Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2524/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 61, mənzil 9-da yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Əmlak 28 dekabr 2022-ci il tarixdən xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Əmlakın əvvəlki sakini olmuş Cavabdeh1 və Cavabdeh3 isə hal-hazıradək mülkiyyətindəki mənzildə qalmışlar. Qeyd edir ki, onda olan məlumata görə mübahisələndirilən əmlak digər Cavabdeh2 satılmış, sonradan əsas cavabdehlərdən Cavabdeh3 41 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 14750 reyestr nömrəli etibarnamə verilmiş, Cavabdeh3 etibarnamə əsasında alqı-satqını həyata keçirmiş, eyni zamanda da əvvəllər olduğu kimi həmin mənzildə yaşamışlar. Halbuki, cavabdehlər əmlakı satarkən bir müddət sonra evdən çıxacaqlarına söz vermişdilər. Dəfələrlə mənzilindən çıxmaları və verdikləri vədə əməl etmələrini tələb etsə də, bugünədək heç bir nəticə əldə edə bilməmişdir. Qeyd edir ki, bütün məlumatlar alqı-satqı müqaviləsində əks edilmişdir. Cavabdehlərin mülkiyyətində olan mənzildə yaşamaları qeyri-qanunidir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 61, mənzil 9-da yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü ildə Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 2, mənzil 9-da yerləşən yaşayış sahəsinin mülkiyyətçisi kimi, yəni Əmlak xx.xx.2018-ci il tarixdən xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Belə ki, anası Nümayəndə tərəfindən ona hədiyyə olunmuşdur. X1 çətin durumuna kömək məqsədi ilə onun xahişi ilə əmlak 2 dəfə girov qoyulmuşdur. Birinci dəfə banka, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 30.000 manata girov verilmiş və bu girov alqı-satqı ilə pərdələnmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 girov aldığı mənzili qaytarmaq üçün onunla danışmış mənzilin qaytarmağını bildirmişdir. Həyat yoldaşı təkidlə etibarnamənin onun adına verilməsi istəmişdir. O, onlara etdiyi yaxşılığın qarşısında təbii ki, heç bir pis niyyət gözləmirdi, çünki mənzili girov qoymaqdan əlavə ondan təkidlə banklardan belə onlar üçün borc pul götürməyini istəmiş (25-30 minə qədər) tezliklə qaytaracaqlarına söz vermişdilər. O, indi bu barədə pis durumdadır. Beləliklə, xx.xx.2022-ci il tarixindən X3 əmlakı heç kimin xəbəri olmadan İddiaçı 5.6 aylığa girov qoyub 50.000 manat dəyərinə. Onlar bundan 2 ay sonra İddiaçı telefon zəngindən sonra xəbər tutmuşlar. Girov alqı-satqı altında pərdələnmiş, pulun hara sərf olunduğu məlum deyil. X3 bilirdi ki, mənzil onun bağışlanmış xüsusi mülkiyyətidir, girovun qaytarılması ilə əlaqədar Cavabdeh2 tərəfindən verilən etibarnamə əsasında onun adına yəni, Cavabdeh1 adına qeydiyyatdan keçməli idi ya çox təkid edib ələ keçirdiyi etibarnamə ilə mənzili etibarnamə ilə öz adına keçməli idi. Beləliklə göründüyü kimi ona məxsus mülkiyyəti nə məqsəd ilə özü bilir. Cavabdeh2 adı ilə İddiaçı özünün sonralar dediyinə görə 5-6 aylıqa girov qoymuş və bu girovun alqı-satqı ilə pərdələndiyini və 5-6 aya pulu ödəyib mənzili qaytaracağını demişdir. Ona, Cavabdeh1 anası Nümayəndə tərəfindən hədiyyə edilən əmlakın yəni ünvan 1 ünvanda yerləşən mənzilin özünə qaytarılmasını, bu qanunsuz əməli törədən X2 İddiaçı girov üçün aldığı 50.000 manat pulun qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd olunan mənzil alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən əldə edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyib izahatında göstərmişdir ki, o, cavabdehin anasıdır. Ev girov qoyulanda artıq onun mülkiyyətindən çıxmışdır. O, Fəridə etibarnamə vermiş, Fərid də etibarnamə ilə Cavahirə vermişdir. O da evi Əsiryana girov qoymuşdur. Onları aldadıblar. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, cavabdeh X3 onun gəlinidir və o, evi onların xəbəri olmadan Əsiryana girov qoyub. Girov qoyması pul müqabilində olub. Girov olsa da, bu alqı-satqı ilə pərdələnib. O, Əsiryanla danışanda sonuncu ona demişdir ki, artıq evi alıb. Onlar bununla bağlı heç yerə müraciət etməmişlər, çünki Cavahir demişdir ki, ev ayın axırı qayıdacaq. Qeyd etməlidir ki, o, evi 2018-ci ildə oğluna hədiyyə etmişdir. Ev 2020-ci ildən başlayaraq 2 dəfə girov qoyulub. Oğlu Fəridə etibarnamə vermiş, Fərid də Cavahirə etibarnamə vermişdir. Onları aldadıblar. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ seriyalı, ******* nömrəli, 26 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil satıcı Cavabdeh2 tərəfindən (onun əvəzinə Cavabdeh3) alıcı İddiaçı satılmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri 41 saylı notariat ofisində, xx.xx.2022-ci il tarixdə, saat 16:12-də Cavabdeh3 24 yanvar 2024-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir, həmin etibarnaməyə əsasən o, özünə məxsus ünvan 3 ünvanında yerləşən mənzilini satmaq barədə müqavilə bağlamağı, müqavilədə imza etməyi Cavabdeh3 etibar etmişdir. - xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 (onun əvəzinə Cavabdeh3) ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı 50.000 manat qiymətə satılması barədə sonuncu ilə razılığa gəlmişdir. - ünvan 4 ünvanladığı 26 dekabr 2022-ci il tarixli, 2892 saylı məktubdan və həmin tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 50.000 manat pulun müvafiq qaydada notarius tərəfindən təsdiq edildən sonra 53,73 manat veri öhdəliklərini dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra, 49946,27 manatını Cavabdeh2 bankda olan depozit hesabına qəbul edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 28 dekabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın İcbari Sığortası haqqında 751927 nömrəli şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil 27 dekabr 2023-cü il tarixədək sığortalı İddiaçı xeyrinə sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. - "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli, 444 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında tikilən yaşayış binalarının 6-cı bina, 1-ci blok, 6-cı mərtəbə, 15 nömrəli mənzilində yaşayır. - xx.xx.2023-cü il tarixli, 7512 nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 (onun əvəzinə Cavabdeh3 oğlu) ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin keçmiş mülkiyyətçisi və digər cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olurlar və cavabdehlər yaşadıqları mənzili tərk etmirlər. Hazırda iddiaçı, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və sonuncuların mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər. O cümlədən, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzildə yaşadıqlarına görə, iddiaçı evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlərin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda və məhkəmə iclasında mübahisə predmeti olan mənzilin onlardan xəbərsiz satılması və girov qoyulması barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, qeyd olunan hallar məhkəmə iclasında sübuta yetirilməmiş, həmin cavabdeh isə bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, qeyd edilməlidir ki, cavabdehin və onun nümayəndəsinin göstərdikləri heç bir hüquqi əsası olmamaqla, iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməli və sonuncular həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 9 saylı mənzildən (əşyaları ilə birlikdə) çıxarılsınlar. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2524/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2524/2023
13.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver