Məhkəmə qərarları › İş №2(007)-2279/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2279/2019

01.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2279/2019 01.08.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi məhkəmə iclas katibi X8 qızının katibliyi iddiaçı “Milli İncilər” X5 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “Milli İncilər” X5 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Milli İncilər” X11 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər onların təqsiri nəticəsində iddiaçya dəymiş 7315,26 (yeddi min üç yüz on beş manat 26 qəpik) manat məbləğində maddi zərərin, hüquqi xidmətə görə 500 manatın, uzun müddət ərzində zərərin ödənilmədiyinə görə 5000,00 manat məbləğində kompensasiya haqqının, 10.000,00 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsümunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Milli İncilər” X5 vəkili Nümayəndə iddianı müdafiə edib, izahatında göstərdi ki, X6 “X2” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-dən və Cavabdeh2 ona vurulmuş maddi zərərə görə 7315,26 manat, ödədiyi dövlət rüsumuna görə 30 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 20 oktyabr 2017-cı il tarixdə saat təxminən 16:20 radələrində “X2” MMC-nin mülkiyyətində olan və Cavabdeh2 idarə etdiyi “Hyundai HD 65” markalı ** JR *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhərinin Fizuli küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla etibarnamə əsasında idarə etdiyi “BMW750” markalı ** AH *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə avtomobilinin sahibinə maddi ziyan dəymiş, Cavabdeh2 qeyd olunan inzibati xətanı törətməsi Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş protokol və 20.10.2017-ci il tarixli qərarla rəsmiləşdirilərək o, 40 manat cərimə edilmişdir. Hadisə nəticəsində avtomobilə 12 315,26 manat ziyan dəymiş, 5000 manat cavabdehlərin icbari sığorta olunduqları "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilsə də, qalan məbləğ ödənilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim E. Nuriyev, iş № 2(007)-626/20l8) iddia tələbinin qismən təmin olunması, “X2” MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312,00 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın X3 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manatın cavabdehlərdən alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Həsənov, X.Mərdanova və İ.Vəliyev, iş № 2(103)- 9782/2018) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-626/2018 saylı iş üzrə 04 iyun 2018-ci il tarixli tarixli qətnaməsi “X2” MMC-dər və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın X3 xeyrinə tutulması” hissələrində ləğv edilmiş, həmin hissədə də iddia tələbi təmin olunmamış, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilmiş, qətnamə qalan hissədə (ekspertiza tədqiqatının dəyərinin cavabdeh lərdən tutulması hissəsində) dəyişdirilmədən saxlanılmışdır.İş materiallarından görünür ki, X3 idarə etmiş olduğu “BMW-750” markalı ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil “Milli İncilər” X9 məxsus olmaqla Əziz Məmmədova yalnız avtomobili idarə etmək üçün etibarnamə verilmişdir; belə olan halda isə onu, hazırki apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn olmamasına görə onun iddia qaldırmaq hüququnun olmaması müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 və «X2» MMC-nin nümayəndəsinin gəlməməsinin səbələri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdeh2 adından məhkəməyə 29.07.2019-cu il tarixli imzası olmayan ərizə daxil olmuşdur. Ərizədə qeyd edilmişdir ki, iddiaçı tərəfin avtomobilinə vurulmuş zərər 5000,00 manat etməzdi, iddiaçı hadisədən sonra avtomobili “BMV improteks servis”ə aparmış orada zərər vurulmuş detallardan əlavə maşına lazım olan digər detallarını da dəyişmişdir. Onun tərəfindən vurulmuş 5000,00 manat zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Avtomobilin təmiri üçün iddiaçının öz istəklərinə əsasən avtomobilin təmir edilməsinə görə ondan tələb edilən 5600,00 manatın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 04.06.2018-ci il tarixli 2(007)- 626/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdehlər «X2» MMC-yə və Cavabdeh2 qarşı onların təqsiri nəticəsində ona dəymiş 7315,26 (yeddi min üç yüz on beş manat 26 qəpik) manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsümunun onun xeyrinə tutulması barədə iddia tələbinin qismən təmin olunması, “X2” MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın X3 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manatın cavabdehlərdən alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, iş üzrə avtomobilə vurulmuş zərərin müəyyən edilməsi məqdəsi ilə məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizasının 30.03.2018-ci il tarixli 6269 nömrəli rəyindən görünür ki, nəzəri hesablama ilə iş materiallarında olan "xxxx" servis mərkəzinin 20.10.2017-ci il tarixli akt məlumatlarına əsasən 2010-cu il buraxılışlı “BMV-750” markalı 10AH-688 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərclərinə, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10312,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli 2(103)-9782/2018) nömrəli qətnaməsi ilə «X2» MMC-nin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 626/2018 saylı iş üzrə 04 iyun 2018-ci il tarixli tarixli qətnaməsi “X2” MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın X3 xeyrinə tutulması” hissələrində ləğv edilmiş, həmin hissədə də iddia tələbi təmin olunmamış, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilmiş, qətnamə qalan hissədə (ekspertiza tədqiqatının dəyərinin cavabdehlərdən tutulması hissəsində) dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin 14.12.2018-ci il tarixli 2(102)-8302/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2018-ci il tarixli 2(103)-9782/2018) nömrəli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, həmin qərar “BMV-750” markalı 10AH-688 dövlət qeydiyyat nişanlı avtomobilin “Milli İncilər” X10 məxsus olmaqla ona idarə edilməsi üçün etibarnamənin verilməsi, iddiaçının belə olna halda məhkəmədə iddia qaldıra bilmək üçün subyektiv hüququnun olmaması, belə hüququn “Milli İncilər” X10 məxsus olması ilə əsaslandırılmışdır. İş materiallarında olan 15.04.2019-cu il tarixli GDH\3 seryalı, 068907 nömrəli qəbzdən görünür ki, “Milli İncilər” X11 tərəfindən hüquqi xidmətin göstərilməsinə görə “Mirzayev and X12” MMC-yə 500,00 manat vəsait ödənilmişdir. İş materiallarında olan 04.04.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı “Milli İncilər” X11 tərəfindən cavabdehlərə qarşı iddia ərizəsi üzrə cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məjəlləsinin 14.2.6-ci maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdi). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, müxanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrədən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata küçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran səxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehlərdən üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırki isdə də həmin əsaslar movcuddur. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, hazırki məsələ məhkəmədə mübahisələndirilmişdir. Lakin iddiaçı X3 mülkiyyətçi olmadığı üçün avtomobilə vurulmuş zərərin eyni cavabdehlər «X2» MMC-dən və Cavabdeh2 tələb etmək hüququnun, yəni məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə təmin edilməmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı onu da bildirir ki, Cavabdeh2 20 oktyabr 2017-ci il tarixdə saat 16:20 radələrində «X2» MMC-yə məxsus 31 oktyabr 2017-ci il tarixədək idarə etməsinə icazə verilmiş yol vərəqəsinə əsasən idarə etdiyi «Hyundai-HD 65» markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Fizuli küçəsi ilə S.Rüstəm küçəsi tərəfdən R.Behbudov küçəsinə tərəf hərəkət etmişdir. R.Behbudov küçəsində çatdıqda sağa R.Behbudov küçəsinə dönərkən ondan sağda hərəkət edən «Milli İncilər Musiqi İfaçıları Fondu»duna məxsus ƏN-İİİ seriyalı 001882 saylı etibarnaməyə əsasən X6 tərəfindən idarə olunan «BMW-750» markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, hərəkəti davam etdirərkən idarə etdiyi avtomobilin arxa sağ təkəri və arxa kranştein ilə «BMW-750» markalı avtomobilin qabal sol qanadını və qabaq bamperini vurub zədələmişdir. Hadisə zamanı heç kim bədən xəsarəti almamış, hadisə zamanı sürücülərin içki içmədiklərinə şübhəsi yoxdur. Bu hallar onun tərəfindən verilmiş izahatı ilə təsdiq olunmuşdur. Bakı BPİ DYPİ-nin 20 oktyabr 2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin "xxxx" «Atəşgah sığorta şirkəti»nin 28 oktyabr 2017-ci il tarixli qüsur aktından görünür ki, «BMW AG» konserninin Azərbaycanda rəsmi idxalçısı "xxxx" MMMnin texniki xidmət mərkəzinə 25 oktyabr 2017-ci il tarixində daxil olmuş «BMW-750» markalı **-AH-*** dövlət qeydiyyat nişanlı, CY64392 ban nömrəli avtomobildə hadisə nəticəsində qabaq bamper, sol fənər, sol qanad və s. ehtiyat hissələri zədələnmiş və onların dəyişdirilməsinə və bərpasına 12315,26 (ƏDV daxil) manat pul vəsaiti tələb olunmuşdur. Həmin ziyandan 5000 (beş min) manat cavabdehlərin sığorta olunduğu «Atəşgah sığorta» şirkəti tərəfindən ona ödənilmiş, qalan 7315,26 (yeddi min üç yüz on beş manat 26 qəpik) manat pul ilə bağlı iddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər ona dəymiş maddi ziyanı tam aradan qaldıracaqlarına söz versələr də, halhazıradək verdikləri sözə əməl etməmiş və ona dəymiş ziyanı ödəməkdən imtina etmişlər. Məhkəmənin qənaiti ondan ibarətdir ki, avtomobilə dəymiş zərərin məbləğinə dair məsələ 2(007)-626/2018 saylı iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizasının 30.03.2018-ci il tarixli 6269 nömrəli rəyindən görünür ki, nəzəri hesablama ilə iş materiallarında olan "xxxx" servis mərkəzinin 20.10.2017-ci il tarixli akt məlumatlarına əsasən 2010-cu il buraxılışlı “BMV-750” markalı 10AH-688 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərclərinə, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10312,00 manat müəyyən edilmişdir. Həmin ziyandan 5000 (beş min) manat avtomobilin sığorta olunduğu «Atəşgah sığorta» şirkəti tərəfindən iddiaçı tərəfə ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülkiprosessual qanunvericiliyin və «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəylərin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 5312,00 (beş min üç yüz on iki) manat vurulmuş ziyanla bağlı hissəsi sübut olunduğundan həmin hissədə təmin edilməli, iddianın maddi ziyanla bağlı qalan hissəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Həmçinin iddia tələbinin hüquqi xidmətlə bağlı hissəsi iddiaçı tərəfindən sübut olunduğundan iddia tələbi bu hissədə də təmin edilməli, zərərin uzun müddət ərzində ödənilməməsi və mənəvi zərər hissələrində də iddia təmin edilməməlidir. Belə ki, məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının mülkiyyətində olan avtomobilə zərər 20.10.2017-ci il tarixdə vurulmasına baxmayaraq onun tərəfindən deyil etibarnamə verilmiş şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilsə də, əsl iddiaçı tərəfindən həmin məhkəmə çəkişməsi başa çatdıqdan sonra öz subyektiv hüquqlarından istifadə edərək məhkəmədə iddia qaldırılmışdır. Halbuki, iddiaçı adi fiziki şəxslərdən fərqli olaraq təşkilat kimi öz hüquqlarını vaxtında və daha səmərəli həyata keçirə bilərdi. Məhkəmə həmçinin iddiaçının iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmçinin məhkəmə qeyd edir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. İddiaçı mənəvi zərər çəkdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər «X2» MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312,00 (beş min üç yüz on iki) manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat “Milli İncilər” X5 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsnin 216-220, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. «X2» MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312,00 (beş min üç yüz on iki) manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat “Milli İncilər” X5 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar