Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2112/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh Suleimanova Shakhbaz, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Suleimanova Shakhbaza qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Suleimanova Shakhbaza qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının yazılı razılığı ilə X8 əsl İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət yaşayış sahəsi atası X4 xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzildə qardaşı Şahid və atasının sonradan evləndiyi həyat yoldaşı cavabdeh Suleimanova Shakhbaz yaşamışdır. Atası xəstə olduğu üçün Suleimanova Shakhbaz yaşadıqları mənzili satıb şəhərdən kənarda ona və qardaşı Şahidə ayrı-ayrı mənzil alacağını bildirmişdir. Qardaşı 1-ci qrup əlil olduğu və əlil arabasından istifadə etməklə hərəkət etdiyi üçün həmin məsələni cavabdehə həvalə etmişdir. Cavabdeh 19 yanvar 2022-ci il tarixdə atasından öz adına etibarnamə alaraq, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 19 yanvar 2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə mənzili 78.000 manata X9 adlı şəxsə atasının adından satmışdır. Mənzil satılandan bir neçə gün sonra atası vəfat etmişdir. Atasının 3 vərəsəsi vardır. Lakin cavabdeh həmin vəsaiti aralarında 3 yerə bölmək əvəzinə özünə 39.000 manat götürərək əlavə 13.000 manatı könüllü olaraq ona vermək istəmir. O, dəfələrlə cavabdehə bildirmişdir ki, hər birinə 26.000 manat verilməlidir. Cavabdeh isə qardaşının əlil olmasından istifadə edərək onları aldatmış və Gürcüstan Respublikasına getmək istəyir. Ona görə də qardaşı Nizami Rayon Polis İdarəsinin rəisinə ərizə ilə müraciət edərək, onun hazırki vəziyyətini nəzərə alıb həmin vəsaitin onlara ödənilməsini təmin etməyi xahiş etmişdir. Lakin ərizədə göstərilən halları araşdıraraq qardaşına AR CPM-də nəzərdə tutulmuş qaydada qərarla cavab vermək əvəzinə, ərizə sahə müvəkkilinə göndərilmiş, sonuncu isə qeyd olunan məsələ ilə əlaqədar təhqiqat aparmaq səlahiyyəti olmadığından, Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi 19725 saylı 02 mart 2022-ci il tarixli məktubla cavab vermişdir. Ərizədə göstərilənlərə dair araşdırma aparmadan cavab verildiyinə görə qardaşı rayon prokuroruna şikayət etmiş və oradan 167 Ş-22 saylı 28 mart 2022-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda göstərilmişdir ki, Suleimanova Shakhbaz tərəfindən mənzil 78.000 manata satılaraq həmin məbləğ onun və qardaşının arasında bölünməmiş, Suleimanova Shakhbaz özünə 39.000 manat götürərək ona çatacaq 13.000 manatı verməmişdir. Həmin müraciətdə göstərilənlər mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi, cavabdeh araşdırma zamanı izahatında mənzili 78.000 manata sataraq 39.000 manatı götürdüyünü etiraf etmişdir. Belə vəziyyətdə cavabdeh ona çatacaq 13.000 manatı qaytarmalıdır. Buna görə də atasının mülkiyyətində olan mənzili etibarnaməyə əsasən 78.000 manata sataraq həmin məbləği vərəsələr arasında müştərək qaydada bölmədiyinə görə 13.000 manat pulun və 210 manat dövlət rüsumunun cavabdeh Suleimanova Shakhbazdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Suleimanova Shakhbazın vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz vermişdir və iddia ərizəsində qeyd olunanlar tamamilə yalan və cəfəngiyyat olduğunu bildirmişdir. Belə ki, həmin mənzilin satılmasını təkid edən iddiaçı və qardaşı olmuşdur. Onlar həmin mənzilin satılmasını istəmiş və mənzilin satılmasından əldə olunan vəsaitin 39.000 (otuz doqquz min) manatını o yox iddiaçının qardaşı özü götürmüşdür. Lakin nədənsə o, iddia ərizəsində bununla bağlı heç nə qeyd etməmişdir. Halbuki alqısatqı prosesində iddiaçının qardaşı şəxsən iştirak etmiş, alqı-satqıya razılıq vermiş, həmçinin etibarnamə üzrə təmsil etdiyi iddiaçının adından da razılıq ərizəsini imzalamışdır. Bundan sonra 78.000 (yetmiş səkkiz min) manata satılmış vəsaitdən 39.000 (otuz doqquz min) manatını iddiaçının qardaşı götürmüşdür. Beləliklə, ümumi vəsaitdən 78.000 (yetmiş səkkiz min) manatdan 1000 (bir min) manat əmlak agentinə verilmiş, yerdə qalan 77.000 (yetmiş yeddi min) manatdan 39.000 (otuz doqquz min) manatını iddiaçının qardaşı, yerdə qalan vəsaiti, yəni 38.000 (otuz səkkiz min) manatı isə o, mənzilin mülkiyyətçisinə təqdim etmək üçün götürmüşdür. Göründüyü kimi, mənzilin alqı-satqısı zamanı mülkiyyətin sahibi həyatda olmuş, həmin prosesdə özünü təmsil etmək üçün səlahiyyətlərini ona həvalə etmiş, alqı-satqı prosesində iddiaçının qardaşı özü şəxsən iştirak etmiş, etibarnamə əsasında iddiaçı Nahidəni təmsil etmiş və hər ikisinin adından alqı-satqı müqaviləsinə razılıq vermiş, əldə edilən vəsaitin yarıdan çoxunu özü götürmüşdür. Qeyd edildiyi kimi, o, iddiaçıya və qardaşına şəhərdən kənarda ayrı-ayrı ev almaqla bağlı vəd vermiş olsaydı və bu iş iddiaçının qardaşının sağlamlıq vəziyyəti nəzərə alınıb ona həvalə edilmiş olsaydı onda reallıqda həmin vəsaitin hamısını da o, götürməli idi. Lakin göründüyü kimi belə bir razılıq və vəd olmadığından iddiaçının qardaşı özünə və iddiaçıya mülkiyyətçi ilə razılaşdırılmış qaydada onlara verilməsi nəzərdə tutulan pul vəsaitini götürmüşdür. Bununla bağlı qeyd edir ki, mərhum həyat yoldaşı X10 etibarnaməni ona etibar etdiyi üçün vermişdir. Çünki mərhumla hazırkı iddiaçı və qardaşının münasibətləri soyuq olmuşdur. Bu səbəbdən də evin satılmasında öz səlahiyyətini onlara yox, məhz ona etibar etmişdir. Bundan əlavə, alqı-satqı müqaviləsi heç də iddiaçının qeyd etdiyi kimi 19 yanvar 2022-ci il tarixdə deyil, 09 yanvar 2022-ci il tarixində olmuşdur. Hesab edir ki, iddiaçı bu tarixi qəsdən 19 yanvar olaraq qeyd etmişdir ki, sonradan yazdığı atası bir neçə gün sonra vəfat etmişdir ifadəsi reallığa oxşasın. Halbuki alqı-satqı müqaviləsi qeyd etdiyi kimi 09 yanvar 2022-ci il tarixdə olmuş, mülkiyyətçi isə 31 yanvar 2022-ci il tarixdə, yəni həmin tarixdən 22 gün sonra vəfat etmişdir. Göründüyü kimi alqı-satqıdan təqribən bir aya yaxın müddət keçmişdir. Həmin müddət ərzində iddiaçı bir dəfə də olsun hər hansı narazılığını bildirməmişdir. İddiaçının vərəsəliklə bağlı fikirləri isə anlaşılan deyil, mülkiyyətçinin sağlığında baş vermiş, özünün və bacısının razılığı ilə reallaşmış, həmçinin vəsaitin yarıdan çoxunun ona çatdığı bir prosesdə vərəsəliyin vurğulanması və vəsaitin bölgüsünün düzgün aparılmamasının qeyd edilməsi absurddur. İddiaçı nəzərə almır ki, həmin vaxtı mənzilin mülkiyyətçisi mərhum özü də həyatda olmuşdur. Onun öz mülkiyyəti üzərində müstəqil qərar vermək və buna müvafiq olaraq əmlakın satışından əldə edilmiş vəsaiti öz istəyinə uyğun olaraq bölmək və ya bölməmək imkanı və səlahiyyəti olmuşdur. Bundan əlavə, mərhum X4 onkoloji xəstəliyi olmuşdur. Həmin alqı-satqıdan əldə edilən və ona qalan vəsait onun dərmanlarına və müalicəsinə xərclənmişdir. X4 vəfatından sonra bütün dəfn xərcləri onun tərəfindən ödənilmişdir. İddiaçı mərhum atasının dəfnində və dəfn xərclərinin çəkilməsində iştirak etməmişdir. Bütün bunlar bir daha sübut edir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat vermiş, əavə olaraq bildirdi ki, qardaşı evi satdığını və ev alması üçün ona da pul verəcəyini deyib o, da razılıq verib. Lakin onu aldadıb ev satıldıqdan sonra pul verməyib deyib sənin pulun analığındadır. Şahbazdan pul istəyəndə Şahidə 38000 manat verdiyini yəni ona çatası pul da Şahiddə olduğunu bildirib. Hər ikisi onu aldadıb ona pul çatmayıb ona görə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 20 iyul 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında izahat verən ilkin iddiaçı X8 izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən mənzil atasının sağlığında satılmışdır. Atası xəstə olduğundan analığı Suleimanova Shakhbaza etibarnamə vermişdir onun adından satmağa. Mənzil satıldıqdan sonra pul 3 yerə bölünməli idi atası ilə analığına, ona və bacısı Nahidəyə lakin, məzilin satışından əldə olunan 78000 manatdan ona 39000 manat verdilər bacısı Nahidəyə pul vermədilər. Nahidə də atasının vərəsəsi olduğundan cavabdeh ona da pul verməli olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh Suleimanova Shakhbaz və onun vəkili və nümayəndəsi Vəkil etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 24 saylı evin 15 saylı mənzilinin alqı-satqısına dair 09 yanvar 2022-ci il tarixli 4Ə-42 reyestr nömrəli notariat işindəki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* №-li, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 X4 xüsusi mülkiyyətindədir. - AN-№ ******* saylı, 09 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 (adından Suleimanova Shakhbaz) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,7 kv.m, yaşayış sahəsi 45,87 kv.m, yardımçı sahəsi 13,83 kv.m olan 3 otaqlı mənzili 77.000 manata X2. - AR-İİ 563129 №-li 09 yanvar 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 ünvan 1 ünvanında yerləşən mənzili idarə etməyi, üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq və s. və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Suleimanova Shakhbaza etibar etmişdir. - Vİİ-ЖГ seriyalı, 420706 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 06 mart 2001-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvad Süleymanova soyadını qəbul etmişdir. - Suleimanova Shakhbaz tərəfindən yazılmış 09 yanvar 2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, əri X7 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 24 ünvanında yerləşən 15 nömrəli mənzilin satılmasına etiraz etmir. - X8 tərəfindən yazılmış 09 yanvar 2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 24 ünvanında yerləşən 15 nömrəli mənzilin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. - İddiaçı tərəfindən yazılmış 19 oktyabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 24 ünvanında yerləşən 15 nömrəli mənzilin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İş materiallarında olan AZ-İİ seriyalı, 251026 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31 yanvar 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X10 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 24 ünvanında yerləşən 15 nömrəli mənzili 09 yanvar 2022-ci il tarixdə X3, müqavilə bağlandıqdan 22 gün sonra, yəni 31 yanvar 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İstinad olunan maddi hüquq normasının əsas dispozitiv şərtindən göründüyü kimi, əqdin etibarlı olması üçün əsas tərəflərin iradə ifadəsidir. İşin faktiki hallarından göründüyü kimi, Suleimanova Shakhbaz müqavilə azadlığı prinsipi çərçivəsində əri, mərhum X4 ona verdiyi etibarnamə əsasında hərəkət edərək, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 24 ünvanında yerləşən 15 nömrəli mənzil üzərində sərəncam verərək 09 yanvar 2022-ci il tarixdə AN-№ ******* saylı, alqı-satqı müqaviləsini bağlayarkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuş, alqı-satqı zamanı mənzildə qeydiyyatda olan X8 və İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə yazaraq mənzilin satılmasına etiraz etmədiklərini, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. İddia ərizəsində iddiaçı atasının 3 vərəsəsi olmasına istinad edib və mənzilin satışından əldə olunmuş vəsaitin vərəsələr arasında bölünməli olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə ki, iddiaçı atasının mülkiyyətində olan mənzili etibarnaməyə əsasən 78.000 manata sataraq həmin məbləği vərəsələr arasında müştərək qaydada bölmədiyinə görə cavabdeh Suleimanova Shakhbazdan 13.000 manat pulun tutularaq ona ödənilməsi iddia edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Lakin bu halla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur. Onun izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 24 ünvanında yerləşən 15 nömrəli mənzil X1 satılmışdır. Suleimanova Shakhbazın mənzilin satışından əldə edilmiş 77.000 manat pul vəsaitini X7 verməməsi, sonuncunun öldüyü günə 77.000 manat pul vəsaitinin ondan miras qalması, X5 və İddiaçı X4 vərəsələri kimi tanınmaları halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh Suleimanova Shakhbaza qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Suleimanova Shakhbaza qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2112/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2112/2022
10.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver