Məhkəmə qərarları › İş №2(007)-2098/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2098/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2098/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçılar X1 və İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci ildə 700 manat və sentyabr ayının 26-da 500 manat, olmaqla uşaq evinə qapı və pilləkən düzəltmək məqsədilə usta kimi tanıdıqları Cavabdeh cəmi 1200 manat məbləğində pul verilib. Cavabdeh isə heç bir işi görməyib, yalan vədlər verərək bu gün, sabah işi görəcəyini bildirib. Daha sonra isə ödənilmiş məbləğdən 300 manatı qaytarıb, qalan məbləğ isə qaytaracağını bildirsə də, bugünədək 900 manat geri qaytarılmayıb. Xətai RPİ-nin 34-cü polis şöbəsinin təhqiqatçısı polis kapitanı Aqşin Abdullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında görünür ki, məsələ mülki xarakterli olduğuna görə cinayət işinin başlanması rədd edilib. Cavabdeh verdiyi izahatında işi gecikdirdiyini və qısa müddətdə icra edəcəyini bildirib.

3. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X1 iddiaçılar siyahısından çıxarılmışdır.

İş materialları:

4. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, 416973******4701 nömrəli kartdan 416973******6804 nömrəli karta xx.xx.2023-cü ildə 500 manat və xx.xx.2023-cü ildə 700 manat məbləğində pul köçürülmüşdür.

5. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilələrə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması rədd edilmişdir.

6. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini qeyd etmiş və bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. 900 manat pulu və 30 manat dövlət rüsumu iddiaçıya qaytarmağa razıdır. Etirafın nəticələri ona aydındır.

Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

İşin faktiki halı:

12. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdeh tərəfindən uşaq evinə qapı və pilləkənlar düzəldilməsi üçün 1200 manat ödəniş etmiş, cavabdeh isə göstərilən xidməti icra etməmiş və iddiaçıdan almış olduğu məbləğdən 300 manatı geri qaytarmasına baxmayaraq, 900 manatı iddiaçıya qaytarmamışdır. Bu səbəbdən də, iddiaçı 900 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

14. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

Nəticə:

15. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 900 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

16. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

18. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 900 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar