Məhkəmə qərarları › İş №2(007)-2171/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2171/2025

29.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2171/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 28 saylı evin, 30 saylı mənzildən (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 116, M2, M3) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 28 saylı evin, 30 saylı mənzil (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 116, M2, M3) onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 03 iyul 2024-cü il tarixli, AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh almış, sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 05 iyul 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh öhdəsinə götürmüşdür ki, 1 ay ərzində qeydiyyatdan çıxacaqdır. O, bu günə kimi düşünürdü ki, cavabdeh qeydiyyatdan çıxıb, lakin Asan Xidmətin 5 saylı arayışından aydın oldu ki, Cavabdeh qeydiyyatda qalıbdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı onun bacısıdır. Mübahisəli mənzili alan zaman cavabdehin 600 manat pulunu saxlamış, sonra cavabdeh saxta sənəd göstərib həmin məbləği onlardan almışdır. Cavabdeh qeydiyyatdan çıxacağını bildirsə də bacısı sistemdə yoxlatdırdığı zaman cavabdehin hələ də qeydiyyatda qaldığını öyrənmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2024-cü il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 28 saylı evin, 30 saylı mənzili iddiaçıya satmışdır. Müqavilənin 8 və 13-cü bəndində qeyd edilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür və satıcı Cavabdeh xx.xx.2024-cü il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 05 iyul 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına həmin tarixdə qeydə alınmışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 27.2-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 28 saylı evin, 30 saylı mənzilindən (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 116, M2, m3) qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda Cavabdeh həmin mənzildə yaşamadığı üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdır. İş materiallarında olan sənədlər də onun qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 28 saylı evin, 30 saylı mənzilinə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 116, M2, m3) olan istifadə hüququnun itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 28 saylı evin, 30 saylı mənzilinə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 116, M2, m3) olan istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar