Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-250/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 21967 manat pul, mənəvi zərərin əvəzi olaraq 10000 manat və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə əvvəllər tanışlığı olmamışdır. X8 adlı şəxslə çoxdan tanışdır. O, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Müşviqabad şossesinin yaxınlığında “Sementçi” kooperativinin sədri işləyir. Həmin kooperativdə daş üzlükləri çıxardırlar. 06.08.2013-cü il tarixdə tanışı Hafiz Dəmirov ona zəng vuraraq, tanışı Cavabdeh üzlük aqlay daşlarının verilməsini xahiş etmişdir. 10.08.2013-cü il tarixdə Cavabdeh ona məxsus kooperativə gələrək, 55 kv.m aqlay daşını alaraq aparmışdır. Bundan sonra Cavabdeh şəxsi istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq, mütəmadi gəlib aqlay daşlarını aparmışdır. Cavabdeh ümumilikdə 1323 kv.m aqlay və 1313 metr uzunluğunda digər karniz və detalları aparmışdır. Bunların müqabilində Cavabdeh ona ümumilikdə 27717 manat olan borcundan 5750 manat pul ödəmiş və bu günə qədər Məzahirin ona 21967 manat borcu qalmışdır. O, Cavabdehlə dəfələrlə görüşərək, ondan borcun qaytarılmasını xahiş etsə də, Məzahir müxtəlif bəhanələr gətirərək 21967 manat borcunu verməmişdir. Məsələni belə görüb, məcburiyyət qarşısında şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində araşdırma aparıldıqdan sonra, 30 avqust 2019-cu il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət elməli olduğu bildirilmişdir. Həmin qərardan sonra cavabdeh yenə də ondan möhlət istəmişdir ki, pulu ödəyəcək. Buna baxmayaraq, bu günə qədər heç bir ödəniş edilməmişdir. Cavabdehin ona qarşı etmiş olduğu bu hərəkətlərə görə, həmçinin mənəvi iztirab və əsəb sarsıntısı keçirmişdir və keçirməkdə davam edir. Əsəb sarsıntıları nəticəsində əsəbləri pozulmuşdur. Cavabdehin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması əsəb sarsıntıları və fiziki əzab çəkməyinə səbəb olur. Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət elmək qərarına gəlmişdir. Ona görə də, hesab edir ki, 21967 manat pul, mənəvi zərərin əvəzi olaraq 10000 manat və 30 manat dövlət rüsumu Cavabdeh onun xeyrinə tutulmalıdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, İddiaçı ilə ən azından 35 ildir ki, tanışdır. Onları həmin vaxt həqiqətən də onun Bakı şəhərinin Sahil qəsəbəsində yaşayan həmkəndlisi, qohumu və dostu X9 tanış etmiş olsa da, sonralar İddiaçıla münasibətləri əsl dostluq münasibətinə çevrilmişdir. O, dəfələrlə iddiaçının evində qonaq olmuşdur. İddiaçı arvadı (bir neçə il olar ki, rəhmətə getmişdir), 2 oğlu və 2 qızı onun qabağına yemək qoymuş, ona qarşı diqqətli olmuşlar. Qarşılıqlı olaraq o da həmişə İddiaçı və onun ailəsinə qarşı diqqətli olmuş, hörmətlərini saxlamışdır. Onların dostluqlarının davamlı olmasının səbəblərindən biri də iddiaçının dəfələrlə Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olması olmuşdur. Bəziləri İddiaçı “Hacı”, bəziləri isə “Ağa”, yəni “Seyid” deyə müraciət edirdilər. İddiaçının dəqiq soyadını və atasının adını o, son vaxtlar ondan etdiyi şikayətlərdən bilmişdır. Özünün deməsinə görə, iddiaçının baxıcılıq və yuxu yozmaq kimi qabiliyyəti də var. İddiaçı həm də çox maraqlı həmsöhbətdir. Onunla bir az gec əlaqə saxlayanda zəng edib onu özünün “ocaq" adlandırdığı Sahil əsəbəsindən Qızıl Daş qəsəbəsində yerləşən daş sexinə dəvət edərmiş və o isə özü ilə bir qədər şirniyyat götürərək onun yanına gedər və çay içib söhbətləşərmişlər. İddiaçının işçilərinin demək olar ki, hamısı onu yaxından tanıyır və məhz iddiaçının yaxın dostu kimi tanıyırdılar. O, dəfələrlə hüquqi problemlərlə (hacının sexinin özəlləşdirilməsi, onun krediti və işçisinin məhkəmə işi ilə) bağlı iddiaçı və onun işçilərinə hüquqi yardım göstərmiş, məsləhətlər vermiş, ərizələr yazmışdır. Hətta işçisinin ziyanına çıxarılmış Ucar Rayon Məhkəməsinin qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti yazıb işi udmuşdur. Bu barədə ona görə belə uzun uzadı yazır ki, iddiaçı iddia ərizəsində 2013-cü ilin avqust ayına kimi onu tanımadığını göstərmişdir. İddiaçının bu cür hərəkəti hamıya özünü Allah adamı kimi təqdim edən bir şəxsə yaraşmayan hərəkətdir. Onu bu cür yalan danışıb günaha batmağa nəyin vadar etdiyini ancaq iddiaçı özü izah edə bilər. O isə bu barədə düşündüklərini etirazının sonunda bildirəcəkdir. Belə ki, 2012-ci il noyabr ayında o, sonuncu iş yerindən öz ərizəsi ilə çıxandan sonra (o artıq 2003-cü ildən pensiyada idi, ancaq işləyirdi) bekar idi. Arabir vaxtını keçirtmək üçün iddiaçının da yanına gedib onunla söhbətləşirdi. Hacı Vahid tez-tez istehsal etdiyi üzlük daşlarını sata bilməməsindən, müştəri qıtlığından gileylənirdi. Ona da təklif edirdi ki, əgər o, iddiaçıya müştəri gətirsə, qazancından ona da "hörmət" edər. O, bu barədə iddiaçı ilə “bazar” açmasa da, söz vermişdir ki, belə bir alıcı ilə rastlaşarsa, iddiçıya yönləndirər. Təqribən 2013-cü ilin yay aylarında tanışı X3 ona demişdir ki, “Ağ Şəhər”də tikilmiş 1 ədəd yaşayış binasının ağlay daşı ilə üzlənməsinə dair onun "xxxx" MMC ilə müqaviləsi var və iş bitəndən sonra “Park Çinar" MMC-nin rəhbərliyi ona 2 ədəd 3 otaqlı mənzil verəcəkdir. Mahir Niftəliyev ona vəd edirdi ki, əgər o, fəhlələrin əmək haqlarının və digər inşaat aksessuarlarının (yapışqan, metal setka, və s.) dəyərinin ödənilməsi ilə təmin edə bilsə, həmin mənzilin birini ona verəcək. Söhbət üzlük daşından düşəndə Mahir demişdir ki, bir qayda olaraq, o, həmin daşları ağlay sexlərindən nisyə götürür və gördüyü işin dəyərini sifarişçidən alandan sonra isə üzlük daşlarının dəyərini ödəyir. O, Mahirə demişdir ki, onun da bir nəfər Hacı Vahid adlı dostumun Ağlay sexi var, ancaq onun üzlük daşlarını nisyə verəcəyinə əmin deyil. Mahirin xahişi ilə o, Mahiri iddiaçının Ağlay sexinə gətirmişdir. Sexdə onun yanında üzlük daşlarının və digər detallar barədə söhbəti Mahirlə iddiaçı özləri etmişlər. Aqlay işlərində onun səriştəsi olmadığı üçün onların danışığına müdaxilə etməmişdir. İddiaçı söz vermişdir ki, ona böyük həcmdə mal alacaq müştəri gətirdiyi üçün satılan hər bir kvadratmetr üzlük daşı və hər bir paqonmetr karniz üçün ona 1 manatdan “hörmət” də edəcəkdir. Ona görə də, onun marağı ancaq o idi ki, iddiaçı ilə Mahirin danışıqları baş tutsun. Çünki, o həm iddiaçıdan, həm də Mahir Niftəliyevdən qazanc umurdu. Onların danışıqlarında iştirak etməyinə baxmayaraq, onlardan heç birinin qarşısında heç bir öhdəlik götürməmişdir. Üzlük daşlarını saxta qaimələrə əsasən “Ağ Şəhər”ə Mahir Niftəliyevin sifarişi ilə iddiaçı sürücü Bəylərin maşını ilə gətirirdi. Sürücünün pulunu ya o, ya da Mahir verirdi. 2013-cü ilin oktyabr ayında X7 RPİ-nin İstintaq Şöbəsi tərəfinən həbs olunmuşdur. Məlum olmuşdur ki, Mahir başqa bir işə görə axtarışda imiş. Mahir həbs olunandan sonra fəhlələrin əmək haqlarını ödəməkdə o da çətinlik çəkmişdir. "Park Çinar” MMC-nin rəhbərliyi isə görülmüş işlərin müqabilində onlara pul verməkdən imtina etmişdir. O isə məcbur olub fəhlələrin əmək haqlarını öz cibindən ödəməli olmuşdur. Ağlay daşı ilə əlaqədar isə iddiaçı ilə onun heç bir problemi yox idi. Çünki ödənişlə əlaqədar Mahir Niftəliyevlə söhbəti o özü aparmışdır. Mahir Niftəliyevin tutulduğunu biləndən sonra isə iddiaçının əlacı ancaq Mahirin həbsdən azad olunmasına qalmışdır. İbtidai istintaq zamanı həbsdə saxlama müddəti bitdiyinə görə təqribən 1 il sonra Mahir Niftəliyev azadlığa buraxılmışdır. Dərhal onu iddiaçının yanına aparmışdır. Onlar yenə öz aralarında danışıb razılığa gəlmişlər ki, işbirliklərini davam etdirəcəklər və həmin hesabla da Mahir Niftəliyev iddiaçıya olan borcunu bağlayacaq. Bir neçə il ərzində Mahir Niftəliyev iddiaçıya müəyyən məbləğdə pul ödəmişdir. Ancaq dəqiq məbləğini bilməmişdir. İddiaçının xahişi ilə o da iddiaçıya müəyyən məbləğdə pul vermiş, lakin həmin pulu ona bir dost olaraq, köməklik göstərmək niyyəti ilə vermiş, Mahir Niftəliyevin ona olan borcunu bağlamaq üçün verməmişdir. Mahir Niftəliyevin iddiaçıdan neçə manat dəyərində üzlük daşı və digər daş detalları aldığını o heç vaxt dəqiq bilməmişdir. Bütün müddət ərzində o, mütamadi olaraq iddiaçı ilə telefon əlaqəsi saxlamış və aradabir də onun sexinə gedib söhbətləşmişlər. Bir dəfə də olsun, şəxsən ondan pul tələb etməmişdir. Söhbət düşəndə Mahirlə maraqlanmışdır. Son vaxtlar isə onun danışıqlarından bilirdi ki, Mahir Niftəliyev hazırda işsizdir və demək olar ki, onun heç bir ödəmək qabiliyyəti qalmamışdır. Buna baxmayaraq bir dəfə də olsun deməmişdir ki, "Mahirdən ala bilməsəm, pulumu səndən tələb edəcəm”. 2019-ci il avqust ayının 24-də o, kiçik oğluna toy eləmişdir. Başı həmin toy tədarükünə qarışdığı üçün iddiaçı ilə əlaqə saxlaya bilməmişdir. Hətta bir dəfə zəngini cavabsız da qoymuşdur. Oğlunun toyuna dəvət etmək üçün o, iddiaçıya zəng edərkən iddiaçı onun zənginə cavab verməmişdir. Oğlu Bilalın telefonuna zəng edəndə Bilal onun səsini tanıyan kimi “alo, alo” edib danışığı sonlandırmışdır. Bu onu çox təəccübləndirmişdir. Toydan 1-2 gün keçmişdir ki, onu Bakı şəhəri Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, iddiaçı ondan şikayət ərizəsi yazmışdır. Maraqlı və təəccüblü olan o idi ki, iddiaçı şikayəti Mahir Niftəliyevdən yox, ondan yazmışdır. İndi ona məlum olmuşdur ki, onun zənglərinə niyə cavab vermirmiş. O, izahatını yazandan sonra təhqiqatçının necə qərar qəbul etməsi ilə heç maraqlanmamışdır. Çünki əmin idi ki, onun iddiaçıya borcu yoxdur, onun qarşısında heç bir maddi öhdəliyi yoxdur, iddiaçıya qarşı heç bir cinayət törətməmişdir. Bir müddət sonra həmkəndlisi Hafiz Dəmirov zəng edib demişdir ki, iddiaçı onu görmək istəyir. O, ilk öncə həmin görüşdən imtina edərək demişdir ki, iddiaçı adını Allah adamı qoyub ondan polisə haqsız şikayət etmişdir. Ona görə də, onu görmək istəmir. Hafiz Dəmirov demişdir ki, iddiaçı səhvini başa düşmüş və ona görə də onunla görüşüb ondan üzr istəmək istəyir. Onlar üçlükdə Sahil qəsəbəsində dəniz kənarındakı yeməkxanada görüşmüşlər. O, iddiaçıya irad tutmuşdur ki, “bəs ayıb deyilmi, sən dəfələrlə Məkkəni, Kərbəlanı və Məşhədi ziyarət etmiş Hacı, Kərbalayi, Məşədi titullu Allah adamı ola-ola, yuxu yozan və baxıcı kimi tanınmış bir Seyid ola-ola vicdanın necə qəbul etdi ki, mənə şər-böhtan atıb məndən polisə şikayət ərizəsi yazmısan?”. Hacı Vahid üzrxahlıq edərək demişdir ki, “gecə gördüyü yuxuda məndən şikayət ərizəsi yazmağı ondan şeytan xahiş etmişdir. Lənət olsun şeytana”. O, ondan Mahir Niftəliyevdən şikayət ərizəsi yazmamasının səbəbini soruşmuşdur, iddiaçı da demişdir ki, “Mahirin ödəməyə nəyi var ki”. Bu cür zarafatlaşıb, barışıb ayrılmışlar. Onların mehriban dostluq münasibətləri yenidən davam etməyə başlamışdır. O, yenə də davamlı olaraq iddiaçının sexinə gedir, çay içib söhbətləşmişlər. O, dəfələrlə iddiaçıya təklif etmişdir ki, Mahir Niftəliyevdən məhkəməyə şikayət ərizəsi yazsınlar. Lakin iddiaçı etiraz edib demişdir ki, Mahir Niftəliyevə üzlük daşı verdiyini sübut etmək üçün onda heç bir mühasibat sənədi yoxdur. Ona görə də həmin şikayətin yaxşı sonluqla nəticələnəcəyinə əmin deyil (indiki iddia ərizəsinə yazdıqlarını təsdiq edəcək mühasibat sənədlərini əlavə etməməsi də həmin ifadənin təsdiqidir). Lakin buna baxmayaraq həm iddiaçı, həm də o mütamadi olaraq Mahir Niftəliyevlə telefon əlaqəsi saxlamışlar. Mahir Niftəliyev aradabir onunla, yaxud onsuz iddiaçının yanına gedib söhbətləşir və növbəti işbirliklərini müzakirə etmişlər. Bu ilin əvvəllərində iddiaçının hansısa bir bankla bağlı mübahisəsi var idi. Apellyasiya şikayətini yazıb iddiaçıya imza etdirib Qaradağ Rayon Məhkəməsinə o aparıb vermişdir. Sadəcə olaraq bu ilin payız aylarında onların rəhmətə gedənləri olmuş və ondan başqa həmin yas mərasiminə böyüklük edən olmadığından onun başı qarışmışdır. Xüsusən də qəbir daşını hazırlatdırmaq üçün də dəfələrlə məzar daşı sexinə gedib-gəlməli olmuşdur. Səhv etmirsə iddiaçı həmin vaxtlarda ona zəng etmiş və o da zənginə cavab verə bilməmişdir. Görünür elə ona görə də iddiaçı yenə də ondan incimiş, yuxuda şeytan onu yoldan çıxarmış və ona qarşı heç bir həqiqətə uyğun olmayan iddia ərizəsi yazmışdır. Bütün müddət ərzində o, heç vaxt iddiaçının şərəf və ləyaqətini alçaltmamışdır. Onun imicinə zərər gətirən heç bir hərəkət etməmişdir. Bir sözlə, iddiaçıya heç bir maddi və mənəvi zərər yetirməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, İddiaçı ondan 21967 manat pul və mənəvi zərərin əvəzi olaraq 10000 manatın və dövlət rüsumu olaraq 30 manatın alınaraq iddiaçıya ödənilməsinə dair əsassız iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının tələbi əsassızdır, heç bir sübutla təsdiq edilmir. O, iddiaçıya maddi və ya mənəvi hər hansı bir zərər vurmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək göstərdi ki, o, aqlay üzlüklərinin vurulması ilə məşğul olurdu. Ona aqlay daşı lazım idi. Cavabdeh onu aqlay daşını satan şəxs kimi iddiaçı ilə tanış etmişdir. Birinci dəfə iddiaçının yanına cavabdehlə birlikdə getmişdir. Cavabdeh iddiaçı ilə danışmış, o da iddiaçı ilə razılaşmışdır. Daşları özü götürürdü. Aqlay daşların pulunu 27 oktyabr 2013-cü ilə qədər verməli idi. O, cavabdeh vasitəsilə 7800 manat pulu iddiaçıya vermişdir. Oğluna isə 2-3 dəfə pul vermiş, o da apararaq iddiaçıya vermişdir. Bu hadisə 2013-cü il tarixində olmuşdur. Daşın pulunu o özü verməlidir. O, bir dəfə 5000 manat, bir dəfə də 8000 manat iddiaçıya pul vermişdir. 2013cü ilin oktyabr ayında tutulmuş və 10 ay müddətində həbsdə olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, cavabdehi illərdir ki, atasının dostu kimi tanıyır. Atası ona iki dəfə pul vermiş və o da zərfdə olan pulu apararaq iddiaçıya sexin yaxınlığında vermişdir. Zərfin içərisində verdiyi pulun miqdarını bilmir. Sexdə iddiaçı və iddiaçının sexində işləyən işçilər var idi. İddiaçıya pulu verməyə atası ilə birlikdə getmişdir. Atası demişdir ki, pulu versin, o da pulu çıxarıb vermişdir. Sonra verdiyi pulun miqdarı təxminən 3000-5000 manat olardı. Atası 5000 manat pulu ona vermiş və o da iddiaçıya vermişdir. Atasının gördüyü işə görə cavabdeh ola bilməz. Onun atası “oblitsovka” işi ilə məşğul olurdu. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, bir neçə il ərzində iddiaçının yanında işləmişdir. O, cavabdehi tanıyır. İşlədiyi sexə dəfələrlə gedibgəlmişdir. Onların sexindən daş almışdır. Onlar cavabdehin aldığı daşları “qazel”ə yükləyirdilər. Müdriyyət onlara demişdir ki, “qazel”ə yüklədikləri daşları cavabdeh almışdır. Onlar daşı “qazel”ə yüklədikləri zaman cavabdeh orada olmuşdur. İddiaçı özü demişdir ki, cavabdehin ona borcu var. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadə verərək göstərdi ki, o, iddiaçı ilə 30 ildir ki, dostdur. Cavabdehi iddiaçının sexində bir dəfə görmüşdür. Söhbət əsnasında bilmişdir ki, cavabdehin iddiaçıya borcu var. Cavabdeh özü iddiaçıya borcunun olduğunu demişdir. İddiaçının yanına Mahirlə birlikdə cavabdeh də gəlmişdir. Daşları cavabdeh almış, usta isə Mahir olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qaradağ RPİ-nin 38-ci PB-nin 30.08.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edlmişdir. - 24.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “Sementçi” adlanan kooperativinin sədri işləyir və həmin kooperativ daş üzlükləri çıxarılması ilə məşğul olur. İddiaçı iddia edir ki, həmin kooperativdə istehsal edilmiş aqlay daşlarını və digər malları satılması üçün cavabdehə vermiş, lakin cavabdeh aldığı mallarını pulunu tam ödəməmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, o iddiaçıda hər hansı bir mal almamışdır. O sadəcə olaraq iddiaçıya malların satılması üçün alıcı tapmaqda kömək etmiş, bununla da iddiaçını X3 ilə tanış etmiş və iddiaçıdan malları X3 almışdır. Onunla iddiaçı arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə ki, idddiaçı istehsal etdiyi malları cavabdehə satılması barədə onunla şifahi nisyə alsı-satqı müqaviləsi bağlanmasına istinad edir. Bunun üçün isə iddiaçı qeyd etdiyi əmlakları cavabdehə verməsini və eyni zamanda cavabdeh tərəfindən satılmış malların pulunun ödənilməməsini sübut etməlidir. Baxılan işdə iddia tələbi sübutetmə yükü ilə bağlıdır. 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iclasında iddiaçı iddiasının əsasını sübut etmək məqsədi ilə sübut növü kimi məhkəməyə şahid ifadələrini təqdim etmişdir. Lakin iş üzrə ifadəsi alınmış şahidlər tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlanması, cavabdehin iddiaçıdan aqlay daşlarını və digər malları alması barədə razılığa gəlmələri barədə əsaslı ifadələr verməmişlər. Əksinə, şahid ifadələrinə əsasən cavabdeh tərəfindən iddiaçıya göndərilən pulların X1 aldığı malların pulu olması, cavabdehin bu işdə sadəcə vasitəçi qismində iştirak etməsi halı müəyyən edilmişdir. Cavabdehin iddiaçıya borcunun olması faktı barədə şahid ifadələri isə mötəbər mənbəyə istinad edilmədən, ümumi ifadələrlə nəzərə çatdırılmış (rəhbərliyin dediyinə görə, bildiyimə görə və s.ifadələr) hansı ki, bu ifadələr də iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların sübut edilməsi üçün kifayət edən mötəbər sübut növü kimi sayıla bilməz. Eyni zamanda, iddiaçı öz izahatından və şahid ifadələrindən başqa cavabdehlə nisyə alğı-satqı müqaviləsi bağlanması və cavabdehə mal verməsi barədə mötəbər sübutlar (malların verilməsi barədə qaimə, faktura, digər hər hansı yazılı sənədlər) təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır”. Məhkəmə Plenumun qərarındakı hüquqi mövqeyi rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi sübutlar əsasında onun iddia tələbinin əsaslı olması qənaətinə gəlmək kifayət deyildir. Hazırda iddiaçı cavabdehlə nisyə alğı-satqı müqaviləsi bağlayaraq ona iddia tələbində göstərdiyi malları verməsini, cavabdehlə malların nisyə satışı barədə razılığa gəlməsi təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının müraciəti əsasında polis orqanında aparılmış araşdırma nəticəsində də cavabdeh hazırkı iddia tələbinə verdiyi etiraza oxşar məzmunlu izahat vermiş, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlanması barədə hər hansı bir razılığının olmamasını, bu işdə vasitəçi olaraq iddiaçıya mallarını satılması üçün müştəri tapılmasında köməklik göstərməsini bildirmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi “21967 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə tələbin “mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mənəvi izdiraba məruz qalması, stress keçirməsini ümumi sözlərlə qeyd etsə də, onun bu barədə izahatından qeyd etdiyi fikirlərdən başqa məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının “maddi ziyanla” bağlı tələbi öz təsdiqini tapmadığından “mənəvi ziyanla” bağlı tələbi də ondan törəyən tələb olduğundan iddiaçının “mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbi də təmin edilə bilməz. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-250/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-250/2022
21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver