Məhkəmə qərarları › İş №2(007)-219/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-219/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-219/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən 1 saylı Sumqayıt reginal "Asan Xidmət" mərkəzində ona 16806 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə Baş etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan **-EL-*** qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilini 12750 (on iki min yeddi yüz əlli) manata satmışdır. Həmin avtomobil onun istifadəsində 9 aya yaxın olmuşdur. xx.xx.2023cü ildə X3 əməkdaşları maşını saxladaraq cərimə meydançasına aparmışlar. Belə əsaslandırmışlar ki, avtomobilin mülkiyətçisi verilən etibarnaməni ləğv etdirmişdir. Maşın hazırda mülkiyyətçiyə təhvil verilmişdir. Lakin maşının bütün sənədləri və açarı onda qalmışdır. Bundan sonra o, avtomobili aldığı Cavabdeh ilə əlaqə saxlamış və ona verdiyi pulu tələb etmiş, hətta Bakı şəhəri Xətai rayonu 34-cü Polis Bölməsinə şikayət etmişdir. Cavabdeh həqiqətən maşınını ona 12750 manata satmasını etiraf etmişdir. Lakin həmin pulu qaytarmaqdan yayınmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 12750 (on iki min yeddi yüz əlli) manat və ödədiyi 130 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, əlavə olaraq bildirmişdir ki, 5 aydır kredit ödəyir və aldığı maaş kreditlərini ödəməyə kifayət etmir. İddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddia ərizəsində göstərilənlərə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq, xx.xx.2022-ci il tarixdə Ağa adlı şəxsə 12750 manat pul ödəyərək avtomobil aldığını, lakin 10 ay keçməsinə baxmayaraq DYP əməkdaşları tərəfindən saxlanılaraq dayanacağa qoyulması barədə məlumat verilmişdir. Qeyd olunan xüsusatlarla bağlı araşdırılma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət edilməsi barədə vətəndaşa rəsmi məlumat verilmişdir; - 7E seriyalı, 16806 saylı etibarnamənin surətindən görünür ki, ** EL *** dövlət qeydiyyat nişanlı “Toyoto Prius” markalı minik avtomobili X1 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək idarə etmək üçün Cavabdeh verilmişdir; - 7E seriyalı, 26191 saylı etibarnamənin sürətindən görünür ki, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində ** EL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobili Cavabdeh tərəfindən İddiaçı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə ilə verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən İddiaçı 16806 reyestr nömrəli xx.xx.20222-ci il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan ** EL *** qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilini 12750 manata satmışdır, tərəflərin arasında bununla bağlı razılaşma olmuşdur. Lakin, etibarnamə ləğv edilmiş, iddiaçıdan qeyd olunan nəqliyyat vasitəsi alınmışdır. İddiaçının etdiyi müraciətlərə və əlavə möhlət almasına baxmayaraq, cavabdeh pulu qaytarmamış və aldığı pulu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi müqavilə bağlanmış, yəni tərəflər öz aralarında nəqliyyat vasitəsinin alqı-satqısı barədə razılaşmışlar, cavabdeh iddiaçıya nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə vermiş, bunun müqabilində 12750 manat pul vəsaitini almışdır. Lakin, sonradan iddiaçı sözügedən nəqliyyat vasitəsindən məhrum olmuş, cavabdeh ona 12750 manat pul vəsaitini qaytarmağı öhdəsinə götürsə də, buna əməl etməmişdir. Hazırda iddiaçı, qeyd olunan pulun onun xeyrinə cavabdehdən tutulmasını tələb edir. Bu yerdə məhkəmə vurğulayır ki, cavabdeh məhkəmə iclasında iddianı etiraf etmiş, iddianın təmin edilməsinə etiraz etməmiş, iddiaçının göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin şifahi borc müqaviləsi ilə iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə, cavabdehin 34-cü Polis şöbəsinə verdiyi izahatda iddiaçıya “Toyota Prius” markalı minik avtomobilini etibarnamə ilə satan zaman avtomobili iddiaçının adına keçirməməsini cavabdehin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12750 manat məbləğində pul vəsaiti və ödənilmiş 130 manat dövlət rüsumu alınıb, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.750 manat məbləğində pul vəsaiti və ödənilmiş 130 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar