Məhkəmə qərarları › İş №2(007)-2136/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2136/2021

15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2136/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili-Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “kirayə haqqı ödənilməklə cavabdehin mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı köhnə yaşayış binasının sahə mülkiyyətçiləri olan cavabdehlər X3, X22, X6, X8 hüquq varisi X9, X12, X19, X20, X15, X21, Cavabdeh və X1 iddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni tikilən binada cavabdehlərin mülkiyyətlərindəki mənzillərin əvəzinə otaqlarının sayı eyni, lakin mənzillərinin hər birinin sahəsindən 30 faizədək artıq sahəsi olan mənzillər tikilib təhvil verilməklə, yeni yaşayış binası inşa etməsinə mane olan hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı gedişində İddiaçı MTK-nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X31, X16, Dzyuba (Raqozina) Yelena Borisovna və X27 ilə aralarında mənzillərini təhvil vermələri və həmin mənzillərin əvəzinə yeni mənzillər almaları barədə qarşılıqlı razılaşma əldə olunduğunu, cavabdehlər X14, X28, X29 və X10 ilə eyni qaydada qarşılıqlı razılaşma əldə olunmaqla bu barədə notarial qaydada müqavilələrin imzalandığını bildirirək, sonunculara qarşı iddia tələbinin həcmini azaltmış, o cümlədən cavabdehlər X4 hüquqi varisi X23, X8 hüquqi varisi X24, X26 və X17 aralarında barışıq sazişlərinin bağlandığını bildirərək, bağlanmış barışıq sazişlərinin təsdiq edilib həmin cavabdehlərə dair hissədə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 15 iyul 2021-ci il tarixli qərardadına əsasən, İddiaçı MTK ilə cavabdehlər X4 hüquqi varisi X23, X8 hüquqi varisi X24, X26 və X18 arasında bağlanmış barışıq sazişləri təsdiq edilmiş və 2(007)-2136/2021 saylı mülki iş üzrə icraata həmin cavabdehlərə dair hissədə xitam verilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh onun 52,5 kv.m təşkil edən 13 saylı mənzilinin sökülərək iddiaçının ünvan 1 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni 4 saylı yaşayış binasının 2-ci mərtəbəsində, sahəsi 102,9 kv.m təşkil edən üç otaqlı 1 saylı təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 300 manat kirayə haqqı ödənilməklə, Cavabdeh 13 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən, paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə, Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyası yaxınlığında keçən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. ünvan 2 ünvandakı 14 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. Həmin yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəldir, o, hər an uça və bədbəxt hadsələr törədə bilər. Bu barədə 11 fevral 2016-cı il tarixli akt tərtib edilib. İddiaçı MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. İddiaçı ünvan 1 ünvanında yerləşən binadakı yaşayış sahələrinin mülkiyyətçiləri olan cavabdehlərin hər birinə mövcud mənzilinin əvəzinə həmin ünvanda yeni tikilən binada otaqlarının sayı eyni, lakin 30 faiz artıq sahəsi olan yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Belə ki, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 2 ünvanında yerləşən yaşayış binasında 13 saylı mənzilin mülkiyyətçisi Cavabdeh yeni tikilən binada otaqlarının sayı eyni, lakin mənzillərinin sahəsindən 30 faizədək artıq sahəsi olan mənzillər təklif olunub. 2 saylı köhnə yararsız binanın 14 sakinindən 13-ü ilə razılıq əldə olunsa da yalnız Cavabdeh ilə razılıq əldə etmək mümkün olmayıb. Cavabdeh əsassız varlanmaq və İddiaçı MTK-ya bilərəkdən ziyan vurmaq məqsədilə 52,5 kv.m. təşkil edən mənzilinin əvəzinə 200 kv.m. sahəsi olan mənzil tələb edir. Yeni binanın tikintisinə başlamağa imkan vermir, qalan 13 ailənin yeni mənzillərlə təmin olunmasına maneçilik törədir. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamın icrası və tikinti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olub. Buna görə də, Cavabdeh onun 52,5 kv.m təşkil edən 13 saylı mənzilinin sökülərək iddiaçının ünvan 4 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni 4 saylı yaşayış binasının 2-ci mərtəbəsində sahəsi 102,9 kv.m təşkil edən üç otaqlı 1 saylı təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 300 manat kirayə haqqı ödənilməklə, Cavabdeh 13 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, MTK-nın əməkdaşları cavabdehin mənzilinə daxil ola bilmədikləri üçün binanın 1-ci mərtəbəsində yerləşən mənzilin sahəsinə uyğun olaraq hesablama aparıb, təklif vermişlər. Bundan əlavə, cavabdehin barışıq bağlanması üçün göstərdiyi şərtləri nəzərə alaraq onun təklifi ilə razı olmadıqlarını bildirir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahatında göstərdi ki, müəyyən müddət ərzində məhkəmə prosesi davam etməsinə baxmayaraq, iddiaçı tərəfindən ona hər hansı razılıq təklifi olunmamışdır. Belə ki, iddianın predmetini təşkil edən mənzil Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına qeydə alınmışdır. İddiaçının iddiasına görə onun mülkiyyətindəki mənzilin əvəzinə otaqlarının sayı eyni, lakin mənzilin hər sahəsindən 30 faizədək artıq sahəsi olan mənzillər tikilərək təhvil verilməklə yeni yaşayış binası inşa ediləcəkdir. Məhkəmə vasitəsilə o, iddiaçıya təklif edir ki, iddiaçı tərəfindən ona yeni tikiləcək binada mənzilinin sahəsindən 30 faiz artıq sahəli mənzil verilsin. O, mənzil tikilib təhvil verilənədək iddiaçı tərəfindən ona müvəqqəti yaşayış sahəsi üçün veriləcək kirayə haqqından imtina edir, ona veriləcək mənzilin təmirli olmasından da imtina edir. İddiaçıdan kirayə haqqının və mənzilin təmirinə çəkiləcək xərclərin əvəzi olaraq, daha böyük sahəli mənzilin verilməsini tələb edir. Bundan əlavə, o, iddiaçıya məxsus şirkətdə cəmi bir dəfə özünü Famil kimi təqdim edən şəxslə görüşüb bu barədə danışmış, ona veriləcək kirayə və təmir pulunun əvəzinə iki ədəd iki otaqlı mənzilin verilməsini sonuncuya təklif etmiş və razılaşmışlar. Lakin sonradan ona cəmi bir ədəd 128 kv.m sahəli mənzil verə biləcəklərini bildirmişlər. Ona yekunda 9000 manat təmir pulu və 12000 manat kirayə pulu verməyi təklif etsələr də, o, iddiaçı tərəfə 9000 manat pul ilə mənzili təmir etdirməyin mümkün olmadığını bildirmiş, iddiaçı tərəf isə ona yalnız həmin məbləği verə biləcəklərini təkrarən bildirmişlər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyib, cavabdehin izahatında göstərdiklərini təsdiq etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəf cavabdehin mənzilinə baxış keçirmədən ona mənzildən çıxmasını bildirir, həmçinin heç bir səlahiyyətli şəxs onunla görüşməyib. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 051150 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsindəki 2 saylı yaşayış evinin 13 saylı mənzili tam pay üzrə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 22 noyabr 1996-cı il tarixdə qeydiyyat aparılmışdır; -Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 04 mart 2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır; -ünvan 1 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 11 fevral 2016-cı il tarixli aktın surətindən görünür ki, sözügedən ünvanda komissiyanın iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, bina 1950-ci ildə inşa olunmuşdur, 2 mərtəbəlidir, binada 14 mənzil mövcuddur. Binanın bünövrəsi dəmir-beton lentvaridir, divarlarda bəzi hissələrdə çatlar var, pilləkən qəfəsinin yükdaşıyıcı konstruksiyalarında aşınmalar var, karniz elementləri qəzalı vəziyyətdədir, dam örtüyünün texniki vəziyyəti qeyri-qənaətbəxşdir, binanın istismar müddəti bitib, şəhərsalma və tikinti normalarına cavab vermir; -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10/İ-1425 nömrəli iş üzrə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 14/86 nömrəli ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsində yerləşən 3,4771 hektar sahə yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş ayrıc aktı) İddiaçı Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 X5 Ekspertiza Baş İdarəsinin 11 yanvar 2021-ci il tarixli, 30754 saylı rəyindən görünür ki, ekspertlər İddiaçı MTK üçün ayrılmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış binaları üzrə tikinti layihələri ilə razı olduqları barədə rəy vermişlər. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Cavabdeh mülkiyyətindəki ünvan 1 saylı evin 13 saylı mənzilinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. Bundan sonra, ünvan 1 ünvanında yerləşən yaşayış evinə komissiyanın iştirakı ilə keçirilmiş baxış zamanı binanın divarlarında bəzi hissələrdə çatların olması, pilləkən qəfəsinin yükdaşıyıcı konstruksiyalarında aşınmaların olması, karniz elementlərinin, binanın dam örtüyünün texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, o cümlədən binanın istismar müddətinin bitməsi, şəhərsalma və tikinti normalarına cavab vermədiyi müəyyən edilmişdir. Bundan sonra, İddiaçı MTK-nın müraciətinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 X5 Ekspertiza Baş İdarəsinin 11 yanvar 2021-ci il tarixli, 30754 saylı rəyi ilə, ekspertlər İddiaçı MTK üçün ayrılmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış binaları üzrə tikinti layihələri ilə razı olmaları barədə rəy vermişlər. Bundan sonra İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli, 161 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, Cavabdeh iddiaçı ilə razılığa gələ bilməmişdir. Hazırda iddiaçı, cavabdehə onun 52,5 kv.m təşkil edən 13 saylı mənzilinin sökülərək ünvan 1 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni 4 saylı yaşayış binasının 2-ci mərtəbəsində, sahəsi 102,9 kv.m təşkil edən üç otaqlı 1 saylı təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 300 manat kirayə haqqı ödənilməklə, cavabdehin 13 saylı mənzilindən çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı cavabdehə onun 52,5 kv.m təşkil edən 13 saylı mənzilinin sökülərək ünvan 1 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni 4 saylı yaşayış binasının 2-ci mərtəbəsində, sahəsi 102,9 kv.m təşkil edən üç otaqlı 1 saylı təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 300 manat kirayə haqqı ödənilməklə, cavabdehin 13 saylı mənzilindən çıxarılmasını bildirməklə faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi 1950-ci ildə inşa olunmuş ünvan 1 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehin ünvan 1 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh ünvan 1 saylı evin 13 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X13 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan şəhərsalma və tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdeh üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X32 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai maraga” uygun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıgı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 1 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 nömrəli yaşayış binasında yerləşən, Cavabdeh məxsus 52,5 kv.m sahəsi olan 13 nömrəli mənzil sökülməli, həmin mənzilin əvəzinə Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi 4 nömrəli yaşayış binasının 2-ci mərtəbəsində, sahəsi 102,9 kv.m təşkil edən üç otaqlı 1 nömrəli təmirli mənzil verilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 300 manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 1 nömrəli yaşayış binasının 13 nömrəli mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 nömrəli yaşayış binasında yerləşən, Cavabdeh məxsus 52,5 kv.m sahəsi olan 13 nömrəli mənzil sökülsün, həmin mənzilin əvəzinə Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi 4 nömrəli yaşayış binasının 2-ci mərtəbəsində, sahəsi 102,9 kv.m təşkil edən üç otaqlı 1 nömrəli təmirli mənzil verilsin. Yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 300 manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə ünvan 1 nömrəli yaşayış binasının 13 nömrəli mənzilindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar