir görülmür, problem də həll olunmamış qalır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/A 15-645/22 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 40 ünvanında yerləşən 65 saylı mənzilə su basması nəticəsində dəymişmaddi ziyanın məbləği 25 avqust 2022-ci il tarixinə 1250 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 317282 saylı kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dəymiş maddi ziyanın qiymətəndirilməsinə dair rəy üçün 100 manat ödəniş edilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 avqust 2023-cü il tarixli 10/2673 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 65 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 68 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 65 saylı mənzilin dəhliz, mətbəx, hamam, ayaqyolu və yaşayış otağı tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 40 saylı evin 65 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 68 saylı mənzildən su axıdılığı və nəticədə 68 saylı mənzilin dəhliz, mətbəx, hamam, ayaqyolu və yaşayış otağı tikililərinin konstruktiv elementlərinə (tavan, divar və s.) ziyan vurulduğu müəyyən olunmuşdur. Lakin, 68 saylı mənzilin sanitar qovşağı və mətbəx tikilisinin təmirli olduğu və üzərində hər hansı qüsurun olmadığı müəyyən edilmişdir. Bu səbəbdəndə 65 saylı mənzilə su sızmasının texniki səbəbini və su sızmasının hansı mənbədən olduğunu müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 40 saylı evin 65 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 783 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 40 saylı evin, 65 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 68 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Ekspert tərəfindən keçirilən baxış zamanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 40 saylı evin, 65 saylı mənzilinə suyun yuxarı hissədə yerləşən 68 saylı mənzildən sızması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 1250 manat kimi göstərmiş, 08 avqust 2023cü il tarixli 10/2673 saylı ekspertiza rəyi ilə isə həmin məbləğ 783 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf ekspert rəyinə etiraz etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərə görə 783 manat pulun tutulmaqla qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir. Belə ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, iddiaçı öz yaşayış sahəsində yaranmış zədələrin aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh vurulmuş ziyanı aradan qaldırmamışdır. Belə olan halda məhkəmə, hesab edir ki, iddia tələbi “məvəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaitinin tutulması” hissəsində qismən təmin edilməli iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 200 manatın alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 783 manat maddi ziyan və mənəvi zərərə görə 200 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir (məhkəmə qeyd edir ki, hazırda ümumilikdə 1750 manat tələbə münasibətdə 37,50 manat dövlət rüsumu ödənilməli idi). İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun 21,06 manat cavabdehə, 16,44 manatı iddiçıya aid edilməlidir. Bundan əlavə, işdə olan 08 avqust 2023-cü il tarixli 10/6027 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 28,08 manatı Cavabdeh, 21,92 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, iş materiallarına olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 317282 saylı kassa mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən dəymiş maddi ziaynın qiymətləndirilməsinə dair rəy üçün 100 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyi üçün ödənilmiş 100 manat məbləğində pul cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyan görə 783 manat, mənəvi zərərə görə 200 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 21,06 manat və “dəymiş maddi ziyanın müəyyən edilməsi barədə” mütəxəssis rəyinin tərtibi üçün ödənilmiş pulun əvəzi kimi 100 manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 16,44 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 28,08 Cavabdeh, 21,92 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar