Məhkəmə qərarları › İş №2(007)-252/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-252/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-252/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mercedes Benz 200" markalı PM 985 MP dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200 (iki yüz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat (otuz amant 40 qəpik) dövlət rüsumu Cavabdeh tutularaq “Atəşgah" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “İkarus 250” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes Benz 200” markalı PM-985-MP dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz 200” markalı PM-985-MP dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mercedes Benz 200” markalı PM-985- MP qeydyyat nişanlı avtomobilə 200 (iki yüz) manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 074001 saylı sığorta aktına əsasən “Atəşgah" Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Mercedes Benz 200” markalı PM-985-MP dövlət qeydiyyat nişanlı avtomobilə görə 200 (iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “Atəşgah" Sığorta Şirkətinə dəymiş 200 (iki yüz) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Yusif oğlu məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə müraciət edərək, iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏN-Vİ № 703780 nömrəli, xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X3 **-EA-*** dövlət qeydiyyat nişanlı “İkarus 250” markalı nəqliyyat vasitəsini X4 etibar etmişdir. -15 oktyabr 2019-cu il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, PM-985-MP dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200" markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 200 manat müəyyən edilmişdir. -xx.xx.2019-cu il tarixli İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiqlənmiş sığorta aktının surətindən görünür ki, zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 200 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin elektron qaiməsinə əsasən Aydın Xudiyevin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. -xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, xx.xx.2019-cu il tarixində **-EA-*** dövlət qeydiyyat nişanlı “İkarus 250” markalı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində cərimə tənbeh növü tətbiq edilmişdir. -26 avqust 2020-ci il tarixli, P3401/20 nömrəli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə onun tərəfindən idarə olunan "İkarus 250" markalı, **- EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz 200" markalı, PM-985- MP dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Mercedes Benz 200" markalı, PM-985-MP dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 200 AZN (iki yüz manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranıb. Qeyd olunanları nəzərə alaraq, “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 200 (iki yüz manat) manat sığorta ödənişi 10 iş günü ərzində İddiaçı Sığota Şirkəti ASC-yə ödəməsi xahiş edilmişdir. Cavabdeh bildirilir ki, zərər məbləğini qeyd edilən müddət (10 iş günü) ərzində şirkətə ödəməsə, İddiaçı Sığorta Şirkəti ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəkdir və bununla bağlı bütün məhkəmə xərcləri ondan tutulacaqdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X8 İdarəsinin xx.xx.2020-ci il tarixli, 046-29785 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2019cu il tarixdə Bakı şəhəri ərazisində vətəndaş Cavabdeh idarə etdiyi “İkarus 250” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki. X2 “İkarus 250” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Vətəndaş Cavabdeh oğlıı barəsində xx.xx.2019-cu il tarixdə inzibatı Xətalar Məcəlləsinin 327.1, 332.1 maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, eyni tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. -Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə olunan **-EA-*** dövlət qeydiyyat nişanlı “İkarus 250” markalı avtonəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış PM-985-MP dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. 15 oktyabr 2019-cu il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə barədə hesabat”a əsasən PM-985-MP dövlət qeydiyyat nişanlı “Mercedes Benz 200" markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 200 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 200 manat məbləğində sığorta ödənişi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin elektron qaiməsinə əsasən fərdi Aydın Xudiyevin hesabına ödənilmişdir. Ödəniş edildikdən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ödənilmiş 200 manat məbləğində vəsaitin 10 təqvim günü ərzində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilməsini cavabdehdən xahiş etmişlər. Lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. İş materiallarından görünür ki, “İkarus 250” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsus olmuş və yol nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh nəqliyyat vasitələrini idarə etmək hüququ olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu əsasdan sığorta şirkəti subroqasiya qaydasında iddia irəli sürmüşdür. Lakin nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsini ehtiva etmir. Yalnız avtomobilin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan istismar edilməsi həmin maddənin təsiri altına düşə bilərdi. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi etibarnaməsiz idarə etməyi ehtiva etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Mercedes Benz 200” markalı, PM-985-MP dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın Cavabdeh tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Mercedes Benz 200” markalı, PM 985 MP dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın Cavabdeh tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar