Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-232/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 8088,97 manat məbləğində əsas kredit borcu, 1051,94 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 9170,91 manat ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 032CASA********** saylı 25.10.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 25% dərəcəsi ilə 20000 manat məbləğində islehlak kredit xətti açılmışdır. Cavabdeh1 31.05.2019-cu il tarixdə banka ərizə ilə müraciət edərək, kredit müqaviləsi üzrə ona verilmiş krediti ödəmək iqtidarında olmadığına görə kredit müqaviləsinin yeni şərtlərlə yenidən maliyyəşdirilməsinin həyata keçirilməsi xahiş olunmuşdur. Bundan sonra tərəflər arasında 19032-666777/4846 saylı 31.05.2019-cu il tarixli yeni kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə sonuncuya 12 ay müddətinə illik 25% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12063 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 27.08.2020-ci il tarixdə İddiaçı ASC-yə təkrar ərizə ilə müraciət edərək, müvafiq kredit müqaviləsinin restrukturizasiya edilməsini xahiş etmişdir. Bundan sonra tərəflər arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair 032CASA191510024R saylı 27.08.2020-ci il tarixli razılaşma bağlanmışdır. Həmin müqaviləyə əsasən, kredit müqaviləsi üzrə kreditin əsas məbləği 9222,65 manat və 412,36 manat faiz borcu müəyyən edilmişdir. Müqavilə üzrə faiz dərəcəsi 25% kreditin qaytarılma müddəti isə 12 ay müddətinə uzadılmışdır. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə 32FİZAM172373001 saylı 27.08.2020-ci il tarixli, Cavabdeh4 ilə 32FİZAM166677901 saylı 27.08.2020-ci il tarixli, Cavabdeh3 ilə 32FİZAM166677801 saylı 27.08.2020-ci il zaminlik müqavilələri imzalanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 kredit müqaviləsinin bitmə tarixinə İddiaçı ASC-yə 8088,97 manat məbləğində əsas kredit borcu, 1051,94 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 9140,91 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Cavabdehlər etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, İddiaçı ASC-nin iddiasını qəbul etmirlər və buna qanun çərçivəsində öz etirazlarını bildirirlər. Etirazlarının əsasları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı ASC-dən 12 ay müddətinə, illik 25 faiz olmaqla 12063 manat məbləğində götürdüyü krediti 11 ayını ödəmişdir. Bu da 2245 manat təşkil edir. Lakin İddiaçı ASC onlardan artıqlaması ilə 9170,91 pul tələb edir. Bununla bağlı İddiaçı ASC-dən ödənişlər haqqında sübut növü kimi cədvəl mövcuddur. Məhkəməyə bildirirlər ki, İddiaçı ASC onlara əsassız və heç bir qanuna sığmayan artıq pul hesablayaraq onun ödənilməsini istəyir. Belə mübahisələr yarananda hesab edirlər ki, ödənişlərin hesablamasının düzgün olub-olmaması barədə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Ancaq mühasibatlıq espertizanın rəyi əsasında onların İddiaçı ASC-yə borcunun hansı miqdarda olmaması müəyyən olunur. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə məhkəmə iclasını və sonrakı məhkəmə iclaslarını (olduğu təqdirdə) nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri (sübutları) nəzərə alaraq iddianın təmin olunması və kredit borcunun, faizlərin və zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, o, banka müraciət edərək yeni ödəniş cədvəli tərtib edilməsini və borcunu bu şəkildə ödəməyi xahiş etmişdir. Kredit ödənişi üzrə banka 700 manat ödəniş edib, 700 manat borcundan silindikdən sonra yeni ödəniş cədvəli açılmalı idi. Lakin bank tərəfindən yeni ödəniş cəvəli açıldıqdan sonra 700 manat pul ödənişi kredit borcunun faiz hissəsindən silinmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2018-ci il tarixli 032CASA182980003 saylı kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, bank tərəfindən Cavabdeh1 25.10.2019-cu il tarixinədək illik 25 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 oğlu 25.10.2019-cu il tarixinədək kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 25.10.2018-ci il tarixli kredit müqaviləsi üzrə pul vəsaitini həmin tarixdə İddiaçı ASC-dən almışdır; - Cavabdeh1 İddiaçı ASC-yə ünvanladığı 31.05.2019-cu il tarixli ərizəsindən görünür ki, borcalan 25.10.2018-ci il tarixli 032CASA182980003 saylı kredit müqaviləsi üzrə borcu tam şəkildə ödəmək məqsədi ilə onunla yeni şərtlərlə yeni kredit müqaviləsi bağlayaraq 31.05.2019-cu il tarixli 19032-666777/4846 saylı kredit müqaviləsi üzrə kreditin yenidən maliyyələşdirilməsinin həyata keçirilməsini xahiş etmişdir; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.05.2019-cu il tarixli 19032- 666777/4846 saylı kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, borcalan 25.10.2018-ci il tarixli 032CASA182980003 saylı kredit müqaviləsi üzrə öhdəliyini laizmi qaydada icra edə bilmədiyindən tərəflər yeni kredit müqaviləsinin imzalanmasına dair razılığa gəlmişlər. Kredit borcalana həmin müqaviləyə müvafiq olaraq verilmiş 11885,36 manat əsas borc, 178,34 manat faiz borcu və 0,99 manat cərimə borcunun yenidən maliyyələşdirilməsi məqsədilə verilir. Müqaviləyə əsasən Cavabdeh1 12 ay müddətinə illik 25 % kreditdən istifadəyə görə haqq ödəməyi öhdəsinə götürmüşdür; - 31.05.2019-cu il tarixli kredit müqaviləsinə dair 27.08.2020-ci il tarixli 032CASA191510024R saylı Restrukturizasiya razılaşmasından görünür ki, borcalanın 19032-666777/4846 saylı 31.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə boralanın razılaşmanın imzalandığı tarixə 9222,65 manat əsas, 412,36 manat daxi borcu mövcuddur. Razılaşma ilə kredit üzrə faiz dərəcəsi 25 % və kreditinin son icra müddəti 25.08.2021-ci il müəyyən edilir; - 27.08.2020-ci il tarixli 32FİZAM172373001 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X3 31.05.2019-cu tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; - 27.08.2020-ci il tarixli 32FİZAM166677901 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 31.05.2019-cu tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; - 27.08.2020-ci il tarixli 32FİZAM166677801 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 31.05.2019-cu tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; - İddiaçı ASC-nin 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun 25.10.2018-ci il tarixli 032CASA182980003 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 8088,97 manat əsas, 1051,94 manat faiz borc, cəmi 9140,91 manat məbləğində borcu vardır; - İddiaçı ASC-nin 22.07.2021-ci il tarixli pretenziyasından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3 bank iş günü ərzində borcunu ödəmədiyi təqdirdə barələrində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar; - 16.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 mart 2022-ci il tarixli 9/730 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin və həmin müqavilənin əsasənda imzalanmış qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC-yə 27.08.2021-ci il tarixə 8088,97 maat əsas borc, 1035,60 manat faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 032CASA********** saylı 25.10.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 25% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 31.05.2019-cu il tarixdə banka ərizə ilə müraciət edərək, kredit müqaviləsi üzrə ona verilmiş krediti ödəmək iqtidarında olmadığına görə kredit müqaviləsinin yeni şərtlərlə yenidən maliyyəşdirilməsinin həyata keçirilməsi xahiş olunmuşdur. Bundan sonra tərəflər arasında 19032-666777/4846 saylı 31.05.2019-cu il tarixli yeni kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə sonuncuya 12 ay müddətinə illik 25% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 12063 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq laiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 27.08.2020-ci il tarixdə İddiaçı ASC-yə təkrar ərizə ilə müraciət edərək, müvafiq kredit müqaviləsinin restrukturizasiya edilməsini xahiş etmişdir. Bundan sonra tərəflər arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair 032CASA191510024R saylı 27.08.2020-ci il tarixli razılaşma bağlanmışdır. Həmin müqaviləyə əsasən, kredit müqaviləsi üzrə kreditin əsas məbləği 9222,65 manat və 412,36 manat faiz borcu müəyyən edilmişdir. Müqavilə üzrə faiz dərəcəsi 25% kreditin qaytarılma müddəti isə 12 ay müddətinə uzadılmışdır. Lakin Cavabdeh1 kredit borcunun ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 25.10.2018-ci il və 31.05.2019-cu tarixli kredit müqavilələri və 27.08.2020-ci il tarixli Restrukturizasiya razılaşması üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 31.05.2019-cu il tarixli 011CASA193170002 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. MM-in: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş 27.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 25.10.2018-ci il tarixli 032CASA182980003 saylı kredit müqaviləsi üzrə 8088,97 manat əsas, 1051,94 manat faiz borc, cəmi 9140,91 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı cavabdehin vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 09 mart 2022-ci il tarixli 9/730 saylı rəydən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 27.08.2021-ci il tarixə İddiaçı ASC olan əsas borcu 8088,97 manat, faiz borcu 1035,60 manat, cəmi borcu 9124,57 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin faktiki halları ilə qarşılıqlı tədqiq edib rəyi qəbul edərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 8088,97 manat məbləğində əsas borc və 1035,60 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 8088,97 manat əsas borc və 1035,60 manat faiz borcu olmaqla, cəmi 9124,57 manat borcun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, işdə olan 09 mart 2022-ci il tarixli 9/730 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 145 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 8088,97 manat əsas borc və 1035,60 manat faiz borcu olmaqla, cəmi 9124,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ**********0000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-232/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-232/2022
07.04.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver