Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2355/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Hüseynova (Musayeva) Səadət Mayıl qızına, Cavabdeh5, Cavabdeh6 qarşı "mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Hüseynova (Musayeva) Səadət Mayıl qızına, Cavabdeh5, Cavabdeh6 qarşı "mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmayan uşaqları X6, X1 və X7 Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, 14 oktyabr 1998-ci il tarixli, 062897 nömrəli daşınmaz əmlakın alqı-satğı müqaviləsi əsasında cavabdeh X2 almışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 20 noyabr 1998-ci il tarixli, 154979 nömrəli qeydiyyat vəsiqəsi almışdır. Alqısatğı müqaviləsi bağlanarkən X9 öhdəsinə götürmüşdür ki, 3 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin 2 saylı “Asan xidmət” Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, cavabdehlər qeydiyyatda qalıblar. Onların iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 2550 manat məbləğində (1500 ABŞ dolları) pulun və 45 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, şəxsi mülkiyyətində olan Bakı şəhəri, İ.Həbibov küçəsindəki 55 saylı evin 1 saylı mənzilini 1998-ci ildə qarşılıqlı razılaşmaya əsasən cavabdeh İddiaçı 18.000 ABŞ dollarına alqı-satğı qaydasında 15 saylı Bakı şəhər Notariat Kontorunda satmış və cavabdeh İddiaçı ona hissə-hissə nağd şəkildə 16.500 ABŞ dolları vermişdir. Qarşılıqlı razılıqlarına əsasən o, qalan 1500 ABŞ dollarını (2550 manatı) verdikdən sonra o, ailə üzvləri ilə birlikdə qeyd etdiyi Bakı şəhəri, İ.Həbibov küçəsindəki 55 saylı evin 1 saylı mənzildən qeydiyyatdan çıxmalı idilər. Lakin indiyə kimi cavabdeh mənzilin 1500 ABŞ dollarını (2550 manatı) ona vermədiyinə görə o, ailə üzvləri ilə həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Hesab edir ki, cavabdeh alqısatğı müqaviləsi üzrə öhdəliklərini indiyə kimi tam yerinə yetirmədiyinə görə İddiaçı iddia ərizəsi rədd, onun qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı ilk iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunaraq cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, İddiaçı 1998-ci ildən qalan 1500 ABŞ dollar borcunu ödəsə, o da ailə üzvləri ilə birlikdə mənzildən çıxacaqdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Hüseynova (Musayeva) Səadət Mayıl qızı iddia tələbini qəbul etdiyini bildirmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Hüseynova (Musayeva) Səadət Mayıl qızına, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Hüseynova (Musayeva) Səadət Mayıl qızının, Cavabdeh5, Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 14 oktyabr 1998-ci il tarixli, 062897 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzilini İddiaçı satmışdır. - 3M/A-942 reyestr nömrəli notariat işindən görünür ki, X3, X4, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzilin satılmasına razıdırlar. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 20 noyabr 1998-ci il tarixli, 154979 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil İddiaçı adına 20 noyabr 1998-ci il tarixdə 29994 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Hüseynova (Musayeva) Səadət Mayıl qızı, Cavabdeh5, X8, X12, X5 və X13 Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzilində qeydiyyatdadırlar. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 məhkəməyə müraciət etmək üçün 45 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzilini İddiaçı satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh1 və ailə üzvləri mənzildən köçsələr də, formal olaraq mənzildə qeydiyyatda qalmışlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hazırda ilk iddia üzrə İddiaçı həmin mənzilin alqı-satqısından qalan 1500 ABŞ dolları pulun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Həmin qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alındığı andan ona keçmiş və ilk iddia üzrə cavabdehlər yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, 14 oktyabr 1998-ci il tarixli, 062897 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 mənzili 108000.000 manata satılmışdır. Lakin Cavabdeh1 həmin mənzili 18.000 ABŞ dollarına satdığını bildirir. Həmçinin alqı-satqı müqaviləsində mənzilin ödənişinin hissə-hissə ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbini əsaslı edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia tələbindən göründüyü kimi tələb, daşınmaz əşya ilə bağlı müqavilədən irəli gəlir. Bu iddia tələbləri üzrə iddia müddəti mülki qanunvericiliklə altı il müəyyənləşdirilmişdir. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı 1998-ci ildə cavabdehin ona 1500 ABŞ dolları borcu qaldığını qeyd etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, ilk iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Hüseynova (Musayeva) Səadət Mayıl qızının, Cavabdeh5, Cavabdeh6, onlarla birlikdə yetkinlik yaşına çatmayan X6, X1 və X7 Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin olunduğundan və iddiaçı tələb etmədiyindən, qarşılıqlı iddia isə təmin edilmədiyindən məhkəmə xərci olan dövlət rüsumu ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Hüseynova (Musayeva) Səadət Mayıl qızının, Cavabdeh5, Cavabdeh6, onlarla birlikdə yetkinlik yaşına çatmayan X6, X1 və X7 Bakı şəhəri, Nizami rayonu, İlqar Həbibov küçəsi, 55 saylı evin, 1 saylı mənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2355/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2355/2023
17.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver