Məhkəmə qərarları › İş №2(007)-2521/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2521/2023

14.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2521/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızının iştirakları ilə, İddiaçı cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızının ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızı ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə qurduğu ilk vaxtlarda yaxşı yola getsə də, sonradan cavabdehin münasibətləri dəyişmiş və o, öz bildiyi kimi hərəkət etməyə başlamışdır. Yəni ailə başçısı kimi onu saymamış, qardaşının və ailəsinin dedikləri ilə oturub durmuşdur. Onlar hələ boşanmamışdan əvvəl onun ailə üzvləri, qardaşı onu işə düzəltdilər, ona demədən onu saymadan, onun icazəsi olmadan ondan xəbərsiz bunları ediblər. Övladına görə boşanmaq istəməsə də cavabdehin təkidli davranışı ailənin dağılmasına gətirib çıxardı. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, İş № 2(034)-24/2022 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında olan xx.xx.2012-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 2146 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X5 anası Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızının himayəsində saxlanılmış, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay mənim qazancımın və başqa gəlirlərimin ¼ (dörddə bir) hissəsi miqdarında aliment Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızının xeyrinə tutulmuşdur. Nikah pozulmamışdan bir il əvvəl cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 53, KBT Liseyin yataqxanasının həyətində birlikdə yaşadıqları evdən çıxıb öz atası evinə getmişdir. Onu qovmamışdır və ona qarşı pis həyat yoldaşı olmamışdır. Evi tərk edib gedəndən sonra bir gün də olsun həmin evdə yaşamamışdır. O, getdikdən sonra cehiz əşyaları ona məxsus evdə qalmışdır. Bir ildən çox onu gözləmişdir. Dəfələrlə ona bildirmişdir ki, cehiz əşyalarını evdən çıxarsın. Bir halda ki, həmin evdə yaşamır, cehiz əşyalarını da özü ilə aparmalıdır. Cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsini məhkəmədən xahiş etmişdir. O iddia tələbini qəbul etdiyini və övladını küçəyə atmaq niyyətində olmadığını bildirmişdir. Həmin məhkəmədə də qeyd etdi ki, gəlsinlər evin bir otağında yaşasınlar. Lakin bir şərti var ki, həmin otağı anbar kimi istifadə edərək, əşyalarını oraya yığmasın. Faktiki olaraq köçüb özü yaşasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2532/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edildi və Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızının ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qərara alındı. Cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızına dəfələrlə təklif etməyinə baxmayaraq, həmin mənzilə köçmədi və cehiz əşyalarını mənzildən çıxarmadı. X7 10 mart 2023-cti il tarixində Nizami rayon İcra Şöbəsinin icra məmuru ilə gələrək 2(007)-2532/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürüldü. Lakin yenə də Alməmmədova Turan həmin evdə yaşamadı. Onu da qeyd edir ki, həm məhkəmə zamanı, həm də evə köçürülmə zamanı tərəfindən heç bir maneə olmamışdır. Bu dəfə də Alməmmədova Turan öz cehiz əşyalarını, xalçalarını, yorğan-döşəklərini, soyuducu və s. qab-qacağa kimi hər şeyini yığıb apardı. Bir dənə qırıq şifoneri və qırıq taxtı istifadəyə yararsız olduğu üçün aparmadı. Alməmmədova Turan həmin əşyalarını apararkən o, bilirdi ki, onun evdə qalmaq niyyəti yoxdur. Sadəcə onun məqsədi evin bir otağında qırıq mebellərini qoyaraq, oranı zəbt etmək və ona evdən istifadəyə maneə yaratmaq olub. Cavabdeh X4 mənzilə köçürüldükdən sonra bir gün də olsun həmin evdə yaşamayıb. Onun yaşamaması bir tərəfə qalsın, evin bir otağını qırıq mebelləri ilə məşğul edir. Onun yaşamaq üçün yeri də var, onun evinə ehtiyacı yoxdur. Sadəcə olaraq ona incitmək üçün bu hərəkətləri edir. O, əziyyət çəkib ev tikməmişəm ki. kimsə gəlib məni öz evimdə rahat yaşamaqdan məhrum etsin. Mən hal-hazırda evini təmir etdirmək istəyir. Həmin qırıq mebellər isə ona maneçilik törədir. Həmçinin o, yeni ailə həyatı qurur və ailənin cehiz əşyalarını evdə yer olmadığından evə gətirə bilmir. O, məcburdur ki, Turanın əşyalarını həyətə yığsın. Əgər gəlib əşyalarını götürməsə, gələcəkdə həmin əşyaların hər hansı birinin korlanması halında heç bir öhdəlik daşımır. Əgər Turan həmin evdə yaşamayacaqdısa, nəyə görə mənzilə köçürülürdü? Bu günə qədər bir gün də olsun gəlib yaşamayıb. Əgər onun yaşamaq yeri yoxdursa, niyə indiyə qədər gəlib həmin evdə yaşamır? Deməli belə çıxır ki, onun yaşamağa yeri var və həmin mənzilə onun ehtiyacı yoxdur. Bu barədə müvafiq arayışlar və aktlar ərizəyə əlavə olunur. Qeyd edir ki, onlar ilk ailə quranda anasının yanında qalmışlar. Sonradan o, anası ilə yola getmədiyi üçün, eyni zamanda qardaşı evlənməli idi, ona görə anası məcburiyyət qarşısında qalaraq bu evi tikmiş və onları bura köçürmüşdür. Cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2532/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə onun həmin yaşayış sahəsinə köçürülməyi qət edilmiş və mənzilin ümumi mülkiyyət predmeti olması müəyyən edilmişdir. Həmin dövrdə o, ETSN-nin departamentində aparıcı mütəxəssis (kargüzar) işləyirdi və aldığı əmək haqqı ilə də həmin evin tikilməsinə töhfə vermişdir. Həmçinin həmin yaşayış sahəsi özəlləşdirilməyib, heç bir sənədi yoxdur. Buradan da aydın olur ki, bəhs edilən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində deyil və həmin mənzilə münasibətdə onunla bərabər hüquqlara malikdir. Onun məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülməyi qət edilmişdir. Buradan da aydın olur ki, qanunvericiliyin tələbinə uyğun olaraq yalnız hazırkı iddiaçının qanunazidd addımlarının qarşısının alınması, onun həmin mənzildə yaşamağı üçün zəruri şəraitin yaradılması təmin edilmişdir. Buna görə də iddiaçının iddiası əsassız hesab edilməlidir. Belə ki, mənzil ümumi mülkiyyət predmeti olduğundan həmin əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə hüququna malikdir. Onun mülkiyyətində başqa əmlak yoxdur, yaşamağa başqa yeri yoxdur və iddiaçı mənzildən yalnız öz mənafeləri üçün istifadə etdiyinə görə onun oraya köçürüldükdən sonra belə yaşamağı davam etdirə bilməyi üçün real və faktiki şərait yaradılmamışdır. İddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Nizami Rayon Məhkəməsində evə köçürülmə ilə bağlı məhkəmə qərarı qəbul edildi. Lakin cavabdeh həmin evə köçmək əvəzinə o evdən köçüb getdi. Bununla bağlı videogörüntülər də var. Əşyaları da yığıb aparmışdı. Cavabdeh iddiaya dair olan etiraz ərizəsində əmək haqqısını vurğulayıb. Lakin onun bir ayda aldığı əmək haqqı onun bir illik əmək haqqısından çoxdur. O evi onun anası tikib, cavabdeh ora hansı töhfəni verib. Onda cavabdehin evdən çıxan, əşyaları ilə köçən zaman olan videogörüntüləri var. Cavabdeh qeyd edir ki, əşyalarının əlli faizini çıxarıb, lakin bu doğru deyil. O, Zəngilandan məcburi köçkündür, ora X8 ərazisi gedir, Təhsil Nazirliyinin balansındadır. Özü o evdə 1993-cü ildən qeydiyyatdadır, cavabdeh isə onunla ailə qurduğu vaxtdan orada qeydiyyatdadır. Cavabdeh orada qalmır, oradan anbar kimi istifadə edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızı etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2013-cü ildən ora qeydiyyata düşüb. Sözügedən ünvana gəlin köçəndə qarşı tərəfin ailəsinin məskunlaşdığı yerə gəlin köçmüşdür. Oradan bəzi əşyalarını çıxarmışdır, çünki iddiaçı ona deyirdi ki, “mən evlənəcəm, ona görə də oradan əşyaları çıxar”. Lakin onun qonaq otağı mebeli, yataq otağı mebeli, mətbəx mebeli orada qalıb. Orada 1 otağı boşaltmışdır. Qalan əşyalarını yataq otağına yığmışdır. O, hal-hazırda valideynləri ilə yaşayır, qardaşı da ailəlidir. Orada boş bağda ev tikmişlər, qarşı tərəf oranı məcburi köçkün kimi zəbt edib orada hin tikib toyuq-cücə saxlayırdı. İddiaçının qardaşı nişanlı idi deyə qaynanası demişdir ki, onlar çıxmalıdır, biz də qabağa düşdük və oradan çıxdıq. Daha sonra həmin qeyd etdiyim boş ərazidə ev tikdik. Həmin evə hər ikisinin də eyni hüququ var. O, həmin evdə yaşamaq istəmişdir, lakin ona göstərilən münasibət yaşamağa imkan verməyib. Həmin evdə arakəsmə və qapı yoxdur. O da təklif etmişdir ki, qapı qoyulsun və evdə övladı ilə yaşaşın. Lakin icraçının yanında münaqişə baş verdi, buna görə də orada yaşaya bilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(007)- 2532/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X2 ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızı ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmüşdür. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya-biologiya təmayüllü Respublika liseyinin xx.xx.2023-cü il tarixli, 42 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, X1 bir ildə ünvan 1na gəlməmiş və orada gecələməmişdir. Qonşular bu faktı öz imzaları ilə təsdiq etmişlər. - AA seriyalı 072234 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkün kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(007)-2532/2022 saylı qətnaməsi ilə X2 ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı, cavabdehin sözügedən ünvana köçməməklə, faktiki olaraq orada yaşamamasını əsas gətirməklə, sonuncunun istifadə hüququna xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İş materialları, proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, sözügedən yaşayış sahəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimyabiologiya təmayüllü Respublika liseyinin nəzdindədir. Həmin yaşayış sahəsi sakinlərin ümumi istifadəsindədir. Yəni, mübahisəli yaşayış sahəsi iddiaçı və cavabdehin mülkiyyətində deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçı cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızının ünvan 1 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürsə də, həmin yaşayış sahəsi nə onun, nə də cavabdehin xüsusi mülkiyyətində deyil və nəticə etibarı ilə onun mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mülki işə irəli sürülmüş tələblər üzrə baxılmalı və İddiaçı cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Məhərrəmli (Alməmmədova) Turan Eyvaz qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar