Məhkəmə qərarları › İş №2(007)-2176/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2176/2023

19.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2176/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sosial şəbəkələr vasitəsi ilə onlayn məhsul satışı ilə məşğuldur. 2022-ci ilin may ayında satdığı məhsullarının reklam olunması üçün bu işlə məşğul olan Cavabdeh müraciət etmiş və onunla satdığını məhsulların reklamı üçün 500 manata razılaşmışlar. Belə ki, razılaşmalarına əsasən cavabdeh həmin məhsulları "Tiktok" sosial şəbəkəsidə reklam etməli və reklam videolarına çoxsaylı baxış olması barədə söz vermişdir. O, cavabdehə kart vasitəsilə ilkin olaraq 250 manat pul ödəmişdir. Lakin razılaşdıqları müddət ərzində videolara adam baxışı sayı olmadığından o, cavabdehə müraciət etmişdir. Cavabdeh isə yenidən videolar çəkəcəyini bildirmiş və həmin videolara baxış sayının artacağı bildirmişdir. Daha sonra cavabdehə kart vasitəsilə 250 manat pul ödəmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmişdir. Cavabdeh razılaşmalarına pozduğu üçün ona verdiyi ümumilikdə 500 manat pulunu ondan tələb etmişdir. Cavabdeh isə ona verməli olduğu 500 manat pulu bu günə qədər qaytarmır. Ona görə də, məhkəməyə mürəciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh ona borclu olduğu 500 manat pulun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 30 manatın ondan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə olan razılaşmaya əsasən cavabdeh öz səhifəsində 10 ədəd video paylaşmalı idi. Cavabdeh həmin videoları paylaşmışdır, 2 video isə “kəşf et”ə düşmüşdür. Lakin baxış sayı az olmuşdur. Bundan sonra cavabdeh əlavə video da paylaşmışdır. Amma nəticə onu qane etməmişdir. Ona görə də, ödədiyi pulu geri istəyir. Cavabdeh özünü səhifəsində instaqram və tiktok üzrə ekspet-mütəxəssis kimi göstərmişdir. Cavabdeh saç serumlarını reklam etməli idi. Daha əvvəl iddiaçı ilə əməkdaşlığı uğurlu olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddiaçı ona ümumilikdə 500 manat pul ödəmişdir. Razılaşmaya əsasən o, öz səhifəsində 10 ədəd video paylaşmalı idi. O, həmin videoları paylaşmışdır, 2 video isə “kəşf et”ə düşmüşdür. Lakin baxış sayı iddiaçını qane etmədiyindən o yenə də əlavə videolar çəkib yerləşdirmişdir. Səhifədə yerləşdirilən videoların baxış sayına nəzarət edə bilmir. İnsanlara maraqlı deyilsə baxış sayı az olacaqdır. O, razılaşmaya əməl etmiş və hətta razılaşmada 10 ədəd bildirilməsinə baxmayaraq daha çox video paylaşmışdır. Daha əvvəl də iddiaçı üçün videolar paylaşmış və əməkdaşlıqları uğurlu olmuşdur. İddiaçı özü də səhifəsini aktiv idarə edib, izləyicilərin maraqlarını təmin etməli, abunələrinin dairəsi haqqında məlumatlı olmalı idi. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, hər dəfə 250 manat olmaqla, ümumilikdə 500 manat 4169********2585 hesab nömrəsinə köçürülmüşdür. - Məhkəməyə bir ədəd disk təqdim edilmişdir. Mülki iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh “Tiktok” adlı sosial şəbəkədə iddiaçıya məxsus saç serumlarının reklamını həyata keçirməli, 10 ədəd video paylaşmalı və bunun müqabilində iddiaçı ona 500 manat ödəniş etməli idi. Hazırda iddiaçı paylaşılan videolarının baxış sayının az olduğunu, məhsulun satışının artmadığını qeyd edərək, ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, razılaşmaya əməl etdiyini, videolar paylaşdığını, onlardan ikisinin “kəşf et” səhifəsinə düşdüyünü, videolarının bəzilərinin uğurlu olduğunu, lakin baxış sayına nəzarət edə bilmədiyini, iddiaçının tələbinin əsassız olduğunu qeyd etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 500 manat ödəniş edilmişdir. Hazırda iddiaçı baxış sayının az olmaması, məhsulun satışının artmaması əsası ilə iddia tələbini əsaslandırsa da, tərəflər arasında razılaşmaya əsasən cavabdeh tərəfindən 10 ədəd video paylaşılmalı olduğu müəyyən edilsə də, onların arasında baxış sayı, iddiaçıya məxsus məhsullarının satışının artmasının təmin edilməsi, nə qədər məhsul satılmasının təmin ediləcəyi, baxış sayının dəqiq həddi ilə bağlı razılaşma olması müəyyən edilməmişdir. Həmçinin, məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün səs yazılarının qeyd olunduğu 1 ədəd disk təqdim edilmişdir. Məhkəmə iclas zalında proses iştirakçılarının iştirakı ilə həmin səs yazıları dinlənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10.10-cu maddəsinə əsasən şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Belə ki, səs yazılarının tətqiqi zamanı tərəflərın bir-birilərinə ünvanladıqları səs yazıları müşahidə olunmuşdur. Bu zaman iddiaçı paylaşılmış 5 ədəd videolardan birinin artıq “kəşf et” səhifəsinə düşdüyünü, növbəti 250 manat ödəniş edilməsi üçün kart məlumatlarının göndərməsini, yeni izləyicilərin gəldiyini, baxış sayından narazı olduğunu, yeni videoların paylaşılmasını, məhsulun satılmadığını, daha sonra isə ödədiyi pulun geri qaytarılmasını bildirmiş, cavabdeh isə videoları paylaşdığını, videoların bəzilərinin uğurlu olduğunu, razılaşmadan əlavə yeni videolar çəkəcəyini, baxış sayının və izləyici sayının artığını, növbəti ödənişin edilməsini, razılaşmaya uyğun videolar paylaşdığını və işini yerinə yetirərək əziyyət çəkdiyini, edilmiş ödənişi geri qaytarmayacağını qeyd etmişdir. Məhkəmə iş materiallarının tətqiqi nəticəsində hesab edir ki, cavabdeh tərəflər arasında olan razılaşmağa uyğun olaraq “Tiktok” adlı sosial şəbəkədə iddiaçıya məxsus saç serumlarının reklamını həyata keçirmək üçün 10-dan çox video paylaşmışdır. İddiaçı da öz iddia tələbində cavabdehə məhz məhsulların reklam olunması üçün 500 manat ödədiyini qeyd etmişdir. Tərəflər arasında baxış sayının miqdarı, məhsullarının satışının təmin edilməsi ilə bağlı razılaşma olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkmə hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşmanın tələblərinə əməl etmiş, lakin iddiaçının arzu etdiyi nəticə əldə olunmamışdır. Lakin qeyd edilənlərələ bağlı cavabdehin hər hansı bir öhdəlik götürməsi müəyyən olunmamışdır. Hazırda məhkəmə araşdırması zamanı cavabdehin əməlləri nəticəsində iddiaçıya zərər dəyməsi, onun hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2-ci maddəsinə əsasən zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından müəyyən edilir ki, hazırda iddiaçı cavabdeh tərəfindən paylaşılmış videolara çoxsaylı baxış olmaması nəticəsində cavabdeh tərəfindən razılaşmaya əmək edilmədiyini, nəticədə isə hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin, yəni ona maddi ziyanın cavabdeh tərəfindən vurulduğunu qeyd etsə də, qanunla sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Belə ki, cavabdeh razılaşmaya uyğun olaraq verilmiş tapşırığı yerinə yetirərək, “Tiktok” adlı sosial şəbəkədə iddiaçıya məxsus saç serumlarının reklamını həyata keçirmək üçün 10-dan çox video paylaşmışdır. Qeyd etmək lazımdır ki, “Tiktok” sosial media platforması hazırda geniş yayılmışdır. Lakin cavabdeh tərəfindən həmin platformada saç serumlarına dair paylaşılan videolarının baxış sayının artırılmasına, geniş izləyici kütləsi tərəfindən izlənilməsini təmin edilməsi qeyri-mümkündür və cavabdeh tərəfindən onun uğurluluğu təmin edilə bilməz. Hazırkı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən paylaşılan videoların hamısına çoxsaylı baxış olacağı ilə bağlı öhdəlik götürməsi, razılaşmaya əməl edilməməsi halı müəyyən edilmədiyindən, cavabdeh tərəfindən hər hansı qanun pozuntuna yol verilməsi və bunlada iddiaçının hüquqlarının pozulması, ona maddi ziyan vurulması halı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar