Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-258/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh, X3 Həsənbalayevnanın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasının qarşısının alınması, kanalizasiya və su xətlərinin təmir edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasının qarşısının alınması, kanalizasiya və su xətlərinin təmir edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkəti nəticəsində onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 22 saylı mənzilinə davamlı çirkab su axıdılmasının qarşısının alınması və Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 24 saylı mənzilində kanalizasiya və su xətlərinin təmir elətdirməsinin cavabdehə həvalə edilməsi və ona vurulmuş mənəvi zərərə görə cavabdehdən 1000 (min) manat məbləğində mənəvi ziyanın və cavabdehin təqsiri üzündən məhkəməyə müraciət edərkən ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 22 saylı mənzil onun xüsusi mülkiyyətindədir və uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Qeyd edir ki, onun maddi imkanı az olsa da, mülkiyyətində olan mənzilini ailəsi üçün böyük məbləğdə xərc çəkərək təmir elətdirmişdir. Onun yaşadığı çoxmərtəbəli mənzilin üst mərtəbəsindək 24 saylı mənzildə yaşayan qonşusu cavabdeh Yuriy birgə yaşayış qaydalarına əməl etməmiş və tez-tez səhlənkarlıq edərək su kranlarını açıq qoyaraq və ya hamamın döşəməsindən onun hamam və tualeti olan sahəyə su axıdır. Bir müddət o, buna dözmüşdür. O, məcbur olub dəfələrlə mənzildə yaşayan cavabdehi xəbərdarlıq etmişdir və sonradan cavabdehdən mənzilinin hamam və tualetinə çirkab su axıdılmasının qarşısının alınmasını tələb etmişdir və su xətlərini və ya hamamın döşəməsinin təmir elətdirməyi bildirmişdir. Mənzilinə daimi su axıdıldığı üçün o bu barədə dəfələrlə Mənzil İstismar İdarəsinə və digər qurumlara bildirmiş və tədbir görülməsini xahiş etmişdir. İdarənin əməkdaşları dəfələrlə mənzilin sahibinə, cavabdehə Cavabdeh tərəfindən qanunsuzluğa son qoyulmasını və birgə yaşayış qaydalarına əməl edilməsini tələb edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Belə ki, Cavabdeh acıqlı şəkildə “get hara istəyirsən şikayət elə, mənə heç kim heç nə edə bilməz və s” sözlərini deyərək onu alçaldır. O, məcbur olaraq hamamın və tualetin divarlarını 2 dəfə təmir elətdirmiş və su borularını 2 dəfə dəyişdirmişdir, mənzilin sanitar qovşaqları çox pis vəziyyətə düşür. Lakin son vaxtlar məcbur olub ərazi üzrə 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyinə şikayət etmiş, sahənin əməkdaşları xx.xx.2021-ci il tarixində mənzilinə baxış keçirmiş və onun yuxarı mərtəbə qonşusunun sanitar qovşağından onun mənzilinə suyun axıdıldığını və mənzilinin pis vəziyətə salındığını, mənzilimdə əşyalarının xarab olunduğunu, hamam və tualetinin pis vəziyyətə düşməsini müşahidə etmişlər. Bu barədə xx.xx.2021-ci il tarixində Akt tərtib etmişlər. O, ilkin olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-197/2022-saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş və Cavabdeh onun xeyrinə 1000 (min) manat alınaraq ona verilməsi qət edimişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri davam etdirir və onun mənzilinə çirkab suların axıdılmasını davam etdirir. Ona görə də, o, təkrar cavabdehdən çirkab suların axıdılmasını dayandırmasını və su və kanalizasiya xətlərinin təmir elətdirməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, Cavabdeh Alekseycviçin hərəkətləri qanunsuzdur, bilə-bilə onun mənzilinə su axıdılmasını davam etdirir. Bununla əlaqədar o, 50 saylı Mənzil Kommunal İstimar Sahəsinə müraciət edərək, cavabdeh tərəfindən mənzilinə axıdılan çirkab suların axıdılması faktının müəyyən edilməsini xahiş etmişdir. 50 saylı Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları xx.xx.2022-ci il tarixində mənzilərə baxış keçirmiş, video çəkiliş etmiş və müəyyən etmişlər ki, həqiqətən cavabdehin yaşadığı 24 saylı mənzildən onun mənzilinə çirkab suları axıdılır. Hesab edir ki, cavabdehin hərəkətlərinə məhkəmə tərəfindən qiymət verilməli, mənzilnə vurulmuş maddi və mənəvi zərər ödənilməli, mənzilinə cavabdeh tərəfindən vurulmuş zərər bərpa edilməli, mənzilinə ziyanın vurulmasının qarşısı alınmalı və cavabdehin məcburi qaydada su və kanalizasiya xətlərinin bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Həmçinin, artıq uzun müddət cavabdehin günahı üzündə və məqsədli şəkildə onun mənzilinə axıdılan çirkab suların dayandırılması üçün dəfələrlə müxtəlif orqanlara və idarələrə gedərək kömək edilməsini xahiş etmişdir. Belə ki, o, artıq uzun müddət mənəvi sarsıntılara düçar olduğundan cavabdeh onun mənəvi ziyanını qarşılamalıdır. Hazırda ona vurulmuş mənəvi ziyanı 1000 (bir min) manat qiymətləndirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh üç ildir ki, ona əziyyət verir. Onun ailə üzvləri xəstədir. Cavabdehin mənzilindən su axıdılmasını qəbul etmir. İki dəfə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, onun mənzilinə cavabdehin mənzilindən su axıdılır. Onun arvadı mənzildə yaranmış qüsurlara görə qonşunun mənzilindən istifadə edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Bakı şəhəri 50 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, R.Rüstəmov küçəsi, ev 4, mənzil 22 ünvanında yerləşən mənzildə yaşayan İddiaçı şikayətinə əsasən mənzilə baxış keçirmişlər. Baxış zamanı məlum oldu ki, Cavabdeh adına olan 24 saylı mənzilin hamam otağından şikayətçinin mənzilinə su sızır. Bu barədə bir dəfə də akt verilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1000 manat məbləğində maddi zərər, 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində vəsaitin Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir; - Məhkəməyə iddiaçı tərəfindən 3 ədəd CD disk və 1 ədəd “flashcard” (elektron daşıyıcı) təqdim edilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü tarixli 10/61 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 22 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 24 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 22 saylı mənzilin dəhliz, mətbəx, hamam və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin 22 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdılığı və nəticədə 22 saylı mənzilin hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin 24 nömrəli mənzilin qapısı bağlı olduğundan sözügedən mənzilə baxış keçirilməsi və sukanalizasiya xətlərində eksperiment aparılması mümkün olmadığından faktiki olaraq iddiaçıya məxsus 22 saylı mənzilə su axmasının davam edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü tarixli 10/4501 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin 22 saylı mənzilinə su sızmasının texniki səbəbini və su sızmasının davam etməsini müəyyən etmək məqsədilə 24 saylı mənzildə eksperiment aparılmışdır. Aparılmış eksperiment nəticəsində 24 saylı mənzilin hamam tikilisində quraşdırılmış kanalizasiya xətlərinə su tökülmüş və nəticədə 22 saylı mənzilin hamam tikilisinin divarlarından su axmasının davam etdiyi müşahidə olunmuşdur. Aparılmış eksperiment nəticəsində Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 4 nömrəli evin 22 nömrəli mənzilinə həmin binanın 24 nömrəli mənzilindən su sızmasının (axmasının) texniki səbəbinin 24 saylı mənzilin kanalizasiya borularında mövcud olan qüsurlardan ola bilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan ünvan 1 saylı mənzilinə həmin evin Cavabdeh məxsus olan 24 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinin konstruktiv elementlərinə maddi ziyan vurulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 1000 manat məbləğində maddi zərər tutulması qət edilmişdir. İddiaçı hazırda da cavabdehin mənzlindən onun mənzilinə su axıdıldığını qeyd edirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdr ki, iddiaçı hazırki tələbini əsaslandırmağa çalışaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini qeyd etsə də, qətnamənin nəticə hissəsini göstərməmişdir. Halbuki məhkəmənin qeyd olunan qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, yəni onun Tsaryova qarşı maddi zərərin ödənilməsi tələbi təmin edilmiş mənəvi zərərin ödənlməsi tələbi isə təmin edilməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsi 2022-ci il avqust ayında icra olunmuşdur. Bir ay sonra iddiaçı eyni şəxsə qarşı eyni predmet və məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda iddiaçı məhkəməyə müraciət etmək hüququndan sui istifadə edərək və əsassız varlanmaq niyyətini güdərək cavabdehə qarşı təkrar iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun həmin iddiası məhkəmə tərəfindən icraata götürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə qeyd edir ki, MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırkı iddianın predmetiləri fərqlidir. Belə ki, ilk iddianın predmeti su axma nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi olsa da, hazırkı iddianın predmeti iddiaçının mənzilinə su axıdılmasının qarşısının alınması, cavabdehə öz mənzilin su və kanalaziyasiya sistemlərinin təmir edilməsi vəzifəsinin həvalə edilməsi və su axıdılmasının davam etməsi nəticəsində keçirdiyi mənəvi sarsıntıların əvəzi kimi 1000 manat mənəvi zərərin ödənilməsi olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə mahiyyəti üzrə araşdırma aparılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçı məxsus mənzilə su axıdılıb-axıdılmamasını, axıdılırsa bunun səbəbinin müəyyən edilməsi məqsədi ilə tərəflərə məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 4 ünvanında yerləşən 22 və 24 saylı mənzillərə xx.xx.2022-ci il tarixdə yerli baxış təyin edilmiş, baxış zamanı tərəflər, cavabdehin nümayəndəsi və vəkili Vəkil və 50 saylı MKİS-də çilingər vəzifəsində işləyən Bədəl Qasımov iştirak etmişlər. İddiaçı məxsus mənzilə baxış keçirilmiş, bu zaman həmin mənzilin hamam, ayaqyolu tikilisində qüsurlar müəyyən edilmiş, lakin cavabdeh mənzilində videogörüntülərin aparılmasına şərait yaratmamış, baxışın keçirilməsinə mane olmuş, tərəflər arasında yaranmış mübahisə səbəbindən cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən İddiaçı məxsus olan ünvan 1 saylı mənzilinə suyun axıdılmasının səbəbinin, su axılmasının hazırda davam edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi, 24 saylı mənzilin hamam tikilisində quraşdırılmış kanalizasiya xətlərinə su tökülməsi və nəticədə 22 saylı mənzilin hamam tikilisinin divarlarından su axmasının davam etdiyi, bunun nəticəsində 22 saylı mənzilin dəhliz, mətbəx, hamam və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir. Belə ki, ekspertiza zamanı hər iki mənzilə baxış keçirilmiş və aparılmış eksperiment nəticəsində Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 4 nömrəli evin 22 nömrəli mənzilinə həmin binanın 24 nömrəli mənzilindən su sızmasının (axmasının) texniki səbəbinin 24 saylı mənzilin kanalizasiya borularında mövcud olan qüsurlardan ola biləcəyi müəyyən edilmişdir. Məhkəmə ekspertin rəylərini iş üzrə toplanmış və tədqiq edilmiş iş materialları ilə birlikdə qiymətləndirərək həmin rəyləri mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, bu rəylər işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, rəylərdə əksini tapan məlumatlar qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı məxsus mənzilə qüsurlar əmələ gəlmiş və hazırda da cavabdeh tərəfindən mənzilinin kanalizasiya borularında olan qüsurlar aradan qaldırılmadığından iddiaçının mənzilinə çirkab sularının axıdılması davam edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh qanunsuz hərəkəti nəticəsində onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 22 saylı mənzilinə davamlı çirkab su axıdılmasının qarşısının alınması və Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 24 saylı mənzilində kanalizasiya və su xətlərinin təmir elətdirməsinin cavabdehə həvalə edilməsi” hissəsində qismən təmin edilməklə, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə su axıdılmasının qarşısının alınması üçün ünvan 2 ünvanında yerləşən mənzilin kanalizasiya borularının təmir edilməsi vəzifəsi Cavabdeh həvalə edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir. Belə ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, iddiaçının öz yaşayış sahəsinə cavabdehin mənzilindən su axıdılmasının qarşısının alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh öz mənzilinin kanalizasiya borularında olan qüsurları aradan qaldırmamışdır. Belə olan halda məhkəmə, hesab edir ki, iddia tələbi “məvəvi zərərin əvəzi olaraq 1000 manat pul vəsaitinin tutulması” hissəsində qismən təmin edilməli iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 300 manatın alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə su axıdılmasının qarşısının alınması üçün ünvan 2 ünvanında yerləşən mənzilin kanalizasiya borularının təmir edilməsi vəzifəsi Cavabdeh həvalə edilməli, Cavabdeh mənəvi zərərə görə 300 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 9 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü tarixli 10/61 saylı və xx.xx.2023-cü tarixli 10/4501 saylı saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 21 manatı ona, dövlət rüsumunun 9 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 50 manatı Cavabdeh, 50 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə su axıdılmasının qarşısının alınması üçün ünvan 2 ünvanında yerləşən mənzilin kanalizasiya borularının təmir edilməsi vəzifəsi Cavabdeh həvalə edilsin. Cavabdeh mənəvi zərərə görə 300 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 9 manat pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 21 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı Cavabdeh, 50 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ013601**********3944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-258/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-258/2023
29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver