Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2169/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X8 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh “X8 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı cavabdeh “X8 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X8 Mərkəzi" MMC-dən ona vurulmuş maddi ziyana görə 360 manat, mənəvi ziyana görə 2000 manat məbləğin, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə “X8 Mərkəzi" MMC-yə e380498/2024-16-21-002 saylı məktubla övladlarının psixoloji reabilitasiyasında köməklik göstərilməsi üçün icra sənədi göndərilib. Ata olaraq əsas maraqlı tərəf kimi qeyd edilən Psixoloji Mərəkəzə yaxınlaşıb, müəssisə rəhbəri X11 ilə görüş keçiriblər. Görüşdə övladları ilə uzun müddət süni maneələr səbəbindən görüşün çətinlikləri və ünsiyyətdə ciddi problemlər yaradıldığını, məktuba əlavə edilmiş ekspertlərdən ibarət Komissiyanın rəy və aktlarını müzakirə ediblər. Razılıq əldə edilib ki, növbəti gün uşaqlar dəvət olunsun və dərhal reabilitasiya xidmətinin təşkilinə başlanılsın. Lakin xx.xx.2025-ci il tarixdə övladları onun iştirakı olmadan dəvət edilib, onlarla konsultasiya keçirilib. Elə həmin gün bir neçə saat intervalında o da sonradan mərkəzə dəvət edilib. Proses ilə maraqlndığında onunla da konsultasiya (əvvəlki gün yarım saatlıq müzakirələri olduğu halda) keçirilməsi tələbi edilib. Qərara alınıb ki, növbəti gün artıq uşaqlardan biri də hansısa səbəbdən yenidən konsultasiyaya cəlb edilməlidir. Bu zaman o da nəticə ilə tanış olmaq məqsədi ilə gələcəyini bildirib və razılıq əldə edilib. Psixoloji mərkəzə yaxınlaşanda boşanmaqda olduğu arvadı və övladından birinin də qəbulda gözlədiyini görüb və daha sonra hər iki valideyn təkrar görüşə dəvət ediliblər. Görüşün konsultasiya adı altında keçirilməsini bildiyində (görüşdə yalnız məlumat almaq üşün iştirak etdiyini bildirsə də), heç omazsa nəticəni və övladlarının reabilitasiya işlərinin necə olacağını soruşmaq üçün mərkəzin rəhbəri Ramidə xanıma bir neşə sual verib. Lakin bu zaman elə bu görüşün də konsultasiya olduğunu vurğulayıb və söhbət zamanı nədənsə gərgin görünən psixoloqun daha aqressiv davranışı ilə üzləşib. Nikahın pozulması prosesinin çətin bir proses olduğunu, uşaqların son altı ay ərzində ciddi travmalar aldığını və valideynlərin artiq 1 ilə yaxın bir müddətdə ayrı yaşadıqları səbəbindən mövzunun yalnız uşaqlar olduğunu dəfələrlə xatırlatsa da, qeyd edəcəyi nəticələrdən başqa bir şey əldə edilməib. Onlara elə gəlib ki, müraciət mövzusu fərqli olsa da, sanki mübahisə ortamında iştirak edirlər. Təssüflə qeyd edir ki, keçirilən görüşlərin heç birinin konsultasiya formatında olmaması (məxfilik müqaviləsi olmadan) ilə yanaşı aşağıdakı səbəblər ciddi narazılıqlar doğurub: 1. Heç bir müqavilə bağlanmadan reabilitasiya prosesini müzakirə etmələri məqsədilə keçirilən görüşlər birbaşa "xxxx" (2 uşağın bir dəfə görüşü - 100 AZN, atanın ilk görüşü - 70 AZN, növbəti gün 1 uşağın təkrar görüşü - 50 AZN, həmin gün iki valideynlə adi bir görüşün 140 AZN) 360 AZN qiymətləndirilərək ardıcıl ödənişlər həyata keçirilib. Xidmətin ödənişli olması bir özəl sektor üçün anlaşılandır, lakin iki gün ərzində ata və eyni uşağın təkrar olaraq ödənişli görüşü və eyni saatda iki valideynin məhz uşaqların reabilitasiyası üçün maraqlanmasına görə gəldiyi halda görüşünün təkrar və iki qat ödənişlərlə keçirilməsi anlaşılan deyil; 2. İcra Probasiya şöbəsində həyata keçirilən rəsmi Komissiya qərarında və əlavə edilmiş aktlarda və eləcə də Qəyyumluq komissiyasının gəldiyi eyni nəticədə “uşaqların psixoloji vəziyyətlərinin qənaətbəxş olmaması, onların müalicə və reabilitasiyaya ehtiyacı olduğu və mərkəzdən yalnız reabilitasiya xidmətinin həyata keçirilməsi” tələb edilsə də, 3 gün ərzində heç bir faydası olmayan görüşləri "xxxx" adı altında icra edərək tələb olunan xidmətə nail olunmayıb; 3. Müəssisə rəhbəri ilə keçirilən görüşlərdə peşəkar davranış, müvafiq psixoloji dəstək əvəzinə yalnız aqressiv, təhdid edici cavablar alıb və nədənsə Dövlət qurumlarının təşkil etdiyi və uşaqlarda aşkara çıxarılmış psixoloji narahatlıqlar, travmalar, müvafiq Komissiya iclasları zamanı təyin edilmiş uzun müddət ərzində psixoloji təzyiqlərin olması və gəlinən nəticələr birmənalı olaraq rədd edib; 4. Görüşlər zamanı Ramidə Oktay qızı valideyn kimi reabilitasiya üçün qrafiklərin və köməkliyin nədən ibarət olacağı suallarına cavabı onu təhdid edərək “istəsəm sizi görüş otağımda olan kamera görüntüləri ilə psixoloji müayinəyə göndərərəm" deməsi peşəkarlıqdan uzaq olan ifadələri də şübhəli olub; 5. Bir psixoloqun hazırki boşanma prosesindən məlum olduğu kimi keçən 11 ay ərzində uşaqların atadan gizlədilərək ananın yanında saxlanması, ata ilə sərbəst ünsiyyətə bilərəkdən mane törədilməsi, uşaqlara göstərilən təzyiqlər və psixoloji təsirlər olduğuna dair aşkar dəlillərin olması və rəsmi qurumlardan bildirilən "ata ilə ünsiyyətə" mane olan anaya məhkəmə tərəfindən qoyulan qadağanı əks etdirən qərar olduğu halda uşaqlara tələb olunan psixoloji reabilitasiya göstərərək travmaları aradan qaldırmaq məqsədi olduğu halda, səhv yanaşma nümayiş etdirərək nəticəsiz olan və yüksək ödənişlər əsasında göstərilən bu münasibət hesab edir ki, nəinki Tibbi etiket baxımından qəbul edilməzdir və həmçinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir; 6. Sonda bir valideyn kimi onları narahat edən müraciətin əsas mahiyyəti olan uşaqların reabilitasiyasının aqibəti ilə maraqlandıqlarında müəssisə rəhbəri tərəfindən bir peşəkar mütəxəssis kimi deyil, emosiyalarını idarə edə bilməyəcək şəkildə “sizə rəy bildiriləcək və əgər istəsəm öncə sizin haqqınızda reabilitasiya üçün rəy verəcəyəm" deyə bildirilib; 7. Müəssisə rəhbərinin psixoloq kimi reabilitasiyaya hazırlıq adı altında keçirdiyi görüşlər bir vətəndaş kimi ona maddi zərər verməklə yanaşı, son 3 ay ərzində çəkilən zəhmətləri ki, övladlarının travmalar alaraq reabilitasiyasını geri salmasına və ciddi mənəvi sarsıntıya səbəb olub.
Cavabdehin etirazı və ona dəlilləri:
3. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ilə razılaşmır və cavab olaraq etiraz edir. İddianın əsassız və hüquqi əsaslardan məhrum olduğunu aşağıdakı səbəblərlə əsaslandırır: Mülki Prosessual Məcəlləyə zidd olaraq vicdansızcasına iddia irəli sürülüb. İcra sənədi dövlət qurumu tərəfindən qəbul edilib. Maddi ziyan yoxdur. Ziyan o zaman olur ki, pul ödənilsin, xidmət göstərilməsin. Konsensual (şifahi) müqavilə bağlanılıb, razılaşıb (mədaxil çeki verilib). Mənəvi ziyan yoxdur sübut olunmayıb. İddiaçının suallarına cavablar təqdim olunmuş, şəkil, sübutlar mövcuddur. Məhkəmdən İddiaçı qaldırdığı maddi və mənəvi ziyan iddiasının rədd edilməsi xahiş edilmişdir.
İş materialları:
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək ərizəçi İddiaçı uşaqları 04 iyul 2010-cu il təvəllüdlü X9 və 14 oktyabr 2013-cü il təvəllüdlü X15 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına törədilən maneələrin X4 qadağan edilmişdir.
5. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Şahid1, borclu Məlahət Yəhyazadə, tələbkar İddiaçının iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə bağlı şöbənin inzibati binasında uşaqlarla ünsiyyət həyata keçirilib. Uşaqla ünsiyyət zamanı Lütfiyyə Yəhyazadə atası ilə görüşdən imtina edib, lakin Əli Yəhyazadə fikrini aydın ifadə etməyib.
6. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Şahid1, borclu Məlahət Yəhyazadə, tələbkar İddiaçının iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə bağlı şöbənin inzibati binasında uşaqlarla ünsiyyət həyata keçirilib. Uşaqla ünsiyyət zamanı uşaqlar ataları ilə görüşdən imtina edib, bu səbəbdən psixoloqun dəvət olunamsı zərurəti yaranıb.
7. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Şahid1, borclu Məlahət Yəhyazadə, tələbkar İddiaçı, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahid3, Nəsimi rayon 12 saylı uşaq poliklinikasının pedoqoq psixoloqu Şahid2 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı şöbənin inzibati binasında uşaqlarla mütəxəssislər söhbət edib. Mütəxəssis Şahid3 bildirdiyi fikri ondan ibarət olub ki, uşaqlar ana və yaşadıqları mühitin təsiri və təzyiqi altındadır. Onları bu vəziyyətdən çıxartmaq üçün bir mənalı olaraq, ayrı-ayrılıqda psixoloq müayinəsindən və müaliəcəsindən keçmələri tövsiyyə olunduğu qeyd edib. Mütəxəssis uşaq pedoqoq-psixoloqu Şahid2 bildirib ki, bəzi hallarda uşaqlara yönəltmə olduğunu təsbit ediblər (ana tərəfdən). Bəzi faktlarda (qısa söhbət zamanı) uşaq X20 ailələr arasında olan münaqişədə yönləndirilmiş olduğu aşkara çıxıb. Daha öncə atanın uşağın xalasını vurduğu faktı təsbit olunub. Bununla belə nəticə çıxır ki, başqa hallarda da uşaqların söylədiyi fikirlərin kiminsə diqtəsi ilə olduğu halı mümkündür. Uşaqların pedoqoq-psixoloq tərəfindən qiymətləndirilməsi və onların reabilitasiyasını tövsiyyə edir.
8. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı xx.xx.2024cü il tarixli icra vərəqəsi üzrə 04 iyul 2010-cu il təvəllüdlü X9 və 14 oktyabr 2013-cü il təvəllüdlü X12 psixoloji reabilitasiyasında köməklik göstərilməsi üçün icra sənədi “X8 Mərkəzi" MMC-yə göndərilmişdir.
9. xx.xx.2025-ci il tarixli 770557 saylı Mədaxil qəbzinin kötüyündən görünür ki, 1 seans üçün “X8 Mərkəzi" MMC-nin hesabına 70 manat pul ödənilmişdir.
10. xx.xx.2025-ci il tarixli 770553 saylı Mədaxil qəbzinin kötüyündən görünür ki, 2 seans üçün “X8 Mərkəzi" MMC-nin hesabına ümumilikdə 100 manat pul ödənilmişdir.
11. xx.xx.2025-ci il tarixli 770583 saylı Mədaxil qəbzinin kötüyündən görünür ki, 1 seans üçün “X8 Mərkəzi" MMC-nin hesabına 70 manat pul ödənilmişdir.
12. xx.xx.2025-ci il tarixli 770584 saylı Mədaxil qəbzinin kötüyündən görünür ki, 1 seans üçün “X8 Mərkəzi" MMC-nin hesabına 50 manat pul ödənilmişdir.
13. xx.xx.2025-ci il tarixli 770558 saylı Mədaxil qəbzinin kötüyündən görünür ki, 1 seans üçün “X8 Mərkəzi" MMC-nin hesabına 70 manat pul ödənilmişdir.
14. “X8 Mərkəzi" MMC tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, uşaqlar X9 və X3 olaraq psixoloji seanslarda iştirakları məsləhətlidir. Bu onların doğru qərar verməsinə heç bir maneə törətmir. Hər ikisi reaksiyalara tam adekvatdır.
15. “X8 Mərkəzi" MMC tərəfindən Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 1 saylı məktubdan görünür ki, “X6 Mərkəzi”ndə 04 iyun 2010-cu il təvəllüdlü X9 və 14 oktyabr 2013-cü il təvəllüdlü X12 valideyni, X2 müraciəti əsasında, övladlarının Psixoloji seanslara cəlb olunmasını təmin ediblər. Həftədə 1 (bir) dəfə olmaqla (hər seans 1 saat) davam etdirilir. Psixoloji seanslar, hazırkı məktubun verildiyi gün daxil olmaqla, davam etdirilir. Uşaqların hər seans sonrası, anası X4 uşaqlarla aparılan işlər haqqında məlumat verilir. Bundan sonrada, psixoiojı seansların davam etdirilməsi nəzərdə tutulub.
Tərəflərin izahatları:
16. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin X8 Mərkəzinə göndərdiyi məktubda konkret olaraq göstərilir ki, iki uşaqların psixoloji reabilitasiya göstərilməsi xahiş olunub və nəticə barədə məlunat verilməsi istənilib. Lakin cavabdeh müəssisə tərəfindən tələb üzrə iş görülməyib, müəyyən konsultasiyalar keçirilib. Bakı şəhəri Səbail Rayon İcra şöbəsindən ona bildirilib ki, hər hansı konsultasiya, atılacaq bir addım, görüləcək iş barədə onlara məlumat verilməli idi, eyni zamanda onlardan ödəniş alınmamalı idi. Bu prosesin nə qədər davam edəcəyi, uşaqlarının hansı qrafiklə mərkəzə gedəcəyi barədə danışmaq üçün Mərkəzin direktoru ilə görüşə gedib. Onda onlara reabilitasiya deyil, konsultasiya edildiyi bildirilib. O qarşı tərəfə dəfələrlə bildirib ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq Komissiyanın psixoloqu və Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin psixoloqunun rəyi göstərir ki, uşaqları 11 ay ərzində qarşı tərəfin təsir və təyziqlərinə məruz qalıb və onlar reabilitasiyaya yönləndirilib. Hər iki komissiyaların verdikləri rəyləri uşaqlarının ciddi psixoloji travma aldıqlarını göstərib. Ailə dağılanda uşaqlar travma alır. Reablitasiya mərkəzi uşaqları 3-4 ay ərzində reablitasiya edəcəyini və ya etməyəcəyini bildirməli idi. Məhkəməyə təqdim etdiyi aktlarda xx.xx.2025-ci il tarixdə keçirilmiş komissiyada Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin psixoloqların rəyində uşaqlarının təziq və təsir altında olduqları, hətta uşaqlarından birinin nə vaxtsa polisə aparılaraq yalan danışması və yalan danışmağa məcbur edilməsi faktı təsdiqini tapıb. X18 uşaqlarının heç bir təsir və təziq altında olmadığını bildirib. 11 aydır ki, əziyyət çəkirlər ki, uşaqları sağaltsınlar, pis təsirlərdən çıxartsınlar. Lakin X8 Mərkəzi bütün bu prosesi zədələyir, 2 ay ərzində uşaqlar heç bir reablitasiya keçə bilməyib, qeyri-peşəkar yanaşma, hədə-qorxu gəlmə, kamera görüntülərinin çıxarılacağı ilə hədələmə baş verib. O, 260 manat və mənəvi ziyanı tələb edir. Cavabdeh müəssisə ilə arasında müqavilə yoxdur. Əgər hər hansı reablitasiyaya ehtiyac var idisə, cavabdehin nümayəndəsi məxfilik qaydalarını pozaraq müqavilə bağlamadan konsultasiya keçirib. Əgər uşaqların reablitasiyaya ehtiyacı yoxdursa, uşaqların hazırda da hansı səbəbdən reablitasiyaya getməsi sual yaradır. Komissiyada psixoloqlardan ibarət qrup uşaqlara ananın təsiri faktını aşkarlayıb. Hətta uşaqlardan birinin yalan danışdığı da məlum olub. Uşaqlar dindirilərkən psixoloji təsir və təyziqə məruz məruz qaldıqları müəyyən olunub. Uşaqların hazırda da reablitasiya mərkəzinə getməsindən məlumatlı deyil. Şahid2 12 saylı Uşaq Poliklinikasında psixoloq-pedoqoq işləyir, X5 fəqli olaraq bilavasitə uşaqlarla işləyir. İcra şöbəsində psixoloq uşaqları reabilitasiyaya ehtiyacı olduğunu deyib. Cavabdeh cəmiyyət isə uşaqların deyil, onun reabiliyasiyaya ehtiyacı olduğunu deyib. İlk vaxtda ana da uşaqları cavabdeh cəmiyyətə aparmaq istəmirdi. Seanslar onunla deyil, uşaqlarla aparılmalı idi. Onunla müqavilə bağlanmadan konsultasiya aparılıb. Məqsəd uşaqların sağaldılması idi, amma iş uzadılıb, onlara mənəvi ziyan vurulub. Onun psixoloji durumu tam yerindədir, Ramidə Məmmədovanı heç bir halda ittiham etməyib.
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən məktub poçt vasitəsi ilə göndərilməyib, birbaşa iddiaçının maraqlarına uyğun olaraq özü əlbəəl gətirib. O, 23 illik təcrübəsinə əsasən hər hansı bir əsas olmadan, uşaqlarla görüşmədən, ailəni tanımadan qərar verə bilməz. O, uşaqlar reablitasiya olunur ki, onların xüsusi qayğıya ehtiyacı olur, ya serebral iflic, autizm və ya daun sindromlu uşaqlar olur. Çünki reablitasiya ümumi anlayışdır, orada loqoped, psixoloq, psixoterapevt və digər mütəxəssislər birlikdə çalışır. Onun disertasiya işi ailədaxili münaqişələr və kiçik yaşlı uşaqlara ruhi-psixi təsir mövzusunda olub. Ona görə də, o, uşaqlarla və valideynlərlə görüşməlidir. O, iddiaçıya uşaqlarla və valideynlərlə ayrıayrılıqda fərdi şəkildə görüşəcəyimi bildirib. Cavabdeh MMC Vergilər Nazirliyindən qeydiyyatdan keçib, 8 il fəaliyyət göstərən özəl müəssisədir və heç bir dövlət qurumuna bağlı deyil. Ona görə də, konsultasiyaların hər biri ödənişlidir. İddiaçı nə qədər xərc olacaqsa, hər birini ödəyəcəyini bildirib. O, iddiaçıya arvadının və özünün psixoloqa ehtiyacı olarsa, onların da xərcinin qarşılanıb-qarşılanmayacağını soruşduqda, xərcin qarşılanacağını bildirib. Çünki iddiaçı müəssisənin ödənişli əsaslarla fəaliyyət göstərdiyini bilirdi. Müəssisənin rəsmi qəbzi var, ödənişlər əlbəəl alınmayıb. İddiaçıya uşaqların və böyüklərin konsultasiya qiymətləri barəsində məlumat verilib, hər şey razılaşdırılıb, gün təyin olunub. Əgər Bakı şəhəri Səbail rayon icra şöbəsindən rəsmi məktub daxil olursa, onlar neytral iş görürlər, atanın və ya ananın vasitəsi ilə iş görmürlər. Məktubda ananın əlaqə nömrəsi olduğuna və uşaqlar ananın yanında qaldığına görə onlar anaya zəng ediblər və atanın gətirdiyi sənədlər əsasında uşaqların görüşə gəlmələrini bildiriblər. Sonra iddiaçının uşaqlardan sonra gəlməsini razılaşdırıblar. Çünki iddiaçı arvadı ilə Reablitasiya mərkəzində görüşsə, konfliktlər ola bilər, orada həssas qruplu insanlar var, hansısa bir münaqişənin yaranmasını istəməyiblər. Uşaqlar gəldikdən yarım saat sonra iddiaçı içəri girib, növbəsini gözləyib. O, uşaqları tam fərdi şəkildə konsultasiya edib. 10 yaşdan yuxarı uşaqların fikri onlar üçün əhəmiyətlidir. Həmin uşaqlar istər ata haqqında, istərsə də ana haqqında neqativ və müsbət fikirlər söyləyə bilərlər. Fəaliyyətiv metodikalar bəzən uşaqlar ata, ana və ya üçüncü şəxs tərəfindən psixoloji təsir altında olarlarsa, uşaqların gizli psixi fəaliyyətinin öyrənilməsidir. Bunların hamısı keçirilib. Daha sonra ailəni tanımaq üçün atanı və ananı birlikdə konsultasiya dəvət edib, 1 saatlıq konsultasiya 2 saat yarıma başa gəlib. İddiaçı tərəfindən anaya, hətta ona qarşı təhdidlər olunub. İddiaçı ilə konsultasiyada olduğu vaxt dəfələrlə onu nəyəsə məcbur edib və qeyri-peşakar olduğunu bildirib. O, iddiaçıya konsultasiyanı yarımçıq qoyacağını və onun barəsində ciddi məlumat verəcəyini bildirib. Uşaqların reablitasiyaya deyil, psixoloji görüşə ehtiyacı var idi. O, uşaqları görüb, toplanmış bütün sənədlər, ananın özü ilə söhbət və digər məlumatlar uşaqların psixoloji probleminin olduğunu sübut etməyib. Uşaqlarda psixoloji problem odur ki, gecə yuxudan oyanır, qışqırır, ağlayır, qorxu hissi keçirir, panik atak yaşayırlar. O, öz işini vicdanla yerinə yetirib və uşaqların psixoloji sağlamlığı üçün çalışıb. İddiaçı ilə aralarında xidməti müqavilə bağlanmayıb. Onlarda 10 yaşdan yuxarı uşaqla konsultasiya 60 manatdır. Amma bu uşaqlara güzəşt olunub, 50 manat ödənilib. Uşaqların hər biri ilə 45 dəqiqəlik seans keçirilib. 18 yaşdan yuxarı şəxslərlə konsultasiya 70 manatdır. İddiaçı və arvadı cütlük terapiyası olaraq 140 manat pul ödəyiblər. Bir dəfə iddiaçı özü tək gəlib və 70 manat pul ödəyib. 100 manatlıq qəbzi iddiaçıya verib. Bütün qəbzlər onlarda var. 260 manat ödənişin qəbzi iddiaçının özündədir, 100 manat ödənişin qəbzi isə anadadır. Uşaqlar ananın psixoloji təsiri və təyziqi altında deyillər. İddiaçı onun xeyrinə rəy verməyini istəyirdi, ona görə də verdiyi rəyi qəbul etmir. O, uşaqlarla və valideynlərlə ayrı-ayrılıqda fərdi şəkildə görüşüb. Uşaqlar hazırda da könüllü şəkildə onun yanına gəlirlər. Nəticə barədə də məlumat verib. İddiaçı onu öz xeyrinə rəy verməyə məcbur edib. İddiaçı və arvadı uşaqları könüllü olaraq reablitasiyaya gətiriblər. Uşaqlar iddiaçının hansısa dini qrupa qoşulduğunu, onlara və anasına psixi təsir, hətta fiziki şiddət göstərdiyini bildirirlər. Ata özü sənədəri ona təqdim edib, ilk əvvəl onunla söhbət aparılıb, ona qiymətlər izah edilib, ata da ödənişlərə razılıq verilir. Sonra ana müraciət edərək uşaqların könüllü şəkildə onunla söhbət aparılmalarını istədiyini deyib, lakin ödəniş etməyə imkanı olmadığını deyib. O da uşaqların mənafeyi üçün anaya həftədə bir dəfə uşaqlara ayrı-ayrı və ya birlikdə seanslar aparmağı təklif edib. Seanslar zamanı uşaqlar sakit və münaqişəsiz ailədə böyüdüklərini və ata ilə ünsiyyət saxlamaq istəmədiklərini bildirib. Məxvilik müqaviləsi uşaqların reabilitasiyaya ehtiyacı olduğu halda bağlanılır. Hazırki halda isə konsultasiya zamanı uşaqlarla seanslar baş tutub. İcra məmuruna məlumat təqdim edərək, uşaqların psixoloji vəziyyətinin adekvat, yəni sağlam olduğunu, heç bir psixoloji pozuntu yaşamadıqlarını qeyd edib. Uşaqların 13-14 yaşları var, onlar sərbəst fikirlərini söyləyiblər. Uşaqlarla bağlı seans zamanı anlamadığı bir situasiya olduğu təqdirdə seansları uzadardı. Lakin belə bir hal olmayıb.
18. Məhkəmə iclasında şahid kimi dindirilmiş Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 16(009)-241/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi onun icraatına daxil olub, əvvəl başqa icra məmurunun icraatında olub. Həmin icra məmuru işdən azad edildiyindən iş onun icraatına daxil olub. İş ona daxil olduqdan sonra tələbkar ona müraciət edərək, uşaqlarla ünsiyyətin uzun müddətdir ki, təmin edilmədiyini qeyd edib. Sonra borcluya məlumat verib, borclu uşaqları gətirirdi, sadəcə hər dəfə uşaqlar görüşdən imtina etdiyindən görüş baş tutmurdu. İlkin olaraq İcra Hakimiyyətinin nümayəndəsini və psixoloq çağırıb ki, bu məsələ ilə bağlı uşaqlarla profilaktik söhbətlər aparılsın. Uşaqlarla söhbətlər aparılıb, onlar rəisinin qəbulunda da olub. Sonra razılıq olmadığından icra vərəqəsini “X8 Mərkəzi" MMC-yə göndərib. Uşaqlar birmənalı olaraq ataları ilə görüşmək istəmir. Borclu icra sənədinin icrasından yayınmır, hər dəfə uşaqları gətirib. Uşaqların anası olmadan da atası ilə ünsiyyətini təmin edib, lakin uşaqlar ünsiyyətdən imtina ediblər. “X8 Mərkəzi" MMC-nin məktubları şöbəyə daxil olub. Məktubların məzmununu dəqiq xatırlamır.
19. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 12 saylı Uşaq Poliklinikasında psixoloq kimi işləyir. xx.xx.2025-ci ildə icra şöbəsində söhbətlər aparılıb. Ana istəyirdi ki, uşaq onun istədiyi kimi cavab versin, uşaq da çaşıb qalırdı. Uşaq ananın fikrini bilmədi ki, fikir bildirsin. Ana uşağa göz-qaş hərəkətləri edirdi. Ana səs-küy saldığına görə uşaqları rəis qəbul edib. Yeniyetməlik dövrü uşağın ən emosiyanal dövrüdur. Uşaqlar tam emosiyaları ilə hərəkət edirlər. Onlara müraciət edilən işlərdə ailələrin 90 faizi dağılmış ailələrdir.
Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 4.1.6. psixoloji reabilitasiya və psixoloji korreksiya – psixi sağlamlıq problemləri olan şəxsin psixososial uyğunlaşması və səmərəli sosial davranışının bərpa olunması və ya inkişafı- psixoloji yardımın növlərindəndir.
23. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.1. Tibb müəssisələrində psixoloji yardım aşağıdakıları əhatə edir: 19.1.3. psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif psixoloji yardım növlərinin, o cümlədən psixoterapiya, ailə terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya yardımların göstərilməsi.
İşin faktiki halı:
24. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək, ərizəçi İddiaçı uşaqları 04 iyul 2010-cu il təvəllüdlü X9 və 14 oktyabr 2013-cü il təvəllüdlü X15 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına törədilən maneələrin X4 qadağan edilib. Həmin icra sənədi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olub. Uşaqlar görüşdən imtina etdiklərindən icra məmuru uşaqların psixoloji reabilitasiyasında köməklik göstərilməsi üçün icra sənədini “X8 Mərkəzi" MMC-yə göndərib. “X8 Mərkəzi" MMC tərəfindən validyenlər və uşaqlarla seanslar aparıldıqdan sonra nəticəsi barədə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə məlumat təqdim edilib. Hazırda iddiaçı (uşaqların atası) cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 360 manat, mənəvi ziyana görə 2000 manat məbləğin, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
26. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-16(009)-241/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək ərizəçi İddiaçı uşaqları 04 iyul 2010-cu il təvəllüdlü X9 və 14 oktyabr 2013-cü il təvəllüdlü X15 ilə hər həftənin şənbə günü saat 14:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına törədilən maneələrin X4 qadağan edilib. Həmin icra sənədi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Vasif Həsənlinin, daha sonra isə Şahid1 icraatında daxil olub. İş Şahid1 icraatında olan zaman dəfələrlə uşaqların ataları ilə ünsiyyətinin təmin edilməsi məqsədi ilə icra şöbəsinin inzibati binasında görüş təyin edilib, bu zaman icra sənədi üzrə tələbkar, borclu və uşaqların iştirakı təmin edilib. Uşaqlar ataları ilə ünsiyyətdə imtina etdiklərindən icra məmuru mütəxəssis Səbail Rayon İcra Hakimiyyəsinin nümayəndəsi Şahid3 və Nəsimi rayon 12 saylı uşaq poliklinikasının pedoqoq-pisixoloqu Şahid2 iştirakını təmin edib. Həmin şəxslər uşaqlarla söhbətlər aparıb və nəticədə uşaqların psixoloq müayinə və müalicəsindən keçmələri, onların reabilitasiyası tövsiyyə olunub. Bundan sonra icra məmuru icra sənədini uşaqların psixoloji reabilitasiyasında köməklik göstərilməsi üçün “X8 Mərkəzi" MMC-yə göndərib.
26. Bu zaman iddiaçı ilə fərdi konsultasiya üçün 70 manat, iddiaçı və arvadının cütlük terapiyası üçün 140 manat, uşaqların hər biri üçün ayrı-ayrılıqda 50 manat, Əli Yəhyazadə ilə konsultasiya üçün 50 manat, ümumilikdə 360 manat məbləğində pul “X8 Mərkəzi" MMC-yə ödənilib.
27. Qeyd edilməlidir ki, iddiaçı ona dəymiş ziyanı 360 manat kimi qiymətləndirmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-nin hesabına cəmi 260 manat ödəniş etmiş, qalan 100 manat isə uşaqların anası, Məlahət Yəhyazadə tərəfindən ödənilmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
29. Nəticədə, məhkəmə hesab edir ki, iddiaçının 100 manat maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən edilmiş və iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir.
30. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.
31. Belə ki, “X8 Mərkəzi" MMC-nin meövqeyinə əsasən uşaqlar könüllü olaraq psixoloji seanslarda iştirakları məsləhətlidir. Bu onların doğru qərar verməsinə heç bir maneə törətmir. Hər ikisi reaksiyalara tam adekvatdır. Bu barədə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə məlumat göndərilib. Həmçinin, hazırda müəyyən edilir ki, “X6 Mərkəzi”ndə 04 iyun 2010-cu il təvəllüdlü X9 və 14 oktyabr 2013-cü il təvəllüdlü X12 valideyni, X2 müraciəti əsasında, övladlarının Psixoloji seanslara cəlb olunmasını təmin ediblər. Həftədə 1 (bir) dəfə olmaqla (hər seans 1 saat) davam etdirilir.
32. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh “X8 Mərkəzi" MMC-nin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması halı müəyyən edilməmiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmamışdır.
33. Məhkəmə qeyd edir ki, icra sənədi “X8 Mərkəzi" MMC-yə daxil olduqdan sonra Psixologiya üzrə fəlsəfə doktoru, X6 Mərkəzinin təsisçisi və direktoru Ramidə Məmmədova hər iki valideyn və uşaqlar ilə konsultasiyalar aparıb və konsultasiyaların nəticəsində uşaqlar X9 və X1 olaraq psixoloji seanslarda iştiraklarının məsləhətli olduğu, bunun onların doğru qərar verməsinə heç bir maneə törətməməsi, hər ikisinin reaksiyalara tam adekvat olduğu müəyyən edilib. Bu səbəbdən də psixoloji reabilitasiya təyin edilməyib. Hazırda isə iddiaçı aparılmış konsultasiyaların nəticəsindən narazı qalaraq, etdiyi ödənişləri və ona vurulmuş mənəvi ziyanı tələb edir.
34. Belə ki, psixoloji reabilitasiya, insanın psixi sağlamlığını bərpa etmək və ya yaxşılaşdırmaq məqsədi daşıyan müxtəlif terapiya və müalicə üsullarını əhatə edir. Bu, xəstəliklər, travmalar, stress və digər psixi problemlərlə mübarizə aparan insanlara kömək etmək üçün tətbiq olunur.
35. Hazırda Mərkəzin psixoloqu tərəfindən aparılmış konsultasiyalar zamanı uşaqların psixoloji reabilitasiyaya ehtiyacları olmadığı müəyyən edilib.
36. Məhkəmə qeyd edir ki, mərkəz tərəfindən uşaqların valideynləri tərəfindən edilmiş ödənişlər üzrə müvafiq söhbətlər, konsultasiyalar aparılmış və yekun nəticə barədə aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə məlumat verilmişdir.
37. Hazırkı halda da iddiaçı “X8 Mərkəzi" MMC tərəfindən icra şöbəsi tərəfindən təqdim edilən məktubun icrası təmin edilmişdir. “X8 Mərkəzi" MMC-nin psixoloqunun konsultasiya zamanı gəldiyi nəticə ilə Səbail Rayon İcra Hakimiyyəsinin nümayəndəsi Şahid3 və Nəsimi rayon 12 saylı uşaq poliklinikasının pedoqoq-pisixoloqu Şahid2 uşaqların reabilitasiyaya ehtiyaclarının olmaması ilə bağlı gəldiyi nəticənin eyni olmaması, əksini sübut edən hal deyil. Belə ki, həmin mütəxəssislərin hər biri səlahiyyətləri daxilində uşaqlarla söhbətlər apararaq, fərdi mülahizələrini bildirmişlər.
37. Nəticədə məhkəmə araşdırması zamanı İddiaçı iddia ərizəsində qeyd etdikləri, konsultasiyaların düzgün aparılmaması, artıq ödənişlər alınması və s. öz təsdiqini tapmamışdır.
38. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
41. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyana görə 360 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
42. Məhkəmə iddia tələbinin ikinci, yəni “dəymiş mənəvi ziyana görə 2000 manat pulun cavabdehdən tutulmasına” münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
44. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
45. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
46. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinin tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.
48. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
49. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyana görə 2000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməlidir.
Nəticə:
50. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı cavabdeh “X8 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
51. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh “X8 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva