Məhkəmə qərarları › İş №2(007)-2449/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2449/2021

04.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2449/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd oğluna qarşı "dəmir şkafın sökülməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd oğluna qarşı "dəmir şkafın sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlər onun qonşularıdır. Həmişə münasibətləri yaxşı olub. Sonradan təmir işləri başlayandan münasibətlər gərginləşməyə başlamışdır. Cavabdehlər o, evdə olmayan zaman təmir nəticəsində torbalara doldurulmuş zibili bloka töküblər ki, qonşular ondan narazılıq etsinlər. Təxminən 20 ilə yaxındır ki, cavabdehlər və eyni mərtəbədə yaşayan digər qonşu blokdan onun qonaq otağının divarına bitişik qanunsuz dəmir şkaf düzəltdirmiş və onun rahatlığını pozmuşlar. Əvvəllər münasibətləri yaxşı olduğundan şkafın sokülməsini tələb tməmiş, göz yummuşdur, lakin hal-hazırda münasibətləri cox pisdi. Cavbdehlər bir qonşu kimi ona hörmət etmirlər. Həmin şkafın sökülməsinə görə 121 N-li Mənzil Kommunal İstismar sahəsinə müraciət etmiş, Mənzil Kommunal İstismar sahasinin rəisi İ.Əmiraslanov 15 dekabr 2020-ci iİ tarixli məktubu ilə bildirmişdir ki, 74 saylı mənzilin sakini Əli müəllimə şkafın sökülməsi bildirilmişdir, lakin o, skafın sökülməsinə etiraz etmişdir. 01 mart 2021-ci ildə Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, cavab vermişlər ki, məhkəməyə müraciət etsin. Bildirdi ki, o, qazi anasıdır. Oğlu X1-Xocavənd uğrunda gedən Döyüşlərdə ağır yaralanmışdır. İddia tələbini müdafiə edir. Blokdan onun qonaq otağının divarına bitişik qoyulmuş dəmir şkafın sökülməsinə görə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul etmir. Sözügedən ev onlara 2005-ci ildə təhvil verilmişdir. İddiaçı ilə 36 il bir yerdə işləmişdir. Şkaf quraşdırılan zaman qonşulardan Leylanı yaxşı tanıyırdı, ona yaxınlaşaraq blokda şkaf yeri olduğunu və orada birlikdə dəmir şkaf quraşdırıb istifadə etməyi təklif etmişdir. Lakin Leyla razı olmamışdır. Bildirmişdir ki, bu evdə uzun müddət yaşamaq fikri yoxdur tezliklə köçüb gedəcək və həmin şkafı başqa qonşu ilə quraşdırmağına razı olmuşdur. O, da Xatirə adlı qonşu ilə quraşdırmışdır. Şkafın bir tərəfi onların digər tərəfi isə qonşunundur. Həmin qonşu köçüb getmişdir, köçəndə şkafı 500 manata başqasına satmışdır. Bütün mübahisələrdə bundan sonra başlamışdır. Hazırda bir blokda yaşaya bilmir hər işinə müdaxilə edir, tez-tez söz söhbət yaradır, şkafı iddiaçıya verməyə razıdır amma çəkdiyi xərci ödəsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Məhəmməd oğlu izahatında bildirdi ki, onlar mehriban qonşu olmuşlar. O, hamının köməyinə çatıb həmişə. Liftin təmiri ilə məşğul olub. Heç kimə pislik etməyib. Hamı onu o binada ağsaqqal kimi qəbul edib hörmət edir. Həmin dəmir şkafı 20 ildən çoxdur ki, MKİS-dən şifahi razılıq alıb digər qonşu Etibar ilə şərikinə düzəldiblər. Ora tikinti avadanlıqlarını və alətlərini yığır. Onların blokunda 1-ci mərtəbədən sonuncuya kimi demək olar ki, hər mərtəbədə qonşular belə dəmir şkaflar quraşdırıblar. Şkaf blokda heç kimə mane olmur, nə qonşuların qapısının giriş-çıxışına, pilləkəna nə də ümumi sahəyə, çünki geniş yerdən quraşdırılıb. Etibar köçəndə şkafı Araz adlı şəxsə satmışdır. Hazırda həmin şakfdan heç kəs istifadə etmir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 121 saylı Mənzil Kommunal İstismar Sahəsinin 07.05.2021-ci il tarixli, 937 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 121 saylı Mənzil Kommunal İstismar Sahəsinin 15 dekabr 2020-ci il tarixli, Ç-42 nömrəli məktubundan görünür ki, İddiaçı aidiyyatı orqanlara müraciət etməyi bildirilmişdir. Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 01 mart 2021-ci il tarixli, 1-14-075 nömrəli məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı, məhkəmə öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 79-cu maddəsinin tələbinə uyğun olaraq quraşdırılmış dəmir şkafa baxış keçirərək müayinə və tədqiq etmişdir. Tədqiq zamanı fotoşəkil çəkilərək, akt tərtib olunmuş və protokollaşdırılmışdır. Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 202-ci maddəsinə əsasən məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsində göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 35.1-35-2-ci maddələrində müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələrində qeyd olunmuşdur ki, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, quraşdırılmış dəmir şkaf ümumi istifadədə olan sahədə yerləşir və ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus hüquqlarını pozur. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı binanın, 14-cü mərtəbəsində yerləşən 76 nömrəli mənzilin divarına bitişik quraşdırılmış dəmir şkaf sökülməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 117 saylı binanın, 14-cü mərtəbəsində yerləşən 76 nömrəli mənzilin divarına bitişik tikilmiş dəmir şkaf sökülsün. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar