Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2395/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aysel onun qohumdur. Cavabdeh ilə aralarında olan çəkişmə, uzun müddətdir ki, davam edir. Belə ki, Cavabdeh ona qarşı etmiş olduğu hərəkətlər nəticəsində bütün dəyərlərini itirdi və maddi cəhətdən müflis vəziyyətə düşdü. Cinayət işinin xitamına dair qərardaddan görünür ki, bütün mümkün vasitələrdən istifadə etməsinə baxmayaraq cavabdeh etmiş olduğu qanuna zidd hərəkətlərinə don geyindirməklə dələduzluq yolu ilə vurmuş zərəri ödəməkdən yayınır. Ayselin ona borcu təkcə qeyd olunan 30000 manat deyil başqa borcu da var. O, evlərini ipotekaya qoydu bütün əmlakları əlindən gedib. Bu pul probleminə görə əri ilə boşanmışdır. Qeyd olunan məbləğdə pulu o, başqa adamlardan alıb vermişdir. X1 10000 manat alıb ona verdi. Əri “Parabank”dan 20000 manat kredit götürüb verdi. Qızının qızıllarını verdi ona lombarda qoyub 5000 manat götürdü. Qızılları sonra Ayselin anası lombarddan çıxardıb qızına qaytarıb. Abdullayeva qardaşına toy edib əvvəlki borcu da qeyd olunan borcu da ödəyəcəyini bildirmişdir. O, da inandı çünki qohumdur, onun qardaşının toyuna çox adam gələcək və pul yığılacaqdı. Toydan sonra gizləndilər telefona cavab vermədilər. Müəyyən olundu ki, ondan başqa da 17 adama müxtəlif məbləğlərdə borcu var. Cavabdeh ona olan 30,000 manat məbləğində borcun və ödənilmiş 30 manat mələğində dövlət rüsumunun və mənəvi zərər kimi 5000 manat, ümumilikdə 35030 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, o, Ayseli şəxsən görməmişdir. Amma bilirdi ki, Nailənin qardaşının qaynı arvadıdır. Nailə xanımla bacı kimi münasibətləri var. 37-38 ildir ki, rəfiqədirlər. Təxminən 2013-2014-cü ildə Nailə ona demişdir ki, Aysel adlı qadına borca pul vermişdir. Həmin ərəfədə Nailə ona demişdir ki, pul lazımdır, Ayselə borc verməlidir. O, pulu verməyə tərəddüd etmişdir. Lakin Nailə bildirib ki, həmin pulu versələr, onun da işi düzələcək, əvvəl aldığı pulları da qaytaracaqdır. Nailə həmin gün 3-4 dəfə onu mobil telefon vasitəsilə yığmışdır. Nailənin pullarını qaytarsın deyə, o, razılıq vermiş və 10000 manat pulu Ayselə verməsi üçün Nailəyə vermişdir. Həmin ərəfədə qızına toy etdiyinə görə pulu var idi. Onun pulunu Nailə hissə- hissə qaytarıb, lakin o puldan 2800 manat borc qalıb, bugünə kimi qaytarılmayıb. Nailəyə deyib ki, nə vaxt pulun olar qaytarasan. Nailə bugünki gün evsiz-eşiksiz qalıb. Düşdüyü şəraitə layiq qadın deyildir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, Nailə onun bacısıdır. Aysel gəlinlərinin qardaşı arvadıdır. Ayseli bacısıgildə tez-tez görürdü. Sonuncu dəfə onu Nailəgildə görəndə qızının harada oxuduğunu soruşub, Ayselə qızının müəllimə olduğunu bildirib. Aysel qızını işə düzəldə biləcəyini söyləmişdir. Aysel atasının Füzuli Rayon Təhsil Şöbəsinin baş mühasibi olduğunu bildirmişdir. Qızını rayonda müəllimə vəzifəsinə düzəltmək üçün Aysel 8000 manat lazım olduğunu bildirdi. O, "xxxx" ASC-dən 8000 manat pulu kreditə götürüb Ayselə verib. Aysel pulu və qızının sənədlərini götürüb, lakin qızını işə düzəltməmişdir. 2-3 ay keçdikdə sonra o, Ayseldən sənədləri geri istəyib ki, qızı imtahan verməklə işə düzələ bilsin. Qızının sənədlərini Ayselin qaynanası ona geri qaytarıb. Bir müddət sonra Ayselin atası rəhmətə gedib, yasa gedəndə orada hay-küy saldıqdan sonra Aysel 2500 manat orada ona qaytarmışdır. Həmin məbləğdən 5500 manatı Aysel hələ də ona qytarmamışdır. Həmişə bacısına demişdir ki, onlardan uzaq olsun. Lakin özü həmin tələyə düşmüşdür. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin 20.10.2020-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı Cavabdeh İddiaçı qalıq 30000 manat borcu olduğunu etiraf etmiş və borcunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, başlanılmış cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı X3 tərəfindən alınmış yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı olan borcun 3000 manatını 30.03.2019-cu il tarixədək, qalan 30000 manatını isə may ayından etibarən ayda 500 manat olmaqla ödəyəcəyi barədə öhdəlik götürür. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı həqiqətən də qohumu Cavabdeh külli miqdarda pul vermişdir. İddiaçı ona inanaraq pul vermiş, evlərini ipotekaya qoymuş və bütün əmlaklarını itirmişdir. Cavabdeh aldığı pulları qaytarmaması nəticəsində aralarında yaranan narazılığa görə iddiaçı ərindən boşanmaq məcburiyyətində qalmışdır. Hal-hazırda kirayədə yaşayır. Bugünədək Cavabdeh pulu ona geri qaytarmamışdır. Həmçinin Abşeron rayon Polis İdarəsinin 20.10.2020-ci il tarixli qərarından göründüyü kimi, Cavabdeh İddiaçı qalıq borcu 30000 manat olduğunu etiraf etmiş və pulu qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Polis İdarəsinin 20.10.2020-ci il tarixli qərarından və müstəntiq tərəfindən alınmış iltizamnan göründüyü kimi, Cavabdeh İddiaçı qalıq borcu 30000 manat olduğunu etiraf etmişdir və hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 30000 manat borc məbləğinin tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarda qeyd edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh mənəvi ziyana görə 5000 manatın tutulması ilə bağlı hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi bu dəlilləri sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsinsə mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 30000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 26 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 30000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 26 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2395/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2395/2021
28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver