Məhkəmə qərarları › İş №2(007)-249/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-249/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-249/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Siğorta Şirkəti ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Siğorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Lexus ES 350” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 4100.70 (dörd min yüz manat yetmiş qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) dövlət rüsumu, cəmi 4131.10 (dörd min yüz otuz bir manat on qəpik) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 29.10.2015-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 1840” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt yolunun 11 km-də manevretmə qaydasını pozaraq X2 məxsus və “Atəşgah" Sığorta Şirkətində sığortalanmış “Lexus ES 350” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin MYP 961966 saylı X6 Protokolda öz əksini tapmışdır. 13 noyabr 2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Lexus ES 350” markalı, ** KK *** dövət qeydiyyat nişanlı avtomobilə 6045 (altı min qırx beş manat 0 qəpik) manat ziyan dəymişdir. MİP-131444- B05 saylı sığorta müqaviləsinin 021995 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 500 (beş yüz manat 0 qəpik) manat azadolma məbləği çıxmaqla 5545 (beş min beş yüz qırx beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin icbari sığorta şirkəti "xxxx" Şirkəti ASC-də olduğundan "xxxx" Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 1444.30 bir min dörd yüz qırx dörd manat otuz qəpik manat məbləğini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəniş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olanan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə qalan 4100.70 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı Siğorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, hazırki iş üzrə ekspert rəyi nəzərə alınmamalıdır.Belə ki, onunla iddiaçı razılaşmır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, Cavabdeh1 MMC-də sürücü işləmişdir. Həmin qəza olmazdan əvvəl o, rəhbərliyə bildirmişdir ki, idarə etdiyi avtomobil nasazdır. Onun təmir edilməsini xahiş etmişdir. Lakin avtomobili təmir etməmişlər. Həmçinin yol vərəqəsində cəmiyyət tərəfindən nəqliyyat vasitəsinin ona təhvil verilməsi, onun nəqliyyat vasitəsini imza edərək qəbul etməsi əks olunmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi İsgəndərov İlham Yunis oğlu iddianı qəbul etmədiklərini, qüsur aktında zərər məbləğinin şişirdilməsi bildirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş AC 313561 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus ES 350” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İşə əlavə olunmuş AB 845189 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 1840” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 MMC-dir. İşə əlavə olunmuş MYP 961966 nömrəli X6 protokoldan görünür ki, Cavabdeh2 İXM-nin 151-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş İddiaçı Siğorta Şirkəti ASC tərəfindən verilmiş 20 noyabr 2015-ci il tarixli sığorta aktından görünür ki, 29 oktyabr 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələri zədələnmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 6045 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. İşə əlavə olunmuş 08 may 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Siğorta Şirkəti ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Bu zaman iddiaçıdan 0,40 manat bank xidmət haqqı alınmışdır. İşə əlavə olunmuş 001457 nömrəli yük nəqliyyatı üçün yol vərəqinin surətindən görünür ki, “Mercedes Benz 1840” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil 01.10.2015-31.10.2015-ci il tarixlər üçün sürücü Cavabdeh2 təhvil verilməsi qeyd edilmişdir. Həmin yol vərəqinin Cavabdeh2 tərəfindən qəbul edilməsinə dair imza edilməmişdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2021-ci il tarixli 9/4614 nömrəli rəyindən görünür ki, texniki ekspertiza şöbəsi tərəfindən təqdim edilmiş 13.11.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Lexus ES 350’’ markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5050,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, “Mercedes Benz 1840” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 İXM-nin 151-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da X2 maddi zərər yetirilmişdir. İddiaçı Siğorta Şirkəti ASC tərəfindən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 6045 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı Siğorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Məhkəmə onu da qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2021-ci il tarixli 9/4614 nömrəli rəyindən görünür ki, texniki ekspertiza şöbəsi tərəfindən təqdim edilmiş 13.11.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Lexus ES 350’’ markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5050,0 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2021-ci il tarixli rəyi və cavabdehin icbari sığorta şirkəti "xxxx" Şirkəti ASC tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 1444.30 bir min dörd yüz qırx dörd manat otuz qəpik manat məbləğini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəniş etməsi nəzərə alınmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı həmin məbləğin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini həmin hissədə əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş materiallarında olan AB 845189 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Mercedes Benz 1840” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 MMC-dir. Cavabdeh1 MMC 001457 nömrəli yük nəqliyyatı üçün yol vərəqi ilə, “Mercedes Benz 1840” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobili 01.10.2015-31.10.2015-ci il tarixlər üçün sürücü Cavabdeh2 təhvil vermişdir. Lakin, həmin yol vərəqi Cavabdeh2 tərəfindən imzalanmamışdır. Halbuki, cavabdeh təşkilat hüquqi şəxs kimi öz sənədləşmələrinin qanunauyğun qaydada aparmasına görə işçisi ilə müqaisədə intizamlılıq nümaiş etdirməlidir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş maddi zərərin əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 3605,7 manat və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsinə sərf olunmuş 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularq Məhkəmə Ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 3605,7 manat və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularq Məhkəmə Ekspertiza mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar