Məhkəmə qərarları › İş №2(007)-2273/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2273/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2273/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 75A, mənzil 151 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 75A, mənzil 151 ünvanında qeydiyyatdadır və həmin mənzildə yaşayır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən aldığı ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən həmin mənzilin mülkiyyətçisidir. Mənzil 46 kvadratmetrdir və bir otaqdan ibarətdir. 12 mart 2020-ci il tarixindən qızı Cavabdeh müəyyən işlə əlaqəli xahişi üzərinə, onu mənzilində qeydiyyata saldırmışdır. Lakin qızı heç vaxt bu mənzildə yaşamamış, formal olaraq qeydiyyatda olmuşdur. Cavabdeh xx.xx.1990ci il təvəllüdlüdür və öz şəxsi mənzilində yaşayır. Onun faktiki yaşadığı ünvan Yasamal rayonu, Tbilisi prospekti 1052, ev 9, mənzil 180, X6 Kompleksidir. Qızı eyni zamanda bu mənzilin mülkiyyətçisidir. Göründüyü kimi, qızının 32 yaşı var, eyni zamanda öz şəxsi mənzili və iş yeri var. Onunla heç bir bağlılıq və asılılıq əlaqəsi yoxdur. Qızı Cavabdeh anası X2 ilə 14 noyabr 1996-cı ildə nikahları pozulmuşdur. Boşandıqdan sonra 1996-cı ildə ona məxsus olan Nizami rayonu, Qara Qarayev küçəsi, 73, mənzil 12-də yerləşən 3 otaqlı mənzili keçmiş arvadı və uşaqlarına bağışlamışdır. 1996-cı ildən bu yana qızı ilə birgə yaşamamış, övladları anaları ilə birgə yaşamışlar. Lakin bütün ehtiyaclarını qarşılamışdır. Artıq yaşlanmışdır, işləmir, qızı da onunla maraqlanmır. Ona bacısı və qardaşı baxır, ancaq onlara uzaq olduğu üçün çətin olur. Buna görə də, mənzilini satıb, bacısıgilə yaxın yerdən mənzil almaq istəyir. Ancaq qeydiyyatda olan qızı Cavabdeh satış üçün razılıq vermir. Buna görə də, ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonunun Bəhruz Nuriyev küçəsindəki 75A saylı evin 151 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, X3 və Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadırlar. - "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli 27 saylı arayışından görünür ki, ünvan 3 küçəsi, 75 “A" №-li ev ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində olan, 1 otaqlı, 151 saylı mənzil İddiaçı məxsusdur və həmin mənzildə yaşayır. Həmin ünvanda qeydiyyatda olan qızı Cavabdeh qonşuların tərtib etdiyi 03 mart 2022-ci il tarixli akta əsasən onunla birgə yaşamır. - Komendant, onun köməkçisi və qonşular tərəfindən tərtib edilmişdir 03 mart 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh 8 km. qəsəbəsi, B.Nuriyev küçəs, 75a, mənzil 151 ünvanında yaşamamışdır. - AZ-İ seriyalı 348434 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 ilə olan nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 noyabr 1996-cı il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Quliyev” soyadı verilmişdir. - "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, "xxxx" MTK (hazırkı adı "xxxx" MTK) ilə Cavabdeh arasında Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin 9-cu bina, 26-cı mərtəbəsində yerləşən 2 (iki) otaqdan ibarət 180 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli GH-A 9/001068 nömrəli müqavilə bağlanmışdır. ACavabdeh hazırda həmin mənzildə yaşayıb-yaşamaması haqqında hər hansı məlumat yoxdur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6774/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs: Cavabdeh) qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair iddiası rədd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqeasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ünvan 6-də, xx.xx.2020-ci il tarixdən hazırkı tarixədək ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddaçının qızıdır və cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçının razılığı ilə mənzilə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun mənzil hüquqlarımı pozur. Halhazırda iddiaçı əmlakı barədə sərəncam vermək hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki yerləşən 75A saylı evin 151 saylı mənzilini qeydiyyata düşmələrinə razılıq vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2020-ci ildən, yəni iddiaçı tərəfindən cabvabdeh Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki yerləşən 75A saylı evin 151 saylı mənzilinə qeydiyyatda düşməsinə razılıq verilməsindən sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bundan başqa, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda, qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 75A ünvanında yerləşən binanın komendat, onun köməkçisi və sakinlər tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh mübahisə predmeti olan mənzildə qeydiyyata düşsə də, heç vaxt həmin mənzildə yaşamamışdır, qeydiyyatı formal xarakter daşıyır. İddiaçı cavabdehin həmin mənzildə heç vaxt yaşamadığını, onun pasport qeydiyyatında olmasının formal xarakter daşıdığını bildirir. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirmək hüququ məhdudlaşdırıldığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 06 may 1997-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən mənzilini keçmiş həyat yoldaşı X1 bağışlamış, sonuncusi isə hədiyyəni qəbul etmişdir. Cavabadeh isə xx.xx.2005ci il tarixdə həmin mənzilə qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə isə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Bundan başqa, cavabdeh ilə "xxxx" MTK (hazırkı adı "xxxx" MTK) arasında Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin 9-cu bina, 26-cı mərtəbəsində yerləşən 2 (iki) otaqdan ibarət 180 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli GH-A 9/001068 nömrəli müqavilə bağlanmışdır. Göründüyü kimi cavabdehin yaşamaq hüququnu təmin edəcək başqa evi vardır. Bununla yanaşı Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar