Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-233/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1ın vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və həmin hospitalda estetik və plastik cərrah həkimi işləyən Cavabdeh1 2892 manat məbləğində maddi ziyana görə, 20.000 manat məbləğində mənəvi ziyana görə ödənişin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin iyun ayında Cavabdeh2 MMC-də çalışan estetik və plastik cərrah Cavabdeh1 qəbulunda olmuş və abdominoplastika əməliyyatı olunmaq istədiyini bildirmişdir. Özünü bu sahədə peşəkar cərrah kimi təqdim edən Cavabdeh1 əməliyyatın qiymətinin 3500 (üç min beş yüz) manat olduğunu bildirmiş və cəmi 2 gün əməliyyatdan sonra xəstəxanada qalacağını və sonra evə buraxılacağını demişdir. O bununla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə “X1 əməliyyatdan öncə qanın ümumi analizlərini, serolji analizləri, hematoloji analizləri və biokimyəvi analizləri öz hesabına vermişdir. “X3” MMC-nin verdiyi hesab-fakturadan göründüyü kimi, 3500 manat əməliyyatın pulu onun tərəfindən tam şəkildə ödənilmişdir. Daha sonra həmin analizlərin nəticələri əsasında Svetlana xanımın təyin etdiyi tarixdə, yəni xx.xx.2020-ci il tarixdə o, əməliyyat olunmuşdur. Əməliyyatdan sonra xx.xx.2020-ci il tarixdə hospitaldan evə buraxılmalı olsa da, vəziyyəti ağır olduğuna görə daha 2 gün xəstəxanada qalmalı olmuş və yalnız xx.xx.2020-ci il tarixdə evə buraxılmışdır. Lakin əməliyyatdan sonra sağlamlığı bərpa olunmamışdır. xx.xx.2020-ci il tarixdə ağır vəziyyətdə olsa da tanışlarının köməkliyi sayəsində Cavabdeh1 qəbuluna yenidən getmiş və dözülməz ağrılarının olduğunu, ayağa qalxıb yeriməkdə çətinlik çəkdiyini bildirmiş və tikiş yerinin rənginin tündləşdiyini, göyərdiyini göstərmiş, Svetlana xanım müalicə aparmaq əvəzinə heyfsilənməyə başlamış və əməliyyatın niyə bu cür nəticə verdiyini bilmədiyini söyləmişdir. Cərrah həkim bilmirsə, xəstə haradan bilsin. Cavabdeh1 öz tanış həkimi ilə birlikdə ona kömək edə biləcəyini bildirdi. Onun tanışı olan Xəyalə adlı həkim (sonradan eşitdiyinə görə Xəyalənin heç həkim təhsili də yox idi, sadəcə cərrahiyyəyə dair hansısa kurs keçmişdir) onları qəbul etmiş və Svetlana ilə birlikdə onu yenidən əməliyyat edəcəkləri qərarına gəldiklərini bildirmişdir. Belə ki, Xəyalə və Svetlana tikişlərin göyərdiyini gördükdən sonra onu sökmək qərarına gəlmişdirlər, çünki səhvə yol verdiklərini bilirdilər. Halbuki sonradan ona məlum olmuşdur ki, tikişlərə dəymək olmazmış, bu çoxlu qan itirməyi nəticəsidə həyatını itirməyi ilə nəticələnə bilərdi. Beləliklə, tikişlər söküldükdən sonra açıq yara əmələ gəldi, halı daha da ağırlaşdı və bu vəziyyətdə o, evə buraxıldı. Lakin növbəti günlərdə əməliyyat oldunduğu hissələrdəki ağrılar daha da şiddətlənməyə başlamışdır, halsızlıq və yüksək hərarət düşmürdü. Xəyalə və Svetlananın etdikləri ‘‘düzəliş’' nəticəsində onun nəinki bədəninin vizual görünüşü bərbad olmuş, həm də sağlamlığına və həyatına böyük təhlükə yaranmışdır. O, təxminən 1 aydan çox müddətdə evdə yataqda qalmış, normal qidalanmaqdan və hərəkət etməkdən məhrum edilmişdir. Baş qaldıran ağrılara görə ümumiyyətlə yata bilməmiş, yuxu və qida rejimi tamamilə korlanmışdır. Bundan əlavə, tez-tez baş gicəllənmələr, ürəkbulanmaları və huş itirmə halları da baş verirdi. Vəziyyəti olduqca kritik idi, artıq sağalacağına inamını itirmişdir. O qeyd edir ki, dəfələrlə Cavabdeh1 ilə əlaqə saxlayaraq vəziyyətinin kritik olduğunu, təcili köməyə ehtiyacı olduğunu bildirsə də, Svetlana xanım “narahat olma, yaxşılığa doğru dəyişikliklər var, düzələcək’’ deyib onu aldadırdı. Lakin əksinə vəziyyətinin daha da ağırlaşdığını biləndən sonra onunla əlaqəyə girməkdən boyun qaçırmışdır. O, artıq həyatı ilə vidalaşmışdır. Onu bu vəziyyətə salan həkimin savadsızlığı ucbatından o, həyatını itirmək təhlükəsi ilə üz-üzə idi və ən çətini onu bu vəziyyətə salan həkimin ona kömək etməkdən boyun qaçırması idi. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, onun bədəni tamamilə korlanmış, qorxunc vəziyyətə salınmışdır. Tikişin yerində açıq yaralar əmələ gəlmiş və həmin yaralar göyərmiş, mikrob daxil olmuş və artıq daxili çirklənmə baş vermişdir. Lakin onu bu hala salan həkim Svetlana laqeyd olaraq onu ölümə məhkum etdi. Artıq ondan kömək gözləmək mənasız idi və o, həyatı üçün mübarizə apararaq Azərbaycan Respublikası "xxxx" MMC-yə məxsus Avrasiya Hospitalının həkimi Rövşən Babayevin qəbulunda olmuşdur. O, onu sözün əsl mənasında xilas etdi və həyata qaytardı. Rövşən Babayev onu əməliyyat edərək əvvəlki həkim səhvlərini düzəltdi və o, tezliklə ayağa qalxaraq bütün ağrılardan xilas oldu. Rövşən Babayevin verdiyi EPİKRİZdən (xəstənin tibbi kartasından Çıxarış) göründüyü kimi, o, xəstəxanaya daxil olduqda tam diaqnozu “abdominoplastika sonrası vəziyyət, göbəkaltı və qasıqüstü nahiyyənin açıq yarası" idi. Çıxarışda xəstənin vəziyyəti kimi isə göstərilmişdir ki, “xəstə keçirdiyi Abdominoplastika əməliyyatına bağlı göbəkaltı və qasıqüstü nahiyyəsində açılmış, sağalmayan iriinləmiş yarasında olan ağrı və diskomfort hissindən şikayət edir, xəstə stasionar şəraitdə müayinə və müalicə üçün hospitalizasiya olunur". Göründüyü kimi, onun vəziyyətinin olduqca ağır olduğunu həkim Rövşən Babayev də təsdiq edir. Bu vəziyyətdə onu qəbul edib əməliyyat etdi. Hal-hazırda vəziyyəti qənaətbəxşdir. O həmçinin qeyd edir ki, Rövşən Babayev onu əməliyyat etdikdən və əvvəlki uğursuz əməliyyat nəticələrini düzəltdikdən sonra Cavabdeh1 ona “Whatsapp” vasitəsilə yazaraq halını soruşdu. Vəziyyətinin daha yaxşı olduğunu, sağ qaldığını, lakin onun həyatı ilə oynadığına görə ondan maddi və mənəvi ziyan tələb etdiyini bildirdi. Odur ki, Svetlana ondan şikayətçi olunmasın deyə yalnız onun əməliyyata görə ödədiyi 3500 manat məbləğində pulu geri qaytarmış, lakin ona vurduğu maddi və mənəvi ziyanın qalan hissəsi bu günədək ödənilməmişdir. Belə ki, Cavabdeh2 MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli Hesabfakturadan göründüyü kimi, əməliyyatın pulundan əlavə, əməliyyat xərcləri kimi əlavə 317 manat pul ödəmişdir. Cavabdeh1 əməliyyatı 2 dəfə yanlış aparması nəticəsində o, evdə yataqda qalmalı və ona qulluq edilməsi üçün 2 nəfər baxıcı tutmalı olmuşdur. Həmin baxıcılar gecə-gündüz onun qulluğunda durduğuna görə onlara ümumilikdə 1200 manat pul ödəmişdir. Cavabdeh1 onu evə buraxdığı xx.xx.2020-ci il tarixdən sonra bir aydan artıq müddətdə dava-dərmanların alınmasına, sarğıların edilməsinə, müxtəlif sistemlərin vurulmasına, analizlərin verilməsinə görə təxminən 1000 manatdan artıq xərc çəkmiş, bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən də göründüyü kimi, hospitalda qaldığı müddətdə əlavə olaraq xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2020-ci il tarixdə 10 manat, analizlər çün əlavə 55 manat pul ödəmiş, qalan ödənişləri isə nağd şəkildə heç bir qəbz ona təqdim edilmədən ödəmişdir. Beləliklə, o hesab edir ki, ona vurulmuş 2.892 manat məbləğində maddi ziyan cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Digər tərəfdən, Cavabdeh1 və onu işlə təmin edən və həkimlərinə nəzarət etməyən Cavabdeh2 MMC tərəfindən ona müştərək qaydada mənəvi ziyan da ödənilməlidir. Belə ki, Cavabdeh1 əməliyyatı 2 dəfə düzgün aparmaması nəticəsində onun vəziyyəti ağırlaşmış, 1 aydan artıq müddətdə yataqda, tamamilə hərəkətsiz, vəziyyətdə və baxıcılardan tam asılı vəziyyətdə qalmışdır. Həkimin səhvi ucbatından bütün bədənində dözülməz ağrılar baş qaldırmış, ürəkbulanmaları, başgicəllənmələri və tez-tez huş itirməkləri baş verirdi. Üstəlik həkim Cavabdeh1 sonradan ümumiyyətlə onunla əlaqəni kəsməsi onda psixoloji gərginlik yaratmış, əsəb sarsıntısı, mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. Həyatının təhlükə altında olması, əvvəlki vəziyyətə qayıda bilməmək qorxusu isə əzab çəkməyinə gətirib çıxarmışdır. O, həkimin səhvi ucbatından hər gün həyatla mübarizə apararaq sağ qalmağa çalışırdı. Bununla da onun bütün əsəb sistemini zədələnmiş, psixolji sarsıntı və gərginlik keçirmişdir. Bütün bunlara görə onun psixi durumu bir ilə yaxın müddətdə ağır vəziyyətdə olmuşdur. Bu günədək keçirdiyi əsəb sarsıntısı və psixoloji gərginliyə görə cavabdehlərdən müştərək qaydada 20.000 manat məbləğində mənəvi ziyana görə pul tutulmalı və ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, heç kəs gedib xəstəxanada səs-küy salmamış, hətta həkim ona özü yaraların nə üçün belə olduğunu, adının hallanmasından, pis vəziyyətə qalacağından qorxduğunu demişdir. Orada o, əməliyyatdan öncə də, sonra da analizlər vermişdir, əgər bu həkim başa düşmürdüsə nəyə görə belə olub ona deyərdi, o da başqa həkimə müraciət edərdi. Əgər onun immuniteti zəif olsaydı o, sağ qalmaz, bu günki gün burada olmazdı və onu ikinci dəfə əməliyyata götürməzdilər. Evdə ona baxan iki dayə olmuşdur, o, gecə-gündüz yata bilmədiyindən sakitləşdirici dərmanlar içirdi. O, həmin vaxt Svetlana xanıma yazdığı mesajlarda var idi, ondan soruşanda ki, bu nədir deyirdi ki, narahat olma hər şey yaxşı olacaq. Svetlana xanım niyə belə olduğunu bilmədi və öz rəfiqəsi ilə birlikdə o yaranı açdı. Görəndə ki, temperaturu düşmür, huşunu itirir, o, başqa həkimə müraciət etdi. Sonradan onu xilas edən həkim demişdir ki, həmin yaranı açmaq olmazdı, sağaltmaq olardı. Həmçinin o bildirdi ki, Svetlana xanım tərəfindən onun ödəmiş olduğu 3500 manat vəsait qayınanası vasitəsi ilə ona qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, İddiaçı "xxxx" MMC-də çalışan Cavabdeh1 əməliyyat üçün müraciət etmiş və xx.xx.2021-ci il tarixində əməliyyat olmuş, əməliyyat olunmamışdan əvvəl analiz olunmuşdur. Əməliyyatdan sonra vəziyyəti ağırlaşmış və 4 gün xəstəxanada qalmışdır. İddiaçı evə çıxdıqdan sonra vəziyyəti ağırlaşmışdır. Həkim iddiaçıya vəziyyətinin ağırlaşacağı barədə heç nə deməmişdir. Svetlana həkimə müraciət etdikdə o halların niyə baş verdiyini anlamamışdır. Sonra Svetlana xanımın vasitəsi ilə başqa həkim dəvət edilmiş, həmin həkim iddiaçını müayinə etmiş, hansı ki iddiaçıya sonradan məlum olmuşdur ki, həmin həkim heç həkim deyilmiş, haradasa kurs keçmişdir. Həmin həkim demişdir ki, guya tikişlər sökülməlidir. Tikişlər söküldükdən sonra evə buraxılmış və evdə vəziyyəti ağırlaşmış, əməliyyat olan yerlərdə çürümə baş vermişdir. Bu barədə Svetlana həkimə dedikdə isə o, bu halın baş verə biləcəyini bildirmişdir. Daha sonra Svetlana xanıma zəng etdikdə isə o ümumiyyətlə zənglərə cavab verməmişdir. Bu zaman iddiaçı Avrasiya Hospitalda çalışan Babayev Rövşən adlı həkimə müraciət etmiş, o isə tikişlərin sökülməməli olduğunu bildirmişdir. Beləliklə, səhv əməliyyat nəticəsində iddiaçının bədəni pis vəziyyətə düşmüş, ona 2892 manat məbləğində maddi ziyan, 20.000 manat məbləğində isə mənəvi ziyan dəymişdir. Belə ki, bu insan 20 gün öz həyatı ilə çabalamış, psixologiyası pozulmuş, maddi ziyan görə 2892 manat analizlərə, tibb bacılarına xərcləndiyi üçün təşkil etmişdir. Svetlana xanım səhv əməliyyat etdiyi üçün, öz səhvini başa düşdüyü üçün, ondan şikayət edilməməsi üçün Sevinc xanıma əməliyyat pulunu qaytarmışdır. Əgər Cavabdeh1 tərəfindən hər hansı həkim və əməliyyat səhvi baş verməmişdirsə nə üçün İddiaçı ikinci dəfə təkrar əməliyyat edirdi? Yara izlərinə baxanda bunu aydın görmək olur ki, burada həkim səhvi var. Yaraya infeksiya düşmüş, ikinci dəfə əməliyyat edilmişdir. O, Zemfira xanımı tanımır. O həmçinin bildirdi ki, iddiçı əməliyyata getməmişdən öncə bütün qan analizlərini vermişdir, əgər hər hansı onun imunitet çatışmamazlığı olsa idi, normal həkim onu əməliyyata götürməzdi, həm əgər imunitet çatışmazlığı olsaydı Sevinc xanım ikinci dəfə əməliyyata girəndə onu əməliyyata götürməzdilər, digər tərəfdən həkim normal əməliyyat etsəydi pulunu qaytarmazdı, demək bunun səhvi ucabatından iddiaçı bu vəziyyətə düşmuşdür ki, pulun bir hisəsini qismən qaytarmışdır. Əslində yaraların nə vəziyyətdə olması əməliyyatın düzgün aparılmadığını göstərir. Eyni zamanda, iddiaçı S. Məmmədova tərəfindən məhkəməyə təqdim edilmiş Tibbi kartadan da göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixində Avrasiya Hospitalına müraciət etmiş, əməliyyat və əməliyyatdan sonra dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır. O, ekspert rəylərinə münasibətdə bildirdi ki, ekspertiza rəyləri ilə razı deyillər, ona görə ki, xanım əməliyyata girməmişdən öncə də, sonra da bütün analizlər verilmişdir, heç bir analizlərdə immunitet zəifliyi yoxdur. Əməliyyatdan sonrakı analizlər də mövcudur, orada heç bir analizdə immunitet zəifliyi görünmür .Ekspert rəyləri möhtəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilməməlidir. Əgər ağrılar iddiaçının immunitetində zəifliklə bağlı olsaydı xanım ikinci dəfə əməliyyat olunanda da immunitet aşağı düşərdi və onda yaralar sağalmazdı, fəsadlar baş verərdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini, Cavabdeh1 tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, ekspert rəyləri ilə razı olduqlarını, rəylərin onların dediklərini təsdiq etdiyini bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. O həmçinin bildirdi ki, hər iki tərəf qəbul edir ki, əməliyyat olunmuşdur. Yaranın irinləməsinə səbəb infeksiyadır. Lakin bu xəstəxanada baş verməmiş, evdə olarkən baş vermişdir. Əgər belə olsaydı, onu evə buraxmazdılar. Eyni zamanda, Cavabdeh1 iddiaçı ilə maraqlanmış və ona kömək etmək istəmişdir. Bundan başqa iddiaçının qayınanası X4 Cavabdeh2 MMC-yə ərizə ünvanlamış və onlara maddi və mənəvi ziyanın tam ödənildiyini bildirmişdir. İddiaçı ilə əlaqə saxlanılmış və iddiaçı həmin pulu şəxsən qəbul etmişdir. Belə ki, o vaxtlar Sevinc xanımın qayınanası gəlmiş və klinikada səs-küy salmış, bu xoşagəlməz halların qarşısını almaq üçün və həkimin səhvindən olmasa da Sevinc xanımın yenidən əməliyyata ehtiyacı olduğu üçün həmin vaxt xəstənin ödədiyi pulu qaytarmışdır. Həmin pulu Svetlana xanım hər hansı bir səhvə görə deyil, insani niyyətlərlə qaytarmışdır. Bundan başqa immun sistemi adi qorxmaqla da düşə bilir, şəxsin immun sisteminin aşağı olması onun əməliyyata girməməsi demək deyil. Ekspert rəyindən də görünür ki, xəstə əməliyyata girəndə immun sistemi normal olmuş, lakin sonra düşmüş və buna görə də yaraların sağalmasında ləngimə olmuşdur və ekspert rəyində də qeyd olunub ki, ikinci dərəcəli sağalmada ləngimə var. Burada nəticə məlumdur ki, bütün bunlar ya həkim səhvindən, ya da xəstənin fiziologi vəziyətindən yaranır, burada da həkimin heç bir səhvi yoxdur, xəstənin fizoloji vəziyyəti ilə bağlıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 2020-ci ilin iyun ayında Cavabdeh2 MMC-də çalışan estetik və plastik cərrah Cavabdeh1 qəbulunda olmuş, xx.xx.2020-ci il tarixdə tibbi xidmət müqaviləsi bağlanmış, həmin tarixdə İddiaçı tərəfindən imzalanmış xəstə razılığına əsasən keçiriləcək əməliyyatın həyati riskləri, təhlükələri, meydana gələcək fəsadları, eyni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə biləcəyi hallarda müayinə, müdaxilə və təqibin digər həkimlər tərəfində aparılacağı barədə ona məlumat verildiyini, öz iradəsi ilə əməliyyatın keçirilməsini tələb etdiyini, həkim səhvi istisna olmaqla digər müvəffəqiyyətsizliklərlə bağlı maddi və mənəvi məsuliyyəti öz üzərinə götürdüyünü, əməliyyatın və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxanaya ödədiyi məbləğin ona geri ödənilməyəcəyini qəbul etdiyini bildirmişdir. İddiaçı həmin tarixdə də abdominoplastika əməliyyatı olunmuşdur. O, əməliyyatın nəticəsi olaraq 3500 (üç min beş yüz) manat əməliyyat xərci ödəmiş və bəzi analiz, müalicə xərcləri üçün də 2020-ci ilin iyun ayının müxtəlif vaxtlarında ödənişlər etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə evə buraxılmışdır. Evə buraxıldıqdan sonra iddiaçıda dözülməz ağrılar olmuş, ayağa qalxıb yeriməkdə çətinlik çəkmiş, tikiş yerinin rəngi tündləşmiş və göyərmişdir. İddiaçı vəziyyəti daha da ağırlaşdığı üçün Azərbaycan Respublikası "xxxx" MMC-yə məxsus Avrasiya Hospitalının həkimi Rövşən Babayevin qəbulunda olmuşdur. Avrasiya Hospitalın verdiyi xəstənin tibbi kartasından Çıxarışa əsasən, o, xəstəxanaya daxil olduqda tam diaqnozun abdominoplastika sonrası vəziyyət, göbəkaltı və qasıqüstü nahiyyənin açıq yarası olduğu, xəstənin vəziyyətinin xəstənin keçirdiyi Abdominoplastika əməliyyatına bağlı göbəkaltı və qasıqüstü nahiyyəsində açılmış, sağalmayan irinləmiş yarasında olan ağrı və diskomfort hissindən şikayət etməsi, xəstənin stasionar şəraitdə müayinə və müalicə üçün hospitalizasiya olunması kimi bildirilmişdir. Həmçinin iddiaçının qayınanası X4 tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-yə ərizə yazılaraq iddiaçıya və ona dəymiş maddi və mənəvi ziyanın onlara tam şəkildə qaytarıldığından İnternational Hospital-dan və tibb içilərindən hər hansı şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmiş, ərizəni öz sözləri və imzası ilə də təsdiq etmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patolojİ Anatomiya Birliyinin xx.xx.2022-ci il tarixli 71/KEŞ saylı ekspert rəyi ilə İddiaçı üzərində aparılmış ilkin cərrahiyyə əməliyyatından sonra yaranmış ağırlaşmaların əməliyyatın texniki icrası ilə deyil, bu ağırlaşmaların ilkin növbədə toxuma xüsusiyyətindən asılı olduğu, həmçinin orqanizmin immun sisteminin zəif olması və yanaşı olaraq ambulator xidmətinin (ev şəraitndə qulluq) yetərsizliyi fonunda sözügedən işdə qeyd olunan ağırlaşmaların meydana çıxdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patolojİ Anatomiya Birliyinin xx.xx.2022-ci il tarixli 289/KEŞ saylı ekspert rəyi ilə də İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonra yaranmış ağırlaşmaların əməliyyatın texniki icrası ilə deyil, ilkin növbədə toxuma xüsusiyyətindən asılı olduğu, əməliyyatdan əvvəl orqanizmin immun sisteminin göstəriciləri norma daxilində olsa da, əməliyyatdan sonra bu göstəricilərin reqenerasiya müddətində daha aşağı və ləng gedişli olduğu, bu zaman orqanizmin özünü bərpa mərhələsində yaraların sağalması ehtimal olunan birincili deyil, ikincili sağalmasına və müalicə müddətinin uzanmasına gətirib çıxardığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1112.-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin dəymiş ziyanın əvəzi olaraq 2892 manat vəsaitin tutulması hissəsi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən onun da təsdiq etdiyi kimi cavabdeh tibb müəssisəsinə əməliyyat xərci üçün ödənilmiş 3500 manat vəsaiti ona qaytarmış, həmçinin ekspert rəyləri ilə də ilkin cərrahiyyə əməliyyatından sonra yaranmış ağırlaşmaların əməliyyatın texniki icrası ilə deyil, bu ağırlaşmalar ilkin növbədə toxuma xüsusiyyətindən asılı olduğu, həmçinin orqanizmin immun sisteminin zəif olması və yanaşı olaraq ambulator xidmətinin (ev şəraitndə qulluq) yetərsizliyi fonunda sözügedən işdə qeyd olunan ağırlaşmaların meydana çıxdığı, əməliyyatdan əvvəl orqanizmin immun sisteminin göstəricilərinin norma daxilində olsa da, əməliyyatdan sonra bu göstəricilərin reqenerasiya müddətində daha aşağı və ləng gedişli olduğu, bu zaman orqanizmin özünü bərpa mərhələsində yaraların sağalması ehtimal olunan birincili deyil, ikincili sağalmasına və müalicə müddətinin uzanmasına gətirib çıxardıği müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyləri ilə də yaranmış hüquq münasibəti zamanı iddiaçıya qarşı cavabdehin peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməli istisna edilmiş, yəni əməliyyatını həyata keçirən cavabdehin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamış, iddiaçıda əməliyyatdan sonra yaranan ağrıların, yaraların sırf Cavabdeh1 keçirdiyi əməliyyatlar nəticəsində baş verdiyi sübuta yetirilə bilinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “20000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, bu mənəvi zərərin məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yetirilməsi sübut edilə bilinməmişdir. Eyni zamanda mənəvi ziyan tələbi törəmə tələb olduğundan və iddiaçının maddi ziyanla bağlı tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “cavabdehlər Cavabdeh2 MMC-dən və həmin hospitalda estetik və plastik cərrah həkimi işləyən Cavabdeh1 2892 manat məbləğində maddi ziyana görə, 20000 manat məbləğində mənəvi ziyana görə ödənişin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “cavabdehlər Cavabdeh2 MMC-dən və həmin hospitalda estetik və plastik cərrah həkimi işləyən Cavabdeh1 2892 manat məbləğində maddi ziyana görə, 20000 manat məbləğində mənəvi ziyana görə ödənişin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-233/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-233/2022
15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver