Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2407/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış bildirişə əsasən işıq sərfiyyatına görə 881,17 manat məbləğində borc hesablanmışdır. Belə ki, cavabdehin əməkdaşları 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2593, 142 saylı mənzilin elektrik sayğacına müdaxilə olunması barədə akt tərtib etmiş və bundan sonra 10 mart 2021-ci il tarixdə ödəniləcək məbləğin 881,17 manat olması barədə ünvanına bildiriş xəbərdarlıq göndərilmişdir. Hesab edir ki, tərtib olunmuş akt və hesablanmış borc qanunsuz və əsassızdır, əvvəla, mənzilin işıq sayğacı mənzildən kənarda yerləşir və onlar hər ay mütəmadi olaraq cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək hesablanmış enerji sərfiyyatının dəyərini vaxtı-vaxtında ödəyirlər. Bundan başqa cavabdehin əməkdaşı hər həftə sayğacın yoxlanışını aparır, həmin akt tərtib edilməmişdən qabaq da sayğacın yoxlamasını aparmış və hər hansı bir problemin olması barədə məlumat verməmişdir. Akt tərtib edilərək ona təqdim edildikdən sonra, cavabdehə etirazını bildirmiş və cavabdehdən bu qədər məbləğin haradan yarandığını soruşduqda cavab olaraq yaşadığı ünvan 1 ünvan ünvan 2ına müdaxilə olmasına görə yarandığını və həmin sayğacın yenisi ilə əvəzləndiyi bildirilmişdir. Qeyd etmək istəyir ki, elektrik sayğacı yaşayış evində quraşdırılmamışdır, o və ailə üzvləri tərəfindən elektrik sayğacına heç bir müdaxilə olmamışdır. Hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib olunan akt qanunsuzdur və heç bir əsası yoxdur. Belə ki, bir müddət öncə həmin elektrik sayğacı onların xaricdə istirahət etdikləri zaman, yəni iştirakları olmadan çıxarılaraq yaxınlıqdakı xəstəxananın ərazisində quraşdırılmışdır və onların ona müdaxilə etmələri qeyrimümkündür. Çünki həmin sayğacın olduğu yer bağlı yerdir və həmin yerin açarı onlarda deyil. Hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanaraq 881,17 manat borcun olması barədə bildiriş əsassızdır və buna əsas olmuş akt etibarsız sayılmaqla həmin borc məbləği silinməlidir və sayğac faktiki yaşadığı ünvanda yerləşdirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarına əsasən "xxxx" ASC tərəfindən əhaliyə elektrik enerjisinin satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Belə olan halda onunla cavabdeh arasında olan münasibətlər öhdəlik xarakterli olduğu üçün, müqavilənin bir tərəfinin digər tərəfə hər hansı maliyyə sanksiyası tətbiq etmək səlahiyyəti yoxdur. Yəni cavabdeh müqavilə tərəfi kimi müqavilənin digər iştirakçısı barəsində hər hansı maliyyə sanksiyası (borc və ya cərimə yazmaq) tətbiq etmək səlahiyyəti olmadığı üçün, cavabdeh tərəfindən ona yazılmış borc qanuni deyil. Mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə tərəfi digər müqavilə iştirakçılarının hərəkətləri nəticəsində ziyana uğrayarsa bu halda ziyanın ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, cavahdeh kommersiya qurumu kimi və hər hansı hakimiyyət səlahiyyətinə malik olmayan şəxs kimi onun barəsində hər hansı maliyyə sanksiyası tətbiq etməkdə səlahiyyətli olmadığı üçün abunə hesabına yazılmış borc qanunsuz hesab edilməklə ləğv edilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli R 192731 nömrəli aktın etibarsız hesab edilməsi, 881,17 manat əsassız hesablanmış borcun silinməsi və sayğacın əvvəlki yerinə, yəni faktiki ünvana yerləşdirilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, onlar qeyd olunan sayğaca müdaxilə etməmişlər, bu barədə "xxxx" ASC-yə müraciət etsələr də, ASC-nin nümayəndəsi onlara məhkəməyə müraciət etmələrini bildirmişdir. Həmçinin, ASC tərəfindən akt tərtib edildiyi zaman onlar xarici ölkədə olmuşlar, məlum hadisədən sonradan xəbərləri olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R 192731 saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 3 ünvanında quraşdırılmış sayğacın yoxlanması zamanı elektrik sayğacına müdaxilə olunması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir; -"xxxx" ASC-nin 10 mart 2021-ci il tarixli bildirişindən görünür ki, Şərifli küçəsi, ev 2593, mənzil 142 ünvanında **********30142 abunə kodu üzrə abonent İddiaçı 881,17 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən 10 fevral 2021-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2593, 142 saylı mənzilin elektrik sayğacına müdaxilə olunması barədə akt tərtib edilmiş, sayğac yararsız olduğu üçün yenisi ilə əvəz edilmiş, 10 mart 2021-ci il tarixdə isə ödəniləcək məbləğin 881,17 manat olması barədə iddiaçının ünvanına xəbərdarlıq bildirişi göndərilmişdir. Hazırda iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış borcun silinməsi və sayğacın əvvəlki yerinə, yəni faktiki ünvana yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır; 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur; 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir. O cümlədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R № 192731 saylı aktdan da göründüyü kimi, akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü maddəsində nəzərdə tutulmuş qaydada mənzil sahibinin və hal şahidlərinin iştirakı təmin edilməmiş, mənzil sahibinin izahatı və mülahizələri akta əlavə edilməmişdir. Bu hal isə həmin aktın ləğvi üçün əsasdır. Hansı ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi də akt tərtib edildiyi zaman xarici ölkədə olduqlarını, məlum hadisədən sonradan xəbərləri olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia “cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli R 192731 nömrəli aktın etibarsız hesab edilməsi və 881,17 manat əsassız hesablanmış borcun silinməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “sayğacın əvvəlki yerinə, yəni faktiki ünvana yerləşdirilməsi” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.17-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. Bu baxımdan nəzərə alınmalıdır ki, hazırkı iş üzrə tərəflər elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəflər hesab olunurlar, ona görə iddiaçı elektrik enerjisi sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müvafiq müəssisəyə - cavabdehə müraciət etməlidir, ona görə iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli R 192731 saylı akt etibarsız hesab edilməli, İddiaçı **********30142 abonent kodu üzrə hesablanmış 881,17 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli R 192731 saylı akt etibarsız hesab edilsin və İddiaçı **********30142 abonent kodu üzrə hesablanmış 881,17 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2407/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2407/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver