Məhkəmə qərarları › İş №2(007)-2275/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2275/2024

18.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2275/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BA Azerbaijan" MMC ilə "Təhsil xidmətlərinin göstərilməsi haqqında” imzalanmış müqavilə əsasında ödənilmiş 8500 manat, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına nömrəsi **********198 olan elektron sərnişin aviabiletinin (X17 - Anadolu Jet) alınmasına görə 406 manat, universitetin yataqxanası üçün ödənilmiş 3942 manat ümumilikdə 12848 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 18 iyun 2005-ci il tarixində rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 20 mart 2006-cı il təvəllüdlü X10, 01 may 2007-ci il təvəllüdlü X7 və 27 may 2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən uşaqlar onun himayəsində saxlanmışdır. Belə ki, 20 mart 2006-cı il təvəllüdlü oğlu X11 Respublikasında ali təhsil alması məqsədilə "xxxx" MMC ilə "Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə imzalanmış və müqavilənin 4.1-ci bəndinə uyğun olaraq 8500 manatdan ilkin 4250 manat vəsait ödənilmiş, digər hissəsi isə sonradan ödənilmişdir. Müraciət nəticəsində Türkiyə Respublikasının İstanbul Rumeli Universitetindən Ülvi Rzazadəyə xx.xx.2023-cü il tarixli qəbul məktubu gəlmişdir. Məktubun məzmununun əsasən 2023/2024 tədris ili üçün xarici tələbə qəbulu kvotasına uyğun olaraq qiymətləndirilməsi və Mühəndislik fakültəsi və təbiət elmləri və kompüter proqramlaşdırılması fakültəsinə 100% təqaüdlü qəbul proqramı təşkil edir. Əlavə olaraq Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Təhsil müşavirliyi tərəfindən xx.xx.2023-cü il tarixli Uyğunluq sənədi (Denklik Belgesi) verilmiş, müraciət edənin təhsil səviyyəsinin Türkiyə Respublikasında təsdiq edilmiş səviyyəyə uyğun olduğu təsdiq edilmiş və qiymətləndirilmişdir. X14 yetkinlik yaşıra çatanadək Türkiyə Respublikasına və digər xarici ölkələrə müstəqil qaydada getməsinə və digər qanuni hərəkətləri sərbəst qaydada etməsinə etirazının olmamasına dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarına və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təqdim edilməsi üçün tərəfindən Bakı 7 saylı “Asan Xidmət" Mərkəzinin Notariat ofisinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixli ərizələr notarial qaydada təsdiq edilmişdir. Eyni zamanda cavabdeh xx.xx.2023-cü il tarixində Bakı şəhəri 32 saylı Notariat ofisinə müraciət etmiş, 20 mart 2006-cı il təvəllüdlü Ülvi Rzazadənin yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına getməsinə etiraz etmədiyinə dair ərizəsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənən bütün zəruri sənədlərin hazır olduğunu nəzərə alaraq X14 təhsili ilə əlaqədar 21 avqust 2023-cü il tarixində Türkiyə Respublikasına getməsi üçün 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına bilet nömrəsi **********198 olan elektron sərnişin bileti (X17 - Anadolu Jet) alınmışdır. 21 avqust 2023-cü il tarixində Heydər Əliyev adına X6 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq sənədlərin yoxlanışı zamanı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri 32 saylı Notariat ofisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təqdim edilməsi üçün təsdiq edilmiş 20 mart 2006-cı il təvəllüdlü Ülvi Rzazadənin yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına getməsinə etiraz etmədiyinə dair ərizəsinə xitam verildiyi məlum olmuşdur və bu barədə cavabdeh tərəfindən onlara heç bir məlumat verilməmişdir. Bildirir ki, xx.xx.2023-cü il tarixindən etibarən cavabdehin onlarla və xüsusilə oğlu Ülvi Rzazadə ilə valideyn olaraq şəxsi əlaqələri olmamış, onun ölkədən getməyinə etirazının olmasını heç bir üsul və vasitə ilə bildirməmişdir. Odur ki, notarial qaydada təsdiq edilmiş ərizənin cavabdeh tərəfindən ləğv edilməsi və bu barədə valideyn olaraq ona və ya cavabdehin öz övladına əvvəlcədən məlumat verməməsi qərəzli xarakter daşıyır. Baş verənlərdən sonra universitet tərəfindən oğlu Rzazadəyə universitetə gedə bilməsi üçün akademik məzuniyyət verilmiş və bu zaman kəsiyində uşağın digər valideynin icazəsi olmadan ölkə xaricinə getmək hüququnun verilməsi barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Qanunverciliyə uyğun olaraq tərəflərindən təqdim edilmiş sübutlar məhkəmə tərəfindən qiymətləndirilmiş və iddia tələbi təmin edilmişdir. İstər məhkəmə qaydasında, istərsə də şəxsi münasibətlər zəminində cavabdehin gətirdiyi və bundan sonra gətirə biləcəyi arqumentlər əsassız olmaqla birbaşa və dolayı üsullarla uşağın təhsil hüququnun pozulması üçün bilməzdi. Eyni zamanda cavabdeh valideyn olaraq mənəvi və hüquqi öhdəliklərindən irəli gələn digər vəzifələri bu günədək lazımınca icra etməmiş və barəsində məcburi qaydada gətirilmə haqqında müxtəlif vaxtlarda Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qərardadlar qəbul edilmişdir. Beləliklə, cavabdehin məsuliyyətsiz və qərəzli hərəkətlərinin nəticəsində X14 konstitusion hüququ olan təhsil hüququ qərəzli şəkildə pozulmuş, "xxxx" MMC ilə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” imzalanmış müqavilə əsasında ona 8500 manat, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına nömrəsi **********198 olan elektron sərnişin aviabiletinin (X17 - Anadolu Jet) alınmasına görə 406 manat, universitetinin yataqxanası üçün ödənilmiş 3942 manat maddi ziyan vurmuşdur. Hər bir dövlətin, cəmiyyətin gələcəyini uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. O, bir valideyn olaraq övladlarının üzərində olan məsuliyyətini dərk edir, onlara qarşı olan öhdəliklərini layiqincə icra etməyə çalışır, övladlarının müasir standartlara uyğun təhsil alması və gələcəkdə cəmiyyətə və dövlətə layiqli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edir.

Cavabdehin etirazı:

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, keçmiş həyat yoldaşı İddiaçı ona qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən vurulmuş ziyana görə ümumilikdə 12848 manatın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun və çəkilmiş mediasiya xərci olan 50 (əlli) manat məbləğində pul vəsaitinin ondan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, sözügedən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk əvvəl qeyd etmək istəyir ki, iddaçının ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tamamilə absurddur. Çünki İddiaçı oğlu Ülvi Rzazadənin Türkiyə Respublikasında təhsil alması üçün ümumlikdə 12848 manat məbləğində pulu ona yox “Təhsil xidmətlərinin göstərilməsi haqqında" “BA Azerbaijan" MMC ilə imzalamış olduğu müqavilə əsasında qeydiyyatı, kimliyi və həqiqiliyi bəlli olmayan, fəaliyyət istiqaməti və məqsədi şübhə doğuran “BA Azerbaijan" MMC-yə ödəmişdir. Buna görə də oğlunun Türkiyə Respublikasında təhsil almasında müəyyən problemlərin yaranacağı qaçılmaz idi. Çünki başqa məqsədlər üçün yaradılan “BA Azerbaijan" MMC fəaliyyətini əsasən cəmiyyətdə çaşqınlıq yaradaraq vətəndaşları aldatmağa yönəltmişdir. Nəzərə çatdırır ki, o, İddiaçı bir manat belə olsa pul almamışdır ki, ona da hər hansı bir ziyan vursun. Bundan başqa bildirir ki, Türkiyə təhsil sistemində tələbənin bir ay müddətində dərslərdə iştirak etməməsinə görə onun tədris ili müddətində həmin dərslərdə iştirak edə bilməyəcəyi kimi bir anlayış mövcud deyildir. Həmçinin qeyd edir ki, tələbə hansısa bir səbəbdən təhsilin davam etdirə bilməyəndə onun təhsil haqqı müqavilə üzrə ona tam şəkildə geri qaytarılmalıdır. Bundan başqa o, ümumiyyətlə iddiaçı tərəfindən “BA Azerbaijan'’ MMC-yə hər hansı bir məbləğdə pul ödənilməsinə də inanmır. İddiaya əlavə edilmiş qəbzlər isə saxta qəbzlərdir. Həmin qəbzləri İddiaçı ondan pul tələb etmək üçün qeyri-qanuni formada əldə etmişdir. Nəzərə çatdırır ki, yetkinlik yaşına çatmamış övladının ölkədən çıxışına icazə verməmək onun hüququdur. Bu hüququnu həyata keçirməyinə görə hər hansı bir maddi və ya digər bir məsuliyyət daşımağı isə absurd olmaqla yanaşı, həmçinin hüquqa ziddir. Qeyd edir ki, İddiaçı ilə aralarında olan məhkəmə proseslərin birində görüşüb söhbət edən zaman oğlum Ülvi Rzazadədən təhsili üçün nə zaman Türkiyə Respublikasına gedəcəyini, bilet alıb-almamasını soruşarkən oğlu ona Türkiyəyə getməyəcəyini, Türkiyədə təhsil alması ilə bağlı müəyyən problemlərin yarandığını, təhsil haqqı pulunun təhsil aldığı universitetə ödənilmədiyini bildirmişdir. Ondan bunun səbəbini soruşduqda isə dələduzların, anası Ülviyə Qasımovanı oğullarının Türkiyə Respublikasında təhsil alması adı ilə aldadıb pulunu aldıqlarını bildirmişdir. Qeyd edir ki, X14 sözlərindən sonra İddiaçı müqavilə bağladığı "xxxx" MMC-yə qarşı içində müəyyən bir şübhələr və narahatlıqlar yarandığı üçün razılıq ərizəsini ləğv etdirmək qərarına gəldi. Eyni zamanda elə məhkəmədə oğlu Ülvi Rzazadəyə və İddiaçı da belə bir addım atacağı ilə bağlı məlumat da vermişdir. Bundan başqa bildirir ki, İddiaçı ilə aralarında nikaha məhkəmə qaydasında xitam verildikdən sonra ona qarşı aqressiv, qərəzli münasibət göstərməyə başlamışdır. Belə ki. İddiaçı onu övladları ilə görüşməyə icazə vermir, onların görüşməyinə hər cür manelər yaradır. Eyni zamanda övladlarının düşüncəsində ona qarşı mənfi rəy formalaşdırmaq üçün onun barəsində övladlarına yalan, həqiqətə uyğun olmayan fikirlər söyləyir. Bunun nəticəsidir ki, əvvəlki məhkəmə iclaslarından 3 gün öncə oğlu Ülvi Rzazadə üçün xarici pasport almaq və müəyyən sənədlərin türk dilinə tərcüməsini həyata keçirmək üçün onunla birlikdə asan xidmət mərkəzində olsa da, lakin məhkəmə iclasında oğlu anasının təsiri ilə 2 (iki) ildir ki, onu görmədiyini bildirmişdir. Həmçinin bildirir ki, İddiaçı da orada onlarla birlikdə olmuşdur. Bu da İddiaçı onun barəsində övladlarına yalan, həqiqətə uyğun olmayan fikirlər təbliğ etdiyinin, onları bu fikriləri söyləməyə məcbur etdiyinin, onunla övladları arasında olan münasibətləri tamamilə soyutmaq istədiyinin bariz göstəricisidir. Qeyd etməlidir ki, iddiaçının ona qarşı olan barışımaz, şəxsi münasibətlərində övladlarından ona qarşı təsir vasitəsi kimi istifadə etməsi qətiyyən yolverilməzdir. Bildirir ki, İddiaçı hazırki iddia tələbi də məhz ona qarşı olan qərəzli mövqeyindən irəli gəlir. Qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsində ona 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın dəydiyini bildirmişdir. Nəzərə çatdırır ki, tərəfindən cavabdehə heç bir maddi ziyan vurulmamışdır ki, ona hər hansı bir mənəvi ziyan vurulmuş olsun. Eyni zamanda cavabdeh öz iddia ərizəsində ona mənəvi ziyan dəyməsini bir cümlə ilə ifadə etmiş, bunu heç bir formada sübuta yetiməmişdir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbin müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 04 iyun 2024-cü il tarixli, MŞB/MT015/2024-0161/02 nömrəli arayışdan görünür ki, Cavabdeh 04 iyun 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir.

9. 20.06.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 130 manat dövlət rüsumu ödəmişdir.

10. Təhsil xidmətlərinin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, “sifarişçi” İddiaçı Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən universitetlərə müraciət olunması xidmətləriinin göstərilməsini sifariş verib, “icraçı” "xxxx" MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” "xxxx" MMC isə “sifarişçi”nin müəyyən etdiyi qaydada bu müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq xidmət haqqı 8500 manat təşkil edir. İlkin ödənilən məbləğ 4250 manat, qalıq məbləğ isə 4250 manat təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, E-19095349-2xx.xx-81633595 nömrəli denklik belgesindən görünür ki, Ülvi Rzazadənin təhsil səviyyəsinin Türkiyə Respublikasında təsdiq edilmiş səviyyəyə uyğun olduğu təsdiq edilmiş və qiymətləndirilmişdir.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(007)- 2692/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 20 mart 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə, tək və ya anasının razılığı ilə digər şəxslər ilə birlikdə Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə (ölkəni daimi əsaslarla tərk etməsi halı istisna olmaqla) icazə verilməsi qət edilmişdir.

13. 19.09.2023-cü il tarixli, 24021196/14 saylı ”öğrenci belgesi”ndən görünür ki, X10 2003-2004-cü təhsil ili üçün “X3”nin aktiv tələbəsidir.

14. Elektron sərnişin biletinin surətindən görünür ki, X17 - Anadolu Jet) alınmasına görə 406 manat ödəniş edilmişdir.

15. xx.xx.2023-cü il tarixdə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına gedib-qayıtmasına etiraz etmədiyi barədə ərizəni ləğv etdirmişdir.

16. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 8(007)- 141/2023 saylı, 04 may 2023-cü il tarixli, 8(007)-141/2023 saylı və 14 avqust 2023-cü il tarixli, 8(007)-141/2023 saylı qərardadların surətindən görünür ki, Cavabdeh məcburi gətirilməsi barədə qərardadlar qəbul edilmişdir.

17. BS seriyalı 001084 nömrəli tahsilat makbuzunun surətindən görünür ki, Ülvi Rzazadə yurd üçün 10000 TRY ödəmişdir.

18. Ödəmə planlarından və qəbzlərdən görünür ki, Ülvi Rzazadə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə hər dəfə 15000 TRY ödəmişdir.

19. 12.09.2023-cü il tarixli qəbzin surətindən görünür ki, X4 üçün 5000 TRY ödənilmişdir.

20. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qaimə fakturalardan görünür ki, İddiaçı “British Academy”-yə 4250 manat olmaqla iki dəfə ödəniş etmişdir.

İşin faktiki halları:

21. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2006-cı il təvəllüdlü X1 Cumhuriyyətində “X3”nə qəbul olmuşdur. Uşaqdan ayrı yaşayan ata Cavabdeh onun Türkiyə Cumhuriyyətinə getməsi üçün qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş razılıq vermiş, lakin daha sonra razılığı ləğv etdirdiyindən uşağın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərək sərbəst surətdə ölkədən getməsi mümkün olmamışdır. İddiaçı övladı Ülvi Rzazadənin təhsil xərcləri, təyyarə bileti və digər xərcləri üçün lazımı bütün ödənişləri etmişdir. Hazırda iddiaçı “BA Azerbaijan" MMC ilə "Təhsil xidmətlərinin göstərilməsi haqqında” imzalanmış müqavilə əsasında ödənilmiş 8500 manat, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına nömrəsi **********198 olan elektron sərnişin aviabiletinin (X17 - Anadolu Jet) alınmasına görə 406 manat, universitetin yataqxanası üçün ödənilmiş 3942 manat ümumilikdə 12848 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin Cavabdeh tutulmasını xahiş edir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı:

Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. X15 yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıması nəticəsinə gəlmişdir.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X1 Cumhuriyyətində yerləşən “X3”nə qəbul olmuşdur. Uşaqdan ayrı yaşayan ata Cavabdeh onun Türkiyə Cumhuriyyətinə getməsi üçün qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş razılıq vermiş, lakin daha sonra razılığı ləğv etdirdiyindən uşağın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərək sərbəst surətdə ölkədən getməsi mümkün olmamışdır. Təqdim olunmuş qəbzlərdən göründüyü kimi İddiaçı övladı Ülvi Rzazadənin təhsili üçün lazımı bütün ödənişləri etmişdir. Daha sonra İddiaçı “valideynin razılığı olmadan uşağın ölkədən getməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(007)-2692/2023 saylı qətnaməsi ilə 20 mart 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə, tək və ya anasının razılığı ilə digər şəxslər ilə birlikdə Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə (ölkəni daimi əsaslarla tərk etməsi halı istisna olmaqla) icazə verilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyi və verdiyi etibarnaməni ləğv etdirdiyi üçün Ülvi Rzazadə təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə gedə bilməmişdir.

26. Beləliklə, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya, X5 Türkiyə Cumhuriyyətində yerləşən “X3”ndə təhsil alması məqsədi ilə ödənilmiş vəsait və digər xərclər həcmində ziyan dəymişdir.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

28. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 130 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC ilə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən ödənilmiş 8500 manat, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına olan **********198 nömrəli elektron sərnişin aviabiletinin (X17- Anadolu jet) alınmasına görə 406 manat, universitetinin yataqxanası üçün ödənilmiş 75000 TRY (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla), iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumu və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC ilə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən ödənilmiş 8500 manat, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına olan **********198 nömrəli elektron sərnişin aviabiletinin (X17-Anadolu jet) alınmasına görə 406 manat, universitetinin yataqxanası üçün ödənilmiş 75000 TRY (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla), iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumu və 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar