Məhkəmə qərarları › İş №2(007)-223/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-223/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-223/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh3 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsinə əsasən və Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 22 iyul 2014-cü il tarixli 9- MK/2314 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5131,71 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5131.71 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh3 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə illik 29 faiz ödəəmək şərti ilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq eidlməsinə baxmayaraq, hal-hazlrkı vaxtadək kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlər kreditor qarşısında borclunun 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Hazırda cavabdehin banka 5131,71 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5131.71 ABŞ dolları borcu vardır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək və iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 18 ay müddətinə illik 18 faiz olmaqla 22 iyul 2015-ci il tarixli kredit müqaviləsi və onunla 22 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə 23.09.2016-cı il tarixdə sonuncu dəfə ödəniş edilmişdir. İddia ərizəsi iddiaçı tərəfindən 19.03.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Bununlada kredit borcu üzrə sonuncu dəfə ödənişin edildiyi tarixdən 3 il 5 ay 27 gün keçdiyindən sonra iddiaçı məhkəməyə iddianı verdiyi müəyyən olunmuşdur. İddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasını gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin və həmin cavabdehlərin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh3 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə illik 29 faiz ödəəmək şərti ilə 19000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh3 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər bankla Cavabdeh3 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün X1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər; - 22.07.2014-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh3 İddiaçı ASC-nin “Qara Qarayev” filialından 19000 ( on doqquz min) ABŞ dolları qəbul etmişdir. - 13.03.2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 5131.71 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5131.71 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləyə əsasən, kreditor borcluya borcalana 18 ay müddətinə illik 29 faiz ödəəmək şərti ilə 19000 ABŞ dolları məbləğində kredit verilmiş, borclu isə kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər bankla Cavabdeh3 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün X1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin Cavabdeh3 oğlu arasında kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh3 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə illik 29 faiz ödəəmək şərti ilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit üzrə İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı zaminlik müqavilələri bağlanmışdır. İddiaçı 22 iyul 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə bprcun ödənilməsi barədə iddia tələbi ilə 19.03.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 372-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh1 hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Mülki Məcəllən 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllən 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfиndən qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal ad-dımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı İddiaçı ASC ilə Cavabdeh3 arasında 22 iyul 2014-cü il tarixli 29-MK/2314 saylı kredit müqaviləsinə əsasən və Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 22 iyul 2014-cü il tarixli 9-MK/2314 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5131,71 ABŞ dolları əsas borcu, 0 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5131,71 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar