Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2553/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və 1998-ci ildən tikildiyi vaxtdan onun istifadəsində olan mağazaya Cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yaşayan İddiaçı təxminən 1998-ci ildə qardaşı Cavabdeh tərəfindən (Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 11/1) zəbt edilmiş torpaq sahəsinin qarşısında məişət tullantılarının yığıldığı ünvan 3 ünvanında yerləşən ərazini məişət tullantılardan təmizlədərək sahəsi ümumi 105.4 kv metr olan qeyri yaşayış sahəsi inşa etdirmişdir. Həmin qeyri yaşayış sahəsi ümumilikdə 1 ərzaq dükanı, 1 dərzi və 1 gözəllik salonundan ibarətdir. Özü o vaxtlar dövlət işində işlədiyindən tikintiyə nəzarət etmək üçün fiziki olaraq zaman ayıra bilmədiyi üçün mağazanın tikintisinə nəzarət etməyi kiçik qardaşı Faiq Məmmədova tapşırmışdır. Mal-materiallara və ustalara verilən pulların hamısını o, vermişdir. Mağazanın layihəsini də, kiçik qardaşı Faiqlə birlikdə vermişlər. Həmin vaxt digər qardaşı hazırkı cavabdeh Eldarla aralarında heç bir mübahisə olmadığından mağazaya gələn su xəttini onun zəbt edərək hasara aldığı həyətdən çəkmişdir. Mağazanın kanalizasiya sisteminini həmin yerdən keçən kanalizasiya sisteminə qoşdurmuşdur. Həmçinin mağazanın arxa hissəsindən həyətə qapı və nəfəslik qoydurmuşdur. Mağaza tikilib hazır olduqdan sonra mülkiyyət sənədi almasında "xxxx" MMC tərəfindən həmin mağazanın yerləşdiyi ərazinin və sahənin plan-sxemi çəkilib inventarlaşdırılaraq 75 500 manat dəyərində qiymətləndirilməsi barədə arvadı X2 adına hesabat tərtib olunmuşdur. Mağazanın onun tərəfindən tikilməsi həmin ərazidə yaşayan qonşular və kiçik qardaşı Faiqdə şahid qismində məhkəmədə iştirak edərək təsdiq edə bilərlər (Şəxsiyyət vəsiqələrinin surətləri əlavə olunur). Eyni zamanda bildirir ki mağaza hazır olduqdan sonra işlətmək üçün bir müddət kiçik qardaşı Faiqə vermiş, Faiq uzun müddət, təxminən 15 il mağazanı işlətmiş sonradan müflisləşməsi səbəbindən mağazanı işlədə bilmədiyi uçün ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Faiq müflisləşdikdən sonra həmçinin onun üzərinə yığdığı borcun ödənilməsi üçün 30000 (otuz min) manat köməklik etmişdir. Əvvəllər qardaşı Cavabdehla aralarında heç bir mübahisə olmamış, lakin sonradan Eldar mağazanın işlədilməsinə icarədarlara maneçilik yaratdı, həyətindən mağazaya gələn suyu kəsdi. Həmçinin onun zəbt etdiyi torpaq sahəsinə baxan nəfəsliyi bağlanmasını tələb edərək, onu bağlatdırmışdır. Mağazanın onun olmasının bir neçə Qarabağ qazilərini inandıraraq mağazanın qarşısına toplamış və mağazanın boşaldılmanı tələb etmişlər. O, həmin əraziyə gələrək qonşularla birlikdə Qarabağ Qaziləri ilə söhbət etdikdən sonra onlar həqiqət başa düşərək oranı tərk etmişlər. Cavabdehin bu hərəkətlərindən sonra meyvə və ərzaq mağazasını işlədənlər oranı tərk etmiş, həmin mağazanı yaranmış söz söhbətə gorə heç kəs icarəyə götürməmiş, mağaza uzun müddət bağlı qalmışdır. Hal-hazırda da mağaza bağlıdır. Mağazanın bağlı qalmasında və onun yaşadığı yerin yaxınlığında olması səbəbindən cavabdeh küçədə yerləşən mağazaya aid işıq sayğacını sökərək aparmış, yeni sayğac quraşdırmalarına da maneçilik törətmişdir. Sayğac sökülərək mağazanın ümumi elektrik enerjisi kəsdiyindən mağazanın ümumi sahəsinə aid olan, lakin sağ və sol hissələrində icrarədə olan dərzi və gözəllik salonlarını işlədən icarədarlar çıxıb getmişlər Cavabdeh tərəfindən mağazanın ona satılması barədə 30.000 manat pul təklif edilmiş, o bu məbləğlə razılaşmamışdır. Razılaşsaydı mağazanı ona satardı. Sonradan cavabdeh bu halı danmış, belə bir təklif etmədiyini bildirərək mağazanın işlətməsinə maneçilik törətmişdir. Hesab edir ki, həmin mağaza 1998-ci ildən onun istifadəsində olduğundan və əmlaka onun tərəfindən sahiblik edildiyindən qanunvericiliyin tələbinə əsasən həmin mağazanın ona məxsus olması sübut edilir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, 1998-ci ildən o, dükanın yanında yaşayır. Ora onların köhnə məhəlləsidir. Kənd soveti o vaxt gəlib dedi ki, “buralar, hasarın arxası natəmizlikdir, zibillikdir, sən buraları təmizlə, bu sahəni də özün üçün götür”. O da elə etmiş, oranı təmizlətdirmişdir. Balaca qardaşına maliyyələşdirmiş, tikdirmişdir. Daha sonra balaca qardaşına vermişdir. Müqavilə də yoldaşının adına idi. 10-15 il işlətmiş, görmüşdür ki, qardaşı işlədə bilmir, balaca qardaşı müflisləşdi. İcarə haqqını onlar almışdır, dükanı o, vermişdir ki, qardaşının imkanı yoxdur, işlətsin o da işlədə bilmədi. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, iddiaçı 25 ildən çoxdur ki, icarəyə hissələr verirdi. Cavabdeh tələbkardır, aralarında mübahisə yaranır, hətta cavabdeh sayğacı söküb. Tikili qanunsuz olan bir tikilidir. Tikili cavabdehin həyətindən kənardadır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, bu işlə bağlı ekspertiza keçirilib, yerli baxış edilib, qətnamə çıxarılıb. Əvvəlki iddia predmeti ilə hal-hazırda olan iddia predmeti belə eynidir. Dükan cavabdehin həyətinin içərisində olub. Tikilinin sənədi var, səhv etmirsə icra hakimiyyətinin sərəncamı var. İddiaçının dəvət etdiyi şahidlərlə bağlı qeyd edir ki, Faiqin borcu olub deyə Abuzər sadəcə o, borcu bağlıyıb. 1-ci şahid Aydın, Eldarın düşmənidir, sonuncu şahid Məhərrəm isə Abuzərin dostudur. Buna görə də, həmin şahidlərin ifadəsi sübut qismində qəbul edilə bilməz, bu halın məhkəmə tərəfindən nəzərə alınması xahiş edilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X6 ifadəsində göstərmişdir ki, qeyd olunan ünvandakı obyektləri 30 il olar ki, Abuzər tikib. Orada 3 obyekt, yəni mağaza, dərzi və gözəllik salonu yerləşir. O, çoxdandır ki, Abuzərlə Keşlədə qonşudur, orada doğulub və böyüyüb. Obyekt tikilməmişdən əvvəllər həmin yerdə hasar olub. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X1 ifadəsində göstərmişdir ki, o, mağazaya çörək verib, orada yaşayanlar bilir ki, dükanı Abuzər kiçik qardaşı üçün tikdirib, oranı hamı Faiqin dükanı kimi tanıyıb, Faiq dükana 8000 manat maya qoyub. Sonradan isə 30.000 manat borcu olub deyə Abuzər ona borcuna görə köməklik edib. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X4 ifadəsində göstərmişdir ki, o, Abuzərin işlətdiyi mağazaya çörək verməklə məşğul olmuşdur. Eldarı və Abuzəri tanıyır, 1981-ci ildən Keşlədə qalır. O, hətta həmin dükandan nisyə mal da götürmüşdür. Mağazanın yiyəsi Abuzərdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 965 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, tikinti üçün ayrılmış Bakı şəhəri, Keşlə qəsəbəsi, Tramvay küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi Cavabdeh adına qanuniləşdirilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti aparatının Layihə- Smeta Bürosu tərəfindən təsdiq edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin eskiz layihəsinin həmin fərdi yaşayış evinin baş planında mübahisələndirilən obyektin, yəni mağazanın arxa hissəsi cavabdehin hasara alınmış həyətyanı sahəsinin hüdudları daxilində əks edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-615/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “istifadədə olan obyektə qanunsuz müdaxilənin qarşısının alınması və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 975/2023 saylı qətnaməsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-615/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2453/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-975/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 965 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, tikinti üçün ayrılmış Bakı şəhəri, Keşlə qəsəbəsi, Tramvay küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi Cavabdeh adına qanuniləşdirilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti aparatının Layihə- Smeta Bürosu tərəfindən təsdiq edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin eskiz layihəsinin həmin fərdi yaşayış evinin baş planında mübahisələndirilən obyektin, yəni mağazanın arxa hissəsi cavabdehin hasara alınmış həyətyanı sahəsinin hüdudları daxilində əks edilmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan dükan cavabdehin həyətində yerləşir. Cavabdehin həyətindən dükana giriş və çıxışlar var. Cavabdehə məxsus evin hər iki tərəfindən yol gedir. Həyətin sağ tərəfindən cavabdehə məxsus bir əmlak daha var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki qanunvericilik mülkiyyətçi hüquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə hər iki tərəf mübahisələndirilən qeyri-yaşayış sahəsinin iddiaçının və Cavabdeh qardaşları Faiq Məmmədov tərəfindən tikilməsini, 15 ilə yaxın müddət ərzində onun tərəfindən işlədilməsini, sonra isə obyektin iddiaçının yoldaşı tərəfindən icarəyə verilərək işlədilməsini öz izahatları ilə təsdiq etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsi özbaşına tikilidir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da obyektin həqiqətən idiaçıya aid olması faktı öz təsdiqini tapmamışdır. Əksinə mübahisəli qeyri-yaşayış sahəsinin arxa hissəsinin Cavabdeh hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, əvvəllər də hazırkı mübahisə predmeti ilə demək olar ki, eyni mahiyyətli iddia tələbi qaldırılmış, sadəcə həmin iddia tələbində iddiaçı qismində hazırkı iddiaçının arvadı X5 çıxış etmişdir, bununla belə qeyd olunan qətnamədə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hüquqi vəziyyəti ilə bağlı bir sıra məsələlərə hüquqi qiymət verilmiş, qeyd olunan qətnamə apellyasiya və kassasiya instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 975/2023 saylı qətnaməsinin təsviri-əsaslandıcı hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, “...Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçı X2 Cavabdeh qarşı iddiası ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və tikildiyi vaxtdan da onun istifadəsində olan mağazaya Cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi tələbindən ibarətdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli obyekt uzun müddətdir ki, fəaliyyət göstərmir. Qadağan edilməsi məhkəmə qaydasında tələb olunan müdaxilənin isə nədən ibarət olması da dəqiq olmamaqla, bu barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət edilməsi də iş materiallarından müəyyən olunmur... İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş obyektin onun istifadəsində olmasına dair sakinlər tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt və "xxxx" MMC tərəfindən obyektin qiymətləndirilməsi ilə bağlı tərtib edilmiş hesabat cədvəli ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə əvvəlki aktda iştirak etmiş bir qismi Keşlə qəsəbə sakinləri tərəfindən tərtib olunmuş aktda isə mübahisəli obyektin Cavabdeh istifadəsində olması bildirilmişdir...”. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2553/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2553/2023
04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver