Məhkəmə qərarları › İş №2(007)-2478/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2478/2023

16.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2478/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə pula ehtiyacı olduğundan ailəsinin “familnıy” qızılları (sovet dövrünün 583 əyyar 8 (səkkiz) ədəd qızıl üzüyü və çar dövrünün 750 əyyar) evinin yaxınlığındakı lombarda müraciət edib pul götürmüşdür. Daha sonra məlum olmuşdur ki, Cavabdeh təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə oğlu X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 fevral 2010-cu il tarixli ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qullııq mövqeyindən istifadə edərək əldə eldiyi qızıl-zinət əşyalarını qaytarmaq fikrində olmadığı halda 18 iyun 2018-ci ildə işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən İombardda İddiaçı götürdüyü məbləğə görə hər ay 6 faiz pul ödəmək şərtilə 150 manat məbləğində pul verib İddiaçı məxsus ümumi dəyəri 5000 manat təşkil edən sovet dövrünün 583 əyyar 8 (səkkiz) ədəd qızıl üzüyü və çar dövrünün 750 əyyar qızılları ələ keçirərək verilən pul faizi ilə birlikdə ödənilib qurtarandan sonra zinət əşyalarını qaytaracağına dair yalan vəd verib etibarından sui-istifadə edərək aldatmaqla İddiaçı lombarda olan borcunu faizi ilə birlikdə tam ödəsə də qızıl-zinət əşyalarını geri qaytarmayıb İddiaçı 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi başlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cıı il tarixli, 1(011)-315/2019 saylı hökmü ilə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Cavabdeh qəti cəza - 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı baş vermiş hadisədən (4 il ərzində) çox əsəbləşmiş, zob yaranmış, onkologiyaya düşmüşdür. Bununla da mənəvi zərər vurulmuşdur. Ona boğazından əməliyyat olunmasına görə də 2000 manat pul lazımdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzini cavabdeh öhdəlikdən boyun qaçırdığından mövcud iddia tələbi irəli sürülür. Zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması işin mübahisəsiz halıdır. Göstərilənlərə əsasən, cavabdehdən 5000 manat maddi, 2000 manat mənəvi ziyan və 90 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7090 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-315/2019 saylı hökmü ilə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Cavabdeh qəti cəza - 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, zərərçəkmiş şəxs – mülki İddiaçı ibtidai istintaq dövründə mülki iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 2018ci ildə evinin yaxınlığındakı lombarda müraciət edib pul götürmüşdür. Sovet dövrünün 583 8 üzüyü və çar dövrünün 750 təmiz qızılı var idi. Cinayət nəticəsində ona vurulmuş 4000 manat maddi ziyana münasibətdə mülki iddiaçı qismində tanınmasını xahiş etmiş və mülki iddiaçı qismində tanınmışdır. - Ödəniş qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək hazırkı iddiaçının lombarda girov qoyduğu qızılzinət əşyalarının dəyərini faizləri ilə birlikdə tam ödəməsinə baxmayaraq, onun etibarından sui-istifadə etməklə aldadıb həmin qızıl-zinət əşyaları ələ keçirmiş, buna görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə hazırkı Cavabdeh məhkum olunmuşdur. Qeyd olunan cinayət işi üzrə hazırkı İddiaçı ona 4000 manat maddi ziyan dəydiyini göstərməklə mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə hökm çıxaran zaman mülki iddia ilə ayrıca qaydada mülki qaydada məhkəməyə müraciət etmək hüququnu hazırkı iddiaçıya izah etmişdir. Hazırda iddiaçı ona dəymiş ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddia tələbinin dəymiş maddi ziyanın həcminə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində 5000 manat maddi ziyan ödənilməsini tələb etsə də, iş materialları ilə bu hal sübuta yetirilmir. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli hökmündə həmin məbləğin 4000 manat olması və məhz həmin ziyana münasibətdə zərərçəkmiş şəxsin (hazırkı iddiaçının) mülki iddiaçı qismində tanınması müəyyən olunur, buna görə də həmin hissədə iddia qismən təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4000 manat maddi ziyan, 500 manat mənəvi ziyan olmaqla, cəmi 4500 manat məbləğində pul vəsaiti, habelə iddiaçı tələb etdiyindən ödənilmiş 90 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat maddi ziyan, 500 manat mənəvi ziyan olmaqla, cəmi 4500 manat məbləğində pul vəsaiti və ödənilmiş 90 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar